Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1934/2020 19.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X11 iclas katibliyi, Bakı şəhəri Yasamal rayon İcra və probasiya şöbəsinin icra məmuru X1, tələbkar (zərər çəkmiş şəxs) – X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Mirhadi qızının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal rayon İcra və probasiya şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2019-ci il tarixli 2(004)-6021/2019 nömrəli icra sənədini üzrsüz səbəbdən icra etməmiş və bununla bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən boyun qaçırmışdır. Göstərilənlərə əsasən, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci (Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Şəxs protokolla tanış olaraq imzalamışdır. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Yasamal rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X3 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-6021/2019 nömrəli, xx xxxxxxx 2019-cu il tarixli icra vərəqəsinə əsasən Şəxs 21500 manat borcdan ödənilməmiş qalan 12.800 manat və 30 manat dövlət rüsumu olmaqla, cəmi 12.830 (on iki min səkkiz yüz otuz) manat pul vəsaiti alınaraq tələbkar X6 ödənilməsi qət edilmişdir. İcra sənədinin verilməsinə əsas olmuş məhkəmə qətnaməsi xx xxxx 2020-ci il tarixdə qanuni qüvvəyə minmişdir. İcra sənədi üzrə Yasamal rayon İcra və probasiya şöbəsində xx xxxx 2020-ci il tarixli qərarla icraata başlanılmışdır. 10 gün müddət ərzində borclu Şəxs Mirhadi qızına tələbin könüllü icrasına dair bildiriş və icraata başlama qərarı onun yaşadığı ünvana göndərilmişdir. Həmin borcdan hazıradək 3500 manat ödəniş edilmiş və qalıq borc bugünə 9330 (doqquz min üç yüz otuz manat təşkil edir). Məcburi icra tədbiri olaraq verilmiş sorğular və X13 verilmiş axtarış əsasında borclu Şəxs mülkiyyətində tələbin məcburi qaydada yönəldilə bilinəcəyi hər hansı bir daşınar və ya daşınmaz əmlakı, o cümlədən birgə mülkiyyətdə payı aşkar edilməmişdir. Yalnız Şəxs 3-cü qrup əlilliyə görə pensiya və əmək haqqı məbləğləri aşkar edilmişdir ki, tələbkar borcun birdəfəlik ödənilməsini tələb etdiyindən həmin aylıq pul vəsaitlərinə tələbin icrası yönəldilməmişdir. İcra məmuru İlqar Allahverdiyev verilmiş suallar əsasında əlavə olaraq bildirmişdir ki, Şəxs icra şöbəsinə şəxsən gəlmədiyindən tələbin könüllü icrasına dair bildiriş ona yalnız xx xxxxxx 2020-cı il tarixdə rəsmi qaydada təqdim edilmiş və eyni vaxtda icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati və cinayət qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyət barədə xəbərdalığın ona elan edilməsi mümkün olmamışdır. Belə ki, Şəxs ilk dəfə xx xxxxxx 2020-ci il tarixdə Yasamal rayon İcra və Probasiya şöbəsində olmuş və izahatı alınmışdır. Tələbin könüllü icrasına dair bildiriş isə ona xx xxxx 2020-ci il tarixdə yaşayış yeri üzrə qeydiyyat ünvanına göndərilsə də, xx xxxxxx 2020-ci il tarixdə şəxsən imzalatmaqla təqdim edilmişdir. İcra işi üzrə icraata xx xxxx 2018-ci il tarixdən başlanmasına baxmayaraq borclu Şəxs Mirhadi qızının olduğu yeri müəyyən etmək mümkün olmadığından onun barəsində axtarış elan edilmiş, yalnız xx xxxxxx 2020-ci il tarixdə onun şöbəyə gətirilməsi mümkün olmuş, izahatı alındıqdan sonra isə barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. İcra məmuru X2göstərilənlər nəzərə alınmaqla Şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, Yasamal Rayon Məhkəməsinin 2(004)- 6021/2019 nömrəli, xx xxxxxxx 2019-cu il tarixli icra vərəqəsinə əsasən 21500 manat borcdan ödənilməmiş qalan 12.800 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 12.830 (on iki min iki yüz otuz) manat pul vəsaiti ondan alınaraq tələbkar X6 ödənilməlidir. Şəxs qeyd etmişdir ki, o, məhkəmənin icra sənədini icra etməkdən yayınmır, qətnamə barədə məlumatlı olsa da, həmin qətnamə 2020-ci ilin mart ayından qanuni qüvvəyə minmiş, tələbin könüllü icrasına dair bildiriş ona xx xxxxxx 2020-ci il tarixdə təqdim edilmiş, bundan əvvəl axtarışda olması barədə məlumatı olmamış, yalnız xx xxxxxx 2020-ci il tarixdə icra şöbəsində izahatı alınarkən məsuliyyət barədə ona xəbərdarlıq edilmiş, 3-cü qrup əlil olmaqla maddi vəziyyətinin çətin olması ilə bağlı borcunu tam olaraq ödəyə bilmir, hazırda təqaüd və əmək haqqı alır, borcunun təqaüdünə yönəldilməsini xahiş edir. Hazıradək borcdan 3500 (üç min beş yüz) manat ödəniş edilmiş, qalan hissəsini hazırda maddi vəziyyəti ağır olduğundan birdəfəlik ödəyə bilmir, icra məmurunun çağırışları barədə məlumatlı olduqda könüllü şəkildə gəlməkdən imtina etmir və icra sənədini üzrsüz səbəbdən icra etməkdən boyun qaçırmır. Şəxs göstərilən hallar nəzərə alınaraq barəsində tərtib edilmiş protokol əsasında başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən tələbkar (zərər çəkmiş şəxs) X8 izahatında göstərdi ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-6021/2019 nömrəli, xx xxxxxxx 2019-cu il tarixli icra vərəqəsinə əsasən 21500 manat borcdan ödənilməmiş qalan 12.800 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 12.830 (on iki min iki yüz otuz) manat pul vəsaiti alınaraq ona ödənilməlidir. Lakin borclu hazıradək borcunu tam şəkildə ödəməkdən qərəzli olaraq imtina edir. Bugünədək 3500 manat pul ödənilmişdir. O, hazırda borcun tam olaraq ödənilməsini tələb etdiyini bildirib borclu Şəxs barəsində müvafiq tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə icra məmurunun, tələbkarın (zərər çəkmiş şəxs) və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, həmçinin icra işi materiallarını araşdıraraq, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 2(004)-6021/2019 nömrəli, xx xxxxxxx 2018-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 21500 manat borcdan ödənilməmiş qalan 12.800 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 12.830 (on iki min iki yüz otuz) manat pul vəsaiti alınaraq tələbkar X6 ödənilməlidir. İcra işi materiallarında olan xx xxxx 2020-ci il tarixli icraata başlamaq haqqında qərardan və tələbin könüllü icrası barədə bildirişdən müəyyən edilir ki, borclu Şəxs xx xxxx 2020-ci il tarixdə rəsmi qaydada təqdim edilməmişdir. Bildirişin məzmunundan isə görünür ki, ondan tələbin 10 gün müddətində könüllü icra edilməsi xahiş olunmuşdur. Bundan başqa bildirişin məzmununda şəxsə qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyət barədə xəbərdarlıq elan edilməsinə baxmayaraq məsuliyyətin mahiyyəti izah edilməmiş, Azərbaycan Respublikası İXM və CM-nin müvafiq maddələrinin mətinləri göstərilməmişdir. Dolayısı ilə hazırki icra işinin hallarından müəyyən edilmişdir ki, barəsində protokol tərtib edilmiş Şəxs tələbin könüllü icrasına dair bildiriş xx xxxxxx 2020ci il tarixdə, yəni onun barəsində İXM-nin 528.1-ci maddəsilə protokol tərtib edildiyi tarixdə rəsmi qaydada təqdim edilmişdir. Göründüyü kimi, tələbkara tələbin könüllü icrasına dair qanunla müəyyən edilmiş 10 günlük müddət rəsmi qaydada gözlənilməmişdir. Bundan başqa, icra iş materiallarında olan X10 əldə edilmiş çıxarışdan müəyyən edilir ki, borclu Şəxs Bakı şəhər İcra Hakimiyyətinin Bakı şəhər Məktəbəqədər təhsil müəssisələri və Uşaq evləri idarəsində tərbiyəçi vəzifəsində işləməklə 549 (beş yüz qırx doqquz) manat məvacib, bundan əlavə 3-cü qrup əlillik dərəcəsinə görə isə 233 (iki yüz otuz üç) manat məbləğində pensiya alır. Ümumilikdə borclunun aylıq gəliri 782 (yeddi yüz səksən iki) manat təşkil edir. Borclunun əmlak və maddi vəziyyəti yoxlanılarkən onun adına digər bankda pulu, hesabı, tutmanın yönəldilə biləcək daşınar və ya daşınmaz əmlakının olmadığı aşkar edilmişdir. İcra işi materiallarında olan borclu X5 xx xxxxxx 2020-ci il tarixli izahatından isə görünür ki, xx xxxx 2020-ci il tarixdə qanuni qüvvəyə minmiş qətnamə əsasında verilmiş xx xxxx 2020-ci il tarixli icra sənədi barədə yalnız xx xxxxxx 2020-ci il tarixdə, yəni hazırki inzibati xəta haqqında protokolun tərtib edildiyi tarixdə məlumatlı olmuşdur. İzahatın mətnindən həmçinin müəyyən edilir ki, ona Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan məsuliyyət barədə ümumiyyətlə xəbərdarlıq edilməmişdir. Qeyd olumalıdır ki, Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Lakin məhkəmə tərəfindən borclu X5 əməlində icra sənədi üzrə icra məmurunun qanuni tələblərinin üzrsüz səbəbdən icra edilməməsi halı, yəni onun əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkib əlamətləri aşkar edilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qeyd olunan hal özlüyündə, icra məmurunun qanuni tələblərinin, ümumilikdə isə müvafiq icra vərəqəsinin icra olunmamasına gətirib çıxarmış borclu tərəfindən həmin hərəkətlərin edilməməsinin obyektiv və subyektiv səbəblərini, eləcə də müvafiq icraat zamanı icra məmuru tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə əsasən lazımlı zəruri icra tədbirlərinin görülüb-görülməməsi araşdırmaqla, qarşılıqlı şəkildə tədqiq edilərək müəyyən edilməsini şərtləndirir. Belə ki, Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Qanunun 12.1-ci maddəsinə görə 8.2-ci maddənin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Qanunun 43-cü maddəsinə görə aşağıdakı məcburi icra tədbirləri müəyyən edilmişdir: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 43.1.3. tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 43.1.4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. Qanunun 44-cü maddəsinə görə məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 44.1.1. bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; 44.1.2. icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. Qanunun 44.3-cü maddəsinə görə tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaiti olmadıqda bu Qanunun 43.1.1–43.1.5-ci maddələrində nəzərdə tutulan məcburi icra tədbirlərinin hər hansı birinin tətbiqi digərlərinin tətbiqini istisna etmir. Həmin Qanunun 63.1.3-cü maddəsinə görə tələbin tam ödənilməsi üçün borclunun əmlakı olmadıqda və ya onun əmlakı kifayət etmədikdə tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsinə yol verilir. İş materiallarından görünür ki, icra məmuru tərəfindən «icraata başlamaq haqqında qərar» və tələbin könüllü icra müddəti barədə bildiriş xx xxxx 2020-ci il tarixli olmasına baxmayaraq həmin qərar və tələbin könüllü icrasına dair bildiriş borcluya xx xxxxxx 2020ci il tarixdə rəsmi qaydada təqdim edilib izahatı alınmış, həmin vaxt ona qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyət barədə xəbərdarlıq da edilməmişdir. Bundan başqa qətnamə xx xxxx 2020-ci il tarixdə qanuni qüvvəyə minməsinə baxmayaraq, daha əvvəldən icra sənədi üzrə 3500 (üç min beş yüz) manat pul vəsaiti borclu tərəfindən tələbkara ödənilmişdir. Bundan başqa icra işi məhkəmə tərəfindən öyrənilərkən müəyyən edilmişdir ki, Yasamal rayon İcra və probasiya şöbəsinin icra məmuru tərəfindən Şəxs əmək haqqı və pensiya vəsaitinin olmasına baxmayaraq tələbin onun qeyd olunan gəlirlərinə yönəldilməsi məqsədilə Azərbaycan Respublikası “İcra haqqında” Qanununun 63.1.3-cü maddəsinə görə zəruri tədbirlərin görülməsi təmin edilməmişdir. Göründüyü kimi, borclu Şəxs əməlində icra sənədi üzrə icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən icra edilməməsi halı mövcud deyildir. Odur ki, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkib əlamətləri yoxdur. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinəəsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinəəsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinəəsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinəəsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, şəxsin əməlində inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət yoxdur. Yəni, borcun tam ödənilməməsinə onun psixi münasibəti qərəzli olmamışdır. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə tərəfindən borclu Şəxs əməlində icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi halı aşkar edilməmişdir. Odur ki, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, borclu Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibi mövcud deyildir və onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 43, 106- 112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Mirhadi qızının barəsində Yasamal rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli protokol əsasında başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim : Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-1934/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1934/2020
19.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver