Məhkəmə qərarları › İş №3(004)-1902/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1902/2023

08.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1902/2023 08.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X10 iclas katibliyi ilə Qərarından şikayət verilmiş Azərbaycan Respublikasının X6 Bakı Regional Bölməsinin nümayəndəsi Nümayəndə2 və X3, X2 vəkili “HGNS Kaunsilor” Vəkil Bürosunun vəkili X5 və "xxxx" MMC-nin nümayəndəsi Bakı Şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Nümayəndə1 oğunun iştirakları ilə, Natalia Khizanishvilinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 220.2 və 444.1-ci maddələri ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Azərbaycan Respublikasının X6 Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş 17 mart 2023-cü il tarixli MN seriyalı ******* nömrəli qərardan verilmiş şikayətinə açıq məhkəmə iclasında baxılaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Natalia Khizanishvili şikayətlə Yasamal Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İXM-nin 220.2 və 444.1-ci maddələri ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Azərbaycan Respublikasının X6 Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş 17 mart 2023-cü il tarixli MN seriyalı ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. X4 ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" MMC-nin fəaliyyəti iaşə müəssisələri ilə istehlakçıları arasında qida məhsulların göndərilməsinin və çatdırılmasının təşkilini mümkün edən elektron platformanın (proqram tətbiqinin) təmin edilməsindən ibarətdir. Yəni, "xxxx" MMC qida məhsullarının göndərilməsini və çatdırılmasını həyata keçirtmir. O, “Wolt” elektron tətbiqi vasitəsi ilə qidanı satan şəxslərlə, qidanı sifariş edən şəxslər və qidanı çatdıran şəxslər arasında əlaqənin yaradılmasını təşkil edir və o "xxxx" MMC-nin qanuni nümayəndəsidir. Göstərilən fəaliyyətin həyata keçirilməsi məqsədi ilə "xxxx" MMC, Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə müvafiq olaraq dövlət vergi xidmətində fərdi sahibkar qismində qeydiyyatdan keçmiş və müstəqil qaydada çatdırma xidmətləri göstərən şəxslərlə və eləcə də iaşə müəssisələri ilə müvafiq müqavilələr imzalayır ki, bu müqavilələr əsasında həmin şəxslər “Wolt” tətbiqindən istifadə edərək, öz xidmətlərini həyata keçirirlər. Qida məhsullarının çatdırılması xidmətlərini göstərən şəxslərlə "xxxx" MMC arasında hər-hansı əmək münasibəti yaranmır və yarana da bilməz. Belə ki, çatdırma xidmətlərini həyata keçirən şəxslər həmin xidmətləri müstəqil qaydada fərdi sahibkar fəaliyyətləri çərçivəsində göstərir. X6 tərəfindən yoxlamanın aparılması haqqında YP-0065 nömrəli, xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir və "xxxx" MMCyə təqdim edilmişdir. Sonra, böyük həcmdə sənədlərin və məlumatların "xxxx" MMC-dən alınması məqsədi ilə yoxlamanı 30 gün müddətinə, xx.xx.2023-cü il tarixədək dayandırılmışdır və bununla bağlı xx.xx.2023-cü il tarixli “Yoxlanmanın dayandırılması barədə” Qərar qəbul edilmişdir. "xxxx" MMC-nin nümayəndələri tərəfindən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər (sahibkarların) arasında bağlanmış 2010 (iki min on) sayda Partnyor kuryer xidməti müqavilələri xx.xx.2023-cü il tarixdə təhvil-təslim aktına əsasən cavabdehə təqdim edilmişdir. Növbəti gün "xxxx" MMC hüquqi ünvanında xx.xx.2023-cü il tarixdə keçirilən baxış zamanı ictimai iaşə obyektləri və ticarət obyektləri ilə iddiaçı arasında bağlanmış 2,441 (iki min iki yüz qırx bir) sayda partnyorluq müqavilələrinin surətləri elektron qaydada (elektron daşıyıcıda) təqdim edilmişdir və bu barədə müvafiq qeydlər “Qida obyektinə baxış keçirilməsinə dair” akta edilmişdir. Qeyd etmək lazımdır ki, tərtib edilmiş “Qida obyektinə baxış keçirilməsinə dair” aktında "xxxx" MMC tərəfindən pozuntuların olduğu qeyd olunsa da, MMC-nin nümayəndəsi narazı qalaraq, həmin akta müvafiq qeydlər etmişdir. Belə ki, qeydlərdə bildirilmişdir ki, aktın 2-ci vərəqində "xxxx" MMC tərəfindən hazır qida məhsullarının çatdırılması qeyd olunsa da, təqdim etdikləri müqaviləyə əsasən hazır qida Partnyor kuryer xidməti tərəfindən çatdırılır. Həmin kuryerlər xüsusi çantalarda 30 dəqiqə ərzində qidanın istehlakçıya çatdırır bu səbəbdən də hesab edirlər ki, qidanın isti və soyuq zənciri mövcuddur. Həmçinin qeyd etmək istəyirlər ki, qida daşıyan nəqliyyat vasitələrinin və termo qabların (çantaların) dezinfeksiya və onların təmiz saxlanması tərəflərindən AQTA-yə təqdim edilmiş "xxxx" MMC ilə Partnyor kuryer xidməti göstərən şəxslər arasında bağlanmış müqavilələrin 2-ci qoşmasının, səkkizinci abzasına əsasən həmin öhdəliklər kuryerin üzərinə düşür. Buna baxmayaraq, Azərbaycan Respublikası X6 Bakı Regional Bölməsinin aparıcı mütəxəssisi Aysel Məmmədova tərəfindən barəsində İnzibati Xətalar Məcəlləsinin 220.2 və 444.1-ci maddələri ilə MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli protokol tərtib edilmişdir və nümayəndəsi tərəfindən həmin protokola razı oladığı qeyd edilmişdir. Qeyd olunan protokol əsasında, guya İnzibati Xətalar Məcəlləsinin 444.1-ci maddəsinə nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə Azərbaycan Respublikası X6 Bakı Regional Bölməsi tərəfindən MN ******* nömrəli, 17 mart 2023-cü il tarixli Qərar qəbul edilmişdir. Həmin qərara əsasən, o 900 (doqquz yüz) manat məbləğində cərimə edilmişdir. Qeyd olunan qərarın surətini poçt vasitəsi ilə xx.xx.2023-cü il tarixdə almışdır. Həmin qərarın müəyyən etdim hissəsində yazılanları ümumiyyətlə müəyyən etmək olmur. Həmçinin qərarı qəbul edən şəxs imza etsə də, qərar möhür ilə təsdiqlənməmişdir. AR İXM-nin 444.1-ci maddəsinə əsasən, malların saxlanılması və ya satışı zamanı mal qonşuluğu qaydasının pozulmasına, yaxud temperatur rejiminə əməl edilməməsinə görə - altı yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, qeyd olunan maddi hüquq normasında malların saxlanılması və ya satışı zamanı mal qonşuluğu qaydasının pozulmasına, yaxud temperatur rejiminə əməl edilməməsinə görə inzibati məsuliyyət yaranır. Lakin pozuntu "xxxx" MMC tərəfindən törədilməsi mümkün deyil. Belə ki, hər hansı bir qidanın müəyyən edilmiş vaxtdan daha uzun müddətdə çatdırılması aşkar edilərsə, bununla bağlı yaranan məsuliyyət daşıma-kuryer xidmətlərini göstərən sahibkarın üzərinə düşür. Bundan başqa sadalanan pozuntular fərdi xarakter daşıyır və əgər göstərilən pozuntular yer alsa belə, məhdudiyyətlər nəinki "xxxx" MMC-yə və ya onun qanuni nümayəndəsinin, bu hal ümumiləşdirilərək bütün kuryerlərə də tətbiq edilə bilməz. Məhdudiyyətlər yalnız pozuntuya yol vermiş konkret şəxsə tətbiq edilə bilər. Müəyyən edilmiş vaxtı aşmaqla qidanın çatdırılması və onun temperaturunun dəyişilməsi faktı müvafiq aktla cavabdeh tərəfindən qeydə alınmamışdır. Belə nəticəyə gəlmək olar ki, ümumiyyətlə belə fakt aşkarlanmamışdır. Bununla bağlı onun "xxxx" MMC-nin qanuni nümayəndəsi olaraq inzibati xəta törətməyi münkünsüzdür, əgər qidanın saxlanılması inzibati xəta baş verərsə, bu xətanı törətmiş kuryer məsuliyyətə cəlb edilə bilər. Satışı zamanı mal qonşuluğu qaydasının pozulmasına, yaxud temperatur rejiminə əməl edilməməsinə görə ümumiyyətlə Partnyor kuryer xidməti də məsuliyyət daşımır. Belə ki, kuryer xidmətini həyata keçirən fərdi sahibkarlar bilavasitə bir neçə dəqiqə ərzində çatdırma xidmətini göstərirlər, qeyd olunan maddi hüquq normasında isə qonşuluq, yaxud temperatur rejiminə əməl edilməsi - malların saxlanılması və ya satışı zamanı riayət edilməsini nəzərdə tutulur. Azərbaycan Respublikası X6 Bakı Regional Bölməsi tərəfindən MN ******* nömrəli, 17 mart 2023-cü il tarixli qərar qanunsuz və əsasız olduğundan ləğv edilməlidir. Yekun olaraq o, Azərbaycan Respublikasının X6 Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş 17 mart 2023-cü il tarixli MN seriyalı ******* nömrəli qərarın ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Natalia Khizanishvilinin vəkili “HGNS Kaunsilor” Vəkil Bürosunun vəkili X11 şikayətin dəlillərinə uyğun izahat verərək Azərbaycan Respublikasının X6 Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş 17 mart 2023-cü il tarixli MN seriyalı ******* nömrəli qərar əsassız və qanunsuz olduğundan onu ləğv edərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən şikayətçi "xxxx" MMC-nin nümayəndəsi Bakı Şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Nümayəndə1 oğu "xxxx" MMC qida məhsullarının göndərilməsini və çatdırılmasını həyata keçirtmir. O, “Wolt” elektron tətbiqi vasitəsi ilə qidanı satan şəxslərlə, qidanı sifariş edən şəxslər və qidanı çatdıran şəxslər arasında əlaqənin yaradılmasını təşkil edir və o "xxxx" MMC-nin qanuni nümayəndəsidir. Qeyd edilənlər məhkəməyə təqdim edilmiş Partnyor Kuryer Xidməti Müqaviləsi və İstifadəçilər üçün xidmət şərtlərində öz əksini tapmışdır. "xxxx" MMC-yə məxsus olan restoran, anbar və yə qida məhsullarının saxlanması və istehsalını nəzərdə tutan obyekt və ya qurğu yoxdur. O Natalia Khizanishvili tərəfindən verilən şikayətlə razıdır. Yekun olaraq Azərbaycan Respublikasının X6 Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş 17 mart 2023-cü il tarixli MN seriyalı ******* nömrəli qərar əsassız və qanunsuz olduğundan ləğv edərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Qərarından şikayət verilmiş Azərbaycan Respublikasının X6 Bakı Regional Bölməsinin nümayəndəsi Nümayəndə2 şikayət ərizəsinə etiraz edərək bildirmişdir ki, Azərbaycan Respublikasının X6 Bakı Regional Bölməsi tərəfindən "xxxx" MMC-nin ofisində həmin MMC tərəfindən təqdim edilmiş boş vəziyyətdə olan qutuya xx.xx.2023-cü il tarixində keçirilən yoxlama zamanı həyata keçirilən test nəticələrinə əsasən müəyyən edilmişdir ki, təqdim edilmiş qidaların daşınması üçün nəzərdə tutulmuş çantalarda qidaların istehlakçıya çatdırılması zamanı temperatur rejimi pozulur. Bu hal həmin MMC tərəfindən təqdim edilmiş sənədlərdədə öz əksini tapmışdır. Bundan əlavə o hesab edir ki, "xxxx" MMC-nin nümayəndələrinin həmin MMC-nin qida məhsullarının çatdırılması ilə məşğul olmadığını, sadəcə istehlakçı ilə kuryer xidmətini həyəta keçirən fərdi sahibkarla əlaqə yaradan informasiya platforması kimi fəaliyyət göstərməsini bildirsədə, vergi məlumatlarına əsasən həmin MMC qeydiyyatdan informasiya təşkilatı kimi keçməmişdir. Bu səbəbdən o hesab edir ki, "xxxx" MMC hazır qida məsullarının çatdırılması ilə məşğul olur və həmin MMC tərəfindən İXM-nin 220.2 və 444.1-ci maddələri mütamadi olaraq pozulur. Məhkəmənin sualına cavab olaraq bildirdi ki, Azərbaycan Respublikasının X6 Bakı Regional Bölməsinin əməkdaşları tərəfindən qidaların daşınması üçün nəzərdə tutulmuş çantaya baxış keçirilən zamanı həmin çanta boş vəziyyətdə olmuşdur. "xxxx" MMC-yə məxsus olan restoran, anbar və yə qida məhsullarının saxlanması və istehsalını nəzərdə tutan obyekt və ya qurğunun olması müəyyən olunmamışdır. Hazırda o "xxxx" MMC-nin yeyinti məhsullarının istehsalı, saxlanması, daşınması və satışı zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulmasını və ya malların saxlanılması və ya satışı zamanı mal qonşuluğu qaydasının pozulmasını birbaşa sübut edən foto şəkillər və digər məlumatlar təqdim edə bilmir. 17 mart 2023-cü il tarixli MN seriyalı ******* nömrəli qərar həmin MMC tərəfindən təqdim edilmiş test nəticələrinə və xx.xx.2023-cü il tarixli YP-0065 nömrəli yoxlama aktına əsasən qəbul edilmişdir. Hesab edir ki, şikayət əsassız olduğundan rədd edilməlidir. Bu səbəbdən Azərbaycan Respublikasının X6 Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş 17 mart 2023-cü il tarixli MN seriyalı ******* nömrəli qərar qanuni olduğundan qüvvəsində saxlanılmasını şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Qərarından şikayət verilmiş Azərbaycan Respublikasının X6 Bakı Regional Bölməsinin nümayəndəsi X7 şikayət ərizəsinə etiraz edərək bildirmişdir ki, "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixində keçirilən yoxlama zamanı təqdim edilmiş test nəticələrinə əsasən müəyyən edilmişdir ki, qidaların daşınması üçün nəzərdə tutulmuş çantalarda qidaların istehlakçıya çatdırılması zamanı temperatur rejimi pozulur. Qida məhsullarını hazırlandıqları yerdən qəbul edən və istehlakçıya çatdırılmasında iştirak edən şəxslərin tibbi müayinədən keçmədiyi, qidaların daşınmasında istifadə edilən çantalar yuyulub, dezinfeksiya edilməsi üçün yuma sahəsi təşkil edilmədiyi müəyyən edilmişdir. Şikayət əsassız olduğundan rədd edilməlidir. Bu səbəbdən Azərbaycan Respublikasının X6 Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş 17 mart 2023-cü il tarixli MN seriyalı ******* nömrəli qərar qanuni olduğundan qüvvəsində saxlanılmasını şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının X6 Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş 10 mart 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixində keçirilən yoxlama zamanı təqdim edilmiş test nəticələrinə əsasən müəyyən edilmişdir ki, qidaların daşınması üçün nəzərdə tutulmuş çantalarda qidaların istehlakçıya çatdırılması zamanı temperatur rejimi pozulur. Qida məhsullarını hazırlandıqları yerdən qəbul edən və istehlakçıya çatdırılmasında iştirak edən şəxslərin tibbi müayinədən keçməmiş, qidaların daşınmasında istifadə edilən çantalar yuyulub, dezinfeksiya edilməsi üçün yuma sahəsi təşkil edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının X6 Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş edilmiş 17 mart 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan müəyyən edilir ki, "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixində keçirilən yoxlama zamanı təqdim edilmiş test nəticələrinə əsasən müəyyən edilmişdir ki, qidaların daşınması üçün nəzərdə tutulmuş çantalarda qidaların istehlakçıya çatdırılması zamanı temperatur rejimi pozulur. Qida məhsullarını hazırlandıqları yerdən qəbul edən və istehlakçıya çatdırılmasında iştirak edən şəxslərin tibbi müayinədən keçmədiyi, qidaların daşınmasında istifadə edilən çantalar yuyulub, dezinfeksiya edilməsi üçün yuma sahəsi təşkil edilmədiyi müəyyən edilmişdir. "xxxx" MMC-nin qanuni nümayəndəsi Natalia Khizanishvili barəsində tərtib edilmiş 10 mart 2023-cü il tarixli MN seriyalı ******* nömrəli protokol əsasında Azərbaycan Respublikasının İXM-nin 444.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək barəsində 900 manat inzibati cərimə növündə inzibati tənbeh tədbiri tədbiq edilmişdir. Azərbaycan Respublikası X6nin Bakı Regional İdarəsinin xx.xx.2023-cü il tarixli YP- 0065 nömrəli yoxlama aktından görünür ki, yoxlama xx.xx.2023-cü il tarixdə başlamış və xx.xx.2023-cü il tarixdə başa çatmışdır. Yoxlama sualları üzrə müəyyən edilmişdir ki, Sual 121 "xxxx" MMC-yə məxsus qidaların çatdırılması müəssisəsi "Qida Təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası qanunun 24.1-ci maddəsinə zidd olaraq qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərir. Eyni zamanda ’’Qida Təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası qanunun 24.11-ci maddəsinə əsasən qida sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyata alınmadan və ya təsdiq olunmadan qida sahəsində fəaliyyət göstərməsi qadağandır. Sual 124. “Volt” Azərbaycan” MMC ölkə ərazisində qida məhsullarını hazırlandıqları yerdən götürərək istehlakçıya çatdırılması üzrə fəaliyyət göstərir. “Volt” Azərbaycan” MMC ilə həm ictimai iaşə müəssisələri və ticarət obyektləri arasında partnyorluq müqaviləsi (ümumi 2441 müqavilə), həm də kuryerlər arasında partyorluq müqaviləsi (ümumi 2010 nəfər) bağlanılmışdır. “Volt” Azərbaycan” MMC ilə ictimai iaşə müəssisələri arasında bağlanılmış müqaviləyə əsasən müəyyən edilmişdir ki, “Volt” Azərbaycan" MMC partnyorun sifarişini istehlakçıya çatdırır. Eyni zamanda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Agentliyin Bakı regional bölməsinə daxil olmuş 3-44-1/1- 1377/23 nömrəli xx.xx.2023-cü il tarixli (sorğuya cavab məktubu) məktuba əsasən də məlum olmuşdur ki, "xxxx" MMC hazır yeməklərin göndərilməsi fəaliyyəti ilə məşğul olur. "xxxx" MMC ilə ictimai iaşə xidmətləri arasında bağlanılan müqavilələrdən 9 ədədi kağız daşıyıcıda yoxlamaya təqdim edilmişdir. Eyni zamanda “Volt” Azərbaycan” MMC ilə ictimai iaşə müəssisələri və ticarət obyektləri arasında bağlanılmış partnyorluq müqavilələri fləşkartda yoxlamaya təqdim edilmişdir. “Qida Təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 18.3-cü maddəsinə əsasən qida məhsulları xüsusi olaraq bu məqsəd üçün nəzərdə tutulmuş, yaxud bu məqsədin tələblərinə uyğunlaşdırılmış, qida məhsuluna dair gigiyenik və temperatur tələblərini təmin edən nəqliyyat vasitələrində daşınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Qida X1 3 noyabr 2020-ci il tarixli 19 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qida təhlükəsizliyi üzrə gigiyena tələblərinə dair qaydalar”ın 2 nömrəli əlavəsinin 8.1-ci bəndinə əsasən daşınma əməliyyatları istehlakçılar üçün qida məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin qorunmasını tam təmin edən şəraitdə aparılmalıdır. Lakin "xxxx" MMC-yə məxsus qidaların çatdırılması müəssisəsində qida məhsullarının çatdırılması üçün nəzərdə tutulmuş nəqliyyat vasitələrində daşınma zamanı qidalarda isti və soyuq zəncirin qorunması üçün təminat mövcud deyil. Müəssisədə qidaların daşınmasında istifadə edilən çantaların yuyulması və dezinfeksiya edilməsi üçün yuma sahəsi təşkil edilməmişdir. Azərbaycan Respublikası Qida X1 19 saylı Qərarı ilə təsdiq olunmuş “Qida məhsulları üzrə gigiyena tələblərinə dair qaydalar”ın 2 nömrəli əlavəsinin 2.0.5-ci bəndinə əsasən istifadə edilən alət və avadanlıqların təmizlənməsi, dezinfeksiyası və saxlanması üçün korroziyaya davamlı materiallardan qurulmuş, asanlıqla təmizlənən və axar isti və soyuq su ilə təchiz olunmuş yuma sahələri təşkil edilməli, eyni zamanda Qaydaların 3-cü bəninə əsasən qida məhsulu ilə təmasda olan bütün alətlər, avadanlıqlar və ləvazimatlar təmiz saxlanılmalı və dezinfeksiya edilməlidir. "xxxx" MMC tərəfindən qidaların daşınmasında istifadə edilən çantalarda müxtəlif qida məhsullarının 1 saat və 30 dəqiqə ərzində çantalarda saxlanılan zaman temperatur rejiminə dair təqdim edilmiş test nəticələrinə əsasən müəyyən edilmişdir ki, qida məhsullarının daşınması zamanı temperatur rejimi pozulur. Belə ki, müəssisə tərəfindən təqdim edilmiş qida məhsullarının daşınmasında istifadə üçün nəzərdə tutulan çantaların soyuq və isti test nəticələrinə əsasən müəyyən edilmişdir ki, -4°C temperaturlu 500 ml-lik plastik qablaşdırmada süd 1 saat sonra 9.9°C temperatura qədər yüksəlir. -18°C temperaturlu 500 ml-lik dondurma 1 saat ərzində çanta içərisində -9.6°C temperaturda olur. -18°C temperaturlu 500 ml-lik plastik qablaşdırmada dondurma 30 dəqiqə sonra - 8°C-ə qədər, 1 saat ərzində -4°C-ə qədər dəyişir. 80°C temperaturda olan su 30 dəqiqə ərzində 63°C-yə, 1 saat ərzində 55.15°C-yə düşür. 4°C temperaturlu 500 ml-lik plastik qablaşdırmada süd 30 dəqiqə sonra 8°C-ə, 1 saat ərzində isə 12°C-ə qədər qalxır. Bununla da qidaların daşınmasında istifadə edilən çantalara dair təqdim edilmiş test nəticələrinə əsasən müəyyən edilmişdir qidaların daşınmasında soyuq və isti zəncir prinsipi gözlənilmir. Dondurulmuş məhsulların daşınması zamanı defrostasiya prosesi baş verir. İsti yeməklərin və soyuq qidaların çatdırılması zamanı isəı temperatur rejimi pozulur. Daşınan nəqliyyat vasitələrində dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmasına dair akt və müqavilə yoxlmaya təqdim edilmədi. Qaydaların 2 nömrəli əlavəsinin 8.8-ci bəndinin tələbləri pozulmuşdur. "xxxx" MMC tərəfindən təqdim edilmiş partnyor kuryer müqaviləsinə əsasən çatdırılma xidmətləri üzrə sifariş edilən malların siyahısında qida məhsulları ilə yanaşı dərman vasitələri də qeyd edilmişdir. Eyni zamanda müqavilədə ərzaqların heç bir xarici iyi, dad və ya digər zərərli xüsusiyyətlərin onların keyfiyyətinə təsir etməyəcəyi və ərzaqlara hər hansı bir formada qarışmayacağı şəkildə çatdırılması qeyd edilmişdir. Lakin daşınmada istifadə edilən çantalarda həm qida məhsullarının, həm də dərman vasitələrinin daşınması mal qonşuluğu qaydalarının pozulmasına zəmin yaradır. Sual 126. Qida məhsullarını hazırlandıqları yerdən qəbul edən və istehlakçıya çatdırılmasında iştirak edən şəxslərin tibbi müayinədən keçmələri barədə arayışları yoxlamaya təqdim edilməmişdir. Bununla da “Qida Təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin və Qaydaların 2 nömrəli əlavəsinin 10.1 bəndrinin tələbləri pozulmuşdur. Sual 139. Qida məhsulları ilə təmasda olan əməkdaşlar gigiyenik təlimlərə cəlb edilməmişdir. "Qida Təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası qanunun 22-ci maddəsi və Qaydaların 2 nömrəli əlavəsinin 16.0.1 və 16.0.2-ci yarımbəndlərinin tələbləri pozulmuşdur. Yuxarıda qeyd olunan nöqsanlara əsasən müəyyən edilmişdir ki, “Qida Təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci, 24.11-ci, 9.1-ci və 22-ci maddələrinin, Azərbaycan Respublikası Qida X1 19 saylı Qərarı ilə təsdiq olunmuş “Qida məhsulları üzrə gigiyena tələblərinə dair qaydalar”ın 5 nömrəli əlavəsinin 2 nömrəli əlavəsinin tələbləri pozulmuşdur. Partnyor Kuryer Xidməti Müqaviləsinə əsasən “Çatdırılma Xidmətləri” Partnyor Kuryer tərəfindən Volt şirkəti üçün yerinə yetirilən kuryer xidmətləri deməkdir, misal üçün, Volt şirkətinin ticarət tərəfdaşları tərəfindən sifariş edilən malların (qida məhsulları,market məhsulları,dərman vasitələri) Platforma istifadəçilərinə çatdırılması. Həmin müqavilə ilə müəyyən edilən hüquq və öhdəliklərini həyata keçirərkən X12 Xidmətlərini özünün şəxsi metod, qurğu və avadanlıqlarından istifadə etməklə müstəqil şəkildə həyata keçirir. X17 Kuryerin üçüncü tərəflərə Çatdırılma Xidməti göstərmək və ya hər hansı digər işlə məşğul olmaq hüququnun məhdudlaşdırılması kimi təfsir edilmir. Həmin müqavilənin qüvvədə olma müddəti ərzində X8 giriş imkanı ilə təmin edilir və X13 vasitəsilə Çatdırılma Xidmətlərini yerinə yetirmə imkanı barədə məlumat verə bilir. X12 Xidmətlərinin peşəkarıqla, səmərəli və tətbiq edilən istənilən qaydalara uyğun olaraq yerinə yetirilməsinə görə məsuliyyət daşıyır. X12 Xidmətlərinin yerinə yetirilməsi üçün tələb olunan avadanlıqların (Volt şirkətinin Partnyor Kuryer üçün təmin etdiyi istilik sistemindən savayı) alınmasına görə məsuliyyət daşıyır. X12 Xidmətlərinin yerinə yetirilməsində istifadə olunan maşın, skuter və ya velosipedə malik olmalı və ya digər şəkildə sahiblik etməlidir və bu cür nəqliyyat vasitələrinin istifadəsi nəticəsində yaranan bütün xərclərə (misal üçün, yanacaq, sığorta, təmir xərcləri, həmçinin nəqliyyat vasitəsinə tətbiq olunan hər hansı vergi) görə məsuliyyət daşıyır. Partnyor Kuryer istifadə etdiyi maşın, skuter və ya digər nəqliyyat vasitəsinin Çatdırılma Xidmətlərinin göstərildiyi ərazidə qeydiyyatdan keçməsini və belə ərazidə Partnyor Kuryer tərəfindən Çatdırılma Xidmətlərinin yerinə yetirilməsi üçün istifadə edilə biləcəyini təmin etməlidir. X12 Xidmətlərinin yerinə yetirilməsi nəticəsində meydana gələn xərclərə görə məsuliyyət daşıyır. Volt şirkəti Çatdırılma Xidmətlərinin yerinə yetirilməsinə nəticəsində yaranan hər hansı xərc və ya zərərin əvəzini ödəmir. Partnyor Kuryer qida təhlükəsizliyi məqsədləri üçün müvafiq orqanda qeydiyyat (tələb olunduğu təqdirdə) və Partnyor Kuryerin nəqliyyat vasitəsi ilə əlaqəli olan bütün icazələr də daxil olmaqla, lakin bunlarla məhdudlaşmayaraq, Çatdırılma Xidmətlərinin yerinə yetirilməsi üçün tələb olunan istənilən zəruri icazə və qeydiyyat üçün məsuliyyət daşıyır. Platformadan istifadə etmək üçün X9 qeydiyyata dair göstərişlərə əməl etməklə istifadəçi hesabı yaratmalıdır. Platformanın qeydiyyat məlumatları hər istifadəçiyə münasibətdə fərdidir. Partnyor Kuryer özünün istifadəçi hesabına daxil olmaq üçün tələb olunan hər hansı istifadəçi hesabını və ekvivalent məlumatın məxfi saxlanılmasını və üçüncü şəxslərin giriş əldə etməsinə imkan verməyən təhlükəsiz şəkildə istifadəsini təmin etməlidir. Volt şirkəti və Partnyor Kuryer arasında başqa cür razılaşdırılmadığı təqdirdə, Volt şirkəti Partnyor kuryer adına xidmət haqqı üçün hesab-faktura hazırlayır. Xidmət haqqı ayda iki dəfə Partnyor Kuryer tərəfindən Volt şirkətinə təqdim edilmiş bank hesabına ödənilir. Tərəflər bu Müqavilənin məqsədləri üçün müstəqil podratçılar hesab olunur. Bu Müqavilə heç bir şəkildə Tərəflər arasında asılılıq və ya əmək münasibətinin yaranması şəklində təfsir edilmir. İstifadəçilər üçün xidmət şərtlərindən görünür ki, "Kuryer tərəfdaş", Wolt ilə tərəfdaşlıq müqaviləsi bağlayaraq məhsulların çatdırılma xidmətlərini həyata keçirən fərdi sahibkar olan fiziki və ya hüquqi şəxs və ya onları əvəz edən digər xidmət tərəfdaşı deməkdir. Wolt, İstifadəçiləri, Tərəfdaşları və Kuryer Tərəfdaşlarını birləşdirən texnologiya platforması təqdim edir. Wolt texnologiyası İstifadəçilərə müxtəlif Tərəfdaşlardan qida və/və ya digər mallar üçün sifarişlər verməyə imkan verir və İstifadəçilər çatdırılma xidmətləri də sifariş edə bilərlər. Wolt restoran və ya yemək hazırlama biznesi ilə məşğul deyil, bu səbəbdən "xxxx" MMC malların satışını həyata keçirmir və ya saxlamır. İstifadəçi və ya Müştəri Təşkilatı və Tərəfdaş təqdim edilmiş məhsulların və ya mümkün digər xidmətlərin alğı-satqı müqaviləsinə daxil olur. Çatdırılma xidmətləri sifariş olunarsa, platforma Kuryer Tərəfdaşına çatdırılma imkanının mövcud olduğu barədə məlumat verir və tətbiq İstifadəçiyə çatdırılmanın tamamlanmasını asanlaşdırır. Wolt, Alğı-satqı Müqaviləsinin Tərəfdaş tərəfindən lazımi qaydada icrası üçün istifadəçi qarşısında cavabdeh deyil və ya məsuliyyət daşımır. Wolt son nəticədə Kuryer Tərəfdaşları tərəfindən təqdim olunan çatdırılma xidmətlərinə görə məsuliyyət daşımasa da, Wolt keyfiyyətsiz çatdırılma xidmətlərinə görə İstifadəçilərə hər hansı kompensasiyanın verilməsini təşkil edə bilər. Azərbaycan Respublikası İXM-nin 220.2-ci maddəsinə əsasən Yeyinti məhsullarının istehsalı, saxlanması, daşınması və satışı zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulmasına görə - fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 444.1-ci maddəsinə əsasən Malların saxlanılması və ya satışı zamanı mal qonşuluğu qaydasının pozulmasına, yaxud temperatur rejiminə əməl edilməməsinə görə - altı yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə edilir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə görə Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X14 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Qeyd olunur ki, Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının X6 Bakı Regional Bölməsi "xxxx" MMC-nin rəbhəri Natalia Khizanishvili barədə protokol tərtib edilmişdir ondan ötəri ki, "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixində keçirilən yoxlama zamanı təqdim edilmiş test nəticələrinə əsasən müəyyən edilmişdir ki, qidaların daşınması üçün nəzərdə tutulmuş çantalarda qidaların istehlakçıya çatdırılması zamanı temperatur rejimi pozulur. Qida məhsullarını hazırlandıqları yerdən qəbul edən və istehlakçıya çatdırılmasında iştirak edən şəxslərin tibbi müayinədən keçməmiş, qidaların daşınmasında istifadə edilən çantalar yuyulub, dezinfeksiya edilməsi üçün yuma sahəsi təşkil edilməmişdir. Lakin iş materiallarından görünür ki, "xxxx" MMC sadəcə Azərbaycan Respublikası ərazisində “Wolt” mobil tətbiqinin idarəçisi olmaqla partnyor müqaviləsi bağlanmış kuryer və vətəndaşlara xidmət göstərən iaşə obyektləri arasında əlaqələndirici rolu oynayır. Bu fakt Partnyor Kuryer Xidməti Müqaviləsi və istifadəçilər üçün xidmət şərtlərində öz əksini tapmışdır. Göstərilən halda məhz "xxxx" MMC-nin rəhbəri Natalia Khizanishvili tərəfindən 10 mart 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd edilən xətalara yol verilməsi öz təsdiqini tapmır. Bundan əlavə inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqan Azərbaycan Respublikasının X6 Bakı Regional Bölməsi sadəcə sənədləri araşdıraraq cəmiyyətin rəhbəri barəsində protokol tərtib etmişdir. Səlahiyyətli orqan tərəfindən faktiki olaraq hər hansı qayda pozuntusu real olaraq aşkarlanmamış və bu hal mövcud olduğu təqdirdə protokollaşdırılıb, foto və video çəkiliş vasitəsilə sübutlar toplanmamışdır. Yəni səlahiyyətli orqan tərəfindən protokol tərtib edilən zaman mötəbər sübutlara istinad etməli olduğu halda bunu etməyib və yalnız öz mülahizələri və ehtimalları əsasında protokol tərtib edilmişdir. Hətta hər hansı qayda pozuntusu aşkar edilməsi ilə bağlı sübutlar toplanılsa belə, inzibati xəta haqqında protokol partnyor kuryer xidməti müqaviləsi əsasında fəaliyyət göstərən və həmin müqavilə üzrə öhtəlikləri üzərinə götürmüş fərdi sahibkar barəsində tərtib edilməlidir. Məhkəmə hesab edir ki, "xxxx" MMC-nin rəhbəri Natalia Khizanishvilinin əməlində inzibati xəta tərkibinin əlamətləri yoxdur və bu səbəbdən onun təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədiyi üçün, qərar ləğv edilməli, həmin əməlin törədilməsində təqsirsiz bilinməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Natalia Khizanishvili tərəfindən verilmiş şikayət təmin olunsun. Natalia Khizanishvilinin barəsində qəbul edilmiş 17 mart 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Azərbaycan Respublikasının X6 Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş 17 mart 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında Mərkəzi İnformasiya sistemində Natalia Khizanishvilinin barəsində yerləşdirilmiş inzibati cərimə silinsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar