Məhkəmə qərarları › İş №3(004)-1974/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1974/2020

21.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1974/2020 21.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Yasamal RPİ-nin 28-ci PB-nin sahə inspektoru X4, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1982-ci ildə Yerevan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı şəhəri, Yasamal rayonu, Salamzadə küçəsi 5 inzibati binada qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal rayon Polis İdarəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına xx xxxxxx 2020-ci il tarixdə daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Yasamal RPİ-nin 28-ci Polis Bölməsinin təhqiqatçısı Emil İslamovun xx xxxxxx 2020-ci il tarixli qərarından və rədd materialına əsasən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 09:30 radələrində “Şirin Su” şirkətinə məxsus “Qazel” markalı **-JS-*** dövlət qeydiyyat nişanlı maşından H.B.ünvan 2 ünvanında “Agrispace” şirkətinə məhsul verən zaman oturacağın üstündən 200 AZN və “Lenovo” planşet oğurlamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin polis sahə inspektoru, X5 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2020-ci il tarixdə səhər saatlarında Yasamal rayonunda, ünvan 2 ünvanında yerləşən şirkətə su məhsulları verilərkən “Qazel” markalı maşının qapısının açıq olduğunu görmüş, maşına yaxınlaşaraq oturacağın üstündən 200 AZN dəyərində olan “Lenovo” markalı planşeti götürmüşdür. Planşeti 20 manata satmış və əldə etdiyi pulu xərcləmişdir. Əməlindən peşimandı. Şəxs məhkəmənin sualına cavab olaraq bildir ki, o əvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234 və 177-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmuşdur. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X3 izahatında bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 09:30 radələrində “Şirin Su” şirkətinə məxsus “Qazel” markalı **-JS-*** dövlət qeydiyyat nişanlı maşınla H.B.ünvan 2 ünvanında “Agrispace” şirkətinə məhsul verən zaman oturacağın üstündən 200 AZN dəyərində “Lenovo” markalı planşeti oğurlamışdır. Yekun olaraq o Şəxs tərəfindən ona dəymiş zərərin ödənilmədiyini və onun barışmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Yasamal RPİ-nin 28-ci PB-nin təhqiqatçısı Emil İslamov tərəfindən X1 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, hadisəni törədən Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsindən ötrü qəbul edilmiş qərarın surəti 28-ci PB-nə göndərilmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 12:00-da inzibati qaydada tutulmuşdur. İş materiallatında olan Yasamal RPİ-nin 28-ci PB-nin təhqiqatçısı Emil İslamov tərəfindən 28-ci Polis Bölməsinin rəisinə ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli raportdan görünür ki, vətəndaş X2 müraciəti əsasında təhqiqat araşdırılması aparılaraq göstərilən fakta Şəxs əməlində cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Lakin həmin hadisəni törətmiş Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin aidiyyatı əməkdaşa həvalə edilməsinə göstəriş verilməsini xahiş etmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs özgənin əmlakını talayaraq İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı və tədqiq olunmuş digər materiallarla tam təsdiqini tapmışdır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-in 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşman olmasını inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. İXM-in 33-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-in: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır; 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən, bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Məhkəmə, işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halları və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli Şəxs polis əməkdaşları tərəfindən saxlanıldığı yəni, xx xxxxxx 2020-ci tarixdən saat 12:00-dan hesablanmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 02 (iki) ay müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli xx xxxxxx 2020-ci tarixdən saat 12:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar