Məhkəmə qərarları › İş №3(004)-1937/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1937/2020

14.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1937/2020 14.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X1 iclas katibliyi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Dövlət X17 etibarnamə üzrə nümayəndəsi X3, şikayətçi X4 iştirakları ilə, Şikayətçi X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhəri Baş Polis İdarəsi (BPİ) Dövlət X17 (DYPİ) xx xxxx 2020-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X8 şikayətlə məhkəməyə müraciət edərək barəsində Bakı şəhər BPİ-nin DYPİ-i tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, xx xxxxx 2020-ci il tarixdə saat 21:00 radələrində idarə etdiyi “Toyota Camry” (minik) markalı, **-NB-*** qeydiyyat nişanlı avtomobillə yaşadığı evdən çıxmış, həmin vaxt hava artıq qaralmış və avtomobilin xarici işıq cihazları saz vəziyyətdə olduğundan həmin işıq cihazı ilə yolu tam görmüşdür. Həmin gün saat 22:05 radələrində Bakı şəhəri Teymur Elçin küçəsində yerləşən “40 pilləkan” adlanan ərazidə Bakı şəhər BPİ-si DYPİ-nin Yol Patrul Xidməti (YPX) inspektoru X6 tərəfindən veridiyi “saxla” işarə əsasında idarə etdiyi avtomobilini saxlamış və bu vaxt ona sol xarici işıq cihazının işləmədiyini bildirmişdir. Bundan sonra o, avtomobildən düşüb həqiqətən də, sol xarici işıq cihazının işləmədiyini, sağ işıq cihazının isə saz vəziyyətdə olduğunu görmüşdür. O, bu nasazlığın ona yeni məlum olduğunu YPX-nin inspektoruna bildirsə də sonuncu buna əhəmiyyət verməmiş və barəsində Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törətməsinə dair İXP seriyalı ******* nömrəli protokol tərtib edilmişdir. O, protokolla razılaşmamış və həmin protokol əsasında Bakı şəhər BPİ DYPİ-nin polis mayoru X7 tərəfindən qəbul edilmiş xx xxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli qərarla təqsirli bilinərək barəsində 50 məbləğində manat cərimə növündə tənbeh tədbiri təyin edilmişdir. Həmin qərardan verdiyi şikayət Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-1312/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı ilə xx xxx 2020-ci il tarixli TP3674913 saylı inzibati tən beh vermə haqqında qərar ləğv edilmiş və qeyd edilən inzibati xəta haqqında işə yenidən baxılması üçün Bakı Şəhər Dövlət X20 göndərilmişdir. Məhkəmənin həmin qərarı əsasında xx xxx 2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarla Baş Dövlət X16 Mərkəzi İnformasiya sistemində barəmdə yerləşdirilmiş inzibati cərimə silinmişdir. Lakin Bakı Şəhər Dövlət X13 iştirakı olmadan inzibati qaydada tənbeh olunmağı barədə yeni qərar qəbul edib və bu fakt “Asan” ödəniş portalında öz əksini tapmışdır. Bununla bağlı Bakı Şəhər Dövlət X20 ərizə ilə müraciət edərək barəsində qəbul olunmuş xx xxxx 2020-ci il tarixli qərarın yaşadığı ünvana göndərilməsini xahiş etmişdir. Lakin hələ də müraciətinə cavab verilməyib. Yekun olaraq o göstərilən hallar nəzərə alınaraq barəsində qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qərarın ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X8 şikayət ərizəsinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etdi. O, əlavə olaraq bildirmişdir ki, xx xxxxx 2020-ci il tarixdə saat 21:00 radələrində ona məxsus idarə etdiyi “Toyota Camry” (minik) markalı, **-NB-*** qeydiyyat nişanlı avtomobilinin sol xarici işığının nasaz olaması ilə bağlı YPX-nin inspektoru tərəfindən onun barəsində protokol tərtib edildikdən sonra, həmin vəziyyətdə yaxınlıqdakı servisə gedib nasazlığı aradan qaldırmışdır. Belə ki, digər xarici işıq cihazları saz vəziyyətdə olduğundan, yolun hərəkət hissəsi tam şəkildə süni işıqlandırma ilə təchiz edildiyindən onun avtomobili idarə etməsinə hər hansı bir maneə yaranmamışdır. Hətta belə bir maneə olmadığından YPX-nin əməkdaşı protokol tərtib etdikdən sonra bu nasazlığın aradan qaladırılması istiqamətində hər hansı tədbir görmədən onu yola salmışdır. Yəni YPX-nin əməkdaşı tərəfindən onun nəqliyyat vasitəsi cərimə meydançasına aparılmamış, hətta YPX-nin inspektorunun müşayəti olmadan o, özü sərbəst şəkildə servisə gedərək nasazlığı aradan qaldırmışdır. Buna görə də hesab edir ki, avtomobilinin sol xarici işıq cihazında yaranmış nasazlıq yerində aradan qaldırıla bilən qüsur olduğundan onun barəsində əsassız olaraq protokol tərtib edilmiş və o, protokola etiraz etməsinə baxmayaraq onun iştirakı olmadan aparılan inzibati xətaya dair araşdırma nəticəsində qanunsuz olaraq barəsində inzibati tənbeh edilməsinə dair qərar qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Dövlət X17 etibarnamə üzrə nümayəndəsi X9 bildirdi ki, araşdırılmalı hallar mövcuddur. Həmçinin qərar qəbul edildikdə X4 iştirakı təmin edilməmişdir. Göstərilənlərə əsasən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək yenidən araşdırılması üçün göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə şikayətçinin izahatını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri BPİ DYPİ-nin YPX-nin inspektoru X6 tərəfindən tərtib edilmiş xx xxxxx 2020-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X8 həmin tarixdə saat 22:35-də Bakı şəhəri Temur Elçin küçəsi “40 pilləkən” adlanan ərazidə “Toyota Camry” (minik) markalı, **-NB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsinin tələbini pozmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri BPİ DYPİ-nin polis mayoru X2 tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, X8 Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Qeyd olunan qərarda inzibati xətanın baş vermə vaxtı xx xxxxx 2020-ci il saat 22:05, yeri isə Teymur Elçin küçəsi “40 pillləkən” adlı ərazi kimi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 3(004)-1312/2020 nömrəli qərarına əsasən X4 şikayəti qismən təmin edilmiş xx xxx 2020ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Bakı şəhəri BPİ-nin Dövlət X20 göndərilmişdir. Qeyd edilən xx xxxxx 2020-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş xx xxxx 2020-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin sənədlərdə sürücü X8 tərəfindən törədilməsi iddia edilən Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsinin dispotozitiv şərtləri ümumi olaraq göstərilmiş, lakin hansı nasazlığın aşkar edilməsi qeyd edilməmiş və aşkar edilmiş nasazlığın aradan qaldırılmasının mümkünsüzlüyü ümumiyyətlə əsaslandırılmamışdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsinə görə xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə əlli manat məbləğində cərimə edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddədən göründüyü kimi inzibati xətanın tərkibinin yaranması üçün nəqliyyat vasitəsində hər hansı bir nasazlıq deyil yalnız 1) xarici işıq cihazlarında 2) qabaq şüşənin şüşə silgəclərində və ya şüşəyuyanlarda 3) təkər və şinlərdə 4) mühərrikdə 5) o cümlədən konstruksiyasının digər ünsürlərində aşkar edilmiş nasazlıq olmalıdır. Lakin bu nasazlığın aşkar edilməsi özüözlüyündə xətanın tərkibini yaratmır, yəni nasazlıq aradan qaldırılması mümkün ola bilməyən nasazlıq kateqoriyasına aid edilməlidir. Qeyd olunmalıdır ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1 saylı Əlavəsi ilə nəqliyyat vasitələrinin nasazlıqlarının siyahısı müəyyən edilsə də nasalığın hansı hallarda aradan qaldırılması mümkün olmayan kateqoriyaya aid edilməsi qanunvericiliklə birbaşa olaraq tənzimlənməmişdir. Ona görə də məhkəmə hesab edir ki, aşkar edilmiş nasazlığın aradan qaldırıla bilən olub-olmaması işin faktiki hallarından asılı olaraq qiymətləndirilməlidir. Eyni zamanda Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1 saylı Əlavəsinin 3-cü hissənə görə xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmadıqda. (Qeyd: İstehsaldan çıxarılmış nəqliyyat vasitələrində başqa marka və modeldən olan nəqliyyat vasitələrinin xarici işıq cihazlarının qurulmasına yol verilir.) 2) Faraların nizamlanması dövlət standartlarının tələblərinə uyğun olmadıqda. 3) Xarici işıq cihazları və işıqqaytarıcılar müəyyənləşdirilmiş rejimdə işləmədikdə və ya çirklənmiş olduqda. 4) İşıq cihazlarında işıqyayıcılar olmadıqda və ya həmin işıq cihazının tipinə uyğun olmayan yayıcılardan istifadə edildikdə. 5) Sayrışan işıqlar standartın tələblərinə uyğun qurulmadıqda. 6) Geriyə hərəkət fənərləri və dövlət qeydiyyat nişanının, işıqqaytarıcı qeydiyyat, fərqləndirici və tanınma nişanlarının işıqlandırılması istisna edilməklə, nəqliyyat vasitəsinin qabağında qırmızı rəngli, arxasında isə ağ rəngli işıq cihazları və ya işıqqaytarıcılar qurulduqda nasazlıq aradan qaldırılır. Hazırki işin faktiki hallarında müəyyən edilir ki, sürücü X8 tərəfindən xx xxxxx 2020-ci il tarixdə saat 22:35-də Bakı şəhəri Temur Elçin küçəsi “40 pilləkən” adlanan ərazidə Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsinin tələbini pozması faktına görə Bakı şəhəri BPİ DYPİ-nin YPX-nin inspektoru X6 tərəfindən İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında Bakı şəhəri BPİ DYPİ-nin polis mayoru X7 tərəfindən qəbul edilmiş xx xxx 2020-ci il tarixli, TP seriyalı ******* nömrəli qərar Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 3(004)-1312/2020 nömrəli qərarı ilə ləğv edildikdən sonra Bakı şəhəri BPİ DYPİ tərəfindən qərarda göstərilən nöqsanlar aradan qaldırılmamış, yenidən eyni mahiyyətli xx xxxx 2020-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarla sürücü təqsirli bilinərək barəsində 50 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri təyin edilmişdir. Lakin protokol və qararda müvafiq maddənin dispotozitiv şərtləri ümumi olaraq göstərilməklə nəqliyyat vasitəsində hansı nasazlığın aşkar edilməsi qeyd edilməmiş, əgər nasazlıq aşkar edilmişdirsə Eyni zamanda Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1 saylı Əlavəsində nəzərdə tutulmuş hansı nasazlığın aşkar edilməsi göstərilməmiş və aşkar edilmiş nasazlığın aradan qaldırılmasının mümkünsüzlüyü ümumiyyətlə əsaslandırılmamışdır. Şikayətçi X4 izahatından müəyyən edilir ki, barəsində protokol tərtib edilməsinə səbəb ona məxsus “Toyota Camry” (minik) markalı, **-NB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sol işıq cihazında qabaqcadan məlumatlı olmadığı nasazlıq olmuşdur. Bundan başqa izahatdan müəyyən edilir ki, o, yolun kifayət qədər süni işıqlandırılmış hərəkət hissəsində Bakı şəhər BPİ DYPİ-nin YPX-nin inspektoru tərəfindən saxlanılmış, həmin vaxt digər işıq cihazında, yəni sağ işıq cihazında hər hansı bir problem olmamış, dolayısı ilə nəqliyyat vasitəsində aşkar edilmiş qüsur aradan qaldırılan bilən olmaqla qeyd olunan şəraitdə yol hərəkət təhlükəsizliyinə xələl gətirə biləcək vəziyyət mövcud olmamışdır. Həmçinin onun barəsində protokol tərtib edildikdən sonra YPX-nin inspektoru tərəfindən yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə hər hansı bir digər tədbir görülməmişdir. Məhkəmə hesab edir ki, sürücü X4 idarə etdiyi nəqliyyat vasitəsində aşkar edilmiş nasazlıq aradan qaldırıla bilməyən olduğu təqdirdə həmin xətanı aşkar etmiş YPX-nin inspektoru tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlər görülməli idi. Hazırda isə bu kimi tədbirlərin görülməməsi aşkar edilmiş nasazlığın aradan qaldırılan bilən xüsusiyyətində olmasını ehtimal etməyə əsas verir. Bundan başqa protokolda nəqliyyat vasitəsində aşkar edilmiş nasazlıq və onun aradan qaldırıla bilməyən olması göstərilməmişdir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, hazırki işdə müəyyən edilmiş bütün şübhələr barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş sürücü X4 xeyrinə həll edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi Dövlət X5 qəbul edilmiş xx xxxx 2020-ci il tarixli, TP seriyalı ******* nömrəli qərar ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikası İXM-nin tələblərinə əməl edilməklə əlavə araşdırılması üçün Bakı şəhəri BPİ-nin Dövlət X20 göndərilməlidir. Həmçinin həmin qərar əsasında Azərbaycan Respublikası DİN Baş Dövlət X16 Mərkəzi İnformasiya sistemində X8 barəsində yerləşdirilmiş inzibati cərimə silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X4 şikayəti qismən təmin olunsun. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi Dövlət X21 tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Bakı şəhəri BPİ-nin Dövlət X20 göndərilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi Dövlət X21 tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X16 Mərkəzi İnformasiya sistemində X4 barəsində yerləşdirilmiş inzibati cərimə silinsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar