Məhkəmə qərarları › İş №3(004)-1924/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1924/2020

11.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1924/2020 11.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Əliyeva Zəminə Səməd qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 Bakı şəhəri DYPİnin xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 Bakı şəhəri DYPİ-nin xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, X3 ölkədə yaranmış karantin vəziyyəti ilə bağlı olaraq hər gün təsisçi direktor vəzifəsində işləmək üçün, "X10" MMC-də icazə verildiyi ölkə daxili hər yerdə xx.xx.2020-ci il tarixdən etibarən təsdiqlənmiş arayışı icaze.egov.az portalı tərəfindən ona verilmişdir. xx.xx.2020-ci il tarixində Bakı şəhəri İçərişəhər Metrosunun qarşısında X3 işdən qayıdarkən yolda Bakı şəhəri DYP Müşayiət Eskort bölüyü YPX inspektoru polis baş serjantı X8 tərəfindən sənədləri və icazə arayışı tələb edilmiş, o isə çıxarıb bütün sənədlərini təqdim etmişdir. Sənədlərinə baxılmış və ona karantin qaydalarını pozduğu bildirilmişdir. O isə öz növbəsində etiraz edərək, icazə arayışının olduğunu və bu arayışla normal qaydada işə gedib-gələ biləcəyini, buna görə də yola çıxdığını bildirmişdir, o isə öz növbəsində icazəsinin avtomatik silindiyini bildirmiş, lakin onun bundan xəbəri olmamışdır. Buna baxmayaraq onun inzibati pozuntu etdiyini tam sübut etmədən Bakı şəhəri DYP Müşayiət Eskort bölüyü YPX inspektoru polis baş serjantı X8 tərəfindən Azərbaycan Respublnasının inzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati xəta haqqtnda protokola əsasən 200 (iki yüz) manat cərimə edilmişdir. O, icazəsinin avtomatik ləğv olunduğundan xəbərsiz olmuşdur buna görə də iş üçün yola çıxmışdır və anlamadığı səbəbdən inzibati cərimə edilmişdir. Bu hadisədə heç bir təqsiri olmadığı halda cərimələnmişdir, buna görə də bu məsələdə tam olaraq onun məsuliyyət daşımadığını düşünür. Göstərilənlərə əsasən, Bakı şəhəri DYPİ-nin xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş şikayətçi və qərarından şikayət verilmiş orqan məhkəmə iclasına gəlməmiş və ya nümayəndəsini göndərməmiş və bunun səbəbi barədə heç bir məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri DYPİ-nin səlahiyyətli nümayəndəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 xx.xx.2020-ci il tarixdə, saat 18:40-da Ş.Şamil küçəsində hərərkət edərkən epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və karantin rejimlərini pozaraq Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Şikayətçi X3 hazırkı şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən xətanın törədilməsində təqsiri olmadığını və həmin protokola əsasən qəbul edilmiş qərarın əsassız olduğunu bildirsə də, məhkəmə araşdırması zamanı sözügedən qərarın əsassız olması sübuta yetirilməmişdir. Əksinə, məhkəmənin sorğusu əsasında əldə edilmiş Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “Elektron Hökümətin Mərkəzi” X9 xx xxxxxxxx 2020-ci il tarixli məktubdan görünür ki, xx xxxx 2020-ci il tarixində saat 12:18-də “X5 X6 Alınması və Monitorinqi Sistemi” (icazee.gov.az) üzərindən vətəndaş X2 aid icazə qeydiyyata alınmışdır. Sözügedən icazə həmin tarixdə təsdiqlənmiş və xx xxxx 2020-ci il tarixinə saat 02:53-dək qüvvədə olmuşdur. Beləliklə də, X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapmışdır. Ona görə də məhkəmə hesab edir ki, şikayətin dəlilləri əsassızdır və inzibati xəta haqqında iş üzrə Bakı şəhəri DYPİ-nin xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərarı qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 Bakı şəhəri DYPİnin xx.xx.2020-ci il tarixli, MN ******* saylı qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar