Məhkəmə qərarları › İş №3(004)-1991/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1991/2021

27.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1991/2021 27.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə, xx.xx.1982-ci il tarixdə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağdam rayonu, Seyidli kəndində qeydiyyatda olan və Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 131a, Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin yataqxanasında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Bakı Şəhəri Yasamal rayonu İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Yasamal Rayon İcra Şöbəsi (icra məmuru Aslan Aslanbəyli) tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə 27.08.2021-ci il tarixdə, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3090/2013 saylı, 09.09.2013-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 27.09.2003-cü il təvəllüdlü X4 və 05.01.2006-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılmalarına görə hər ay hər uşaq üçün 93 (doxsan üç) manat, cəmi 186 (yüz səksən altı) manat sabit pul məbləğində aliment tutularaq tələbkar X3 ödənilməlidir. Borclu icra vərəqələrində göstərilən tələbləri tam icra etməmişdir və bunun nəticəsində hazırkı vaxtadək, 1 uşaq atasnın yanında qaldığından, digər uşaq isə anasıyla birlikdə qaldığından, təkrar icraata başlanıldığı 10.02.2020-ci il tarixdən hesablanmaqla anasının yanında qalan uşağa görə icraata başlanıldığı gündən hazırkı vaxtadək 1674 manat aliment borcu yığılmışdır. Beləliklə də borclu icra sənədlərini üzürsüz səbəbdən icra etməmişdir. Borclu Şəxs bildirdi ki, əvvəllər qətnamə icraya yönəldikdən sonra tələbkar ilə öz aralarında razılıq olduğu üçün, tələbkar icra şöbəsinə müraciət edərək sənədlərin geri qaytarılmasını xahiş etmişdir, buna görə də icra sənədi məhkəməyə geri qaytarılmış, qətnamənin icrası üzün müddət tələb etməmişlər. Lakin sonradan tələbkar məhkəməyə müraciət edərək qətnamənin yenidən icraya yönəldilməsini təlləb etmişdir. Bundan sonra yenidən keçən il icraat başlanılmışdır. Buna baxmayaraq uşaqlardan biri, yəni 05.01.2006cı il təvəllüdlü Nihat artıq 3 il olar ki, yəni qətnamə icraya yönəldilməzdən də əvvəl atasının yanında qalır. Buna görə də həmin uşağının bütün tələbatlarını o ödəyir. Digər oğlu 27.09.2003-cü il təvəllüdlü Aqşin isə anasıyla qalır. Buna baxmayaraq Aqşinə görə də müxtəlif vaxtlarda keçmiş arvadı Aynurə Əliyevaya pullar vermişdir. İndiyə qədər verdiyi pullar nəzərə alınmasa da, 1 uşaq anasının yanında qaldığı, 1 uşaq isə onunla qaldığı üçün, qətnamənin icraya yönəldiyi gündən, yəni 10.02.2020-ci il tarixdən hazırkı vaxtadək 1 uşağa görə aliment borcu 1674 manat təşkil edir. Heç bir yerdə rəsmi işləmir, fəhləlik eliyir, gündə 10-15 manat pul qazanır. Başqa gəliri yoxdur, adına əmlak yoxdur. Ağdam rayonundan məcburi köçkündür. Bununla belə borca pul götürərək, aliment borcunun 1400 manatını hazırda ödəmək istəyir, pul öz üzərindədir, məhkəmə zalında da ödənişi edə bilər, lakin tələbkar pulu götürmür, 1674 manatı tam istəyir. Lakin həmin pulu birdəfəlik ödəməyə imkanı yoxdur. Göstərilənlərə əsasən ödənişdən yayınmır, qətnamənin icrasından yayınmır. Göstərilən halların nəzərə alınaraq işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən tələbkar X6 məhkəməyə verdiyi izahatında bildirdi ki, həqiqətən də əvvəllər qətnamə icraya yönəldikdən sonra öz aralarında razılıq olduğu üçün, icra şöbəsinə müraciət edərək icra sənədinin geri qaytarılmasını xahiş etmişdir, buna görə də icra sənədi məhkəməyə geri qaytarılmış, qətnamənin icrası üzün müddət tələb etməmişdir. Lakin sonradan məhkəməyə müraciət edərək qətnamənin yenidən icraya yönəldilməsini təlləb etmişdir. Bundan sonra yenidən keçən il icraat başlanılmışdır. Uşaqlarından biri, yəni 05.01.2006-cı il təvəllüdlü Nihat artıq 3 il olar ki, yəni qətnamə icraya yönəldilməzdən də əvvəl atasının yanında qalır, həmin uşağa atası baxır, uşağının bütün tələbatlarını atası ödəyir. Digər oğlu 27.09.2003-cü il təvəllüdlü Aqşin isə onunla, yəni anasıyla qalır. Aqşinə görə alimenti vermədiyi üçün icra şöbəsinə müraciət etmiş və icra şöbəsi də bu barədə protoolk tərtib edib məhkəməyə göndərmişdir. Yanında qalan Aqşinə görə hazırkı vaxtadək 1674 manat aliment borcu yığışmışdır. Borclu Şəxs həmin borcun 1400 manatını məhkəmə iclas zalında ona təqdim etmişdir, lakin o həmin pulu götürməkdən imtina edir, 1674 manatı tam tələb edir. Bu səbəbdən də borclu barəsində tədbir görülməsini xahiş etdi. Protokol tərtib etmiş Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Aslan Aslanbəyli məhkəməyə verdiyi izahatında bildirdi ki, borclu icra vərəqələrində göstərilmiş tələblər üzrə xəbərdar edilmişdir. İcra sənidinin icrası ilə bağlı borclunun əmlak vəziyyəti yoxlanılmış, müvafiq sorğular verilmiş, borclunun adına gəliri, maaşı, pulu, daşınar və ya daşınmaz əmlakı olması aşkar edilməmişdir. Borclu imkanı olduqca müəyyən qədər ödənişlər etmişdir, lakin buna baxmayraq tam ödəniş edilməmişdir. Borclu qətnamənin icrasından imtina etmir. Tutmanın yönəldilə biləcək əmlakı aşkar edilməmişdir. Digər hər hansı formada ondan qətnamədə göstərilən pulu tutmaq mümkün deyildir. Tələbkar tələb etdiyi üçün barəsində inzibati qaydada protokol tərtib edilib məhkəməyə göndərilmişdir. Həmçinin bildirdi ki, əvvəllər qətnamə icraya yönəldikdən sonra tələbkar ilə borclu arasında razılıq olduğu üçün, tələbkar icra şöbəsinə müraciət edərək sənədlərin geri qaytarılmasını xahiş etmişdir, buna görə də icra sənədi məhkəməyə geri qaytarılmış, qətnamənin icrası üzün müddət tələb etməmişlər. Lakin sonradan tələbkar məhkəməyə müraciət edərək qətnamənin yenidən icraya yönəldilməsini təlləb etmişdir. Bundan sonra yenidən 10.02.2020-ci il tarixdə icraata başlanılmışdır. Buna baxmayaraq tərəflər hər ikisi etiraf edir ki, uşaqlardan biri, yəni 05.01.2006-cı il təvəllüdlü Nihat artıq 3 il olar ki, yəni qətnamə icraya yönəldilməzdən də əvvəl atasının yanında qalır. Buna görə də həmin uşağının bütün tələbatlarını atası ödəyir. Digər uşaq 27.09.2003-cü il təvəllüdlü Aqşin isə anasıyla qalır. 1 uşaq anasının yanında qaldığı, 1 uşaq isə atasıyla qaldığı üçün, qətnamənin icraya yönəldiyi gündən, yəni 10.02.2020-ci il tarixdən hazırkı vaxtadək anasının yanında qalan 1 uşağa görə aliment borcu 1674 manat təşkil edir. Borclu Şəxs hazırda həmin pulun 1400 manatını nağd şəkildə tələbkara ödəmək istəyir, həmin pul məbləği borclunun üzərindədir, təqdim edir, lakin tələbkar həmin pulu götürmür, borcun tam ödənilməsini tələb edir. Yaranmış hazırkı vəziyyətlə əlaqədar məhkəmənin mülahizəsinə uyğun qərar çıxarılmasını xahiş etdi. İcra məmuru icra işini məhkəməyə təqdim etmişdir. İcra işi məhkəmə tərəfindən öyrənilərkən müəyyən edildi ki, icra məmuru borclunun əmlakı və gəliri barədə sorğular vermiş, həmin sonrğulara cavab olaraq, borclunun adına tutmanın yönəldilə biləcək əmlakı, gəliri və bankda pul olması müəyyən edilməmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirdərək, aşağıdakılara əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsaslar vardır. Belə ki, İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. İşin mübahisəsiz halı kimi müəyyən edilir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3090/2013 saylı, 09.09.2013-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 27.09.2003-cü il təvəllüdlü X4 və 05.01.2006-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılmalarına görə hər ay hər uşaq üçün 93 (doxsan üç) manat, cəmi 186 (yüz səksən altı) manat sabit pul məbləğində aliment tutularaq tələbkar X3 ödənilməlidir. İcra sənədi əvvəllər icraya yönəldilsə də, tərəflərin müraciətinə əsasən icra sənədi g\eri qaytarılmışdır. Sonuncu dəfə icra məmurunun 10.02.2020-ci il tarixli qərarı ilə icraat başlanılmışdır. Həmçinin işin mübahisəsiz halı kimi, tərəflərin etirafı ilə müəyyən edilir ki, 2 uşaqdan biri qətnamə icraya yönəlməzdən də əvvəl atasıyla qalır. Bu səbəbdən də qətnamə icraya yönəldikdən sonra 10.02.2020-ci il tarixdən hazırkı tarixədək ananın yanında qalan uşağa görə aliment borcu 1674 manat təşkil edir. Məhkəmə iclasında da müəyyən edildi ki, borclu həmin borcun çox hissəsini, yəni 1400 manatını real olaraq ödəmək istəyir, lakin tələbkar pulu qəbul etməkdən imtina edir. X2 bu barədə məhkəməyə ünvanlandığı 27.08.2021-ci il tarixli ərizəsində də göstərir ki, Şəxs ona 1400 manat pul ödəmək istəyir, lakin o pulu götürmür, pulunu tam istəyir. Bununla da toplanılmış materiallardan, icra işi materiallarından, izahatlardan görünür ki, borclu icra sənədini icra etməkdən yayınmır, icra sənədində göstərilən borcun çox hissəsini ödəmək istəyir. Beləliklə aliment borcu tam şəkildə ödənilməsə də, qeyd edilən halın olması şəxsin əməlində icra sənədinin üzürsüz səbəbdən icra etməməsi kimi qiymətləndirilə bilməz. İcra məmuru həm özü qeyd edir, həm də məhkəməyə təqdim edilmiş icra işindəki məlumatlardan da görünür ki, icra məmuru borclunun əmlakı və gəliri barədə sorğular vermiş, lakin həmin sorğulara cavablarda əmlak və gəlirin olmadığı qeyd edilmişdir. Belə olduğu təqdirdə borclunun icra sənədini icra etməməkdəki təqsiri, yəni onun borcu ödəmək iqtidarında olması, lakin ödəməməsi, yayınması müəyyən edilə bilinmir. İcra işi məhkəmə tərəfindən öyrənilərkən müəyyən edildi ki, icra işi materiallarına əsasən icra məmuru borclunun əmlakı və gəliri barədə sorğular vermiş, həmin sorğulara cavab olaraq bildirilmişdir ki, borclunun adına pul, əmək haqqı, gəlir, bankda pulu, daşınar və ya daşınmaz əmlak yoxdur. İcra məmuru borclunun adına tutmanın yönəldilə biləcək əmlakını müəyyən edə bilməmişdir. Beləliklə məhkəməyə daxil olmuş protokol və əlavə edilmiş materiallardan, icra işi materiallarından, tərəflərin izahatlarından borclunun maddi imkanının olması, daimi iş yerinin olması, gəlirinin olması, tələbi ödəmək iqtidarında olması lakin ödəməməsi, tələbin yönəldilə biləcək borcluya məxsus dəyərli əmlakın olması lakin tələbin yönəldilməsinə borclunun hər hansı bir maneçilik törətməsi, nəhayət tələbin ödənilməməsinin borclunun hər hansı konkret təqsirli hərəkət və ya hərəkətsizliyinin nəticəsi olması, tələbin ödənilməməsinin konkret üzürsüzlük səbəbləri, yəni borclunun tələbi ödəmək iqtidarının olması lakin konkret üzürsüz səbəbdən ödəməməsi, bununla da qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməlin (hərəkət və ya hərəkətsizlik), yəni inzibati xətanın törədilməsi müəyyən edilmir. Həmçinin borclunun məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun hər hansı konkret qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra edilməməsinin hər hansı üzürsüz səbəblərdən olması məhkəmədə müəyyən edilmədi. Bununla da barəsində protokol tərtib edilən şəxs tərəfindən göstərilən inzibati xətanın törədilməsi və onun təqsiri icra işinin materialları ilə kifayət qədər sübuta yetirilmir. Onun təqsirli bilinməsinə dair protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən kifayət qədər sübut toplanılmamışdır. İcra sənədinin icra olunmamasında borclunun qərəzi və ya üzürsüz səbəblər barədə icra məmuru ümumiyyətlə hər hansı bir sübut təqdim etməmişdir. Belə olduğu təqdirdə icra məmuru öz subyektiv mülahizəsinə əsasən şəxsin barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Belə bir vəziyyətdə şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Qeyd edilənlərə əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar