Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1930/2024 16.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştiraki ilə xx.xx.1991-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, Bakı Şəhəri, Xəzər Rayonu, Buzovna Qəsəbəsi, X9, Ev 12, Mənzil 21 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Bakı şəhəri Yasamal rayon icra şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2(009)-1063/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqələrinin icrasından yayınması ilə əlaqədar Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X2 bildirmişdir ki, Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2(009)-1063/2021 saylı, xx.xx.2021-ci il tarixli tarixli icra vərəqəsinə əsasən Şəxs 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 300 (üç yüz) manat pul məbləğində aliment iddiaçı X3 xeyrinə tutulmalıdır. Şəxs icra vərəqinin icrasını üzrsüz səbəbdən yerinə yetirməmişdir. Buna görə də onun barəsində protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında inzibati xəta üzrə özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, 8150 manat aliment borcu çıxılmaqla bugünə qədər olan bütün borcunu ödəmişdir. İndiyədək təqribən 17000 manat ödəmişdir. İcra sənədi üzrə tələbi tam icra edə bilməməsinin səbəbi işsizliyidir. Onun heç bir halda icra sənədinin icrasından yayınmaq niyyəti yoxdur və gəliri olduğu halda qalan hissəni də tam həcmdə ödəyəcək. Sonuncu dəfə bugün qalan borcundan 400 manat tələbkara ödəyib və bununla bağlı çıxarışı məhkəməyə təqdim etmişdir. Məhkəmə icra sənədinə əsasən başlanmış icra işi materiallarını araşdırıb, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, prosesdə iştirak edən şəxsləri dinləyib hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanılmış icraata xitam verilməlidir. Belə ki, icra işinin materiallarından görünür ki, Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2(009)-1063/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxsdan hər uşaq üçün 175 manat olmaqla sabit pul məbləğində aliment iddiaçı X3 xeyrinə tutulmalıdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Bakı şəhəri Səbail rayon İcra şöbəsinin icra məmuru Eldar Hüseynli tərəfindən icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli izahatda Şəxs icra sənədinin icrasından yayınmaq niyyətinin olmadığını bildirərək, bugünədək aliment borcundan 17000 manat ödədiyini və 8150 manat borcunu isə hazırda işsiz olması ilə əlaqədar ödəyə bilmədiyini, yaxın zamanlarda gəliri olacağı təqdirdə tam həcmdə ödəyəcəyini qeyd etmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli hökmündən görünür ki, Şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 3(003)- 3086/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şəxs barəsində 15 gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş sorğulara cavab məktublarından görünür ki, Şəxs əmək haqqından əlavə digər gəliri və ya hər hansı bir əmlakı, bank hesablarında pul vəsaitləri yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 44.1 və 44.1.3-cü maddəsinə əsasən, məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardan biri də könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsidir. Həmin Qanunun 44.2-ci maddəsinə əsasən, Bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. Həmin Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, hazırkı halda icra məmuru tərəfindən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün qanunvericiliyin yuxarıda sadalanan əsasları mövcud deyildir. Belə ki, məhkəmə araşdırması zamanı Şəxs tərəfindən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi halı öz təsdiqini tapmamışdır. Digər tərəfdən nəzər alınmalıdır ki, Şəxs əmək haqqından əlavə digər gəliri və ya hər hansı bir əmlakı, bank hesablarında pul vəsaitləri yoxdur. Məhkəmə eyni zamanda onu da qeyd etməyi zəruri hesab edir ki, hazırda barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs eyni fakt üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və hazırda həmin cəzanın icrası davam edir. Azərbaycan Respublikası İXM-nin 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi faktı aşkar edilməmişdir. Şəxs əməlində inzibati xəta tərkibi yaranmadığından, eyni zamanda İXM-nin 53.1.7-ci maddəsinə əsasən onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 53.1.7, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-1930/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1930/2024
16.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver