Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1869/2021 08.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X5 iclas katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib etmiş - Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aprılan hüquqi şəxs “Bank olmayan kredit təşkilatı “İNTERNATİONAL”” QSC-nin etibarnamə üzrə nümayəndələri X3 və X4 iştirakları ilə, “Bank olmayan kredit təşkilatı “İNTERNATİONAL”” QSC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Reklam İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “Bank olmayan kredit təşkilatı “İNTERNATİONAL”” QSC-nin Azərbaycan Respublikasının İXM-nin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Reklam İdarəsi tərəfindən tərtib edilmiş 09 avqust 2021-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Reklam İdarəsi tərəfindən tərtib edilmiş 09 avqust 2021-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, qeyd olunan tarixdə saat 17:45-də “Bank olmayan kredit təşkilatı “İNTERNATİONAL”” QSC-nin balansında olan və ünvan 1 ünvanında yerləşən obyektin fasadında, yəni açıq məkanda müvafiq icazə olmadan reklam yayımı daşıyıcılarının yerləşdirilməsi faktı aşkar edilmişdir. Obyektin fasadında yerləşdirilmiş müvafiq reklam yayımı daşıyıcısı olan lövhələrin fotoşəkilləri çəkilərək tərtib edilmiş protokola əlavə edilmişdir. Bununla da, “Bank olmayan kredit təşkilatı “İNTERNATİONAL”” QSC barəsində Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Reklam İdarəsinin etibarnamə üzrə nümayəndəsi X2 öz izahatında bildirmişdir ki, “Bank olmayan kredit təşkilatı “İNTERNATİONAL”” QSC tərəfindən ünvan 2 ünvanında 09 avqust 2021-ci il tarixdə saat 17:45-də müvafiq icazə olmadan açıq məkanda, yəni QSC-nin fəaliyyət dairəsində olan yaşayış binasının fasadında cəmiyyətin firma adı həkk olunmuş reklam məzmunlu lövhələrin yerləşdirilməsi faktı aşkar edilmişdir. Qeyd edilən xüsusat protokola əlavə edilmiş müvafiq fotoşəkillər və digər materiallar əsasında öz təsdiqini tapmışdır. C.C.Abduləzimov həmçinin izahatında qeyd etmişdir ki, “Bank olmayan kredit təşkilatı “İNTERNATİONAL”” QSC ilə əvvəl açıq məkanda reklam yerləşdirilməsinə icazəyə dair müqavilə bağlanmış, həmin müqavilə əsasında reklam lövhələrinin yerləşdirilməsinə icazə verilməsinə baxmayaraq icazənin müddəti 16 mart 2021-ci il tarixdə başa çatmışdır. Buna baxmayaraq Cəmiyyət tərəfindən onun barəsində protokol tərtib edilənədək, yəni 09 avqust 2021-ci il tarixədək yeni müqavilə bağlanılmadan reklamın yayımı fasiləsiz olaraq davam etdirilmişdir. Bakı şəhəri Reklam İdarəsinin əməkdaşları tərəfindən aşkar edilmiş inzibati xəta ilə bağlı protokol tərtib edildikdən sonra müəyyən olunmuşdur ki, cəmiyyət tərəfindən dövlət rüsumu və yayım haqqı ödənilmiş, lakin bankda yanlışlıq olduğu üçün reklam idarəsinin hesabına köçürülməmişdir. Bununla bağlı Cəmiyyət idarəyə müraciət edərək açıq məkanda reklam yerləşdirilməsinə icazəyə dair 20 avqust 2021-ci il tarixli İ**********0078 nömrəli yeni müqavilə bağlamış, hazırki vaxtadək reklam yayımına görə olan dövlət rüsumu və yayım haqqı da tam olaraq ödənilmişdir. C.C.Abduləzimov əlavə olaraq qeyd etmişdir ki, hazırda mövcud şəraitin dəyişməsi ilə əlaqədar olaraq “Bank olmayan kredit təşkilatı “İNTERNATİONAL”” QSC barəsində Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilib-verilməməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “Bank olmayan kredit təşkilatı “İNTERNATİONAL”” QSC-nin nümayəndəsi X7 cəmiyyət barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola etiraz edərək izahatında göstərdi ki, qanuni mənafeyini təmsil etdiyi Cəmiyyətin balansında olan və ünvan 1 ünvanında yerləşən obyektin fasadında, yəni açıq məkanda reklam yayımı daşıyıcıları olan lövhələrin yerləşdirilməsi haqqında müqavilə bağlanmış, həmin müqavilə əsasında reklam yerləşdirilməsinə icazə 06 aylıq dövrü əhatə etməklə 16 mart 2021-ci il tarixdə başa çatmışdır. Mövcud qaydalara görə əgər qarşı tərəf pretenziya irəli sürmürsə müddət başa çatdıqdan sonra icazə üçün ödəniş edilərsə müqavilənin müddəti uzadılmış hesab edilir. Cəmiyyətlə bağlı protokol tərtib edilməzdən öncə Bakı Reklam İdarəsinin əməkdaşları fasadda olan reklam daşıyıcıları ilə bağlı müqavilə bağlamalı olduqlarını şifahi qaydada onlara bildirmişlər. Bundan sonra Cəmiyyət tərəfindən səlahiyyətli orqanın hesabına dövlət rüsumu və yayım haqqı ödənilmiş, lakin büdcə təsnifat kodu və səviyyə kodu qeyd edilmədiyi üçün vəsaitin qarşı tərəfin hesabına köçürülməsi təmin edilməmişdir. Bu barədə isə Cəmiyyətin yalnız barəsində inzibati xəta haqqında protokol tərtib edildikdən sonra məlumatı olduğuna görə 17 avqust 2021-ci il tarixdə təkrarən idarənin öz hesabına ödəniş həyata keçirilmişdir. Göründüyü kimi, əgər ilkin ödəniş idarənin hesabına köçürülmüş olsaydı, hazırda Cəmiyyət barəsində protokol da tərtib edilməyəcəkdi. Hazırda Cəmiyyət tərəfindən "xxxx" ASC-yə müraciət edilərək səhvən köçürülmüş məbləğin geri qaytarılması xahiş edilmişdir. Bunda başqa, Cəmiyyət tərəfindən bütün ödənişlər tam şəkildə səlahiyyətli orqanın hesabına ödənilmişdir. Yəni inzibati xətanın nəticələri aradan qaldırılmaqla reklam yayımı ilə əlaqədar hazıradək yaranmış borc məbləği mövcud deyil, bununla yanaşı yeni icazə müqaviləsi bağlanılmışdır. Odur ki, göstərilən hallar nəzərə alınmaqla X7 Cəmiyyət barəsində Azərbaycan Respublikasının İXM-nin 428.7.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “Bank olmayan kredit təşkilatı “İNTERNATİONAL”” QSC-nin digər nümayəndəsi X8 izahatında X4 göstərdikləri ilə oxşar məzmunlu izahat verərək Cəmiyyət barəsində Azərbaycan Respublikasının İXM-nin 428.7.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu və digər materialları nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, “Bank olmayan kredit təşkilatı “İNTERNATİONAL”” QSC barəsində Azərbaycan Respublikasının İXM-nin 428.7.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan “Bank olmayan kredit təşkilatı “İNTERNATİONAL”” QSC-nin "xxxx" ASC-yə ünvanladığı 17 avqust 2021-ci il tarixli, 001-458-02 saylı ərizəsinin surətindən və ona əlavə edilmiş ödəniş tapşırığından görünür ki, Cəmiyyətin **********0467A58 saylı hesabından Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin AZ17CTRE******************** saylı hesabına 24.06.2020-ci il tarixdə 235,70 (iki yüz otuz beş manat, yetmiş qəpik) manat vəsait köçürülmüşdür, vəsait köçürülərkən büdcə təsnifat kodu və səviyyə kodu qeyd edilmədiyi üçün vəsait qarşı tərəfin hesabına oturmamışdır. Həmin köçürülən vəsaitin büdcə təsnifat kodu 142296, səviyyə kodunun isə 1 qeyd edilməsinə dair köməklik edilməsi xahiş olunmuşdur. İş materiallarında olan 13 avqust 2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, “Bank olmayan kredit təşkilatı “İNTERNATİONAL”” QSC tərəfindən Bakı şəhər Reklam İdarəsinin hesabına 235,70 (iki yüz otuz beş manat yetmiş qəpik) manat məbləğində hesablanmış 16.03.2021-ci ilədək olan yayım haqqı tam şəkildə ödənilmişdir. İş materiallarında olan 17 avqust 2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, “Bank olmayan kredit təşkilatı “İNTERNATİONAL”” QSC tərəfindən Bakı şəhər Reklam İdarəsinin hesabına 93,55 (doxsan üç manat əlli beş qəpik) manat məbləğində hesablanmış 16.03.2021-ci ildən 16.09.2021-ci ilədək olan yayım haqqı tam şəkildə ödənilmişdir. İş materiallarında olan 20 avqust 2021-ci il tarixli açıq məkanda reklam yerləşdirilməsinə dair icazədən görünür ki, “Bank olmayan kredit təşkilatı “İNTERNATİONAL”” QSC-yə Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsi tərəfindən ünvan 3 ünvanında digər reklamları yerləşdirilməsi üçün 16.03.2021-ci ildən 16.09.2021-ci ilədək icazə verilmişdir. Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsi tərəfindən “Bank olmayan kredit təşkilatı “İNTERNATİONAL”” QSC-yə ünvanlanmış 11 avqust 2021-ci il tarixli Rİ-1/01-06/3389 nömrəli məktubdan müəyyən edilir ki, cəmiyyət barəsində Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə tərtib edilmiş 09 avqust 2021-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol barədə məlumatlandırılmaqla ona protokolun surəti göndərilmişdir. Bakı şəhəri Reklam İdarəsi tərəfindən tərtib edilmiş 09 avqust 2021-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokola əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşdirilmiş reklam daşıyıcıların üzərində Cəmiyyətə məxsus firma adı olan “İNTERNATİONAL” Kredit təşkilatı sözləri həkk olunmuşdur. Həmçinin iş materiallarında olan “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilmsəi barədə müraciət” formasından müəyyən edilir ki, “Bank olmayan kredit təşkilatı “İNTERNATİONAL”” QSC-nin barəsində protokol tərtib edilməmişdən öncə, yəni 22 iyun 2021-ci il tarixdə açıq məkanda reklam yayımına icazə verilməsinə dair müraciəti səlahiyyətli orqan olan Bakı Reklam İdarəsinə daxil olmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İXM-nin 428.7.1-ci maddəsinə əsasən, açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan, həmçinin onların tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi qaydalarına əsasən : 2.1. Açıq məkanda reklam yerləşdirilməsinə icazə (bundan sonra – icazə) alınması üçün reklam yayıcısı (reklam qurğusunun mülkiyyətçisi, digər reklam daşıyıcısının isə sahibi) “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada müvafiq quruma ərizə təqdim edir. Ərizə müvafiq qurum tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə uyğun olaraq qəbul edilir və qeydiyyata alınır; 2.16. Reklama dair texniki şərtlər pasportunun etibarlılıq müddəti və icazə müqaviləsinin qüvvədə olma müddəti icazənin müddətindən artıq olmamalıdır. İcazənin və reklama dair texniki şərtlər pasportunun forması, həmçinin icazə müqaviləsinin forması və bağlanılma qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir; 2.17. İcazə müqaviləsi bağlanılmadıqda, verilmiş icazə və texniki şərtlər pasportu hüquqi nəticələr yaratmır. 2017-ci il avqustun 1-dək icazə almış və icazəsi qüvvədə olan reklam yayıcıları müvafiq qurumla 2018-ci il yanvarın 1-dək icazə müqaviləsi bağlamalıdırlar. Müvafiq qurum 2017-ci il avqustun 1-dək icazə almış və icazəsi qüvvədə olan reklam yayıcılarına icazə müqaviləsinin bağlanılması zərurəti barədə bildiriş göndərir; 3.1. Müvafiq qurum açıq məkanda yerləşdirilmiş (yerləşdirilən) reklam daşıyıcılarının qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayır, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada müvafiq göstərişlər verir, reklam qurğularının sökülməsi barədə qərar qəbul edir və onları sökür; 3.6. Açıq məkanda reklam fəaliyyətinə nəzarət çərçivəsində reklam yayıcısının yerləşdiyi ünvanda yoxlama aparılması zərurəti yarandıqda, həmin yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə uyğun həyata keçirilir; 3.7. Müvafiq qurum reklamvericilərin, reklam istehsalçılarının, reklam yaradıcılarının, reklam agentlərinin və reklam yayıcılarının hərəkətlərində açıq məkanda reklam üzrə inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İXM-nə uyğun olaraq tədbirlər görür, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat verir. Həmin Qaydaların 3.5-ci maddəsinə əsasən müvafiq qurum açıq məkanda icazəsiz, həmçinin icazə müqaviləsi bağlanılmadan və ya müvafiq haqqı vaxtında ödənilmədən reklam yayımı hallarını müəyyən etdikdə, reklam yayıcısı məlum olduğu halda, pozuntu halı təsvir olunmaqla müvafiq akt tərtib edərək onu və həmin Qaydanın 2-ci hissəsinə uyğun müvafiq hərəkətlərin 5 gün ərzində yerinə yetirilməsi üçün icrası məcburi olan yazılı göstərişi reklam yayıcısına təqdim etməli (bu halda reklam yayıcısı reklamın yayımını dərhal dayandırmalıdır); Qaydanın 3.5.1-ci yarımbəndinə uyğun olaraq, yazılı göstərişdə müəyyən edilmiş tələblər vaxtında yerinə yetirilmədikdə və ya reklamın yayımı dərhal dayandırılmadıqda, həmçinin reklam yayıcısını müəyyən etmək mümkün olmadıqda, reklamın yayılmasının dayandırılması üçün zəruri tədbirlər görməlidir. Qaydanın 3.7-ci bəndinə əsasən müvafiq qurum reklamvericilərin, reklam istehsalçılarının, reklam yaradıcılarının, reklam agentlərinin və reklam yayıcılarının hərəkətlərində açıq məkanda reklam üzrə inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görür, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat verməlidir. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə əsasən açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanından icazə almalı, ərazinin, daşınmaz əmlakın mülkiyyətçisi və ya onlar barədə sərəncam vermək hüququ olan şəxslə müqavilə bağlamalıdır. Həmin müqavilə əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən reklama dair texniki şərtlər pasportu hazırlanır. Reklama dair texniki şərtlər pasportu mülkiyyətçiyə təqdim edildikdən sonra reklam yerləşdirilə bilər. Reklama dair texniki şərtlər pasportunun formasını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, reklam yayıcısı “Bank olmayan kredit təşkilatı “İNTERNATİONAL”” QSC onunla reklam yayımına icazə verən səlahiyyətli qurum olan Bakı şəhəri Reklam İdarəsi arasında bağlanmış müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 148 ünvanında 16.03.2021-ci ilədək fasad reklam yayımı daşıyıcısı olan lövhələr qanunla müəyyən edilmiş qaydada yerləşdirmişdir. Protokol tərtib edilməzdən əvvəl Bakı şəhəri Reklam İdarəsi tərəfindən reklam yayımının dayandırılması ilə bağlı Cəmiyyətə qarşı hər hansı bir tələb irəli sürülməmişdir. Yalnız Bakı şəhəri Reklam İdarəsinin əməkdaşları tərəfindən aşkar edilmiş fakt üzrə Azərbaycan Respublikasının İXM-nin 428.7.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edildikdən sonra müəyyən edilmişdir ki, cəmiyyət tərəfindən yayım haqqı ödənilmiş, lakin texniki səhvlik olduğu üçün qarşı tərəfin hesabına köçürülməmişdir. Sonradan həmin yanlışlıq aradan qaldırılmış və yayım haqqı Bakı şəhəri Reklam İdarəsinin hesabına oturmuş, yenidən danışıqlar apararaq razılaşma yolu ilə müqavilə münasibətlərini davam etdirməklə 20 avqust 2021-ci il tarixli 06 aylıq dövr üçün yeni müqavilə bağlamışlar. Məhkəmə tərəfindən həmçinin müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş “Bank olmayan kredit təşkilatı “İNTERNATİONAL”” QSC 16 mart 2021-ci il tarixdən başlanılmaqla davam etmiş illik reklam yayımı haqqını və dövlət rüsumunu Bakı şəhəri Reklam İdarəsinin hesabına tam şəkildə ödəmişdir. İşin faktiki hallarından göründüyü kimi, “Bank olmayan kredit təşkilatı “İNTERNATİONAL”” QSC-nin hərəkətlərində hər hansı ictimai münasibətlərə qəsd edən hüquqa zidd əməl aşkar edilməmişdir. Belə ki, barəsində protokol tərtib edilmiş “Bank olmayan kredit təşkilatı “İNTERNATİONAL”” QSC-nin əməlində inzibati xətanın əlamətləri formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olmaqla Azərbaycan Respublikası İXM-si ilə qorunan hər hansı ictimai münasibətə zərər vurmadığından onun barəsində Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi məhkəmə tərəfindən məqsədəmüvafiq hesab edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olanhakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş “Bank olmayan kredit təşkilatı “İNTERNATİONAL”” QSC-yə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir. Ona görə də, “Bank olmayan kredit təşkilatı “İNTERNATİONAL”” QSC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “Bank olmayan kredit təşkilatı “İNTERNATİONAL”” QSC-nin hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi aşkar edilmədiyindən, barəsində tərtib olunmuş 09 avqust 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə başlanılmış icraata xitam verilsin və “Bank olmayan kredit təşkilatı “İNTERNATİONAL”” QSC inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-1869/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1869/2021
08.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver