Məhkəmə qərarları › İş №3(004)-1908/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1908/2021

16.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1908/2021 16.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə, xx.xx.1990-cı ildə Laçın rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Laçın rayonu, Narışlar kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Bakı Şəhəri Yasamal Rayonu İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4725/2020 saylı, 20.10.2020-ci il tarixli qətnaməsinə əsasən 07 sentyabr 2020-ci il tarixdən başlayaraq borclu Şəxs hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment tutulub 15.08.2009-cu il təvəllüdlü X4 və 16.04.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tələbkar X3 verilməlidir. Borclu icra vərəqəsində göstərilən tələbi icra etmir və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Hazırkı vaxtadək 3740 manat aliment borcu yığılmışdır. Beləliklə də borclu icra sənədlərini üzürsüz səbəbdən icra etməmişdir. Bununla Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Yasamal Rayon İcra Şöbəsinin icra məmuru tərəfindən 16.08.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, barəsində olan icra sənədindən xəbərdardır. İcra məmuru onu xəbərdar edib, maddi imkanı olmadığı üçün pulu ödəyə bilmir. Hazırda da imkanı olmadığı üçün pulu ödəyə bilmir. İİ Qrup əlildir, həm də qaçqın olduğu üçün çörəkpulu alır, uşaqların çörəkpulu kartı anasındadır. Alimenti ödəmək üçün imkanı yoxdur. Məhkəmə iclasında iştirak edən tələbkar (zərər çəkmiş şəxs) X5 bildirdi ki, borclu məhkəmə qətnaməsi ilə qət edilən alimentdən ümumiyyətlə heç bir ödəniş etməmişdir. Müxtəlif bəhanələrlə ödənişdən yayınır. Həmçinin borclu bildirsə də ki, heç bir yerdə işləmir, lakin yalan danışır, çünki fəhlə kimi, dərzi kimi müəyyən yerlərdə işləyir, günəmuzd pul qazanır. Ona görə də borclu barəsində tədbir görülməsini məhkəmədən xahiş etdi. Yasamal Rayonu İcra Şöbəsinin icra məmuru Aslan Aslanbəyli məhkəməyə verdiyi izahatında bildirdi ki, borclu dəfələrlə icra şöbəsinə dəvət edilərək borcunu ödəmək ona təklif edilmişdir. İcra sənidinin icrası ilə bağlı borclunun əmlak vəziyyəti yoxlanılmış, müvafiq sorğular verilmiş, həmçinin Elektron İcra Sistemi vasitəsilə borclunun əmlak və maddi vəziyyəti yoxlanılmış, borclunun adına bankda pulu, hesabı, tutmanın yönəldilə biləcək daşınar və ya daşınmaz əmlakı yoxdur. Digər hər hansı formada ondan qətnamədə göstərilən pulu tutmaq mümkün deyildir. Faktiki olaraq borclunun icra sənədini digər yolla ödəmək qabiliyyətinin olması, lakin bundan boyun qaçırması halını təsdiq edəcək digər bir sübutlar mövcud deyildir. Həmçinin imkanı olmadığı təqdirdə hissə-hissə ödəmək təklif edilsədə, müxtəlif bəhanələrlə icradan yayınmış, hazırda protokolda göstərilən məbləğdə borcu yaranmışdır, bununla da üzrsüz səbəbdən icra vərəqəsini icra etməmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4725/2020 saylı, 20.10.2020-ci il tarixli qətnaməsinə əsasən 07 sentyabr 2020-ci il tarixdən başlayaraq borclu Şəxs hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin tutulub 15.08.2009-cu il təvəllüdlü X4 və 16.04.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tələbkar X3 verilməsi qət edilmişdir. İcra məmuru tərəfindən 22.10.2020-ci il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmişdir, bu barədə borclu məlumatlandırılmışdır. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, icra vərəqəsi, bildiriş, özünün məhkəməyə verdiyi izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İş materiallarında olan Elektron Məhkəmə Sistemindən çıxarışa əsasən Şəxs 2-ci qrup əlildir. İXM-nin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətaya görə, yuxarıda qeyd edilənləri nəzərə alaraq sanksiyada nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar