Məhkəmə qərarları › İş №3(004)-1902/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1902/2025

01.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1902/2025 01.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X3 iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Yasamal RPİ-nin 28-ci polis şöbəsinin sahə inspektoru X1, zərərçəkmiş şəxs X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 2004-cü ildə Qəbələ rayonu, Mıxlıqovaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Qəbələ rayonu, Mıxlıqovaq ərazi dairəsi, Mıxlıqovaq kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 28-ci PŞ-dən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 01 aprel 2025-ci il tarixdə daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Yasamal RPİ-nin 28-ci polis şöbəsinin 31 mart 2025-ci il tarixli qərarına və rədd materialına əsasən tərtib edilmiş 01 aprel 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 29 mart 2025-ci il tarixdə Yasamal rayonunda yerləşən qəbristanlığa 14:30 radələrində gələrək bir qədər gəzdikdən sonra X7 adlı məzar daşının üzərindən qızılgül və papatya gülünü götürərək satmışdır. Nəticədə Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı Şəhəri Yasamal RPİ-nin 28-ci polis şöbəsinin sahə inspektoru X6 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, X8, xx.xx.2025-ci il tarixdə Yasamal RPİ-nin 28-ci PŞ-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 11:30 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Yasamal” qəbristanlığında dəfn olunmuş qohumu X5 məzar daşının üzərindən dəyərində qızılgül dəstələrini oğurlandığını aşkar etmişdir. xx.xx.2025-ci il tarixdə saat 11:45 radələrində həmin şəxs yenidən “Yasamal” qəbristanlığına gəlmiş, yenidən qəhrlərin üzərindən gülləri oğurlayıb aparan zaman yolda polis əməkdaşları onu saxlayaraq Yasamal RPİ-nin 28-ci PŞ-nə gətirilmişdir. Yekun olaraq məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat təxminən 14:30 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Yasamal” qəbristanlığına gəlmiş, O, qəbristanlıq ərazisini bir qədər gəzdikdən sonra X7 adlı məzar daşının üzərindən yeni qoyulmuş qızılgül və papatya adlı gülləri oğurlamışdır. Sonra həmin gülləri gətirib Masazır dairəsinin yaxınlığında olan işıqforda dayanan avtomobil sürücülərinə satmışdır. Satdığı güllərin pulların bir hisssəsini “Lombard” verib girova qoyduğu “Xioami Redmi- 12” markalı mobil telefonunu götürmüş, qalan pulu isə öz ehtiyaclarına xərcləmişdir. xx.xx.2025-ci il tarixdə səhər saat 09:30 radələrində yenidən “Yasamal” qəbristanlığına gəlmiş, qəbristanlıq ərazisini gəzib yenidən məzar daşının üzərində olan qızıl gülləri oğurlayıb aparan zaman orada olan polis əməkdaşları onu saxlayaraq oğurladıqları güllər ilə birlikdə Yasamal RPİ-nin 28-ci PŞ-nə gətirmişlər. Etdiyi əməlindən peşmandır. Göstərilənləri nəzərə alaraq məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmiş və CM-nin 234.1-ci maddəsi ilə ittiham edilməsinə dair cinayət işi Abşeron Rayon Məhkəməsinin icraatındadır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X8 bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 11:30 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Yasamal” qəbristanlığında dəfn olunmuş yaxın qohumu X5 məzar daşının üzərindən dəyərində qızılgül dəstələrini oğurlandığını aşkar etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 350 manat dəyərində maddi ziyan dəymişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Yasamal RPİ-nin 28-ci PŞ-nin təhqiqatçısı Emil İslamov tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 31 mart 2025-ci il tarixli qərardan görünür ki, ərizə əsasında aparılan araşdırma zamanı toplanmış materialda Azərbaycan Respublikasinin CM-nin 177.1-ci maddəsinin tərkibi müəyyən olunmadığı üçün Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinə uyğun olaraq cinayət işinin başlanması rədd edilməlidir. Azərbaycan Respublikasi Cinayət qanunvericiliyinə əsasən, belə olduğu halda vətəndaş X2 ərizəsində göstərdiyi faktda cinayət tərkibi yoxdur. Belə ki, Azərbaycan Respublikasinin CM-nin 177.1-ci maddəsinin qeyd hissəsinə əsasən oğurluq cinayətinin tərkibi vurulmuş ziyanın həcmi 500 (beş yüz) manatdan yuxarı məbləğ təşkil etdikdə yaranır. Bundan əlavə Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 227ci maddəsində nəzərdə tutulan “Xırda talama” inzibati tənbeh tədbirləri tətbiq olunmalıdır. İnzibati qaydada tutma haqqında 31 mart 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə, saat 12:20-də inzibati qaydada tutulmuşdur. ƏÇPA-nın polis nəfərləri tərəfindən tərtib edilmiş raportdan görünür ki, Şəxs 31 mart 2025-ci il tarixdə saat 11:45-də saxlanılmışdır. Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, Şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittihamedici hökm çıxarılmış və hazırda CM-nin 234.1-ci maddəsi təqsirləndirilməsinə dair cinayət işi Abşeron Rayon Məhkəməsinin icraatındadır. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs özgənin əmlakını talayaraq İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tədqiq olunmuş iş materialları ilə tam təsdiqini tapmışdır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-in 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs etdiyi əməldən peşman olmasını inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. İXM-in: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.4-ci maddəsinə əsasən Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır; 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən, bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinin 1ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Məhkəmə, işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli Şəxs inzibati qaydada tutulduğu vaxtdan yəni, 31 mart 2025-ci il tarixdən saat 11:45-dən hesablanmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 01 (bir) ay 15 (on beş) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbs müddətinin əvvəli 31 mart 2025-ci il tarixdən saat 11:45-dən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 28-ci polis şöbəsinə həvalə edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar