Məhkəmə qərarları › İş №3(004)-2/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2/2022

18.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2/2022 18.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Paşalı Raziyə İqbal qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal RPİ-nin 27-ci PB-si tərəfindən tərtib edilmiş 20 aprel 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İş materialları nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, Yasamal Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli 3(004)-1037/2021 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinərək barəsində 2 (iki) ay müddətinə həbs növündə inzibati tənbeh tədbiri təyin edilmişdir. Həmin qərardan verilmiş apellyasiya şikayəti əsasında işə yenidən baxılmış və Bakı Apellyasiya Məhkəməsinin 05 may 2021-ci il tarixli 3(103)-1133/2021 saylı qərarı ilə ləğv edilmiş və yenidən baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İş 25 may 2021-ci il tarixdə Yasamal Rayon Məhkəməsinə daxil olmuş və həmin iş üzrə 02 iyun 2021-ci il və 09 iyun 2021-ci il tarixlərdə məhkəmə iclasları təyin edilmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Bu səbəbdən məhkəmənin 09 iyun 2021-ci il tarixli qərardadı ilə Şəxs məcburi qaydada məhkəməyə gətirilməsi qərara alınmışdır. 17 iyun 2021-ci il tarixə saat 10:30-a təyin olunmuş növbəti məhkəmə iclası zamanı Şəxs məhkəmə iclasına gətirilməsi mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Məqsəd İsmiyev izahatında bildirmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs Yasamal rayonu, Ə.Salamzadə küçəsi, məhəllə 1055-də yerləşən Yasamal Rayon Polis İdarəsinin inzibati binasında qeydiyyatda olmasına baxmayaraq, onun faktiki olaraq yaşadığı ünvan barəsində məlumat yoxdur. Həmçinin onda olan məlumata görə Şəxs tüfeyli həyat tərzi keçirməklə müxtəlif ünvanlarda gündəlik kirayədə qalır və hazırda onun olduğu yeri müəyyən etmək mümkün deyildir. Beləliklə, göstərilənlərə əsasən məhkəmənin 17.06.2021-ci il tarixli qərarı ilə (004)- 1037/2021 nömrəli inzibati xəta haqqında iş üzrə icraat Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 104.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. İş üzrə “Elektron Məhkəmə Sistemi”nə baxış keçirilərkən müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hazırda Nəsimi Rayon Məhkəməsinin 28.03.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinərək, barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmiş və Azərbaycan Respublikası DİN-nin İnzibati həbs olunanların saxlanılma məntəqəsində saxlanılır. Beləliklə dayandırmaya əsas olmuş hal aradan qalxdığına görə, yəni barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs olduğu yer müəyyən edildiyinə görə iş üzrə icraat məhkəmənin 11.04.2021-ci il tarixli 3(004)-2/2022 nömrəli qərarı ilə təzələnmiş və məhkəmə iclası 18.04.2021-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirmişdir ki, qeyd olunan xəta onun tərəfindən törədilməmiş və iş materiallarında onun təqsirliliyinə dəlalət edən hər hansı mötəbər sübut mövcud deyildir. Ona görə də barəsində tərtib edilmiş protokol əsasında başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə iş üzrə zərərçəkmiş şəxsə və inzibati xəta haqqında protokol tərtib etmiş Yasamal RPİ-nin 27-ci PB-nə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə hər hansı məlumat daxil olmamışdır. Odur ki, məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından müəyyən edilir: - Yasamal RPİ-nin 27-ci PB-si tərəfindən tərtib edilmiş 20.04.2021-ci il tarixli MN seriyalı ******* nömrəli protokoldan görünür ki, Şəxs tərəfindən 24.03.2021-ci il tarixdə Dövlət Statistika Komitəsinin həyətində olan pilləkənlərin məhəccərinin bir hissəsi oğurlanması və zərərçəkmiş şəxsə 500 manat məbləğində maddi ziyan dəyməsi inzibati xəta əməlinin törədilməsinə dair onun barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokol məhkəmə tərəfindən tədqiq edilərkən müəyyən edildi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən imzalanmamışdır. - Polis bölməsi tərəfindən məhkəməyə təqdim edilmiş ilkin araşdırma materiallarında olan Şəxs texniki vasitənin köməkliyi ilə alınmış izahatının məzmunundan görünür ki, xətanın törədilməsinə dair etiraf xarakterli izahat şəxsin özü, yəni barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən imzalanmamışdır. - Yasamal RPİ-nin 27-ci PB-nin təhqiqatçısı X3 tərəfindən qəbul edilmiş 09.04.2021ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, 24.03.2021-ci il tarixdə Dövlət Statistika Komitəsinin həyətində olan pilləkənlərin məhəccərinin bir hissəsi oğurlanması və zərərçəkmiş şəxsə 500 manat məbləğində maddi ziyan dəyməsi faktı üzrə əməldə cinayət tərkibinin əlamətləri müəyyən edilmədiyindən cinayət işinin başlanılması rədd edilmiş və iş üzrə İXM-nin 227-ci maddəsi üzrə zəruri tədbir görülməsi məqsədilə toplanmış material aidiyyəti üzrə təhvil verilmişdir. Bundan sonra həmin bölmənin sahə rəisi Məqsəd İsmiyevin 09.04.2021-ci il tarixli qərardadı ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılmışdır. Yasamal RPİ-nin PPXB-nin polis nəfərləri tərəfindən 27-ci PB-nin rəhbərliyinə ünvanlanmış raportdan görünür ki, 20.04.2021-ci il tarixdə saat 17:20-də Bəsti Bağırova küçəsində bir nəfər şəxs özünü şübhəli aparması ilə bağlı saxlanılaraq bölməyə gətirilmişdir. Raport məhkəmə tərəfindən tədqiq edildikdə müəyyən edildi ki, həmin şəxsin nədə şübhələnilməsi raportda göstərilməmişdir. 20.04.2021-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 20.04.2021-ci il tarixdə saat 17:55-də İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tutulmuşdur. Qeyd olunan protokol da məhkəmə tərəfindən tədqiq edilərkən müəyyən edildi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən imzalanmamış, həmçinin şəxsin hansı əsasla tutulmasına dair qeyd aparılmamışdır. - Yasamal Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli 3(004)-1037/2021 nömrəli qərarının təsviri-əsaslandırıcı hissəsinin məzmunundan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törədilmiş xəta üzrə özünü təqsirli bilməmişdir. -Bakı Apellyasiya Məhkəməsinin 05.05.2021-ci il tarixli 3(103)-1133/2021 saylı qərarının təsviri-əsaslandırıcı hissəsindən görünür ki, apellyasiya baxışı zamanı Şəxs AR İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətmədiyini bir daha qeyd etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclas zalında birinci instansiya məhkəməsini sübut kimi istinad etdiyi DVD disk tədqiq edilərkən həmin görüntülərdə nə Dövlət Statistika Komitəsinin həyətində olan pilləkənlərin məhəccərinin bir hissəsinin oğurlanması, nə də həmin gün həmin ərazidə Şəxs olmasını təsdiq edən hər hansı hal müəyyən edilməmişdir. Bununla yanaşı, qərarda göstərilmişdir ki, iş materiallarında olan texniki vasitənin köməyi ilə yazılmış izahatın Şəxs tərəfindən imzalanmaması aşkar edilmiş, bu da onun özünü ilk vaxtdan etibarən törədilməsi ona istinad edilən əməldə təqsirli bilməməsinə dəlalət edir. Birinci instansiya məhkəməsi qərarında zərərçəkmiş Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin nümayəndəsi X1 izahatına istinad etsə də, həmin izahatda Dövlət Statistika Komitəsinin həyətində olan pilləkənlərin məhəccərinin bir hissəsinin oğurlandığı göstərilsə də, həmin izahatda Şəxs ilə bağlı hər hansı xüsusat qeyd olunmamışdır. Nəzərə alınsa ki, oğurluq gizli talamada ifadə olunan əməldir və hazırda gizli talanmış əmlakın Şəxs tərəfindən oğurlanmasını təsdiq edən heç bir sübut iş materiallarında yoxdur, belə olan halda məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, Şəxs AR İXM-nin 227-ci maddəsi ilə təqsirli olmasını təsdiq edən heç bir sübutun iş materiallarında olmadığı halda hər hansı araşdırma aparmadan, Şəxs hər hansı halı özündə ehtiva etməyən DVD diskə istinad etməklə şəxsin AR İXM-nin 227-ci maddəsi ilə təqsirli olması qənaətinə gəlinmiş, bu isə onun cəmiyyətdən təcrid edilməsi qanunvericiliyin tələbləri baxımından yolverilməzdir. Beləliklə, Bakı Apellyasiya Məhkəməsi qanunvericiliyin tələblərini rəhbər tutaraq, apellyasiya qaydasında verilmiş şikayəti təmin edilməklə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin Şəxs AR İXM-nin 227-ci maddəsi ilə tənbeh edilməsinə dair birinci instansiya məhkəməsinin 21 aprel 2021-ci il tarixli qərarını ləğv etmiş və materialı baxılması üçün həmin məhkəməyə göndərilmiş, Şəxs isə məhkəmə iclas zalında həbsdən azad edilmişdir. - İş materiallarında olan DVD disk yenidən məhkəmə baxışı zamanı tədqiq edilərkən müəyyən edildi ki, Dövlət Statistika Komitəsinin həyətində olan pilləkənlərin məhəccərinin bir hissəsinin 24 mart 2021-ci il tarixdə Şəxs tərəfindən oğurlanması faktı öz təsdiqini tapmamışdır. Belə ki, görüntülər qeyri-aydın olmaqla, orada görüntülənən şəxsin Şəxs olmasını müəyyən etmək mümkün olmamışdır. O cümlədən görüntülərdə hər hansı şəxsin pilləkənlərin məhəccərini oğurlaması anı bilavasitə qeydə alınmamışdır. Beləliklə, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsi faktı öz təsdiqini tapmadığından, eləcə də törədilmiş xəta üzrə Azərbaycan Respublikası İXM-nin 38.5-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlbetmə müddəti keçdiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan xətaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. 38.5-ci maddəyə görə isə inzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Eyni zamanda həmin Məcəllənin 53.2ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, yəni onun 24.03.2021-ci il tarixdə Dövlət Statistika Komitəsinin həyətində olan pilləkənlərin məhəccərinin bir hissəsi oğurlanması və zərərçəkmiş şəxsə 500 manat məbləğində maddi ziyan vurmasını təsdiq edən mötəbər sübutlar iş materiallarında mövcud deyildir. Protokol tərtib etmiş şəxs tərəfindən sübut kimi məhkəməyə təqdim edilmiş Şəxs izahatı qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmədiyindən, maddi sübut olan DVD disk isə törədilmiş xəta hadisəsi üzrə mühüm əhəmiyyət kəsb edən halları özündə əks etdirmədiyindən sübut olaraq məhkəmə tərəfindən qəbul edilə bilməz. Beləliklə, iş materialları ilə Şəxs hazırki inzibati xətanı törədilməsinə aidiyyəti və xətanın törədilməsi üzrə təqsirliliyi sübuta yetirilməmişdir. Bununla yanaşı, hazırki inzibati xəta haqqında iş üzrə barəsində icraat aparılan şəxsin olduğu yer müəyyən edilməməsi səbəbiylə dayandırılmasına baxmayaraq xəta hadisəsinin törədildiyi vaxtdan, yəni 24 mart 2021-ci il tarixdən bir il müddət keçdiyindən, yəni həmin xətaya görə inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 40, 43, 48-53, 106, 114-117, 122, 125, 128-130, 138, 511, 529.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar