Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1868/2021 12.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Tağıyev Müslüm Fariz oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin polis sahə inspektoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 2000-ci ildə Füzuli rayonu, Kürdlər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Füzuli rayonu, Kürdlər kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin polis sahə inspektoru X5 tərəfindən Şəxs barəsində İXM-in 510 və 535.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 12 avqust 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, 11.08.2021ci il tarixdə saat 17:10-dan 17:55-dək müddətdə DYPİ-yə dəvət olunmuş qeyri qanuni hərəkətləri barədə söhbətlər aparılarkən əl-qol hərəkətləri ilə vətəndaş Şəxs uca səslə hay-küy salaraq idarənin iş rejimini pozmuşdur. Nəticədə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X5 protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs 11 avqust 2021-ci il tarixdə Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsinin inzibati binasına dəvət olunmuş burada səs-küy salaraq idarənin normal fəaliyyətinə mane olmuş, idarəyə gəlmiş vətəndaşların öz hüquqlarını realizə etməsində ləngimələr yaranması səbəb olmuşdur. Bu zaman aqressiv şəkildə polis əməkdaşları ilə mübahisə edərək, sənədlərini təqdim etməkdən imtina etmiş və polisin qanuni tələbinə tabe olmamışdır. Polis əməkdaşları onu sakitləşdirməyə çalışsada Şəxs öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Yekun olaraq o Şəxs Azərbaycan Respublikasının İXM 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilməyərək izahatında göstərdi ki, 11 avqust 2021-ci il tarixdə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinə dəvət olunmuş və dərhal deyilən ünvana yaxınlaşmışdır. Onunla profilaktik söhbət aparılmış, sosial şəbəkəyə yerləşdirdiyi video görüntülərin qanunsuz çəkildiyi bildirilmiş və onların silinməli olduğu söylənmişdir. Bundan dərhal sonra həmin videogörüntüləri silmiş və polisin bütün göstərişləri qeyd şərtsiz və tam əməl etmişdir. Göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, sosial şəbəkələrdə yayılmış video görüntülər ona məxsusdur və bunları reytinq toplamaq üçün etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 oğlu bildirmişdir ki, 11 avqust 2021-ci il tarixdə Bakı Şəhər BPİ DYPİ-nin inzibati binasında olan zaman vətəndaş Şəxs yüksək səs-küylə idarənin normal fəaliyyətinə mane olduğunun, inzibati binanın dəhlizində olan vətəndaşlara qarşı açıq hörmətsizlik etdiyinin şahidi olmuşdur. Məhkəmənin sualına cavab olaraq, polisin hansı qanuni tələbinə tabe olmamasını göstərə bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirmişdir ki, sosial şəbəkələrdə yayılmış video görüntü ilə əlaqədar profilaktik söhbət edilməsi üçün Bakı Şəhər BPİ DYPİni inzibati binasına dəvət edilmiş Şəxs səs-küy salaraq idarənin normal fəaliyyətinə mane olmuşdur. Belə ki, dəfələrlə onun etdiyi hərəkətlərin yanlış olması izah edilməsinə baxmayaraq, o öz qanuna zidd hərəkətlərini davam etdirmiş, hətta özünə haqq qazandırmışdır. Məhkəmənin sualına cavab olaraq, polisin hansı qanuni tələbinə tabe olmamasını göstərə bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirmişdir ki, Bakı Şəhər BPİ DYPİ YPX alayının texniki təminat hissəsinin baş mühəndis inspektoru vəzifəsində çalışır. İdarədə olan avtomobillər və həmin əraziyə nəzarəti o həyata keçirir. Vətəndaş Şəxs qanunsuz olaraq müvafiq icazə almadan həmin ərazidə video çəkiliş apararaq polisin ünvanına xoşagəlməz ifadələr islətmişdir. Bundan sonra həmin video görüntüləri sosial şəbəkələrdə yaymışdır. Həmin hərəkətlərin qeyri-qanuni olmasının izah edilməsi, profilaktik söhbətlər aparılması üçün Şəxs idarəyə dəvət edilmişdir. İdarədə olarkən yüksək səslə idərənin normal iş fəaliyyətini pozmuş, öz hərəkətlərinə haqq qazandırmağa çalışmışdır. Məhkəmənin sualına cavab olaraq, polisin hansı qanuni tələbinə tabe olmamasını göstərə bilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı Şəhər BPİ DYPİ-yə tabe olan YPX alayının Qərargahının inspektoru Zaur Quliyev tərəfindən tərtib eilmiş 11.08.2021-ci il tarixli raportdan görünür ki, mütamadi yol hərəkəti qaydalarını pozan və sonuncu dəfə DYPİ-nin inzibati ərazisini video görüntüyə alaraq sosial şəbəkələrdə paylaşan vətəndaş Şəxs 11.08.2021-ci il tarixdə DYPİ-yə dəvət olunaraq qeyri-qanuni hərəkətləri barədə söhbətlər aparılan zaman o, verilən suallara obyektiv cavab vermək əvəzinə əl-qol hərəkətləri ilə və uca səslə hay-küy salaraq idarənin sat 17:10-dan 17:55-dək iş rejimini pozmuşdur. Dəfələrlə qanuni polis əməkdaşlarının qanuni tələblərinə tabe olması barədə xəbərdarlıq edilsədə o tabe olmayaraq hörmətsizlik etmişdir. Bakı Şəhər BPİ DYPİ-nin polis əməkdaşları Zaur Quliyev, Rövşən Hüseynov və Elin Hümbətov tərəfindən tərtib edilmiş 11.08.2021-ci il tarixli aktdan görünür ki, vətəndaş Şəxs 11.08.2021-ci il tarixdə DYPİ-yə dəvət olunaraq qeyri-qanuni hərəkətləri barədə söhbətlər aparılan zaman o, veilən suallara obyektiv cavab vermək əvəzinə müxtəlif bəhanələr gətirərək əl-qol hərəkətləri ilə və uca səslə hay-küy salaraq idarənin saat 17:10-dan 17:55ə qədər iş rejimini pozmuşdur. 11 avqust 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 18:25-də inzibati qaydada tutulmuşdur. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 510 və maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. Məhkəmə qeyd edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkib əlamətləri aşkar edilmədiyindən həmin hissədə inzibati xəta üzrə icraata xitam verilməsi məqsədəuyğundur. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər İXM-in 510-cu maddəsində, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmış, lakin İXM-nin 535.1-ci maddəsində qeyd edilmiş hallar isə sübuta yetirilməmişdir. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs 11 avqust 2021-ci il tarixdə Bakı Şəhər BPİ DYPİ-nin inzibati binasında səs-küy salaraq idarənin normal iş fəaliyyətini pozaraq xırda xuliqanlıq etmişdir. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində xırda xuliqanlıq yəni İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Azərbaycan Respublikası İXM-nin inzibati məsuliyyətin əsaslarını müəyyən edən 3cü maddəsində göstərilir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 5-ci maddəsində isə təsbit edilmişdir ki, insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən insan ləyaqətini alçaldan qərarların verilməsinə və hərəkətin edilməsinə yol verilmir. Göründüyü kimi, insan və vətəndaş hüquq və azadlıqlarını ali dəyər kimi qiymətləndirib insan və vətəndaş hüquqlarını və azadlıqlarını, şəxslərin iqtisadi maraqlarını, idarəçilik qaydalarını qorumağı, qanunçuluğu möhkəmləndirməyi və inzibati xətaların qarşısını almağı vəzifə kimi müəyyən edən İXM-yə görə, yalnız Məcəllədə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb oluna bilər. Həmin Məcəllənin 8-ci maddəsində isə göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.1.1 və 53.1.2-ci maddələrinə əsasən, inzibati xəta hadisəsi olmadıqda və ya inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, İXM-nin 535.1-ci maddəsi ilə Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə protokolu tərtib etmiş orqan tərəfindən heç bir sübut təqdim edilmədiyindən və Şəxs əməlində həmin maddənin tərkib əlamətləri sübuta yetirilmədiyi üçün iş üzrə icraata xitam verilməli, İXM-in 510-cu maddəsinin nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən halı, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək onun barəsində 07 (yeddi) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata əməldə inzibati xəta tərkibi olmadığından xitam verilsin. İnzibati həbs müddətinin əvvəli 11 avqust 2021-ci tarixdən saat 17:10-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-1868/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1868/2021
12.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver