Məhkəmə qərarları › İş №3(004)-1938/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1938/2021

15.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1938/2021 15.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X7 iclas katibliyi, qərarından şikayət verilmiş Azərbaycan Respublikası Daxili İşlər Naziliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin (BPİ) X22 İdarəsinin (DYPİ) etibarnamə üzrə nümayəndəsi- X11nun, şikayətçi - X8 iştirakları ilə, Azərbaycan Respublikası DİN-nin Bakı şəhər BPİ-nin DYPİ-si tərəfindən qəbul edilmiş 20 avqust 2021-ci il tarixli TP seriyalı ******* nömrəli qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X13 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X13 şikayətlə Yasamal Rayon Məhkəməsinə müraciət edərək Bakı şəhər BPİnin DYPİ-si tərəfindən qəbul edilmiş 20 avqust 2021-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. X5 ərizəsini onunla əsaslandırmışdır ki, 26 iyul 2021-ci il tarixdə saat təxminən 03:40 radələrində Bakı şəhəri Yasamal rayonu Ş.Qurbanov küçəsində avtomobilində oturub alkoqol içdiyi zaman, avtomobil idarə etmədiyi halda PPX əməkdaşları ona yaxınlaşaraq sənədlərini tələb etmişlər və bildirmişlər ki, avtomobili sərxoş vəziyyətdə idarə edir. PPX əməkdaşları zəng edib YPX-nin əməkdaşlarını oraya çağırmışlar. Bundan sonra DYPİ-nin əməkdaşları gəlib ondan sənədlərini alaraq cərimə yazmışlar. Həmin vaxt o, videogörüntü tələb etmiş, lakin videogörüntünün olmadığını bildirmişlər. O, xəta ilə razılaşmamış, belə ki, alkoqol qəbul etdikdən sonra avtomobili idarə etməmiş, yalnız avtomobildə oturub içki qəbul etmişdir. Göstərilənlərə əsasən, şikayətçi V.U.Əsədzadə müraciətində sözügedən qərarın ləğv edilməsini və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X5 izahatında bildirmişdir ki, o, Bakı şəhəri Yasamal rayonu Ş.Qurbanov küçəsində yaşayır. İdarə etdiyi nəqliyyat vasitəsi qonşusu X9 adına rəsmiləşdirilməsinə baxmayaraq həmin nəqliyyat vasitəsini etibarnamə əsasında idarə edərək taksi fəaliyyəti ilə məşğul olur. Hadisə günü, yəni 26 iyul 2021-ci il tarixdə saat təxminən 03:40 radələrində işdən evə qayıtdıqdan sonra yaşadığı evin yaxınlığında, yəni hər zaman olduğu kimi binanın küncündə nəqliyyat vasitəsini park etmiş, daha sonra yaxınlıqdakı açıq marketə daxil olub sərinləmək üçün bir ədəd pivə almış və içə-içə nəqliyyat vasitəsində oturmuş, nəqliyyat vasitəsinin qapısını isə açıq vəziyyətdə saxlamışdır. Niyyəti isə o, olmuşdur ki, pivəni içib sərinləşdikdən sonra yaşadığı evə qalxıb dincəlsin. Elə bu vaxt ona, PPX-nin adlarını bilmədiyi polis əməkdaşları yaxınlaşıb, nəyə görə içkili vəziyyətdə nəqliyyat vasitəsi idarə etdiyini bildirmiş, o, isə bu iradla razılaşmamış və qeyd etmişdir ki, nəqliyyat vasitəsini idarə etmir. Bundan sonra PPX-nin polis nəfəri onu təhdid etmiş və bildirmişdir ki: “sübut edəcəm sənə necə sərxoş vəziyyətdə avtomobil idarə edirsən”. Bir qədər sonra oraya YPX-nin əməkdaşları yaxınlaşmış və onlarla söhbət zamanı da nəqliyyat vasitəsini idarə etmədiyini, yaşadığı evin orada yerləşməsini bildirməsinə baxmayaraq, buna əhəmiyyət verilməyib, barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Yasamal Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli qərardadı ilə isə protokol geri qaytarılmışdır. Lakin, Bakı şəhər DYPİ-si iş məhkəmə tərəfindən qaytarıldıqdan sonra özü onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. X13 həmçinin bildirmişdir ki, onun izahatında göstərdiyi xüsusatları, qonşu və idarə etdiyi nəqliyyat vasitəsinin mülkiyyətçisi olan X14 təsdiq edə bilər. Belə ki, X14 da hadisə vaxtı orada olmuşdur. Beləliklə, X13 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş Azərbaycan Respublikası DİN-nin Bakı şəhər BPİ DYPİ-nin etibarnamə üzrə nümayəndəsi X11 izahatında bildirmişdir ki, qeyd olunan xəta ilə bağlı sürücü X1 mobil telefon vasitəsilə qeydə alınmışdır. Həmin səsyazısında o, alkoqol içkisi qəbul etdiyini etiraf etmişdir. N.Ə.Abbasov səsyazısını məhkəməyə təqdim edərək şikayətin dəlillərinin əsassız hesab edilməsi və barəsində şikayət verilmiş 20 avqust 2021-ci il tarixli TP seriyalı ******* nömrəli qərarın dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. X2 vəsatətinə əsasən məhkəmə iclasında şahid qismində dindirilmiş X14 izahatında bildirmişdir ki, o, şikayətçinin idarə etdiyi “KİA PRİME” (minik) markalı **-UD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisidir. Belə ki, o, X10 qonşu kimi tanımış və yaxın münasibətləri yaranmışdır. Buna görə də mülkiyyətində olan nəqliyyat vasitəsini ona etibarnamə əsasında idarə etmək üçün vermişdir. Hadisə ilə bağlı bildirmişdir ki, o, yaşadığı binanın həyətində səs-küy gəldiyini eşidib həyətə düşmüş və Vüsalın YPX-nin əməkdaşları ilə mübahisə etməsini görmüşdür. Ümumi vəziyyətdən anlamışdır ki, Vüsal yaşadığımız binanın həyətində maşında oturub alkoqollu içki qəbul etdiyi üçün onun barəsində protokol tərtib edilmiş, Vüsal isə bununla razılaşmayıb etiraz edir. Həmin vaxt Vüsal təkidlə avtomobili idarə etmədiyini bildirmişdir. Qərarından şikayət verilmiş orqanın nümayəndəsinin vəsatətinə əsasən məhkəmə iclasında şahid qismində dindirilmiş, Bakı şəhəri BPİ-nin DYPİ-nə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayının inspektoru X15 izahatında bildirmişdir ki, 26 iyul 2021-ci il tarixdə saat təxminən 03:40 radələrində Bakı şəhəri Yasamal rayonu ərazisində xidmətdə olarkən Ş.Qurbanov küçəsində bir nəfərin nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməsi barədə efir vasitəsilə PPX-nin polis nəfərləri tərəfindən verilmiş məlumat daxil olmuşdur. O, qeyd olunan ünvana getdikdə müəyyən etmişdir ki, nəqliyyat vasitəsi həmin ünvanda yerləşən yaşayış binasının həyətində park edilmişdir. Sürücü bir ədəd şüşə qabda qablaşdırılmış pivə içdiyini bildirmişdir. Lakin nəqliyyat vasitəsini idarə etmədiyini iddia etmişdir. Sürücü barəsində yerində inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə tədbir görülməsi üçün idarəyə təqdim edilmişdir. Verilmiş suallar əsasında X3 nəqliyyat vasitəsini idarə etməsini görmədiyini, yalnız PPX-nin əməkdaşlarının şifahi məlumatları əsasında belə nəticəyə gəldiyini, PPX-nin əməkdaşlarının kimliyi barədə məlumatı olmadığını və onların izahatlarının alınmadığını bildirmişdir. Məhkəmə şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalı və Bakı şəhər BPİ-nin DYPİ-si tərəfindən qəbul edilmiş 20 avqust 2021-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək əlavə araşdırılması üçün səlahiyyətli orqana göndərilməlidir. Belə ki, şikayətçinin və şahidlərin izahatlarından müəyyən edilir ki, sürücü X4 vəziyyətdə nəqliyyat vasitəsini idarə etməsini bilavasitə görən olmamışdır. Xətanın törədilməsinin şahidi olması iddia edilən PPX-nin əməkdaşlarının isə araşdırma zamanı şəxsiyyətləri müəyyənləşdirilərək izahatlarının alınması təmin edilməmişdir. Qərarından şikayət verilmiş orqanın nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş diskdə olan videogörüntü məhkəmə iclasında nümayiş etdirilərkən müəyyən edilmişdir ki, video gizli olaraq mobil telefon vasitəsilə qeydə alınmış və danışan şəxslərin şəxsiyyəti müəyyən edilmir. X6 görüntüdə danışan şəxslərdən birinin o, olmasını təsdiq etməsinə baxmayaraq, danışıqların məzmunundan müəyyən edilmişdir ki, həmin vaxt şikayətçi pivə içməsini bildirsə də, təkidlə alkoqol qəbul etdikdən sonra nəqliyyat vasitəsini idarə etmədiyini və orada yaşadığını, nəqliyyat vasitəsini isə binanın küncündə park etdiyini qeyd etmişdir. Bundan başqa iş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 3(004)- 1759/2021 saylı, 02.08.2021-ci il tarixli qərardadından görünür ki, 26 iyul 2021-ci il tarixli İXP seriyalı ******* nömrəli protokol düzgün tərtib edilməməsi və materialın natamam olması səbəbiylə tərəfindən onu tərtib etmiş orqana geri qaytarılmışdır. Məhkəmənin qərardadından da müəyyən edildiyi kimi, inzibati xəta haqqında protokol tərtib edilərkən barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılmış sürücü X8 və eləcə də hadisənin şahidlərinin izahatlarının alınması təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Bakı şəhər BPİnin X22 İdarəsi tərəfindən qəbul edilmiş 26 iyul 2021-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X19 oğlu 26 iyul 2021-ci tarixdə saat təxminən 03:40 radələrində Ş.Qurbanov istiqamətində hərəkətdə olarkən idarə etdiyi “Kia Pride” (minik) markalı **-UD-*** nömrəli dövlət qeydiyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etdiyinə görə Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə əlaqədar barəsində 400 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Beləliklə məhkəmə araşdırması ilə müəyyən edilir ki, sürücü X8 bilavasitə alkoqol içkisi qəbul etdikdən sonra nəqliyyat vasitəsini idarə etməsini təsdiq edən hər hansı mötəbər sübut mövcud deyildir. İşin hallarından isə görünür ki, bu barədə məlumatı Post Patrul Xidmətinin əməkdaşları vermişlər, lakin onların araşdırma zamanı şəxsiyyətləri müəyyənləşdirilərək izahatlarının alınması təmin edilməmişdir. Bununla da, inzibati xəta haqqında iş üzrə mühüm əhəmiyyət kəsb edən hallar tam, hərtərəfli və obyektiv araşdırılmamışdır. Belə ki, Azərbaycan Respublikası inzibati xəta haqqında qanunvericiliyin tələbinə görə sərxoş vəziyyətdə nəqliyyat vasitəsində oturmağa görə deyil, yalnız faktiki idarə etməyə görə məsuliyyət müəyyən edilmişdir. Hazırki halda isə bunu tərəflərin təqdim etdiyi mövcud sübutlar əsasında müəyyən etmək mümkün deyildir. Göstərilənlərlə yanaşı, inzibati tənbeh vermə haqqında qərarın məzmunundan müəyyən edilir ki, qərar kifayət qədər əsaslandırılmamış və sürücünün sərxoşluq dərəcəsi, o cümlədən onun sərxoş vəziyyətdə olması faktının hansı mötəbər sübuta əsasən təsdiq edilməsi qeyd edilməmişdir. Göründüyü kimi səlahiyyətli orqan mübahisələndirilən inzibati xəta hadisəsinin mövcud olub-olmamasına dair hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Belə olan halda isə, iş üzrə icraata xitam verilməsi ilə bağlı məsələyə obyektiv qiymət verilməsi də qeyri-mümkündür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, X8 əməlində Azərbaycan Respublikası İXMnin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin olmasına dair iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, yəni İXM-nin 135.1.1-ci maddəsinin tələbi pozulduğundan şikayət qismən təmin edilməli, X8 barəsində Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ-nin DYPİ-i tərəfindən qəbul edilmiş 20 avqust 2021-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş şəxsin əməlinə hüquqi qiymət verilmədən Azərbaycan Respublikasının İXM-nin tələblərinə əməl edilməklə yenidən baxılması üçün Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ-nin DYPİ-nə göndərilməlidir. Həmçinin həmin qərar əsasında Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi İnformasiya sistemində X8 barəsində yerləşdirilmiş inzibati cərimə və ona hesablanmış dəbbə pulu məbləğləri silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133- 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X19 oğlunun şikayəti qismən təmin olunsun. Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ-nin X22 İdarəsi tərəfindən qəbul edilmiş 20 avqust 2021-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri BPİ-nin X23 İdarəsinə göndərilsin. Azərbaycan Respublikası DİN-nin Bakı şəhər BPİ X22 İdarəsi tərəfindən X19 oğlu barəsində qəbul edilmiş 20 avqust 2021-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında Azərbaycan Respublikası DİN Baş X22 İdarəsinin Mərkəzi İnformasiya sistemində yerləşdirilmiş inzibati cərimə və ona hesablanmış dəbbə pulu məbləğləri silinsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar