Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1936/2021 03.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X3 iclas katibliyi ilə, X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsinin MN ******* saylı, 29.06.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə protokol əsasında qəbul edilmiş MN ******* saylı, 12.07.2021-ci il tarixli qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsinin MN ******* saylı, 12.07.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, məhkəmədən həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətdə və şikayətçinin məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, X5 Bakı şəhər ldarəsinın MN № ******* saylı, 12 iyul 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar tərtib edilərək, inzibatı xəta haqqında qərarı ilə "xxxx" MMC-nin İdarə Heyətinin sədr səlahiyyətlərini müvəqqəti icra edən X9 700 (yeddi yüz) manat cərimə müəyyən edilmişdir. Bunu aşağıdakı səbəblərdən əsassız hesab edir. Belə ki, MN № ******* saylı, 12 iyul 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarda "xxxx" MMC-nin işçisi X4 əmək haqqının hesablanmasına baxmayaraq, əmək haqqı vaxtında ödənilməmişdir. Bu işçilərin hamısı Şirkətlərinin “Tekstil” Şöbəsinin işçiləridirlər və bu əmək haqqlarının gecikməsi sadəcə Cəmiyyətin iqtisadi vəziyyəti ilə əlaqədardır. Cəmiyyətin hesablarında pul vəsaitləri olmamışdır. Yuxarıda qeyd olunan qərarlara görə Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsinə istinad edilir. Eyni zamanda bildirmişdir ki, inzibati xəta haqqında qərar 12.07.2021-ci il tarixdə qəbul edilməsinə baxmayaraq, qərarı "xxxx" MMC 17.08.2021-ci il tarixdə almışdır. 20.08.2021-ci il tarixdə bu Qərarın ləğv edilməsi barədə bu ərizəni təqdim etməklə, hər hansı bir iddia müddətini ötürmüş deyil. Qeyd etmişdir ki, baxmayaraq ki, eyni vaxtda eyni Cəmiyyətin eyni Şöbəsinə dair işçilərin əmək haqqlarının gecikdirilməsinə dair şikayətlər, bir icraatda birləşdirilmək əvəzinə ayrı-ayrı icraatda baxılaraq, eyni dövr üzrə, eyni hərəkətə görə eyni vaxtda daha öncə 2 inzibati qərar qəbul edilmişdir. Bu isə İnzibati Xətalar Məcəlləsinin tələblərinə zidd olaraq, İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini pozur. İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən “Şəxsin evini və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair islərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin islərə eyni vaxtda baxılmalıdır.” Bu səbəbdən hesab edir ki, AR İnzibati Xətalar Məcəlləsinin 192.4-ci maddəsinə istinad edib, eyni ayda bir neçə gün fərqi ilə daha sonra tərtib edilmiş MN № ******* saylı, 12 iyul 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi zəruri və məqsədəuyğundur. Qəbul edilmiş inzibati qərara hər hansı bir zəmin olmadığı kimi bu inzibati qərarın əsası da ola bilməz. Qərarından şikayət verilən orqanın – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər İdarəsinin nümayəndəsi X15 bildirdi ki, vətəndaş X4 X6 etdiyi müraciəti araşdırılarkən müəyyən edilmişdir ki, işçinin əmək müqaviləsinə xitam verilərkən son haqq-hesabı son iş günü verilməmişdir. Buna görə də inzibati iş üzrə müəssisənin rəhbəri cərimə edilmişdir. Bu səbəbdən də şikayəti rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsinin MN ******* saylı, 12.07.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən vətəndaş X4 əmək və məzuniyyət haqlarının hesablanması və ödənilməsində əmək qanunvericiliyinin tələbləri pozulduğuna görə X13 İXM-in 192.4-cü maddəsi ilə təqsirli bilinib 700 manat cərimə edilmişdir. Həmin qərar 29.06.2021-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, "xxxx" MMC-nin 03.05.2021-ci il tarixli əmri ilə S.H.Hüseynli ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Həmçinin Azərbaycan Beynəlxalq Bankının 04.06.2021-ci il tarixli sənədinin surətindən görünür ki, H.H.Süseynliyə 90,65 manat əmək haqqı may ayı üçün ödənilmişdir. Lakin iş materiallarında olan Azərbaycan Beynəlxalq Bankının "xxxx" MMC-nin hesabından çıxarışına əsasən həmin MMC-nin 01.04.2021-ci il tarixə hesabında cəmisi 1854,98 manat pul olmuşdur. Həmin pulun 1853,08 manatı üzrə əməliyyat keçirilməsinə Vergilər Nazirliyinin Milli Gəlirlər Departamenti tərəfindən qadağa qoyulmuşdur. 01.04.2021-ci il tarixdən 06.05.2021-ci il tarixədək "xxxx" MMC-nin hər hansı bir ödəniş həyata keçirməsi üçün hesabında cəmisi 1,48 manat pul olmuşdur. Yalnız 06.05.2021-ci il tarixdə həmin MMC-nin balansına Azərbaycan Respublikası İşlər İdarəsi tərəfindən 1.693.060,69 manat pul köçürülmüşdür. Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Belə olduğu təqdirdə şəxs işdən 03.05.2021-ci il tarixdə çıxarıldığı üçün, son haqq-hesab da həmin tarixdə verilməliydi, lakin verilmədiyi üçün 04.05.2021-ci il tarixdə artıq formal cəhətdən İXM-nin 192.4-cü maddəsinin tərkibi yaranır. Lakin nəzərə alınmalıdır ki, formal cəhətdən mövcud olan əməldə İXM ilə müəyyən edilmiş inzibati məsuliyyətin və inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olması üçün, həmin əməldə şəxsin təqsiri (qəsd və ya ehtiyatsızlıq formasında) olmalıdır. Əgər təqsir mövcud deyilsə, onda inzibati məsuliyyət yaranmır və inzibati xəta tərkibi mövcud olmur. İş üzrə görünür ki, MMC-nin baansındı 03.05.2021-ci il tarixdə, 04.05.2021-ci il tarixdə, hətta 06.05.2021-ci il tarixədək pul vəsaiti olmamışdır. Ona görə də işdən çıxan işçiyə son haqq hesab 03.05.2021-ci il tarixdə verilməli olsa da, bunun həyata keçirilməsi MMC-nin balansında pulun olmaması ilə əlaqədar olmuşdur. Belə bir vəziyyətdə həmin tarixdə son-haqq hesabın verilməsi mümkünsüz olduğundan, bu əməldə MMC-nin rəhbərinin təqsiri mövcud olmur. Həmçinin iş materiallarında olan sənədlərdən müəyyən edilir ki, son haqq hesab 04.06.2021-ci il tarixdə ödənilmişdir. Yəni hazırkı iş üzrə MMC-nin rəhbəri barəsində İXM-nin 192.4-cü maddəsi ilə protokol29.06.2021-ci il tarixdə tərtib edilsə də, həmin protokoldan da əəvəl son haqq-hesab ödənilmişdir. Bu hal onu təsdiq ki, işçi X6 şikayət etməzdən çox-çox əvvəl artıq onun son haqq hesabı ödənilmişdir. Buna görə də son haqq hesabın ödənilməsindəki həmin müddət pozuntusu formal cəhətdən inzibati xəta tərkibinin əlamətini yaratsa da, işin yuxarıda qeyd edilən şəraiti onu deməyə əsas verir ki, bu cür vəziyyətdə müəssisənin rəhbərinin əməlində qəsd və ya ehtiyatsızlıq formasında təqsir mövcud deyildir. Müəssisənin rəhbərinin əməli inzibati xəta törətməyə yönəlməmişdir. Buna görə də məhkəmə qeyd edir ki, inzibati xəta əlamətlərinin formal mövcudluğu, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün yetərli deyildir. İnzibati xəta əlamətləri formal cəhətdən mövcuddursa da, həmin xətanın törədilməsində şəxsin təqsiri müəyyən edilməlidir. Təqsirsiz olaraq və ya şəxsin iradəsindən asılı olmayaraq baş vermiş nöqsan, şəxsin inzibati məsuliyyətinə səbəb ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Formal cəhətdən mövcud olan əməldə şəxsin təqsirinin mütləq müəyyən edilməli olması Konstitusiya Məhkəməsinin də qərarlarında öz əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Konstiusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair” 28.02.2020-ci il tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsinin valyuta əməliyyatlarına nəzarətin effektivliyinin artırılması, beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması məqsədinə xidmət edən 430.4-cü maddəsi ilə də avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq malların idxal edilməməsi, işlərin görülməməsi və ya xidmətlərin göstərilməməsi halında ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilərək həmin əməli təqsirli olaraq törədən şəxslər üçün inzibati hüquqi məsuliyyət müəyyən edilmişdir. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, qanunverici tərəflərə müqavilə azadlığı və onun şərtlərinin müəyyənləşdirilməsində sərbəstlik versə də, onlar tərəfindən bağlanılan müqavilə qanunla və digər hüquqi aktlarla müəyyənləşdirilmiş və tərəflər üçün məcburi olan imperativ xarakterli qaydalara uyğun olmalıdır. Bu zaman qanunverici həm tərəflərin, həm dövlətin və ictimai münasibətlərin ümumi maraqlarından çıxış etmiş olur. Bundan başqa, idxalda hesablaşmalarla bağlı müddət tələbinə əməl edilməməsi hələ özlüyündə inzibati tənbeh tədbirinin tətbiqi üçün kifayət edən əsas kimi çıxış etmir. Bununla bağlı Konstiusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair” 2019-cu il 19 dekabr tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd etmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Göründüyü kimi Konstitusiya Məhkəməsinin qərarındada göstərilmişdir ki, valyuta məbləğinin xaricdən ölkəyə gətirilməsi ilə bağlı müəyyən edilmiş müddətlərə əməl edilməməsi özü-özlüyündə inzibati xəta tərkibi yaranması üçün kifayət etmir. Valyutanın geri qaytarılmaması səbəbi araşdırılmalı, şəxsin təqsiri müəyyən edilməlidir. Təqsirin əhəmiyyəti vardır. Təqsir yoxdursa, inzibati məsuliyyət yarana bilməz. Bununla bağlı məhkəmə yuxarıda qeyd edilən sübutlara və işin hallarına qiymət verərək, belə bir nəticəyə gəlir ki, son haqq-hesab nəğd qaydada deyil, nəğdsiz qaydada verilməlidir. Bunun üçün müəyyən sənədlər hazırlanmalı, sənədlər təkcə müəssisənin rəhbəri tərəfindən deyil, müəssisədəki aidiyyəti qurumlar və işçilər tərəfindən hazırlanmalı, son-haqq hesabın ödənilməsi üçün banka müraciət edilməli, bank tərəfindən ödəniş nəğdsiz qaydada işçinin bank hesabına köçürülməlidir. Lakin MMC-nin balansında pul olmadığı üçün, ödənişin həyata keçirilməsi mümkünsüzdür. Burada nəzərə alınmalıdır ki, əsas məqsəd son haqq hesabın verilməsidir. İş üzrə də görünür ki, son haqq hesab artıq inzibati xəta haqqında protokol tərtib edilməzdən də əvvəl ödənilmişdir. Belə bir vəziyyətdə şəxsin əməlində inzibati xətanın elementlərindən olan obyektiv və subyektiv cəhətlər yoxdur. Belə bir vəziyyətdə şəxsin inzibati xətanın törədilməsində qəsdinin və ya ehtiyatsızlığının nədən ibarət olmasına dair də sübut təqdim etməmişdir. Ümumiyyətlə bunları təsdiq edən sübut toplamamışdır. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X8 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmənin bu qənaəti həmçinin İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi həmin Məcəllədən ibarətdir. İXM-nin 1.3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. İXM-in İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmədə müəyyən edilmiş yuxarıda qeyd edilən işin halları və sadalanan normalara əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə və protokolda təqsirli bilindiyi İXM-in maddəsi üzrə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, protokolda göstərilən İXM-in maddəsi üzrə inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Bu barədə sübutlar kifayət etmir. Şübhələr və ziddiyyətli məqamlar şəxsin xeyrinə həll etməlidir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 barəsində İXM-nin 192.4-cü maddəsi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsinin MN ******* saylı, 12.07.2021ci il tarixli qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-1936/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1936/2021
03.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver