Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1962/2021 10.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X3 iclas katibliyi ilə, X1 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Bakı Nəqliyyat Agentliyinin BNA ******* saylı, 11.07.2021-ci il tarixli qərardan şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətçi şikayətdə və məhkəməyə verdiyi izahatında şikayətini onunla əsaslandırdı ki, BNA (Bakı Nəqliyyat Agentliyi)-nin ona tərtib etdiyi qanunsuz protokolları, hüquqı cəhətdən səhv tərtib etmələri ilə bağlı məktub ünvanlasa da, elektron ünvanına bununla bağlı heç bir cavab verilməyib. Məhkəmənin ədalətli qərar verəcəyiə böyük İnamla müraciətini ünvanlayıb. BNA-nın BNA ******* protokolu İnzibati Xətalar Məcəlləsinin İXMnin 346.1-ci maddəsinə əsasən tərtib edilib. Bildirmişdir ki, tərtib olunan protokollar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 122-ci maddəsinin kobud sürətdə pozulmasıdır və qeyri-qanuni yolla qayda pozuntusunu müəyyən etməkdir. Maddə
122. İnzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydası 122.1. Bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin koməyı ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi İnformasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi İnformasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron İmza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının İnformasiya sisteminə göndərilir. Qeyd olunan maddələrə əsasən, heç biri dayanma-durma qaydasının pozulması deyil. Göstərilənlərə əsasən şikayəti ilə bağlı məhkəmənin düzgün qərar çıxarılmasını və yazılmış protokolun qanunsuz olması və ləğv olunmasını xahiş etmişdir. Qərarından şikayət verilən orqan Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi X8 məhkəməyə ünvanlandığı yazılı etirazında göstərmişdir ki, Bakı Nəqliyyat Agentliyinin 11 iyul 2021-ci il tarixli BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayət məhkəmənin icraatındadır və şikayətə baxılması 10 sentyabr 2021-ci il tarixə təyin edilmişdir. X5 inzibati qərardan şikayətini inzibati xətanın foto və video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsinin İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 122-ci maddəsinin tələblərinə zidd olması ilə əsaslandırmışdır. Aşağıda göstərilənlərə əsasən hesab edir ki, X5 tərəfindən verilmiş şikayət əsassızdır və şikayət təmin edilməməklə Bakı Nəqliyyat Agentliyinin inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bildirmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsində nəzərdə tutulmuş maddələr üzrə inzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydası göstərilmişdir. Yəni 122.1-ci maddə İXM-in digər maddələri üzrə inzibati xəta hadisələrini aşkar edilməsini qadağan etmir və məhdudlaşdırmır, sadəcə müvafiq maddələr üzrə icraatın aparılması qaydasını müəyyənləşdirir. Foto və video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə nəyin ki 122.1-ci maddə göstərilən İXM-in xüsusi hissəsinin maddələri üzrə hətta digər maddələr üzrə də inzibati xəta hadisələri aşkar edilərək, inzibati iş üzrə icraata başlanıla bilər. Bu mövqe 23 fevral 2021-ci il tarixdə İnzibati Xətalar Məcəlləsinin 57.6-cı maddəsinə edilmiş dəyişiklərdə qismən öz əksini tapmışdır. Belə ki, həmin maddədə qeyd olunub ki, İXM-in 122.1, 124.5 və ya 124.6-cı maddələrində nəzərdə tutulan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən inzibati xəta haqqında iş üz qərar aşağıdakı hallarda rəsmi verilmiş hesab olunur. Bu maddənin məzmunundan görünür ki, İXM foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə 124.5 və 124.6-cı maddələrində göstərilən maddələr üzrə də inzibati xəta hadisələrini aşkar edilməsini mümkün edir. Eyni zamanda bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidentinin 6 iyul 2018-ci il tarixli 181 nömrəli Fərman əsasında BNA-ya parklanma yerlərində, habelə dayanma və durmanın qadağan edildiyi yerlərdə inzibati xəta törədilməsinə görə protokolların tərtib edilməsi məqsədilə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin quraşdırılmasının təmin edilməsi tapşırılmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq müəyyən edilir ki, xüsusi texniki vasitələrin köməyi ilə dayanma və durma qaydaları pozuntularının aşkar edilməsi qanuni əsaslarla əldə edilmiş sübut sayılır. Beləliklə hesab edir ki, Bakı Nəqliyyat Agentliyinin inzibati tənbeh vermə haqqında qərarı mövcud qanunvericiliyin tələblərinə uyğun qəbul edildiyindən X4 şikayəti əsassızdır və təmin edilməməlidir. Buna görə də, Bakı Nəqliyyat Agentliyin 11 iyul 2021-ci il tarixli BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayətin əsassız və qanunsuz olduğundan təmin edilməməsini, həmin inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi şikayətində göstərilən mövqeyinin əsaslı olmasına dair formalaşmış məhkəmə təcrübəsindəki oxşar işlər üzrə məhkəmə qərarlarını, yəni Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01.06.2021-ci il tarixli, 3(011)-2095/2021 saylı qərarı, həmin qərardan verilmiş şikayət üzrə Bakı Apellyasiya Məhkəməsinin 30.06.2021ci il tarixli, 3(103)-1492/2021 saylı qərarı, Bakı Apellyasiya Məhkəməsinin 29.06.2021-ci il tarixli, 3(103)-1508/2021 saylı qərarlarını əlavə etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı Nəqliyyat Agentliyinin BNA ******* saylı, 11.07.2021-ci il tarixli qərara əsasən X5 10 iyul 2021-ci il tarixdə saat 14:49 radələrində “BMW 320 minik” markalı, 90-MK133 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, 20 Yanvar dairəsində “dayanma və durma qaydalarını pozduğuna” görə İXM-in 346.1-ci maddəsi ilə təqsirli bilinib 20 manat cərimə edilmişdir. İşə baxılarkən şikayətçinin iş materiallarına əlavə etdiyi inzibati xətanın törədildiyi yer kimi göstərdiyi Yasamal rayonu, 20 Yanvar dairəsindəki fotoşəklindən də görünür ki, həmin yolda dayanma qadağan edilmişdir. Bununla da, iş materiallarında olan yuxarıda qeyd edilən inzibati xəta haqqında iş üzrə protokol və qərara əsasən şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edilir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. Şikayətçi şikayətində onun barəsində qəbul edilmiş qərar üzrə İXM-nin tələbləri pozulmaqla icraat aparıldığını, həmin icraat qaydasında onun barəsində inzibati tənbehvermə qərarı çıxarılmasının şikayətində göstərilən İXM-nin tələblərinə zidd olduğunu qeyd etsə də, məhkəmə aşağıdakılara görə hesab edir ki, şikayətin bu hissəsi əsassızdır. Belə ki, “Bakı şəhərində nəqliyyat vasitələri sahiblərinin dayanma, durma və parklanma qaydalarına riayət etməsinin təmin olunması və yol hərəkətinin təşkili sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 06 iyul 2018-ci il tarixli fərmanının 1.1-ci maddəsinə əsasən parklanma yerlərində, habelə dayanma və durmanın qadağan edildiyi yerlərdə inzibati xəta törədilməsinə görə elektron qərarların tərtib edilməsi məqsədilə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin quraşdırılmasının təmin edilməsi Bakı şəhərinin inzibati ərazisində Bakı Nəqliyyat Agentliyinə tapşırılmışdır. Bakı Nəqliyyat Agentliyi tərəfindən mübahisələndirilən qərar üzrə icraat İXM-nin 122-ci maddəsi əsasında deyil, həmin Məcəllənin 124.5 və 124.6-cı maddələri üzrə aparılmışdır. Belə ki, həmin xəta bilavasitə kameralarla çəkiliş aparan, idarəetmə mərkəzində olan səlahiyyətli şəxs tərəfindən qeydə alınmışdır. Xətanın qeyd edilən formada qeydə alınmasını inzibati xətalar qanunvericiliyi qadağan etməmiş, İXM-nin 124cü maddəsi qeyd olunan halı istisna etməmişdir. Bundan əlavə, şikayətçinin nəqliyyat vasitəsinin yanında olmadığı fotoşəkillər də mövcuddur. Həmçinin, “Bakı şəhərində nəqliyyat vasitələri sahiblərinin dayanma, durma və parklanma qaydalarına riayət etməsinin təmin olunması və yol hərəkətinin təşkili sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 06 iyul 2018-ci il tarixli fərmanı ilə də parklanma yerlərində, habelə dayanma və durmanın qadağan edildiyi yerlərdə inzibati xəta törədilməsinə görə elektron qərarların tərtib edilməsi məqsədilə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin quraşdırılmasının təmin edilməsi Bakı şəhərinin inzibati ərazisində Bakı Nəqliyyat Agentliyinə tapşırılmışdır. Bundan başqa, inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblərdəndir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ:
X1 Bakı Nəqliyyat Agentliyinin BNA ******* saylı, 11.07.2021-ci il tarixli qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Sədrlik edən, Hüseyn Səfərov