Məhkəmə qərarları › İş №3(004)-1878/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-1878/2020

12.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-1878/2020 12.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Yasamal Rayon Məhkəməsinin hakimi Əkbərli Günel Bəkir qızının sədrliyi ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş materialı işin məhkəmədə baxılmağa hazırlanması zamanı nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxxxx 2020-ci il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Protokoldan və ona əlavə edilmişsənədlərdən görünür ki,Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi onun mülkiyyətində (istifadəsində) olan “VAZ 21214” (minik) markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx xxx 2020-ci il tarixdə saat 11:02-də idarə edərək İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş fiziki şəxs haqqında məlumatları səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində məlumat verməmişdir. Bununla da, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi barəsindəİXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, protokol düzgün tərtib edilməmiş və ona əlavə edilmiş material natamam olduğuna görə geri qaytarılmalıdır. Belə ki, protokol üzrə inzibati xəta haqqında məsuliyyətə cəlb edilməli olan subyekt düzgün müəyyən edilməmişdir. Yəni Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın subyekti ola bilməz. Məhkəmə tərəfindən qeyd olunur ki, Azərbaycan Respublikası İXM-nin 122.1-ci maddəsinə görə həmin Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. 122.2-ci maddəyə görə inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində tərtib edilir. Həmin Məcəllənin 123-cü maddəsi məhz foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən və hüquqi şəxsə (dövlət qurumuna) məxsus nəqliyyat vasitəsinin istifadəçisi tərəfindən törədilən inzibati xəta haqqında iş üzrə icraatın aparılması qaydalarını tənzimləyir. Belə ki, 123.1-ci maddəyə görə həmin Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir. 123.2-ci maddəyə görə isə hüquqi şəxsin (dövlət qurumunun) müvafiq vəzifəli şəxsi sorğunu rəsmi qaydada aldığı vaxtdan 5 gün müddətində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə səlahiyyətli orqana (vəzifəli şəxsə) məlumat verməlidir. 123.3-cü maddəyə görə Məcəllənin 123.1-ci maddəsində nəzərdə tutulmuş sorğuya cavab verməyən hüquqi şəxs, yaxud dövlət qurumunun vəzifəli şəxsi həmin Məcəllənin 347ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyətə cəlb olunur. Sadalanan normaların məzmunundan göründüyü kimi, dövlət qurumunun özü deyil yalnız həmin qurumunun vəzifəli şəxsi İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsinə görə məsuliyyətə cəlb olunur. Eyni zamanda məhkəmə qeyd edir ki, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinin tərkibini yaradır və maddənin sanksiyasına görə dövlət qurumunun müvafiq vəzifəli şəxsi, hüquqi şəxsin isə özü həmin xətaya görə inzibati məsuliyyətə cəlb edilə bilər. Göründüyü kimi, qeyd olunan inzibati xətanın subyekti qismində hüquqi şəxs və ya dövlət qurumunun vəzifəli şəxsi çıxış edir. Lakin, hazırkı iş məhkəmə tərəfindən nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, qeyd edilən xətaya görə məsuliyyətə cəlb edilə bilməyən və dövlət qurumu statusunda olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi barəsində protokol tərtib edilmişdir. Göstərilənlərlə yanaşı iş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılmış qurumun nümayəndəsinin inzibati xəta haqqında protokol tərtib edilərkən iştirakı təmin edilməmiş, hüquq və vəzifələrinin izah edilməsi, həmçinin tərtib edilmiş protokolun surətinin ona təqdim edilməsi və ya göndərilməsi təmin edilməmiş, protokol birtərəfli qaydada tərtib edilmiş, bununla da barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öz müdafiə hüququnu qurmaqdan məhrum edilmişdir. Qeyd edilir ki, Azərbaycan Respublikasının İXM-nin 100.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi barəsində Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair tərtib edilmiş protokol düzgün tərtib edilmədiyindən və toplanmış material natamam olduğundan, mövcud natamamlıqları isə işə məhkəmədə baxılarkən tamamlamaq mümkün olmadığından protokol və toplanmış material Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İXM-nin 40, 100, 109, 110 və 114cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli AP seriyalı ******* nömrəli protokol və ona əlavə edilmiş material Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə geri qaytarılsın. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar