Məhkəmə qərarları › İş №3(004)-1980/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1980/2021

26.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1980/2021 26.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X2 iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Bakı şəhər Yasamal RPİ-nin 29cu PŞ-nin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1980-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında Ysamal RPİ-nin inzibati binasında qeydiyyatda olmaqla müxtəlif ünvanlarda kirayədə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-si tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal RPİ-nin 29-cu PŞ-si tərəfindən tərtib edilmiş 26 avqust 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Protokoldan görünür ki, Şəxs 25 avqust 2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində ictimai qaydanın mühafizəsi vəzifələrini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 535.1 (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Yasamal RPİ-nin 29-cu PŞ-nin polis sahə inspektoru X3 izahatında bildirmişdir ki, 25 avqust 2021-ci il tarixdə rayon polis şöbəsinin sahə inspektoru S.Quliyev şöbəyə raportla müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində xidməti vəzifəsini icra edən zaman bir nəfər şəxsin yüksək səslə ictimai qaydanı pozduğunu görmüş, ona yaxınlaşmış, özünü təqdim etmiş və ondan özünü təqdim etməyini tələb etdikdə sonuncu qaçmağa başlamış, saxlanıldıqda isə özünü təqdim etməkdən imtina etmişdir. Həmin şəxs sahə inspektoru tərəfindən saxlanılaraq şöbəyə gətirilmişdir. Şöbədə onun şəxsiyyəti yoxlanılaraq Şəxs olması müəyyən edilmişdir. Həmçinin aparılan araşdırma ilə Şəxs tərəfindən polis işçisinin qanuni tələblərinə tabe olmamağa görə barəsində İXM-nin 535.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Şəxs tərtib edilmiş protokolla tanış olaraq imza etmişdir. X3 göstərilənlərə əsasən Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında özünü təqsirli bilərək göstərmişdir ki, 25 avqust 2021-ci il tarixdə o, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində olarkən polis əməkdaşlarının ona yaxınlaşmasını görüb anidən qaçmağa başlamışdır. Şəxs qaçmasının səbəbini onunla izah etmişdir ki, o, əvvəllər məhkumluğu olduğundan və hazırda da şübhəli şəxs qismində cəlb edilə biləcəyindən qorxub onlardan qaçmağa cəhd göstərmişdir. Həmin polis işçiləri ondan hərəkətini dayandırmasına tələb etməsinə baxmayaraq onların qanuni tələbinə tabe olmayıb qaçmağa davam etdirmişdir. Bundan sonra polis işçiləri onu saxlamış və o, 29-cu PŞ-nə gətirilmişdir. 26.08.2021-ci il tarixdə PŞ-də inzibati həbsdən azad olunduqdan sonra polis əməkdaşlarının müşayiəti ilə məhkəməyə gətirilmişdir. Şəxs hazırda əməmlindən səmimi peşman olduğunu və barəsində yüngül inzibati tənbeh tədbirinin təyin edilməsini məhkəmədən xahiş etdi. Verilmiş suallara əsasən o, ictimai yer hesab edilən küçədə səsküy salmasını sərxoş olması ilə izah etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirildiyindən o, təqsirli bilinməli və barəsində inzibati tənbeh tədbiri təyin edilməlidir. Belə ki, iş materiallarında olan Yasamal RPİ-nin 29-cu PŞ-in sahə inspektoru S.Quliyev tərəfindən tərtib edilmiş 25 avqust 2021-ci il tarixli raportdan görünür ki, həmin tarixdə, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində xidmət apararkən bir nəfər şəxsin yüksək səslə ictimai qaydanı pozduğunu görmüş, ona yaxınlaşmış, özünü təqdim etmiş və ondan özünü təqdim etməyini tələb etdikdə sonuncu qaçmağa başlamışdır. Həmin şəxs saxlanılaraq Yasamal RPİ-nin 29-cu PŞ-yə gətirilmişdir. Polis şöbəsində məlum olmuşdur ki, həmin şəxs xx xxxx 1980-ci il təvəllüdlü Şəxsdur. Bundan başqa iş materiallarında olan 25 avqust 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 17:00-da tutulmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər üçün iki yüz manat məbləğində cərimə və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs növündə tənbeh tədbirinin tətbiq olunması nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, onun şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin onun islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş həbs növündə tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Beləliklə məhkəmə hesab edir ki, Şəxs inzibati həbsdə saxlama müddətinin əvvəli şəxsin azadlığı faktiki məhdudlaşdırıldığı andan, yəni 25 avqust 2021-ci il tarixdən saat 17:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 43, 106- 112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 535.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri təyin edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsetmə müddətinin əvvəli 25.08.2021-ci il tarixdən saat 17:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsində mühafizə altında saxlanılsın. Qərarın icrası Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-yə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar