Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1861/2021 01.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X4 iclas katibliyi, X1nun iştirakı ilə, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 327.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin (BPİ) X9 İdarəsi (DYPİ) tərəfindən qəbul edilmiş 01 iyul 2021-ci il tarixli TP seriyalı ******* nömrəli qərardan verilmiş şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayətlə Yasamal Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İXM-nin 327.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN Bakı şəhəri BPİ-nin DYPİ-si tərəfindən qəbul edilmiş 01 iyul 2021-ci il tarixli TP seriyalı ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. X1 ərizəsini onunla əsaslandırmışdır ki, 10.06.2021-ci il tarixində sat 17:00 radələrində ailəsi ilə birlikdə ona məxsus “SUBARU LEGACY” markalı 99UY679 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Bakı şəhəri İstiqlaliyyət küçəsi ilə 3-cü zolaqla hərəkət edərək sola Azərbaycan pr. icazə verilən dönmə əməliyyatını edərkən Azərbaycan pr. yolun sol çiynində piyada xidmət aparan Bakı şəhər DYPİ-nin inspektoru “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 85-ci maddəsinin 2-ci bəndinə və Yol patrul xidməti haqqında təlimatın 7.5. bəndinə zidd olaraq fitsiz sadəcə jezellə və tərəfindən heç bir qayda pozulmadığı halda ona yolun sol çiynində saxlama əmrini verərək “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 52-ci maddəsinin İİ bəndinə (qadağan olunmuş yerdə NV dayanm və durması) zidd hərəkətlərə yol vermiş oldu. O, idarə etdiyi nəqliyyat vasitəsinin sürətini azaldaraq pəncərədən bu tələbin qanunsuz olduğunu və təhlükəli olduğunu bildirməsinə baxmayaraq həmin maddənin 3-cü bəndin 5-ci yarımbəndinə zidd olaraq sağ zolaqdan yolun sol çiyninə digər nəqliyyat vasitəsini və ona təhlükə törətmə ehtimalına baxmayaraq tələbin icra olunmasını təkid etmişdir. Bundan başqa Yol patrul xidməti haqqında təlimatın 4.10-cü bəndində piyada xidmət aparan YPXnin əməkdaşlarına xidmətini səkidə (yolun ehtiyyat hissəsində) xidmət aparmaya dair tələbləri pozulmaqla yanaşı bütün yol iştirakçıları üçün təhlükəli vəziyyət yaradaraq, üstəlik ən sağ zolaqla manevr edən nəqliyyat vasitəsi yolun sol çiynində dayanma əmrini verməklə sol iki zolaqla hərəkət edən nəqliyyat vasitəsi üçün qəza şəraiti yaratmışdır və bu hərəkəti Yol patrul xidməti haqda təlimatın 7.6-cı bəndinin ciddi pozulmasıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 2-ci bəndinə uyğun olaraq “Yol hərəkəti qaydalarına riayət edən yol hərəkətinin hər bir iştirakçısı digər şəxslərdən həmin qaydaların tələblərini gözləməyi tələb edə bilər. O, özünün bu hüququndan istifadə edərək şəxsən inspektorun əsassız və təhlükəli tələbi haqda nəqliyyat vasitəsindən enmədən pəncərədən bildirmişdir. Bakı şəhər DYPİ-nin inspektoru isə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 85-ci maddəsinin 2 bəndin tələblərinə zidd, ancaq sürücü tərəfindən qayda pozulması vizual müəyyən etdiyi halda dayandırmanın mümkünlüyünü nəzərə almadan və buna əmin olmadan dayandırmağı onadan hərəkətini dayandırmağı tələb etmişdir. YPX inspektoru qanunsuz hərəkətləri bununla bitməmiş və o, “Yol patrul xidməti haqqında” təlimatın 7.19.5-ci bəndinə zidd olaraq qərəzli şəkildə 150 metr irəlidə 033 dövlət qeydiyyat nişanlı motosikletlə xidmət aparan inspektor Hüseynov soyadlı əməkdaşa efir vasitə ilə məlumat vermişdir. Serjant Hüseynov xidmətini adı çəkilən normativ hüquqi aktlara uyğun təhlükəsiz və bütün sürücülərin rahat görə biləcəyi yerdə xidmət apardığından onun saxlamaya dair qanuni tələbinə əməl etmişdir. Serjant Hüseynov ona yaxınlaşaraq öncə sənədlərini tələb etmişdir. Saxlama səbəbini izah etməsini tələb etdikdə efir vasitəsilə səbəbini dəqiqləşdirmiş və ona YPX əməkdaşının nəqliyyat vasitəsini dayandırmaya dair göstərişinə əməl etmədiyini və bu səbəbdən İXM-nin 327.3. bəndi üzrə inzibati məsuliyyət daşımasını bildirmişdir. Serjant Hüseynova DYPİ inspektorunun yuxarıda sadalanmış əsassız və qanunsuz tələblərinin icra etmək kimi bir məsuliyyətinin olmadığını izah etməyə çalışsa da o, israrla sürücünün bütün hallarda saxlaması və YPX inspektoruna haqlı olduğunu sübut etməli olduğunu bildirmiş və nəticədə serjant Hüseynov tərəfindən ona İXM-nin 327.3-cü bəndi ilə İXP seriyalı ******* nömrəli protokol tərtib edilmişdir. Halbuki, qayda pozmadığı halda saxlama ixtiyarının olmadığı və ona məxsus nəqliyyat vasitəsində quraşdırılmış video registratordakı görüntülərə baxmasını təklif etmişdir. Göstərilənlərə əsasən X1 onun guya ehtimal olunan xəta tam araşdırılmadan tənbeh tədbiri tətbiq edən və həmin qərardan şikayətinə obyektiv baxılmasını təmin etməyən Bakı şəhəri DYPİ-nin əməmkdaşlarının əməlinə hüquqi qiymət verilməsini və barəsində 10 iyun 2021-ci il tarixli İXP seriyalı ******* nömrəli protokol əsasında qəbul edilmiş 01.07.2021-ci il tarixli TP seriyalı ******* nömrəli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X1 şikayətin dəlillərinə uyğun izahat verərək şikayətinin təmin edilməsini, barəsində Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş 01 iyul 2021-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini, eyni zamanda barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və qərar əsasında ona hesablanmış cərimənin Azərbaycan Respublikası DİN BDYPİ-nin X2 silinməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Qərarından şikayət verilmiş Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ-nin DYPİ-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq qurumun səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, onun gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmiş və işə baxılmasının təxir edilməsinə dair hər hansı vəsatət məhkəməyə daxil olmamışdır. Beləliklə, məhkəmə işə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə uyğun olaraq qərarından şikayət verilmiş orqanının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhər BPİ-nin DYPİ-i tərəfindən qəbul edilmiş 01 iyul 2021-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, sürücü X5 10 iyun 2021-ci il tarixdə, saat 17:53-də idarə etdiyi “Subaru Legacy” (minik) markalı **-UY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri Azərbaycan pr 12-də ünvanında “Yol hərəkəti haqqında” Qanunun tələblərinə əsasən müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə həmin qərarla Azərbaycan Respublikasının İXM-nin 327.3-cü ilə təqsirli bilinərək barəsində 80 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə qeyd edir ki, əvvəla müəyyən edilməlidir ki, sürücü tərəfindən hansı yol hərəkəti qaydasının pozulması ilə bağlı Bakı şəhər BPİ-nin DYPİ-nin əməkdaşı tərəfindən ona saxla əmri verilmişdir. Ədər sürücü tərəfindən hər hansı inzibati xəta törədilmişdirsə bu halda onun əməlində həmin xətanın olub-olmaması araşdırılmalıdır. Dolayısı ilə DYPXnin saxla əmrinə tabe olmama xətası ilə yanaşı onun əməlində digər xətanın olması da ehtimal edilir. Yəni şəxsin əməlində yalnız Azərbaycan Respublikasının İXM-nin 327.3-cü maddəsini tərkibinin olması qeyri-mümkündür. Məhkəmə qeyd edir ki, hər hansı hüquqi əsas olmadan sürücülərə saxla əmri verilməsi və əmrin yerinə yetirilməməsi heç bir inzibati məsuliyyətə səbəb ola bilməz. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, X3 əməlində Azərbaycan Respublikası İXM-nin 327.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin olmasına dair iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, yəni İXM-nin 135.1.1-ci maddəsinin tələbi pozulduğundan şikayət qismən təmin edilməli, X3 barəsində Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ-nin DYPİ-i tərəfindən qəbul edilmiş 01 iyul 2021-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş şəxsin əməlinə hüquqi qiymət verilmədən Azərbaycan Respublikasının İXM-nin tələblərinə əməl edilməklə yenidən baxılması üçün Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ-nin DYPİ-nə göndərilməlidir. Həmçinin həmin qərar əsasında Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi İnformasiya sistemində X3 barəsində yerləşdirilmiş inzibati cərimə silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X3 şikayəti qismən təmin olunsun. X3 barəsində Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsi tərəfindən qəbul edilmiş 01 iyul 2021-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsinə göndərilsin. Qəbul edilmiş 01 iyul 2021-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi İnformasiya sistemində X3 barəsində yerləşdirilmiş inzibati cərimə silinsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-1861/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1861/2021
01.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver