Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-1964/2021 24.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Əkbərli Günel Bəkir qızının sədrliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 327.1 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin (RPİ) X1 Şöbəsi (DYPŞ) tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri işin məhkəmədə baxılmağa hazırlanması zamanı nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ : Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.1 və 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədilməsinə dair Azərbaycan Respublikası DİN Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş 24 avqust 2021-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün məhkəməyə daxil olmuşdur. Məhkəmə inzibati xəta haqqında materialları nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında protokol düzgün tərtib edilmədiyindən və ona əlavə edilmiş sənədlər natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından geri qaytarılmalıdır. Belə ki, məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında iş üzrə material 12 vərəqdən ibarət olmuşdur: 03 vərəq müşayiət məktubu, 01 vərəq 24 avqust 2021-ci il tarixli, İXP seriyalı ******* saylı protokol, 01 vərəq arayış, 01 vərəq elektron bazadan çıxarış, 02 vərəq izahatlar, 01 vərəq etibarnamə, 04 vərəq şəxsiyyət və şəhadətnamələrin sürəti. Məhkəmə əvvəla qeyd edir ki, inzibati xəta haqqında protokol tərtib edilərkən Azərbaycan Respublikası İXM-in 100-cü maddəsinin tələbləri pozulmuşdur. Belə ki, inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsi ilə (Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə) nəzərdə tutulmuş xəta törədilmişdir. Lakin, protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən imzalanmamış, onun xətaya dair münasibəti öyrənilməmiş, hüquq və vəzifələri ona izah edilməmiş, protokolun surəti ona təqdim edilməmişdir. Bundan başqa, iş materiallarından müəyyən edilir ki, inzibati xəta nəticəsində zərər çəkmiş şəxsə maddi zərər vurulmuşdur. Lakin, inzibati xəta haqqında protokoldan törədilmiş inzibati xəta nəticəsində kimə maddi zərər vurulmasını aydınlaşdırmaq mümkün olmamışdır. Belə ki, zərər çəkmiş şəxsə dəymiş maddi zərər barədə məlumatlar inzibati xəta haqqında protokola qeyd edilməmişdir. Eyni zamanda, iş materialları nəzərdən keçirilərkən müəyyən edildi ki, inzibati xəta nəticəsində zərər çəkmiş şəxsə dəymiş maddi zərəri əks etdirən ziyan aktı, hadisə yerinə baxış protokolu, eləcə də iş üzrə əhəmiyyət kəsb edən digər sübutlar iş materiallarına əlavə edilməmişdir. Məhkəmə əlavə olaraq qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin sanksiyasında zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İXM-nin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin maddəyə görə inzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.1 və 332.4-cü maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair barəsində tərtib edilmiş 24 avqust 2021-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol düzgün tərtib edilmədiyindən, ona əlavə edilmiş sənədlər natamam olduğundan və işin baxılmağa hazırlanması zamanı tamamlamaq mümkün olmadığından protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş Azərbaycan Respublikası DİN Yasamal RPİ-nin DYPŞ-yə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-in 327.1 və 332.4-cü maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair tərtib edilmiş 24 avqust 2021-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin X1 Şöbəsinə geri qaytarılsın. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-1964/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-1964/2021
24.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver