Məhkəmə qərarları › İş №3(004)-1969/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1969/2020

21.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1969/2020 21.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə TuranTahir qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili 4 saylı Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx xxxxxxxx 1970-ci il tarixdə Ağsu rayonu, Qiyaslı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, ünvan 1 A ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibatixətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhər Baş Polis İdarəsi Dövlət X7 daxil olmuş xx xxxxxx 2020-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, MəmmədovMəzahirHəsənqulu oğlu xx xxxxxx 2020-ci il tarixdə saat 05:33 radələrində “Vaz 21070” (minik) markalı, **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomobili təhlükəsizlik kəmərindən istifadə etmədən idarə etdiyi üçün saxlanılmış, yoxlama zamanı sürücünün sərxoş olduğu müəyyən edilmişdir. Bununla da, İXM-in 329.1 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs izahatında göstərdi ki, o, xx.xx.2020-ci il tarixində Ağsu rayonu Qiyaslı kəndində bibisinin yas mərasimdə iştirak etmək üçün bibsi oğlu X1 və onun qaynı X6 ilə danışaraq saat 08.00-da şəhərin 20 yanvar küçəsində görüşmək qərarına gəlmişdir. O özünə məxsus VAZ-2107 markalı **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olarkən təxminən 05:10 radələrində şəhərin “Şamaxinka” adlanan ərazisində DYP-nin 347 nömrəli avtomaşını saxla əmrini vermişdir. O avtomobili yolun sağına çəkərək saxlamış və müvafiq sənədlərlə avtomobildən düşərək DYP-nin əməkdaşına yaxınlaşmışdır. Polis əməkdaşı niyə təhlükəsizlik kəmərinin taxmadığını ona irad bildirmiş və içkili olub-olmadığını soruşmuşdur. O içkili olmadığını və yas mərasiminə getdiyini bildirərək, 20 Yanvar küçəsində onu yoldaşlarının gözlədiyini bildirmişdir. Lakin polis əməkdaşı onu Respublika Narkoloji Mərkəzinə apararaq sərxoşluq vəziyyətinin təyin olunması üçün tibbi müayinəyə aparacağını bildirmişdir. Onlar Respublika Narkoloji Mərkəzinə gəlmiş, həkim alkotesterin müştüyünü dəyişmədən həmin aparata üfürməyini bildirmişdir. O üfürdükdən sonra sərxoş olub-olmadığını soruşanda, o, heç bir cavab verməmişdir. Bu zaman o protokolla tanış olmaq və zəruri qeydlərini aparmağı tələb etmişdir. Bu zaman polis əməkdaşı onun qoluna girərək onu otaqdan çıxarmış və heç bir problemin olmadığını bildirib onun sürücülük vəsiqəsini almışdır. Onun iştirakı ilə avtomaşın cərimə meydançasına yerləşdirilmiş və günün ikinci yarısı Bakı şəhəri, DYP-yə gəlməyi bildirilmişdir. O sərxoş olmadığını və qanından analiz götürülməsini tələb etmiş, hətta ekspertizaya gedə biləcəyini də bildirmişdir. Lakin ona məhəl qoyan olmamışdır. O yas mərasiminə gecikdiyi və yoldaşları onu gözlədikləri üçün onlarla birgə Ağsu rayonuna yas mərasiminə getmişdir. Saat 09:15 radələrində Ağsu rayonuna çatmışdır. Təcili Ağsu rayon X3 yardım şöbəsində həkim işləyən Hacı adlı şəxsə yaxınlaşaraq qanından nümunə götürülərək sərxoş olub-olmadığının müəyyən edilməsini xahiş etmiş, həkim bunun səbəbini soruşduqda isə o da başına gələnləri ona demişdir. Bundan sonra həkim nümunə götürməkdən imtina etməklə ona laboratoriyaya müraciət etməyi bildirmiş lakin laboratoriya da bundan imtina etmişdir. Həmin vaxt o öznü pis etmiş və qanda şəkərin miqdarını yoxlatdırmış və müvafiq sənəd əldə etmişdir. Həmin gün yəni xx xxxxxx 2020-ci il tarixində təxminən saat 10:00 radələrində Ağsuda xidmət aparan DYP-nin əməkdaşına yaxınlaşmış və onun içkili olub-olmadığını alkotesterlə yoxlanılmasını xahiş etmiş, onlar isə yoxlamış və içkili olmadığını bildirmişdilər. Həmin gün o kənddə yas mərasimindən çıxıb Bakıya qayıtmış və Respublika Narkoloji Mərkəzində alkotestdən keçmək istədiyini bildirmişdir. xx.xx.2020-ci il tarixdə saat 17:30-da alkotestdən keçmiş və 2/5267 saylı müvafiq protokol yazaraq ona təqdim etmişlər ki, onda alkoqol əlaməti yoxdur. O həm də qandan analiz götürülməsini də xahiş etmiş, lakin onlar bundan imtina etmişlər. Bunda sonra o Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək baş verənləri danışmış və qanından nümunə götürülməsini və müayinə edilməsini xahiş etmişdir. 102 xidmətindən bildirmişlər ki, onun şikayəti qeydə alınmışdır və aidiyyatı üzrə yönləndiriləcəkdir. Lakin keçən müddət ərzində onun şikayəti ilə bağlı maraqlanan olmamışdır. Göstərilənlərə əsasən inzibati xəta hadisəsi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən 4 saylı Vəkil Bürosunun vəkili X5 barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs ilə eyni məzmunlu çıxış edib, bundan əlavə yazılı vəsatət verərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, səlahiyyətli orqan nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə, səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: xx.xx.2020-ci il tarixli, 05:30 radələrində tərtib edilmiş 2/12076 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı”ndan görünür ki, Şəxs həmin tarixdə sərxoş vəziyyətdə olmuşdur. Həmin aktdan aydın olur ki, Şəxs alkoqolun miqdarı 0.68 faiz olmuşdur; Azərbaycan Respublikası DİN-in BDYPİ-nin QİŞ tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş sürücülük vəsiqəsindən görünür ki, Şəxs adına “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir, sənədin bitmə tarixi xx.xx.2022-ci ildir. İş materiallarına əlavə edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı təqdim etdiyi “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında xx.xx.2020-ci tarixli 2/5267 nömrəli aktından görünür ki, o, xx xxxxxx 2020-ci il tarixdə saat 17:30-da, ona qarşı törədilməsi istinad edilən inzibati xətadan 12 saat sonra könüllü olaraq müayinədən keçmiş və onun ayıq vəziyyətdə olması müəyyən edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, xəta hadisəsindən xeyli müddət keçdiyindən və şəxsin həmin müddət ərzində qəbul etdiyi spirtli içkinin təsirinin aradan qalxa bilməsi ehtimalı real olduğundan qeyd edilən protokolun məhkəmə tərəfindən sübut kimi qəbul edilməsi rədd edilir. Odur ki, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xətadan xeyli müddət keçdikdən sonra müayinədən keçərək tərtib edilmiş aktı məhkəməyə təqdim etməsini məsuliyyətdən yayınmaq üçün özünümüdafiə xarakterli hərəkət kimi qiymətləndirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın: 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir; 2.5-ci bəndinə əsasən şəxsin xüsusi texniki vasitələrlə yoxlanılması zamanı alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyəti müəyyən olunarsa, polis əməkdaşları tərəfindən İXM-in 406-cı maddəsinə uyğun olaraq protokol tərtib edilir. İXM-in: 329.1-ci maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə - qırx manat məbləğində cərimə edilir; 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İXM-in 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı”, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in: 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuşəlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər; 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 190, 191.1, 195.1, 196, 197, 204‒208, 221, 227, 229, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, 334, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343, 349, 351, 353.5, 361, 363, 363-1, 363-2, 368‒379, 381‒383, 387‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.10, 431, 432.3, 438.2, 438.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 479‒481, 482.1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517, 517-1, 517-2, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598 (vəkillərə və auditor xidməti göstərən şəxslərə münasibətdə), 599‒602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 2 və 2.2-ci bəndlərinə əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi adından İXM-in 329-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə (inzibati xəta hadisəsi səlahiyyətli vəzifəli şəxs tərəfindən Məcəllənin 124.3-cü maddəsinə uyğun olaraq bilavasitə aşkar edildikdə) – Baş Dövlət X9 rəisi, onun müavinləri, Baş Dövlət X9 Mərkəzi Məlumat Xidmətinin rəisi, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Dövlət X9 rəisi, ərazi polis orqanlarının dövlət yol polisi idarələrinin, şöbələrinin rəisləri, onların müavinləri, ərazi polis orqanlarının dövlət yol polisi bölmələrinin rəisləri, ərazi polis orqanlarının dövlət yol polisi qruplarının rəhbərləri baxırlar. Qanunvericiliyin tələblərindən göründüyü kimi şəxs eyni vaxtda öz hərəkətləri ilə bir neçə inzibati xətanı törətdikdə əgər bu xətalar eyni orqanın səlahiyyətinə aiddirsə, ona daha ciddi inzibati tənbeh tətbiq edilə bilər. Göründüyü kimi İXM-in 329.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq etmə səlahiyyəti rayon (şəhər) məhkəmələrinin deyil, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aiddir. Belə olan halda, məhkəmə tərəfindən Şəxs İXM-in 329.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilməsi istisna edilir. Odur ki, hazırki iş üzrə Şəxs İXM-in 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. İXM-in: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilə-rkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təq-si-ri-nin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs İXM-in 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakterini, onun şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və Şəxs İXM-in 329.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X11 göndərilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-51, 114,128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs İXM-in 329.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X11 göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar