Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1949/2022 22.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə, X2 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X4 onun barəsində olan İXM-nin 338.4.3-cü maddəsi ilə AR DİN Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin DYPŞ-nin qəbul etdiyi İXP ******* saylı, 19.02.2022-ci il tarixli protokol əsasında qəbul edilmiş inzibati xəta haqqında iş üzrə TP ******* saylı, 25.02.2022-ci il tarixli qərarından şikayət verərək, həmin qərarı ləğv edərək, iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayətində və məhkəməyə verdiyi izahatında göstərmişdir ki, 19.02.2022-ci il tarixdə, saat təxminən 13:45 radələrində ünvan 1 ünvanında idarə etdiyi “Jianshin NNB-49” markalı, mühərrikin həcmi 49 sm3 olan motosikletini idarə edərkən sol tərəf qarşısında hərəkətdə olan “Hyundai” markalı nəqliyyat vasitəsi, dönmə işığını belə yandırmadan ani olaraq sərt tormozlama etdi və idarə etdiyi avtomobili sağ tərəfə, yəni onun hərəkətdə olduğu istiqamətə çəkdi. Bundan sonra o, da “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin İ bəndinə müvaviq olaraq, hadisənin qarşısını almaq üçün zəruri olan bütün tədbirləri görsə də, “Hyundai” markalı avtomobilin sürücüsünün sükanı tamamilə üzərinə çəkməsi səbəbindən hadisənin qarşısını ala bilmədi. Bundan sonra qanuna müvafiq olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzi sisteminə zəng edərək baş vermiş yol-nəqliyyat hadisəsi barədə polis əməkdaşlarına məlumat verdilər. Lakin hadisə yerinə gəlmiş polis əməkdaşları hadisənin baş vermə səbəb və şəraitini, müvafiq kazus üzrə tətbiq edilməli olan qanunun tələblərini, mübahisə predmeti varsa ekspertiza təyin edərək hadisədə təqsirkar şəxsi xüsusi biliyə malik olan şəxslər tərəfindən aşkarlanması vəzifələrindən ümumiyyətlə istifadə etməmiş və 25.02.2022-ci il tarixli, İXP4471921 saylı “inzibati xəta haqqında” Protokol və onun əsasında qəbul edilmiş TP4870329 saylı “inzibati tənbeh vermə haqqında” Qərarla onu guya Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.4.3-cü maddəsinin tələblərini pozduğuna görə inzibati məsuliyyətə cəlb etmişlər. Qeyd etmişdir ki, həmin qərar qanunsuzdur, heç bir hüquqi əsası yoxdur və hadisədə təqsirkar olan şəxs məsuliyyətdən kənarda qaldığı halda, heç bir təqsiri olmayan şəxs inzibati məsuliyyətə cəlb edilərək cərimə olunmuşdur. Bildirmişdir ki, o, müvafiq qərarı elektron qaydada AR DİN BDYPİ-ə ünvanladığı şikayət ərizəsi ilə mübahisələndirdi. Lakin, Yasamal Rayon Polis İdarəsinin 08.04.2022-ci il tarixli, 091-24683K-4222 saylı cavab məktubu ilə ona bildirilmişdir ki, əgər sözügedən Qərardan narazıdırsa məhkəməyə müraciət etmək hüququ var. Tətbiq olunan prosessual müddəti ötürmədiyinə, həmçinin polis əməkdaşlarının araşdırmasından narazı qaldığı üçün işin hazırki mərhələsində məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Hadisədən sonra onun idarə etdiyi motosiklətə də kifayət qədər məbləğdə ziyan dəydiyi halda, polis əməkdaşının qanunsuz qərarına görə həmin ziyanı özü qarşılamalıdır, digər sürücü isə heç nə baş verməmiş kimi məsuliyyətdən kənarda qalacaq. Məhkəmədən xahiş etmişdir ki, işə ədalətlə baxaraq ədaləti və pozulmuş hüquqlarını bərpa etsin. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin İİ hissəsinin 1-ci bəndinə əsasən yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək yol hərəkəti sahəsində fiziki şəxslərin vəzifələridir. Həmin Qanunun 36-cı maddəsinin İ hissəsinin 1 və 3-cü bəndlərinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 37-ci maddəsinin 1 hissəsinin 4 və 5-ci bəndlərinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti şəraitini, nəqliyyat vasitəsinin və yükün xüsusiyyətlərini nəzərə almaqla. nəqliyyat vasitəsini müəyyən edilmiş məhdudiyyətdən artıq olmayan sürətlə idarə etməlidir. Bundan əlavə, “Hyundai” markalı avtomobilin sürücüsü Azərbaycan Respublikası İnzibati Xətalar 327.1-ci maddəsinin maddəsinin tələbini kobud surətdə pozmuşdur. Belə ki, həmin maddənin tələbinə əsasən, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına görə inzibati cərimə nəzərdə tutulmuşdur. Qanunvericiliyin qeyd olunan müddəalarından da göründüyü kimi 19.02.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsinin əsas səbəbi də məhz “Hyundai” markalı avtomobilin əks istiqamətli hərəkət zolağına çıxmadan manevr qaydalarını kobud şəkildə pozması olmuşdur. İXM-in 134.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. İXM-in 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Qanunvericiliyin qeyd olunan müddəalarından da göründüyü kimi barəsində aparılan inzibati xəta haqqında işin halları hərtərəfli tam və obyektiv araşdırılmamış, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Sonda bildirmişdir ki, İnzibati Xətalar Məcəlləsinin sübutların qiymətləndirilməsi adlı 84-cü maddəsinə görə, 84.1 və 84.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İXM-in 130.1-ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan iyirmi gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. İXM-in 129.5-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətdən dövlət rüsumu tutulmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd edilmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Odur ki, yuxarıda qeyd olunanları və qanunvericiliyin sadalanan müddəalarını rəhbər tutaraq, məhkəmədən onun barəsində Yasamal Rayon DYPŞ polis kapitanı X3 qəbul etdiyi 25.02.2022-ci il tarixli, TP4870329 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və barəsində başlanılmış inzibati xətalar haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştrakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatı dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayətin qərarın ləğv edilməsi hissəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan AR DİN Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin DYPŞnin TP ******* saylı, 25.02.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən X4 19.02.2022-ci il tarixdə saat 13:45 radələrində idarə etdiyi “Jianshin NNB-49” markalı motosiklet ilə Yasamal rayonu, N.Hikmət küçəsində hərəkətdə olarkən sol tərəf qarşısında hərəkətdə olan “Hyundai” markalı nəqliyyat vasitəsi ilə toqquşaraq qayda pozuntusuna görə İXM-in 338.4.3-cü maddəsi ilə təqsirli bilinib 40 manat cərimə edilmişdir. Həmin qərar İXP ******* saylı, 19.02.2022-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmişdir. Aşağıdakı iki əsasa görə qərar ləğv edilməlidir. 1-ci əsas: İş üzrə müəyyən edilir ki, tənbeh qərarı qəbul edilən anda şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmamışdır. Belə olduğu təqdirdə səlahiyyətli vəzifəli şəxsin inzibati xəta haqqında qərar deyil, inzibati xəta haqqında protokol tərtib etmək səlahiyyəti olduğundan, bu pozuntulara yol verilməklə qərar qəbul edilmişdir. Belə ki, İXM-nin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. İXM-in 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. İXM-in 124.4-cü maddəsinə əsasən həmin Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Beləliklə hazırkı iş üzrə İXM-lə müəyyən edilmiş yuxarıdakı prosessual pozuntular törədilməklə qərar ləbul edilmişdir. 2-ci əsas: Bundan əlavə iş üzrə müəyyən edilir ki, tənbeh qərarı qəbul edilən anda şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmamışdır. Belə olduğu təqdirdə səlahiyyətli vəzifəli şəxs törədilən konkret əməlin nədən ibarət olmasını protokolda və qərarda göstərməmişdir. Çünki şikayətçi deyir ki, o heç bir qayda pozuntusu törətmədiyi halda DYP əməkdaşı onu təqsirli bilmişdir. Bununla da qərarda ümumiyyətlə şəxsin törətməsi ehtimal edilən hadisə, inzibati xətanın mahiyyəti göstərilməmişdir, şəxsin hansı əməlinin İXM-in 338.4.3-cü maddəsinin tərkibini yaratdığı, əməlin tövsifi göstərilməmişdir. Belə ki, İXM-nin 338.4.3-cü maddəsinə əsasən yol nişanlarının və ya yolun hərəkət hissəsinin nişanlanması tələblərinin pozulmasına inzibati xəta kimi müəyyən edilmişdir. Qərarda hansı yol nişanının və ya yolun hərəkət hissəsinin hansı nişanlanması tələblərinin pozulduğu göstərilməmişdir. Qərarda sadəcə İXM-nin həmin maddəsinin yalnız nömrəsi və dispozisiyası göstərilməklə, həmin maddənin tələblərinin pozulduğu göstərilmişdir. Lakin həmin maddədə bir neçə pozuntu əlamətləri, əməllər, yəni inzibati məsuliyyətə səbəb ola biləcək bir neçə əlamətlər və hallar (dispozitiv əlamətlər) müəyyən edilmişdir. Halbuki, İXM-in 115.1.4-cü maddəsinə əsasən işə baxılarkən müəyyən edilmiş hallar inzibati xəta haqqında iş üzrə qərarda göstərilməlidir. Həmçinin İXM-in 75-ci maddəsinə də əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait inzibati xəta haqqında iş üzrə müəyyən edilməlidir. İnzibati xəta bir neçə əməllə (üsulla, forma ilə) törədilə bilərsə, şəxsin bu və ya digər konkret inzibati xətaya səbəb olan əməli törətməsini məhkəmə müəyyən etməli deyildir. Şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə) və bu əməlin İXM-nin hansı maddəsi ilə inzibati xəta hesab edilməsi və həmin maddəyə görə tətbiq edilən inzibati tənbehi qərar qəbul etmiş səlahiyyətli orqan müəyyən etməlidir. Məhkəmə inzibati orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə) şəxs tərəfindən törədilibtörədilməməsini yoxlamalıdır. Konkret əməl (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə) qərarda göstərilmədiyi üçün, məhkəmə belə bir qərarın qanuniliyini yoxlaya bilməz. Səlahiyyətli orqanın qərar qəbul edərkən, şəxsin bu və ya digər hər hansı bir qərarda dəqiq göstərilməyən qeyri-müəyyən əməli törətməsini nəzərdə tutmasını məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. Bununla da məhkəmə hesab edir ki, qərarda konkret inzibati xəta hadisəsi və ya inzibati xəta tərkibini yaradan əməl qeyd edilmədiyindən, şəxsin törətdiyi inzibati xətanın mahiyyətinin nədən ibarət olması göstərilmədən, yəni “Yol hərəkəti haqqında” Qanunun hansı tələbini necə pozmaqla xəta törədildiyi qeyd edilmədiyindən, inzibati xəta haqqında qərarda göstərilməyən hadisənin törədilməsində şəxsi təqsirli bilib, sadəcə İXM-in inzibati xəta kimi müəyyən edilmiş maddəsinin dispozisiyasına istinad edilərək şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Konkret əməl İXM-də inzibati xəta kimi müəyyən edilmişdirsə və şəxsin həmin əməlin törədilməsində təqsiri İXM-lə müəyyən edilmiş qaydada sübuta yetirildikdən sonra inzibati məsuliyyətə cəlb edilə bilər. Qərarda şəxsin ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan konkret hansı əməli (hərəkət və ya hərəkətsizlik) törətməsi göstərilməli və həmin əməlin İXM-in hansı maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xəta olması qərarda öz əksini tapmalıdır. Konkret göstərilməyən, dəqiqləşdirilməmiş əməlin düzgün olub-olmamasını yoxlamaq da mümkünsüzdür. Çünki qərarda mövcud olmayan bu və ya digər hərəkəti, şəxsin “Yol hərəkəti haqqında” Qanunun tələbinin pozan hərəkəti kimi məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. Beləliklə şəxsin hər hansı bir konkret əməlin törədilməsində təqsiri İXM-lə müəyyən edilmiş qaydada sübuta yetirilmədən inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd edilənlərə əsasən hazırkı iş üzrə qəbul edilmiş qərarda şəxsin təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməli (hərəkət və ya hərəkətsizlik) qeyd edilməmişdir, onun məhz hansı əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olması qərarda qeyd edilməmişdir. Beləliklə hazırkı iş üzrə İXM-lə müəyyən edilmiş yuxarıdakı prosessual pozuntular törədilməklə qərar qəbul edilmişdir. Qeyd edilən həmin prosessual pozuntular işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə olduğundan, son nəticədə qanuni və əsaslı olmayan qərarın qəbul edilməsinə gətirib çıxartmışdır. İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-in 135.1.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2-ci maddəyə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.5-ci maddəyə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6-cı maddəsinə əsasən İXM-lə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən çıxarılan qərarlar siyahısında İXM-in 134.1.4-ci maddəsinə əsasən həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; İXM-in 134.1.5ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati işə baxılarkən İXM-lə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması müəyyən edildiyindən, qərar ləğv edilməli, İXM-in tələblərinə əməl edilməsi, inzibati xəta törətmiş fiziki, vəzifəli və ya hüquqi şəxsin müəyyən edilməsi, həmin şəxsin “Yol hərəkəti haqqında” Qanunun hansı tələbini necə pozmaqla inzibati xəta törətməsini müəyyən etmək, nəticəsindən asılı olaraq inzibati xəta haqqında işə baxıb qərar qəbul edilməsi və ya aidiyyəti üzrə göndərilməsi üçün iş, protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Həmçinin şikayətin inzibati xətanın törədilib-törədilməməsi məsələsi isə həmin işə səlahiyyətli orqanda baxılarkən, həmin səlahiyyətli orqanın araşdırmaq səlahiyyəti olduğundan, məhkəmə şikayətin bu hissəsinin təmin edilməməsi qənaətinə gəlir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X4 onun barəsində İXM-nin 338.4.3-cü maddəsi ilə AR DİN Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin DYPŞ-nin qəbul etdiyi İXP ******* saylı, 19.02.2022-ci il tarixli protokol əsasında qəbul edilmiş inzibati xəta haqqında iş üzrə TP ******* saylı, 25.02.2022-ci il tarixli qərarı ləğv edilsin. Həmin inzibati xəta haqqında işə AR DİN Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin X8 Şöbəsində yenidən baxılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-1949/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1949/2022
22.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver