Məhkəmə qərarları › İş №3(004)-1989/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1989/2022

05.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1989/2022 05.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X3 iclas katibliyi ilə Qərarından şikayət verilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sanitariya Epidemioloji Xidmətinin nümayəndəsi X5, X1nun iştirakları ilə, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 211.3-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sanitariya Epidemioloji Xidməti tərəfindən qəbul edilmiş 17 mart 2022-ci il tarixli MN seriyalı ******* nömrəli qərardan verilmiş şikayətinə açıq məhkəmə iclasında baxılaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: X7 şikayətlə Yasamal Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İXM-nin 211.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sanitariya Epidemioloji Xidməti tərəfindən qəbul edilmiş 17 mart 2022-ci il tarixli MN seriyalı ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. X1 ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən, ********** VÖEN-ə əsasən işlətdiyi (sahibkarı olduğu) “Sole Mio” kafesinə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sanitariya Epidemioloji Xidmətinin nümayəndəsi X10 tərəfindən 02.03.2022-ci il tarixdə işçinin fərdi mühafizə vasitəsindən (tibbi maska) istifadə etmədiyi bəhanəsi ilə heç bir əsası olmayan protokol tərtib edilmişdir. Həmin vaxt özü orada olmadığına görə sahibkarın nə özündən nə də nümayəndəsindən izahat alınmamışdır. Tərtib edilmiş protokol ünvanına göndərilməmiş, heç bir yerə dəvət olunmamış, xəbərdar etmədən və iştirakı olmadan 17.03.2022-ci il tarixdə haqqında inzibati tənbeh vermə haqqında qərar (MN seriyalı 1130013) qəbul edilmişdir. Qərara əsasən İXM-nin 211.3-cü maddəsi ilə 600 manat məbləğində cərimə olunmuşdur. Haqqında tərtib olunmuş protokolu və qərarı 12.04.2022-ci il tarixində ilk dəfə e-mail ünvanına və Asan ödəniş kabinetinə göndərmişlər. 12.04.2022-ci il tarixinə qədər ona heç bir sənəd təqdim edilməyib və heç bir yerə dəvət olunmamışdır. Həmçinin bildirmişdir ki, cəriməni yazan şəxs obyektdə olarkən heç kimə heç bir maddi sübut təqdim etməyib, protokol tərtib etməyə heç bir əsası olmayıb. Belə ki haqqında qəbul edilmiş qərarı əsassız və qeyriqanuni hesab edir. Yekun olaraq o, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sanitariya Epidemioloji Xidməti tərəfindən barəsində qəbul edilmiş Azərbaycan Respublikası İXM-nin 211.3-cü maddəsilə olan 17 mart 2022-ci il tarixli MN seriyalı ******* nömrəli qərarın ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X1 şikayətin dəlillərinə uyğun izahat verərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sanitariya Epidemioloji Xidməti tərəfindən qəbul edilmiş 17 mart 2022-ci il tarixli MN seriyalı ******* nömrəli qərar əsassız və qanunsuz olduğundan onu ləğv edərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, həmin vaxt onun bütün əməkdaşları tibbi maskadan istifadə etmişdir və bu fotoşəkildə də öz əksini tapır. Qərarından şikayət verilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sanitariya Epidemioloji Xidmətinin nümayəndəsi X11 şikayət ərizəsinə etiraz edərək bildirmişdir ki, şikayət əsassız olduğundan rədd edilməli və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sanitariya Epidemioloji Xidməti tərəfindən qəbul edilmiş 17 mart 2022-ci il tarixli MN seriyalı ******* nömrəli qərar qanuni olduğundan qüvvəsində saxlanılmalıdır. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, “Sole Mio” kafesində işçinin tibbi maskadan istifadə etməməsi yaxud maskanın onun tənəffüs yollarını tam bağlamaması ilə bağlı digər yəni daha keyfiyyətli fotoşəkil mövcud deyildir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında bildirmişdir ki, 02 mart 2022-ci il tarixdə bir neçə şəxs restorana daxil olaraq işçilərin tibbi maskadan istifadə etməməsini bildirərək akta imza etməli olduğunu bildirmişlər. O həmin şəxslərdən bunu təsdiq edən fotoşəkili tələb etsədə onlar bildirmişlər ki, sübutlar yalnız qanuni nümayəndəyə təqdim edilə bilər və hal-hazırda heç bir qərar qəbul edilmir. O imza etdiyi sənədin nə barədə olmasından məlumatsız olmuş və ona hər hansı başqa sənəd təqim edilməmişdir. Məhkəmə tərəflərin izahatını, şahidin ifadəsini dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 02.03.2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X7 həmin tarixdə Yasamal rayonu, Zahid Xəlilov 53 ünvanında “Sole Mio” kafetariasında saat 18:45-də işçi fərdi mühafizə vasitəsindən (tibbi maska) istifadə etməmişdir. Nəticədə X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sanitariya Epidemioloji Xidməti tərəfindən qəbul edilmiş edilmiş 17 mart 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan müəyyən edilir ki, X7 barəsində tərtib edilmiş 02 mart 2022-ci il tarixli MN seriyalı ******* nömrəli protokol əsasında Azərbaycan Respublikasının İXM-nin 211.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək barəsində inzibati 600 manat inzibati cərimə növündə inzibati tənbeh tədbiri tədbiq edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sanitariya Epidemioloji Xidməti tərəfindən tərtib edilmiş 02.03.2022-ci il tarixli aktdan görünür ki, işçi fərdi mühafizə vasitəsindən (tibbi maska) istifadə etməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sanitariya Epidemioloji Xidməti tərəfindən təqdim edilmiş fotoşəkildən görünür ki, fotoşəkildə əks olunmuş şəxs tibbi maskadan istifadə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinə əsasən Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə – fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 211.3-cü maddəsinə əsasən bu Məcəllənin 211.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə – fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 2020-ci il tarixli 189 nömrəli Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə qərarına əsasən, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyriyoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə aşağıda qeyd edilən hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir: 1.1. şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.); 1.2. bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla); 1.3. dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə; 1.4. fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində; 1.5. açıq sahəli ofislərdə və istehsalat yerlərində; 1.6. tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə; 1.7. ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə; 1.8. insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda.

2. Tənəffüs yollarını qoruyan fərdi vasitələrin istifadəsi yeni növ koronavirus (COVİD- 19) infeksiyasına qarşı digər qoruyucu tədbirləri (gigiyena, sosial məsafə və s.) əvəz etmir və həmin qoruyucu tədbirlərin görülməsi davam etdirilməlidir.

3. Bu Qərarın 1-ci hissəsinin tələblərinin pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qeyd edilən 17 mart 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar və iş materialları məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, X7 tərəfindən törədilməsi iddia edilən Azərbaycan Respublikası İXM-nin 211.3-cü maddəsinin dispotozitiv şərtlərini sübut edən hallar tam əks olunmamış, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sanitariya Epidemioloji Xidmətinin əməkdaşı tərəfindən təqdim edilən qrafikası zəyif olan fotofəkildən görünür ki, həmin şəxs tibbi maskadan istifadə etmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə görə Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. İş materiallarından və tərəfin məhkəmə iclasında verdiyi izahatdan müəyyən edilmişdir ki, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X4 iştirakı olmadan baxılaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X9 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Qeyd olunur ki, Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, 02 mart 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş 17 mart 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən 02 mart 2022-ci il tarixdə “Sole Mio” kafesinin işçinin fərdi mühafizə vasitəsindən (tibbi maska) istifadə etməmişdir. Lakin həmin qərarı qəbul etmiş orqan tərəfindən təqdim edilmiş qrafikası zəyif olan fotoşəkildən görünür ki, fotoşəkildə əks olunmuş şəxs həmin vaxt tibbi maskadan istifadə etmişdir. Məhkəmə hesab edir ki, X4 əməlində inzibati xəta tərkibinin əlamətləri yoxdur və bu səbəbdən onun təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədiyi üçün, qərar ləğv edilməli, həmin əməlin törədilməsində təqsirsiz bilinməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ :

X4 şikayəti təmin olunsun. X7 barəsində qəbul edilmiş 17 mart 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sanitariya Epidemioloji Xidməti tərəfindən qəbul edilmiş 17 mart 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında Mərkəzi İnformasiya sistemində X4 barəsində yerləşdirilmiş inzibati cərimə silinsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar