Məhkəmə qərarları › İş №3(004)-1997/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1997/2020

04.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1997/2020 04.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X4 iclas katibliyi ilə, Şikayətçi X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail rayonu Polis İdarəsi 39-cu Polis Bölməsinin MN ******* saylı xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə protokol əsasında qəbul edilmiş qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: Şikayətçi X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail rayonu Polis İdarəsi 39-cu Polis Bölməsinin MN ******* saylı, xx.xx.2020-ci il tarixli protokol əsasında qəbul edilmiş (xx.xx.2020-ci il tarixli, MN ******* saylı) inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayətdə və şikayətçinin məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, o, xx.xx.2020-ci il tarixdə saat 09:10 radələrində səhhətində yaranan problemlərlə bağlı müayinə və müalicə üçün Respublika Endokrinoloji Mərkəzinə getmişdir. Xəstəxanada müayinə olunarkən onda yüksək şəkər aşkar olunmuşdur və təzyiqi yuxarı qalxmışdır. Xəstəxanada analiz verib, cavabları gözlədiyi müddətdə saat təxminən 13 radələrində halı pisləşdiyi üçün və nəfəs almaqda çətinlik çəkdiyi üçün gözləmə zalında qoruyucu maskanı ağzından çıxartdı. Həmin vaxt polis əməkdaşları xəstəxanaya daxil oldular və ağzında maska olmadığını görüb ona cərimə yazacaqlarını bildirdilər. O, polis əməkdaşlarına nəfəs almaqda çətinlik çəkdiyi üçün maskanı çıxardığını bildirsə də, sözünə fikir vermədən barəsində protokol tərtib etdilər. Həmin vaxt yanında olan həkimlər də onun dediklərini polis əməkdaşlarına təsdiqlədilər. Lakin polislər həkimlərin də sözünə heç bir məhəl qoymadılar və cəriməni yazıb getdilər. Həmin xəstəxanada baş verənlərlə bağlı həkimlər və tibb işçiləri tərəfindən akt tərtib edilərək ona verildi. Bir daha qeyd etmişdir ki, o, xəstəxanada olarkən tibbi maskadan istifadə etmişdir, lakin halı pisləşən vaxt və nəfəs almaqda çətinlik çəkdiyi üçün maskanı çıxartmışdır. Həmin vaxt da ona cərimə yazılmışdır. Həmçinin ona təqdim edilmiş qərarın tarixi xx.xx.2020-ci il, MN0617226 saylı olsada, elektron sistemdə MN0632080 olmuşdur. Odur ki, səhhətində yaranan problemlə bağlı qısa vaxt ərzində maskadan istifadə etmədiyini və həkimlər tərəfindən tərtib edilmiş aktı nəzərə alaraq, barəsində tərtib edilmiş prokotolu ləğv etməyi xahiş etmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olanAzərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail rayonu Polis İdarəsi 39-cu Polis Bölməsinin xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarına əsasən X3 xx.xx.2020-ci il tarixdə saat 12:46 radələrində Ü.Hacıbəyov küçəsi 112 ünvanında yerləşən Respublika Endokrinoloji Mərkəzdə ölkə ərazisində müəyyən edilmiş rejim qaydalarını pozduğuna görə İXM-in 211.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat cərimə edilmişdir. Həmin qərar MN ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmişdir. Lakin şikayətə əlavə edilmiş iş materiallarında olan Respublika Endokrinoloji Mərkəzin direktoru Y.Y.İsmizadə adından, həkimlər Muradov Vurğun, Məmmədova Lalə, Əlizadə Nərgiz, baş tibb bacısı Şirəliyeva Lətafət, qeydiyyatçı işçi Xəlilova Qiymət tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli AKTa əsasən X3 lazımı olan prosedurlardan sonra halı pisləşmiş, şəkəri və təzyiqi qalxdığı üçün nəfəs çatışmamazlığı nəticəsində üzündəki qoruyucu maskanı çıxarıb gözləmə zalında əyləşmişdir. Həmin zaman müəssisənin qabağından keçən polis əməkdaşları içəri daxil olub və tibb müəssisəni yoxlamaq üçün heç bir sənədi olmadan xəstə X2 cərimə aktı tərtib etdilər. Bununla da müəyyən edilir ki, şəxs qoruyucu vasitədən istifadə etməməsi, onun səhhətində yaranan problemlə bağlı olmuşdur, həkimlərin məsləhəti ilə səhhətinin normallaşması üçün maskasını çıxartmışdır. Belə bir vəziyyətdə şəxsin əməli inzibati xəta törədilməsinə yönəlməmişdir. İnzibati xəta əlamətləri formal cəhətdən mövcud olsa da, belə bir şəraitdəki bu əməldə qəsdən və ya ehtiyatsızlıq formasında təqsir mövcud deyildir. İXM-nin 19.1-ci maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməllərin əlamətlərinə uyğun olsa da, son zərurət vəziyyətində, yəni şəxsin özünün və ya başqa şəxsin həyatını, sağlamlığını və ya hüquqlarını, dövlətin və ya cəmiyyətin mənafeyini qorxu altına alan təhlükəni aradan qaldırmaq üçün edilmiş hərəkət, əgər həmin vəziyyətdə bu təhlükəni digər vasitə ilə aradan qaldırmaq mümkün deyildirsə və bu zaman son zərurət həddinin aşılmasına yol verilməmişdirsə, bu, inzibati xəta hesab olunmur. Şəxsin əməlində inzibati xətanın elementlərindən olan obyektiv və subyektiv cəhətlər yoxdur. Belə bir vəziyyətdə şəxsin inzibati xətanın törədilməsində qəsdinin və ya ehtiyatsızlığının nədən ibarət olmasına dair də sübut təqdim etməmişdir. Ümumiyyətlə bunları təsdiq edən sübut toplamamışdır. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X7 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmənin bu qənaəti həmçinin İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi həmin Məcəllədən ibarətdir. İXM-nin 1.3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. İXM-in İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmədə müəyyən edilmiş yuxarıda qeyd edilən işin halları və sadalanan normalara əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə və protokolda təqsirli bilindiyi İXM-in maddəsi üzrə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, protokolda göstərilən İXM-in maddəsi üzrə inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Bu barədə sübutlar kifayət etmir. Şübhələr və ziddiyyətli məqamlar şəxsin xeyrinə həll etməlidir. İXM-in 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestəbaxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. Şikayətçi X3 barəsində İXM-nin 211.2-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail rayonu Polis İdarəsi 39-cu Polis Bölməsinin xx.xx.2020-ci il tarixli, MN ******* saylı (MN ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokol əsasında)inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında işüzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar