Məhkəmə qərarları › İş №3(004)-1969/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1969/2021

25.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1969/2021 25.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X5 iclas katibliyi ilə, tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edən şəxs Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin inspektoru X2, Zərərçəkmiş şəxs X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Lənkəran rayonu, Sütəmuradov ərazi dairəsi, Sütəmurdov kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXMnin) 327.1 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.1 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş 24 avqust 2021-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün məhkəməyə daxil olmuşdur. Bakı şəhəri Yasamal Rayon DYPŞ-si tərəfindən tərtib edilmiş 24 avqust 2021-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 20 avqust 2021-ci il tarixdə 18:05 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi olmadan idarə etdiyi “Toyota” (minik) markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Yasamal rayonu Şərifzadə istiqamətində hərəkətdə olarkən ondan öndə hərəktəsiz dayanan X3 idarə etdiyi “Mercedes Benz 220” markalı **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuşdur. Nəticədə sonuncuya məxsus avtomobil əzilmiş və avtomobilin sahibinə 950 (doqquz yüz əli) manat məbləğində maddi zərər dəymişdir. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 327.1 (Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə) və 332.4-cü (İXM-nin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində, yəni nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini idarə edilməsi nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə) maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Şəxs tərtib edilmiş protokolla tanış olaraq imza etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin inspektoru X4 protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi olmadan “Toyota” (minik) markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 20 avqust 2021-ci il tarixdə 18:05 radələrində Yasamal rayonu Şərifzadə istiqamətində hərəkətdə olarkən araməsafəsi saxlamadığından yol hərəkəti qaydasını pozaraq ondan öndə hərəkətsiz dayanan X3 idarə etdiyi “Mercedes Benz 220” markalı **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuşdur. Nəticədə sonuncuya məxsus avtomobil əzilmiş və avtomobilin sahibinə 950manat məbləğində maddi zərər dəymişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Göstərilənlərə əsasən X4 inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan Şəxs özünü protokol üzrə tam təqsirli bilərək izahatında göstərmişdir ki, 20 avqust 2021-ci il tarixdə 18:05 radələrində Yasamal rayonu Şərifzadə istiqamətində ona məxsus “Toyota” (minik) markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən araməsafəsini düzgün tənzimləmədiyindən ondan öndə hərəkətsiz vəziyyətdə dayanan X3 idarə etdiyi “Mercedes Benz 220” markalı **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində hər hansı bir bədən xəsarəti alan olmamış, yalnız nəqliyyat vasitələrinə maddi ziyan dəymişdir. Şəxs əlavə olaraq bildirmişdir ki, hazıradək nəqliyyat vasitəsi idarə etmək hüququ verən sürücülük vəsiqəsi olmasına baxmayaraq, məhkəmə hökmü ilə bu hüququ məhdudlaşdırılmışdır. Hazırda törətdiyi əməldən peşmandır, zərərçəkmiş şəxslə barışmış və sonuncu ona qarşı şikayətçi deyildir. O, qeyd olunan hallar nəzərə alaraq barəsində həbslə bağlı olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində zərərçəkmiş şəxs X6 izahatında bildirmişdir ki, o, 20 avqust 2021-ci il tarixdə 18:05-də etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz C220” markalı **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Yasamal rayonu Şərifzadə istiqamətində hərəkətdə olarkən ondan arxada hərəkətdə olan “Toyota” (minik) markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobil düzgün ara məsafəsi saxlamadığından svetoforda dayanan zaman onun avtomobilinin arxa hissəsinə çırpılmış və avtomobilinə 950 manat dəyərində maddi ziyan dəymişdir. O, Şəxs ilə barışmış və ona qarşı heç bir şikayəti yoxdur. Odur ki, Şəxs həbslə bağlı olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 34-cü maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. İnzibati xətalar qanunvericiliyinin tələbinə görə, inzibati tənbeh tətbiq edən orqan və vəzifəli şəxslərdən fərqli olaraq, rayon məhkəmələri nisbətən ağır sanksiya (tənbeh) ilə nəticələnən inzibati xətalara dair işlərə baxırlar. Baxılması rayon məhkəmələrinə aid edilən inzibati xətalar haqqında işlər İXM-nin 43-cü maddəsində nəzərdə tutulmuşdur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Məhkəməyə təqdim edilmiş 24 avqust 2021-ci il tarixli, İXP seriyalı ******* nömrəli protokoldan isə görünür ki, həmin protokol Azərbaycan Respublikası DİN Bakı şəhər Yasamal RPİ-nin DYPŞ-si tərəfindən Şəxs İXM-nin 327.1 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə tərtib edilmişdir. İXM-nin 43.1-ci maddəsinə görə protokolda qeyd edilən yalnız 332.4-cü maddədə nəzərdə tutulmuş inzibati xətaya dair işə baxılması məhkəmənin səlahiyyətinə aid olduğundan, məhkəmə Şəxs hərəkətlərində yalnız həmin maddənin tərkibinin olub-olmamasına qiymət verir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddələrində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 24 avqust 2021-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş yol nəqliyyat hadisəsinin sxemindən, eləcə də fotoşəkillərdən görünür ki, Şəxs oğlu 20 avqust 2021-ci il tarixdə 18:05 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi olmadan idarə etdiyi “Toyota” (minik) markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Yasamal rayonu Şərifzadə istiqamətində hərəkətdə olarkən düzgün araməsafəsi saxlamadığından ondan öndə hərəkətsiz dayanan X3 idarə etdiyi “Mercedes Benz 220” markalı **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuşdur. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, “Mercedes Benz 220” markalı **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsində əzilmə izləri vardır. İş materiallarında olan 25 iyun 2021-ci il tarixli qüsur aktından müəyyən edilir ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz” markalı **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobilə 950 (doqquz yüz əlli) manat dəyərində maddi ziyan dəymişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin X1 çıxarışdan müəyyən edilir ki, məhkəmə hökmünə əsasən Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ 04.02.2019-cu il tarixdən 1 (bir) il 6 (altı) ay müddətinə məhdudlaşdırılmaqla o, 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş AD seriyalı 668233 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”ndən müəyyən edilir ki, “Toyota Prius” (minik) markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobil X7 mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş 01 iyun 2021-ci il tarixli etibarnamədən müəyyən edilir ki, “Toyota Prius” (minik) markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobil Şəxs 01 iyun 2022-ci il tarixədək idarə etmək hüququ ilə etibar edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respunlikası “Yol hərəkəti haqqında” Qanununun 33-cü maddəsinin 1-ci hissəsinə görə həmin maddənin ikinci hissəsində nəzərdə tutulan yaş həddinə çatmış, sağlamlıq cəhətdən sürücülüyə yararlı, yol hərəkəti qaydalarını bilən, sürmə vərdişi və sürücülük vəsiqəsi olan hər bir fiziki şəxs Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini idarəetmə hüququna malikdir. Həmin maddənin 4-cü hissəsinə görə velosiped, araba, asma mühərrikli velosiped və moped istisna olmaqla, Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük vəsiqəsi əsasında həyata keçirilir. Həmin Qanunun 50-ci maddəsinin 1-ci hissəsinə görə sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Həmin maddənin 3 və 4cü hissələrinə sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun. Yaşayış məntəqələrindən kənarda ötməni asanlaşdırmaq məqsədilə, asta gedən, ağır yüklü və ya uzun nəqliyyat vasitələrinin sürücüləri eyni zolaqda özlərindən qabaqda gedən nəqliyyat vasitəsi ilə kifayət qədər ara məsafəsi saxlamalıdırlar ki, onları ötən nəqliyyat vasitələri ötməni tam təhlükəsiz şəraitdə başa çatdırsınlar. Əgər sürücü ötmə əməliyyatına başlamışdırsa və ötürsə, bu tələbə əməl olunmur. Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud ara məsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə - yüz manat məbləğində cərimə tənbeh tədbiri tətbiq olunur. Həmin Məcəllənin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəasının şərh edilməsinə dair 24 sentyabr 2014-cü il tarixli qərarında qeyd olunur ki, “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası hadisə törədilən zaman ümumiyyətlə sürücülük vəsiqəsi olmayan şəxsi, qanunvericiliyə uyğun olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmiş şəxsi, nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmış şəxsi, həmin növ nəqliyyat vasitəsini idarə etmək hüququna malik olmayan şəxsi ehtiva edir. Azərbaycan Respublikası “Yol hərəkəti haqqında” Qanunun 33cü maddəsinin V hissəsində isə fiziki şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılmasından bəhs olunur. Həmin normaya əsasən Azərbaycan Respublikasının ərazisindəki yollarda hər hansı fiziki şəxsin nəqliyyat vasitələrini idarəetmə hüququ yalnız aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla bilər: 1) şəxsin sürücülük vəsiqəsinin etibarlıq müddəti qurtarıbsa - sürücülük vəsiqəsi dəyişdirilənədək; 2) şəxs tərəfindən yol hərəkətinin qaydaları bu Qanunla müəyyən edilmiş hallarda kobud surətdə pozulmuşdursa-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyəmn olunmuş qaydada beş ildən artıq olmayan müddətin qurtarmasınadək; 3) şəxsdə bu maddənin üçüncü hissəsində nəzərdə tutulmuş xəstəliklər və ya fiziki qüsurlar müəyyən edilərsə - xəstəlik müalicə olunanadək və ya fiziki qüsur aradan qaldırılanadək. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs 20 avqust 2021-ci il tarixdə 18:05 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi olmadan idarə etdiyi “Toyota” (minik) markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Yasamal rayonu Şərifzadə istiqamətində hərəkətdə olarkən mövcud şəraitdə düzgün ara məsafəsi seçmədiyindən yol ondan öndə hərəkətsiz dayanan X3 idarə etdiyi “Mercedes Benz 220” markalı **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuş, nəticədə sonuncu avtomobil əzilmiş və avtomobilin sahibinə 950 manat dəyərində maddi zərər dəymişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olub-olmaması araşdıraraq hesab edir ki, Şəxs əməlindən səmimi peşimançılığı, zərərçəkmiş şəxslə barışmasını və 2-ci Vətən Müharibəsi iştirakçısı olmasını onun məsuliyyətini yüngülləşdirici hal kimi qiymətləndirilməlidir və ağırlaşdırıcı hal aşkar edilmədi. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, onun barəsində şəxsiyyətini xarakterizə edən hallar nəzərə alınmaqla cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Bundan başqa, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin olub-olmamasına qiymət verilməsi üçün toplanmış materialların surəti aidiyyəti üzrə Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Yasamal RPİ-nin X12 Şöbəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 34, 40, 43, 48-51, 114-117, 128-130 və 332.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddələri ilə təqsirli bilinsin və onun barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin olub-olmamasına hüquqi qiymət verilməsi üçün toplanmış materialların surəti aidiyyəti üzrə Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Yasamal RPİ-nin X12 Şöbəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar