Məhkəmə qərarları › İş №3(004)-1919/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1919/2022

24.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1919/2022 24.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə, Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 56 olan Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə Azərbaycan Respublikasının X4 Bakı Şəhəri Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının X4 Bakı Şəhəri Reklam İdarəsi tərəfindən Şəxs MMC barəsində İXM-in 428.7.1-ci maddəsi ilə 08.04.2022-ci il tarixdə № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, həmin MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti ünvanında 08.04.2022-ci il tarixində saat 15:00 radələrində “KARACA” adlı obyektin üzərində müvafiq icazələrin şərtlərini pozmaqla açıq məkanda reklam yerləşdirilməsi faktı müəyyən edilmişdir. Protokolda bu faktın protokola əlavə edilmiş 2 ədəd fotoşəkillə təsdiq edildiyi göstərilmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi Nümayəndə bildirdi ki, ümumiyyətlə Şəxs MMC barəsində tərtib edilən protokol qanunsuzdur. Çünki protokol onunla əsaslandırılmışdır ki, Şəxs MMC Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 56 ünvanında 08.04.2022-ci il tarixdə saat 15:00-da “Karaca” adlı obyektin üzərində müvafiq icazə olmadan reklam yerləşdirmişdir. İXM-in 100.1 və 100.1.7-ci maddələrinə əsasən protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilməlidir. Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Bildiririk ki, inzibati xəta haqqında protokol tərib edilərkən şirkətin rəhbərinin və ya onun nümayəndəsinin izahatı alınmamış, məsələyə münasibəti öyrənilməmiş, habelə protokolda nə şirkətin rəhbəri və ya nümayəndəsinin imzası, nə də imza etməkdən imtinanı təsdiq edən sübutlar mövcud deyildir. Qeyd olunanlarla yanaşı bildirmək istəyirəm ki, əlavə edilmiş fotoşəkillərdə göstərilən reklam lövhəsi uzun müddətdir ki, quraşdırılmış və ötən dövrdə bununla bağlı ödənişlər həyata keçirilmiş, sonuncu dəfə isə 14.03.2022-ci il tarixdə 2022-ci il üçün illik 1064 manat reklam haqqı ödənilmişdir (əlavə olunur). Yəni inzibati xəta haqqında protokola əlavə edilmiş fotoşəkillərdə olan reklam lövhələri 08.04.2022-ci il tarixdə quraşdırılmamışdır. Başqa sözlə, tərtib edilmiş protokol qərəzlidir. Həmçinin, “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi” Qaydasının 2.3-cü bəndinə əsasən müvafiq qurum reklam yayıcısının təqdim etdiyi ərizənin, ona əlavə edilmiş sənədlərin bu Qaydanın 2.1-ci və 2.2-ci bəndlərinin, həmçinin 1.6-cı bəndinin tələblərinə uyğunluğunu yoxlayır. Ərizədə və ona əlavə edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan və icazənin verilməsindən imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, ərizənin qeydiyyata alındığı tarixdən etibarən 5 iş günündən gec olmayaraq müvafiq qurum onların aradan qaldırılması üçün reklam yayıcısına bildiriş təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələrini ona izah edir. Bütün çatışmazlıqlar reklam yayıcısına, eyni zamanda bildirilməlidir. Sözügedən Qaydanın 3.5-ci bəndinə əsasən müvafiq qurum açıq məkanda icazəsiz, həmçinin müvafiq haqqı vaxtında ödəmədən reklam yayımı hallarını müəyyən etdikdə: - reklam yayıcısı məlum olduğu halda, pozuntu halı təsvir olunmaqla müvafiq akt tərtib edərək onu və bu Qaydanın 2-ci hissəsinə uyğun müvafiq hərəkətlərin 5 gün ərzində yerinə yetirilməsi üçün icrası məcburi olan yazılı göstərişi reklam yayıcısına təqdim edir (bu halda reklam yayıcısı reklamın yayımını dərhal dayandırmalıdır); - bu Qaydanın 3.5.1-ci yarımbəndinə uyğun olaraq, yazılı göstərişdə müəyyən edilmiş tələblər vaxtında yerinə yetirilmədikdə və ya reklamın yayımı dərhal dayandırılmadıqda, həmçinin reklam yayıcısını müəyyən etmək mümkün olmadıqda, reklamın yayılmasının dayandırılması üçün zəruri tədbirlər görür. Beləliklə, İXM-in 428.7.1 -ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, Bakı Şəhəri Reklam İdarəsi tərəfindən açıq məkanda reklam yerləşdirilməsi ilə bağlı çatışmazlıqların 5 gün ərzində aradan qaldırılması üçün Şəxsnə müvafiq akt tərtib olunmaqla yazılı göstəriş göndərilməmiş və onun müvafiq icazə sənədi olmadan açıq məkanda reklam yerləşdirməsi faktı əsas gətirilməklə barəsində inzibati protokol tərtib edilmişdir. Həmçinin, Bakı şəhəri Reklam İdarəsi tərəfindən hesablanmış ödənişlər hüquqi şəxs Şəxs MMC tərəfindən həyata keçirilmişdir. Həmçinin yoxlamanın Aparılması Ədliyyə Nazirliyində resestrdən qeydiyyatdan keçirilməmiş və müvafiq icazə alınmamışdır. Həmçinin eyni əmələ görə əvvəl də MMC barəsində inzibati tənbeh tətbiq edilmişdir, bununla da il ərzində eyni əmələ görə təkrar protokol tərtib edilmişdir. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi X2 bildirdi ki, Şəxs MMC-yə məxsus “KARACA” adlı obyektin üzərində yerləşdirilmiş, həmçinin obyektin vitrinlərində yerləşdirilmiş reklamlara görə yayım haqqı ödənilmədiyi üçün protokol tərtib edilmişdir. Ona görə də MMC barəsində inzibati tənbeh qərarı çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri reklam idarəsinin Şəxs MMC barəsində tərtib etdiyi Yayım haqqının ödənilməsi üçün M**********0003 saylı hesab-faktura sənədinə əsasən 01.01.2020-01.05.2022-ci il tarixli dövr üçün 3 növdə reklamlara görə 67,20 manat, 1064,00 manat, 2340,80 manat, ƏDV 624,96 manat olmaqla 4096,96 manat yayım haqqı hesablanmışdır. İş materiallarında olan Şəxs MMC tərəfindən 14.03.2022-ci il tarixdə həyata keçirilmiş Karaca Elmlər mağazasında Karaca loqosu üçün Bakı şəhər reklam idarəsinin hesabına 1064 manat pul köçürülmüşdür. Həmçinin iş materiallarında olan Ədliyyə Nazirliyinin 17.05.2022-ci il tarixli məktubunun surətindən görünür ki, X4 tərəfindən Şəxs MMC-də yoxlamaların aparılması barədə 2022-ci ildə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində” qediyyat aparılmamışdır. Bundan əlavə iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30.06.2021-ci il tarixli 3(004)-1510/2021 saylı qərarına əsasən Şəxs MMC hazırkı protokolda göstərilən eyni əməlin, yəni Yasamal rayonu H.Cavid prospekti ünvanında Şəxs MMC-yə məxsus BergHOFF və KARACA obyektlərinin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi əməlinə görə İXM-nin 428.7.1-ci maddəsi ilə təqsirli bilinib 7000 manat cərimə edilmişdir. Həmin qərardan Şəxs MMC tərəfindən verilmiş apellyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin 30.06.2021-ci il tarixli qərarı ilə Yasamal Rayon Məhkəməsinin qərarı dəyişdirilmiş və cərimə məbləği 6000 manata endirilmişdir. Bununla da Şəxs MMC-nin inzibati tənbeh edildiyi Yasamal Rayon Məhkəməsinin 30.06.2021-ci il tarixli və Bakı Apellyasiya Məhkəməsinin 30.06.2021-ci il tarixli qərarından 1 il keçməmiş eyni əmələ görə, yəni hazırkı protokola əlavə edilmiş və Şəxs MMC-yə məxsus KARACA obyektinin üzərində müvafiq icazələrin şərtlərini pozmaqla açıq məkanda reklam yerləşdirilməsi faktını təsdiq edən fotoşəkillərlə müəyyən edilmiş inzibati xəta hadisəsinə görə Şəxs MMC barəsində hazırkı protokol tərtib edilmişdir. Beləliklə MMC barəsində eyni inzibati xətaya görə İXM-nin 428.7.1-ci maddəsi ilə 1 dəfə inzibati tənbeh etmək haqqında qərar qəbul edilmiş, bundan sonra eyni pozuntulara görə 1 il keçməmiş eyni maddə ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bu səbəbdən də hazırkı iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-in 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar