Məhkəmə qərarları › İş №3(004)-1870/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1870/2021

08.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1870/2021 08.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X3 iclas katibliyi, X1nun iştirakı ilə, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 211.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-si tərəfindən qəbul edilmiş 02 avqust 2021-ci il tarixli MN seriyalı ******* nömrəli qərardan verilmiş şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 şikayətlə Yasamal Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-si tərəfindən qəbul edilmiş 02 avqust 2021-ci il tarixli MN seriyalı ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. X1 ərizəsini onunla əsaslandırmışdır ki, o, 02.08.2021-ci il tarixdə Nizami metrostansiyasında olarkən tibbi maskadan istifadə etməsinə baxmayaraq 27-ci PB-nin sahə inspektoru Heydər Dadaşzadə tərəfindən onun barəsində guya maskadan istifadə etməməsi barədə Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə protokol tərtib etmişdir. X6 şikayət ərizəsində müvafiq qanunvericilik normalarına istinad edərək və yuxarıda göstərilənlərə əsasən, barəsində qəbul edilmiş 11 avqust 2021-ci il tarixli MN seriyalı ******* nömrəli qərarın ləğv edilməsini və həmin qərar əsasında təyin edilmiş cərimə məbləğinin mərkəzi informasiya sistemindən silinməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X1 şikayətin dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, o, Nizami metrostansiyasında olarkən tibbi maskadan istifadə etdiyi halda 27-ci PB-nin sahə inspektoru Heydər Dadaşzadə tərəfindən protokol tərtib edilmişdir. Tərtib edilmiş protokolla yerində razılaşmamış və buna öz etirazını aidiyyəti orqanlara bildirməsinə baxmayaraq, şikayəti üzrə zəruri araşdırma aparılmadan barəsində əsassız olaraq protokol üzrə təqsirli bilinərək qəbul edilmiş 11 avqust 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. X6 qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və həmin qərar əsasında tətbiq edilmiş cərimə məbləğinin mərkəzi informasiya sistemindən silinməsini məhkəmədən xahiş etmişdir. Qərarından şikayət verilmiş Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə, məhkəmə bildirişinin ona çatdırılmasına baxmayaraq qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Beləliklə, məhkəmə işə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə uyğun olaraq qərarından şikayət verilmiş Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-dən sahə inspektoru X2 tərəfindən tərtib edilmiş 02 avqust 2021-ci il tarixli MN seriyalı ******* nömrəli protokolun elektron surətindən görünür ki, həmin protokol X6 tərəfindən Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinin tələbinin pozulmasına görə tərtib edilmişdir. Protokol məhkəmə tərəfindən tədqiq edilərkən müəyyən edilmişdir ki, o, İXMnin 100-cü maddəsinin tələbləri pozulmaqla tərtib edilmişdir. Belə ki, protokolda inzibati xətanın törədilməsi yeri, vaxtı və mahiyyəti göstərilməmişdir, yəni protokolda şəxs tərəfindən xüsusi karantin rejiminin konkret olaraq hansı qaydasının pozulması göstərilməmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin mülahizəsi qeyd edilməmiş, ona hüquq və vəzifələrinin izahına dair qeydiyyat aparılmamışdır. Göründüyü kimi, protokol tərtib edilərkən Azərbaycan Respublikası İXM-nin 100.1.3- 100.1.4, 100.1.7-ci maddəsinin tələbləri pozulmuşdur. İş materiallarında olan Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nin rəisi Cavid Usubov tərəfindən qəbul edilmiş 11 avqust 2021-ci il tarixli EPQ seriyalı ******* nömrəli qərardan müəyyən edilir ki, protokolda olduğu kimi qərarda da inzibati xətanın mahiyyəti, inzibati xəta haqqında iş üzrə araşdırma zamanı müəyyən edilmiş hallar (İXM 115.1.4) göstərilməmiş, hansı hüquqi əsasa və ya səbəbə görə X4 Azərbaycan Respublikası İXMnin 211.2.-ci maddəsi ilə təqsirli bilinərək barəsində tənbeh tədbirinin tətbiq edilməsi göstərilməmişdir. Həmçinin iş materiallarından görünür ki, X4 hüquq və vəzifələri izah edilməmiş və dinlənilərək iş materiallarında xətaya dair mülahizəsi araşdırılmamışdır. Göründüyü kimi, qanunvericiliyin tələbləri pozulmaqla X4 barəsində 11 avqust 2021-ci il tarixli EPQ seriyalı ******* nömrəli qərar qəbul edilərək barəsində 100 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmaqla tərtib edilmiş protokol əsasında, o cümlədən iş üzrə əhəmiyyət kəsb edən faktiki halların araşdırılmaması nəticəsində X6 barəsində qanunsuz və əsassız olaraq onun İXM-nin 211.2-ci maddəsi ilə təqsirli bilinərək tənbeh edilməsinə dair 11 avqust 2021-ci il tarixli EPQ seriyalı ******* nömrəli qərar qəbul edilmişdir. Göstərilənlərlə yanaşı məhkəmə qeyd edir ki, məhkəmə baxışı zamanı qərarından şikayət verilmiş Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-si tərəfindən məhkəməyə həmin qərarın qanuni və əsaslı olmasına dair hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, mövcud şübhələr X1nun xeyrinə həll edilməlidir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X1 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən onun Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirinin olması sübuta yetirilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına görə fiziki şəxslər barəsində yüz manat məbləğində cərimə tənbeh tədbiri nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə Məcəllə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, X4 şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nin sahə rəisi X2 tərəfindən tərtib edilmiş 02 avqust 2021-ci il tarixli MN seriyalı ******* nömrəli protokol əsasında həmin bölmənin rəisi Cavid Usubov tərəfindən qəbul edilmiş 11 avqust 2021-ci il tarixli EPQ seriyalı ******* nömrəli qərar qanunsuz və əsassız hesab edilərək ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İXM-nin tələblərinə əməl edilməklə yenidən baxılması üçün Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nə göndərilməlidir. Həmçinin həmin qərar əsasında Azərbaycan Respublikası DİN-nin Mərkəzi İnformasiya sistemində X4 barəsində yerləşdirilmiş inzibati cərimə məbləği silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X4 şikayəti qismən təmin olunsun. X6 barəsində qəbul edilmiş 11 avqust 2021-ci il tarixli EPQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İXM-nin tələblərinə əməl edilməklə yenidən baxılması üçün Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nə göndərilsin. Bakı şəhəri Yasamal RPİ-nin 27-cı PB-si tərəfindən qəbul edilmiş 11 avqust 2021-ci il tarixli EPQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mərkəzi İnformasiya sistemində X6 barəsində yerləşdirilmiş inzibati cərimə məbləği silinsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar