Məhkəmə qərarları › İş №3(004)-1933/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1933/2021

28.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1933/2021 28.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X3 iclas katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və X2 Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və X2 Bölməsi tərəfindən tərtib edilmiş 07 avqust 2021-ci il tarixli EP seriyalı 0000535-01400-0543/21 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şimal Ərazi Baş Gömrük idarəsi, Gömrük Prosedurları və Ödənişləri Şöbəsinin 05.04.2021-ci il tarixli, 34/012/002013 saylı raportuna əsasən müəyyən edilmişdir ki, Şəxs MMC 2019-cu il tarixdə 5 gömrük bəyannaməsi üzrə Şimal Ərazi Baş Gömrük idarəsində konsiqnasiya yolu ilə rəsmiləşdirərək ixrac etdiyi yüklərin müqabilində köçürülməli olan 11.476,80 ABŞ dolları (19510,56 manat) məbləğində vəsaiti MMC-nin müvəkkil bankda olan hesabına köçürülməsini təmin etməmişdir. Belə ki, araşdırma zamanı vəsaitlərin köçürülüb-köçürülməsi ilə bağlı, Gömrük Əməliyyatları idarəsinə sorğu verilmiş, Dövlət Gömrük Komitəsinin “VAİS” sistemindən 28.04.2021-ci il tarixə əldə olunmuş məlumata əsasən müəyyən edilmişdir ki, qeyd olunan vəsaitlər MMC-nin müvəkkil olunmuş bank hesabına köçürülməmişdir. Bundan başqa araşdırma zamanı “X8 KOMPLEKSİ" MMC tərəfindən təqdim olunan sənədlərə baxış keçirilərkən məlum olmuşdur ki, məhsulun nəmliyi ilə bağlı alıcı tərəfindən yalnız 3 invoys üzrə (07, 09, 10 saylı invoyslar), satıcı tərfindən 4 invoys üzrə (07, 09, 10, 11 saylı invoyslar üzrə) itkinin olduğu sənədlərdə qeyd olunmuşdur. Şimal Ərazi Baş Gömrük İdarəsində isə 5 invoys üzrə, yəni, 21.08.2019-cu il tarixli, 10 saylı invoys və **********4422 saylı gömrük bəyannaməsi üzrə 2161,90 ABŞ dolları məbləğində; 21.08.2019-cu il tarixli, 07 saylı invoys və **********4381 saylı gömrük bəyannaməsi üzrə 2161,90 ABŞ dollar məbləğində; 21.08.2019-cu il tarixli, 08 saylı invoys, **********4410 saylı gömrük bəyannaməsi üzrə 2161,90 ABŞ dollar məbləğində, 24.08.2019-cu il tarixli 09 saylı invoys və **********5178 saylı gömrük bəyannaməsi üzrə 2161,90 ABŞ dolları məbləğində; 10.09.2019-cu il tarixli, 11 saylı invoys və **********8213 saylı gömrük bəyannaməsi üzrə 2829,20 ABŞ dolları məbləği olmaqla, ümumilikdə 11476,80 ABŞ dolları məbləğində vəsait MMC-nin müvəkkil olunmuş bank hesabına qaytarılmamışdır. Həmçinin yük müşayiət sənədlərinə əlavə olunmuş məhsulun nəmliyi ilə bağlı, 13.08.2019-cu il tarixdə tərtib olunmuş sənədlərdə tütünün nəmliyi 12,3 və 12,4 faiz olduğu qeyd olunmuşdur. Beləliklə də, Şəxs MMC tərəfindən Şimal Ərazi Baş Gömrük idarəsində konsiqnasiva yolu ilə ixrac gömrük prosedurunda rəsmiləşdirdiyi yüklərin müqabilində bəyannamə üzrə köçürülməli olan 11476,80 ABŞ dolları (19510,5 manat) məbləğində vəsaitin Azərbaycan Respublikasındakı müvəkkil bankında olan hesabına köçürülməsinin təmin edilməməsi aşkar edilmişdir. Həmçinin verilmiş sorğu əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin ibtidai Araşdırılması Baş idarəsindən daxil olmuş 14.04.2021-ci il tarixli, **********942300 saylı cavab məktubundan müəyyən edilmişdir ki, Şəxs MMC ********** nömrəli VÖEN-lə hüquqi şəxs qismində qeydiyyata alınmış, hal-hazırda hüquqi ünvanı ünvan 1q ünvan 2 ünvanında fəaliyyət göstərir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. İş materiallarından həmçinin görünür ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol ilkin olaraq məhkəməyə baxılması üçün göndərilməsinə baxmayaraq İXM-nin 109.1.6-cı maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Cəmiyyətin nümayəndəsinin izahatı alınmadığına görə Yasamal Rayon Məhkəməsinin 16.06.2021-ci il tarixli, 3(004)-1318/2021 saylı qərardadı ilə geri qaytarılmışdır. Hazırda iş materiallarından görünür ki, əlavə araşdırma zamanı Cəmiyyətin nümayəndəsinin iştirakı təmin edilməklə izahatı alınmış və məhkəmənin qərardadında göstərilən nöqsan aradan qaldırılmışdır. İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və X2 Bölməsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin, inzibati xəta haqqında protokol tərtib etmiş qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və tərəfindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə protokol tərtib etmiş qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X4 izahatında göstərmişdi ki, Cəmiyyətin fəaliyyəti əsasən tütün məhsullarının istehsalı, emalı və satışından ibarətdir. Şəxs MMC ilə Belarus Respublikasında fəaliyyət göstərən "xxxx" ASC arasında bağlanmış 16.05.2019-cu il tarixli 503 saylı müqaviləyə əsasən 25.07.2019cu il tarixdən 10.12.2019-cu il tarixədək həmin şirkətin ünvanına 25 partiya üzrə, 499.500 kq çəkidə 1.398.600 ABŞ dolları dəyərində T6 növlü orta damarı təmizlənmiş quru tütün məhsulu göndərilmişdir. Qeyd olunan yüklərin ixracı konsiqnasiya əməliyyatları əsasında aparılmışdır. Tütün məlumatlarının satış qiymətini qarşı tərəflə hər kiloqram üçün 2,8 ABŞ dolları olmaqla razılaşdırılmışdır. 21.08.2019-cu il tarixdə göndərilmiş 3 partiya və 24.08.2019-cu ildə göndərilmiş 1 partiya üzrə 79.920 kq çəkidə tütün məhsullarının keyfiyyət göstəricilərinə görə qiymətlərə endirim olunmuşdur. Belə ki, tütün məhsulları nəmlik göstəricisinə cavab vermədiyi üçün təyin olunmuş qiymətə 5% endirim olunaraq hər kiloqramı üçün 2,66 ABŞ dolları məbləğində razılaşdırılmışdır. Nəticədə hər kiloqramda 0,14 dollar olmaqla 11.188,80 dollar qiymət fərqi yaranmışdır. Buna görə də protokol tərtib etmiş orqan tərəfindən vəsaitin geri qaytarılmadığı iddia edilən 07, 09, 10, 11 saylı invoyslar üzrə pul vəsaitləri, əslində məhsulun keyfiyyəti ilə bağlı razılaşdırılmış yeni endirimli qiymətlər üzrə tam şəkildə Cəmiyyətin hesabına köçürülməsi təmin edilmişdir. Belə ki, ümumilikdə qiymət fərqi çıxıldıqdan sonra "xxxx" ASC-yə 1.387.477,20 ABŞ dollar məbləğində mal satılmış və həmin malın dəyəri alıcı şirkət tərəfindən tam şəkildə Cəmiyyətin hesabına ödənilmişdir. Yeni qiymətlər isə bağlanmış müqaviləyə əlavə olaraq rəsmiləşdirilmişdir. Verilmiş suallara cavab olaraq X4 bildirmişdir ki, ixrac edilmiş məhsulların keyfiyyət normalarının itməsi faktı ilə bağlı tərəflər arasında akt və ya əlavə maliyyə arayışı tərtib edilməmiş, müvafiq sənədlər bəyannamədə dəyişiklik edilməmiş və aidiyyəti gömrük orqanına təqdim edilməmişdir. Eləcə də müvafiq dəyişikliklərin alıcı şirkətin fəaliyyət göstərdiyi Belarusiya Respublikasının qanunvericiliyinə əsasən rəsmiləşdirilib-rəsmiləşdirilməməsi barədə də məlumatı yoxdur. Odur ki, X4 izahatında göstərilənlər nəzərə alınmaqla Cəmiyyət barəsində iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçısını dinləyib, inzibati xətalar haqqında iş üzrə icraat materiallarını tədqiq edib hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə hazırki iş üzrə Şəxs MMC-nin əməlində inzibati xəta tərkibinin olub-olmaması, inzibati xəta hadisəsinin törədilməsinin sübut olunub-olunmaması və inzibati məsuliyyətə cəlb etmə müddətinin keçib-keçməməsi ilə bağlı xüsusatları araşdırıb aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi gömrük qaydaları əleyhinə olan inzibati xətalar kateqoriyasına daxil olmaqla, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati məsuliyyətə səbəb olur və həmin xətaya görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə tənbeh tədbiri nəzərdə tutulmuşdur. Həmin maddənin Qeyd hissəsinə görə isə “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.1-ci bəndinə görə hüquqi və fiziki şəxslər tərəfindən malların (işlərin, xidmətlərin) konsiqnasiya yolu ilə ixracı gömrük orqanlarında bəyan edilməklə aparılır. Konsiqnasiya yolu ilə ixrac əməliyyatları xarici şəxslərlə bağlanmış müqaviləyə əsasən ixrac olunmuş malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müəyyən edilmiş müddət ərzində ixracatçıya ödənilməsini nəzərdə tutur. Həmin Qaydaların 12.2-ci bəndinə görə hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Həmin Qaydaların 12.3-cü bəndinə görə isə ixrac olunan malların (işlərin, xidmətlərin) müqabilində əldə olunmuş vəsaitin Azərbaycan Respublikasına köçürülməsinə və gətirilməsinə, müvafiq olaraq, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (bundan sonra – Palata) və Dövlət Gömrük Komitəsi nəzarət edir. Bu məqsədlə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi bütün ixracatçılar tərəfindən gömrük bəyannamələri və ixrac müqavilələri də daxil olmaqla, ixrac olunan mallar barədə aidiyyəti məlumatların elektron gömrük xidməti vasitəsilə Palataya ötürülməsini təmin edir. Qüvvədə olan gömrük qanunvericiliyinə əsasən isə bəyаnеtmə - dеdikdə, gömrük rəsmiləşdirilməsi icrааtı və gömrük nəzаrətinin həyаtа kеçirilməsi məqsədilə mаl və nəqliyyаt vаsitələri bаrədə səhih məlumаtlаrın müəyyən еdilmiş (şifаhi, yаzılı, digər) fоrmаdа gömrük оrqаnlаrınа еlаn еdilməsi bаşа düşülür. Bəyanetmə malların və nəqliyyat vasitələrinin yerləşdirilməsi nəzərdə tutulan gömrük proseduru haqqında, habelə gömrük məqsədləri üçün lazım olan digər məlumatların müəyyən olunmuş formada (şifahi, kağız üzərində yazılı, elektron) gömrük orqanlarına verilməsi ilə həyata keçirilir. Hazırki iş materiallarından görünür ki, Şəxs MMC ilə "xxxx" ASC arasında 503 saylı 16.05.2019-cu il tarixli müqavilə bağlanmışdır. Həmin müqavilə şərtlərinə görə 31.12.2019cu il tarixədək Belarus Respublikasında yerləşən "xxxx" ASC şirkətinə partiyalar üzrə 2.000.000 (iki milyon) ABŞ dolları dəyərində tütün məhsulunun satılması nəzərdə tutulmuşdur. Eləcə də müqavilənin 3.2-ci bəndinə görə tərəflər arasında razılaşmaya əsasən çatdırılan tütün xammalının rütubəti 10-14 faiz daxilində olmalı, 3.6-cı bəndə görə nümunəyə uyğun olmayan tütün xammalının mövcudluğu partiyada 10%-i ötməməli, bu halda isə qiymət enir, 10-dan çox 20%-dək ötdükdə qiymət 5% malın daxil olmuş bütün partiyasına enir, 20%-dən çox 50%-dək ötdükdə qiymət 10% malın bütün daxil olmuş partiyasına enir, 50%-dən çox qiymət ötdükdə isə 20% malın bütün daxil olma partiyasına enir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş arayışdan və 16.05.2019-cu il tarixli 503 saylı müqaviləyə 15 oktyabr 2019-cu il tarixli əlavədən görünür ki, AH0256-1/A9476E- 1 (13.08.2019-cu il tarixli 07 nömrəli invoys), AM7069-1-A7710E-1 (13.08.2019-cu il tarixli 09 nömrəli invoys), AE6828-1/A1067B-1 (13.08.2019-cu il tarixli 10 nömrəli invoys), AM7978-1/A9329A-1 (06.09.2019-cu il tarixli 11 nömrəli invoys) avtonəqliyyat vasitələrində satıcı tərəfindən 24.06.2019-cu il tarixli 1 nömrəli spesifikasiya üzrə 79920,0 kq çəkidə T6GF orta damarcığı çıxarılmış istiliklə qurutma Virginia tipli (mənşə ölkəsi - Azərbaycan) mal çatdırılıb, mal alıcı tərəfindən 10.09.2019-ci il tarixli 16457/92006984 nömrəli, 10.09.2019-cu il tarixli 16457/92006986 nömrəli, 10.09.2019-cu il tarixli 16457/92006982 nömrəli, 20.09.2019-cu il tarixli 16457/92006982 nömrəli YGB əsasən sərbəst dövriyyə rejimində rəsmiləşdirilib, keyfiyyət yoxlamalarının nəticələrinə görə alıcı tərəfindən aşağıdakı şərtlərlə qəbul edilir: qəbul olunan 79.920,0 kq orta damarcığı çıxarılmış istiliklə qurutma Virginia tipli tütün xammalı (mənşə ölkəsi - Azərbaycan) üçün, xammal nəmlik üzrə müəyyənləşdirilmiş parametrlərə uyğun olmadığı üçün müqavilənin 3.7-ci bəndinə əsasən qiymət 5% azaldılır və 1 kq görə 2,66 ABŞ dolları təşkil edir, müvafiq olaraq göstərilən əmtəə miqdarının ümumi məbləği 212587,2 ABŞ dolları təşkil edir. Müqaviləyə əlavədən həmçinin müəyyən edilmişdir ki, Satıcı alıcının Belarus Respublikasının qanunvericiliyi və hazırki müqavilənin şərtləri ilə nəzərdə tutulan yuxarıda göstərilən xammalın çatdırılması ilə əlaqəli itkilərini qarşılamağa öhdəsinə götürmüşdür. Beləliklə, 503 saylı 16.05.2019-cu il tarixli müqaviləyə 15.10.2019-cu il tarixli əlavə razılaşmadan müəyyən edilir ki, qəbul olunan 79920 kq orta damarcığı çıxarılmış istiliklə qurutma virginia tipli tütün xammal (mənşə ölkəsi-Azərbaycan) nəmlik üzrə müəyyənləşdirilmiş parametrlərə uyğun olmadığı üçün müqavilənin 3.7-ci bəndinə əsasən qiymət 5% azaldılaraq və əmtəə miqdarının ümumi məbləği 212.587,2 ABŞ dollar müəyyənləşdirilmişdir. İş materiallarında olan 21.08.2019-cu il tarixli **********4410 saylı, 21.08.2019-cu il tarixli **********4381 saylı, 21.08.2019-cu il tarixli **********4422 saylı, 24.08.2019-cu il tarixli **********5178 saylı və 10.09.2019-cu il tarixli, **********58213 saylı gömrük bəyannamələrindən görünür ki, 16.05.2019-cu il tarixli 503 saylı müqavilə və 7,8,9,10,11 nömrəli invoyslara əsasən 279.944 ABŞ dolları məbləğində orta damarcığı çıxarılmış qurudulmuş tütün xammalı Şəxs MMC tərəfindən "xxxx" ASC-nin ünvanına bəyan edilməklə göndərilmişdir. Məhkəmə qeyd olunan sübutları nəzərdən keçirib hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Cəmiyyətin nümayəndəsi tərəfindən məhkəmədə irəli sürülmüş dəlillər özünü müdafiə xarakterli olmaqla təqdim edilmiş sənədlərlə qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilmədiyindən, o cümlədən aidiyyəti qurumlara bəyan edilmədiyindən məhkəmə tərəfindən mötəbər sübut olaraq qəbul edilmir. Odur ki, göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsinin tərkib əlamətləri vardır. Məhkəmə inzibati məsuliyyətə cəlb etmə müddətinin keçib-keçməməsi ilə bağlı xüsusatları araşdırıb aşağıdakıları qeyd edir: Əvvəla qeyd edilməlidir ki, Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində göstərilən inzibati məsuliyyətin yaranması üçün əsas hüquqi və fiziki şəxslərin konsiqnasiya yolu ilə xaricə ixrac etdikləri malların müqabilində vəsaitlərin onların bəyan edildiyi gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsinin təmin edilməməsi çıxış edir. Belə olan halda, qanunvericiliyin tələbinə görə malların ixracı bəyan edildiyi gündən qanunla müəyyən edilmiş 180 gün müddət ərzində müvafiq olaraq pul vəsaitinin Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesaba köçürülməsi təmin edilmədikdə, növbəti gün artıq inzibati xətanın törədildiyi gün kimi qəbul edilməlidir. Hazırki xətaya görə isə inzibati tənbeh tədbiri xətanın törədildiyi gündən bir il keçənədək verilə bilər. Belə ki, Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Bundan başqa, “Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, hüquq nəzəriyyəsində "davam edən hüquqpozuntuları” dedikdə, zaman baxımından ara verməklə vahid niyyətlə əhatə olunan mütəmadi törədilən eyni qanunsuz əməllər başa düşülür. "Davam edən hüquqpozuntuları” üçün aşağıdakı əlamətlər xasdır: bu hüquqpozuntuları bir-birindən zaman etibarilə ayrılan bir sıra eyni növdən olan müstəqil əməllərdir; bütün qanunsuz əməllər vahid niyyətlə bağlıdır; qanunsuz əməllərə görə qanunvericilikdə müvafiq hüquqi məsuliyyət nəzərdə tutulur. Eyni zamanda, “Azərbaycan Respublikası İXM-nin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında qeyd edilmişdir ki, Qanunverici inzibati tənbehin tətbiqinin müddətini müəyyən edərkən, ilk növbədə, inzibati xətanın aşkar edilməsi və müvafiq icraatın aparılması meyarlarından çıxış edir. Digər tərəfdən, inzibati tənbeh vermə müddətinin üç ay müəyyən edilməsi onunla izah olunur ki, qanunverici “prosessual qənaət” prinsipinə əsaslanaraq məhkəmə prosesinin əsassız olaraq uzadılmasının qarşısını almış olur. Belə yanaşma işlərə ağlabatan müddətlərdə baxılması prinsipinin və son nəticədə ədalətli məhkəmə araşdırmasının təmin edilməsinə xidmət edir. Bu, öz növbəsində, inzibati xətalar qanunvericiliyinin prinsiplərinə də uyğundur. X5 Məcəlləsinin 111.1-ci maddəsinə uyğun olaraq, inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Hazırki işin hallarından müəyyən edilir ki, Şəxs MMC tərəfindən 2019-cu il tarixdə 5 gömrük bəyannaməsi üzrə Şimal Ərazi Baş Gömrük idarəsində konsiqnasiya yolu ilə rəsmiləşdirərək ixrac etdiyi yüklərin müqabilində köçürülməli olan 11.476,80 ABŞ dolları (19510,56 manat) məbləğində vəsait MMC-nin müvəkkil bankda olan hesabına köçürülməsi təmin edilməmişdir. Qeyd olunan gömrük bəyannamələrindən sonuncu partiya üzrə mallar konsiqnasiya yolu ilə rəsmiləşdirərək 10 sentyabr 2019-cu il tarixli **********8213 nömrəli gömrük bəyannaməsi ilə bəyan edilərək xaricə ixrac edilmişdir. Həmin tarixdə qanunvericilikdə nəzərdə tutulmuş 180 (yüz səksən) gün müddətin 09 mart 2020-ci il tarixdə başa çatması nəzərə alındıqda, növbəti gün yəni 10.03.2020-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə nəzərdə tutulmuş xəta törədilmişdir. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, barəsində icraat aparılan Cəmiyyət həmin tarixdən 1 il müddətində, yəni 10.03.2021-ci ildə inzibati məsuliyyətə cəlb edilə bilərdi. Lakin, hazırda qanunvericilikdə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Həmçinin hazırki işin hallarından müəyyən edilir ki, inzibati xəta hadisəsi səlahiyyətli orqan tərəfindən Şimal Ərazi Baş Gömrük idarəsi, Gömrük Prosedurları və Ödənişləri Şöbəsinin 05.04.2021-ci il tarixli, 34/012/002013 saylı raportuna əsasən aşkar edilmişdir. Lakin məhkəmə bununla bağlı qeyd edir ki, hazırki inzibati xəta xəta tərkibini yaradan əməl uzanan əməl deyil, davam edən əməldir. Ona görə də cəlbetmə müddəti xətanın törədildiyi gündən hesablanır. Göstərilənlərlə yanaşı qeyd edilir ki, Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikası İXM-in 53.1.6-cı maddəsinin tələbinə görə bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası İXM-nin 53.1.6-cı maddəsinə əsasən Şəxs MMC barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və X6 Bölməsi tərəfindən tərtib edilmiş 07 avqust 2021-ci il tarixli EP seriyalı 0000535-01400- 0543/21 nömrəli protokol əsasında Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 38, 40.0.1, 43, 48- 51, 53, 55, 105, 114.1.4, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və X2 Bölməsi tərəfindən tərtib olunmuş 07 avqust 2021-ci il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar