Məhkəmə qərarları › İş №3(004)-1983/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1983/2022

19.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1983/2022 19.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsmayılzadə Turan Tahir qızının katibliyi, Bakı şəhəri Yasamal RPİ-nin 27-ci polis bölməsinin polis sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 26 avqust 1997-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 19 aprel 2022-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, Şəxs 18 aprel 2022-ci il tarixdə saat 23:00 radələrində Yasamal rayonu, ərazisində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinin polis sahə inspektoru X3 protokolu müdafiə edərək bildirmişdir ki, 19 aprel 2022-ci il tarixdə Yasamal rayon ərazisində Yol Patrul Xidmətinin əməkdaşları Şəxs idarə etdiyi **-SY-*** dövlət qeydiyyat niaşnlı avtomobilə saxla əmri vermişdir. Şəxs polisin tələbinə tabe olmayaraq oradan uzaqlaşmış lakin polis əməkdaşları tərəfindən saxlanılmışdır. Avtomobildən düşməsi tələb edilsədə yenədə polisin tələbinə tabe olmamışdır. Bundan sonra Şəxs avtomobildən endirilməsinə nail olunmuş və avtomobil müvəqqəti dayanacağa təmin edilmiş, sürücü isə sərxoşluğun müəyyən edilməsi üçün aparılmışdır. Sərxoşluq müayinəsindən keçirilərkən Şəxs yenidən qaçaraq oradan uzaqlaşmağa çalışmış lakin yenidən polis əməkdaşları tərəfindən saxlanılmış daha sonra 27-ci PB-nə təmin edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmənin sualına cavab olaraq bildir ki, Şəxs polis bölməsində olan zaman polis əməkdaşlarının qanuni tələblərinə tabe olmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək bildirmişdir ki, İkinci qarabağ Müharibəsində iştirak edərək Füzulinin, Zəngilanın və Şuşanın azad olunması uğrunda döyüşlərdə fərqlənmiş, 4 gün əsirlikdə saxlanılmışdır. Həmin dövrdə güclü psixi sarsıntılar keçirmiş və onun təzahürləri hələdə qalmaqdadır. 18 aprel 2022-ci il tarixdə Ziya Bünyadov prospektində **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən polis əməkdaşı tərəfindən saxla əmri verilmiş lakin qorxduğu üçün 3-cü mikrorayon dairəsində evlərinin yaxınlığında avtomobilini saxlamışdır. Polis əməkdaşları onun avtomobilinin şüşəsini döyərək maşından düşməsini tələb etmişlər. O isə qorxmuş keçirdiyi psixi sarsıntıların fonunda avtomobildən düşməkdən imtina etmişdir. Bir müddət sonra həmin şəxslərin polis olduğunu anlamış və avtomobildən düşmüşdür. Polis əməkdaşları tərəfindən avtomobil müvəqqəti dayanacağa təmin edilmiş, o isə sərxoşluğun təyin edilməsi məqsədilə narkoloji mərkəzə aparılmışdır. Orada yaşanan stuasiyaların fonunda yenidən qorxmuş və oradanda qaçaraq uzaqlaşmaq istəmiş lakin polis əməkdaşları tərəfindən saxlanılaraq 27-ci polis bölməsinə təmin edilmişdir. Yekun olaraq əməlindən peşman olmasını, ilk dəfə inzibati xəta törətməsini, müharibə veteranı olmasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə verilmiş suala cavab olaraq bildirdi ki, o, saxlanılarkən ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan hüquqları izah olunmuş, iş materialları ilə tanış olmuş, tutulan zaman və polis şöbəsində olduğu dövrdə heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirmişdir ki, 18 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, A.Salamzadə küçəsində xidmətdə olarkən **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən yol hərəkəti qaydalarının pozulmasını müşahidə etdiklərindən həmin avtomobilə saxla əmri vermişdirlər. Sürücü isə əmrə tabe olmayaraq saxlamamış, bundan sonra süni tıxac yaradılması yolu ilə həmin sürücü saxlanılmışdır. Avtomobildən düşməsi tələb edilsədə bundan imtina etmişdir. Bundan sonra avtomobil duracağa təmin edilmiş, sürücü isə sərxoşluğun təyin edilməsi məqsədilə narkoloji mərkəzi aparılmışdır. Oradada qaydalara əməl etməməyə davam etmişdir. Dəfələrlə nizam intizama dəvət edilmiş lakin sürücü oradanda qaçaraq uzaqlaşmağa cəhd göstərmişdir. Bundan sonra Şəxs 27-ci polis bölməsinə təmin edilmişdir. İş materiallarında olan: YPX inspektoru Kazımov N. Və Eynullayev A. tərəfindən 27-ci polis bölməsinin rəhbərliyinə ünvanlanmış 18 aprel 2022-ci il tarixli raportdan görünür ki, 18.04.2022-ci il tarixdə axşam təlimatında iştirak etdikdən sonra A.Salamzadə küçəsində **-YP-*** çağırışlı avtopatrulda xidmətdə olduqları zaman **-SY-*** dövlət qeydiyyat nişanlı avtomaşını davamlı olaraq yol hərəkəti qaydalarını kobud pozduğuna görə polis əməkdaşları tərəfindən saxla əmri verilmiş lakin sürücü əmrə tabe olmamış və sürəti artırmışdır. Onlar çevik hərəkət göstərərək süni tıxac yaradaraq maşını saxlayıb sürücünü yaxalamış, sürücü dəfələrlə nizam intizama dəvət edilmiş ancaq sürücü tabesizlik göstərərək qaçmağa cəhd göstərmiş və onlar onu saxlamış və 27-ci polis bölməsinə dəvət etmişlər. İnzibati qaydada tutma haqqında 18 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 23:45-də inzibati qaydada tutulmuşdur. Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, Şəxs müharibə veteranıdır. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. Belə ki, X2 xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması özünün etirafedici izahatından başqa, məhkəmə iclasında araşdırılan digər sübutlarla təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs 18 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, A.Salamzadə küçəsində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinə tabe olmama kimi halların, yəni İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs törətdiyi ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini, müharibə veteranı olmasını məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirilir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını, şəxsiyyətini xarakterizə edən halları və cəmiyyətin maraqlarını nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli həmin Məcəllənin 31.4-1-ci maddəsi nəzərə alınmaqla, onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən halı, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli həmin Məcəllənin 31.4-1-ci maddəsi nəzərə alınmaqla, onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3, 40, 43, 48-51, 114-117, 128-130 və 535.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək həmin Məcəllənin 31.4-1-ci maddəsi nəzərə alınmaqla 150 (yüz əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar