Məhkəmə qərarları › İş №3(004)-2/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2/2024

11.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2/2024 11.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X13 oğlunun katibliyi ilə, X1, Zərərçəkmiş şəxs iştirakları ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsinin 12 iyul 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Yasamal RPİ-nin 28-ci PB-nin 12 iyul 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, barəsində çıxarılmış həmin qərarın ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 ərizəsini onunla əsaslandırmışdır ki, Yasamal RPİ-nin 28-ci Polis Bölməsində araşdırma aparılmış, onu dəvət etmədən, ona bildiriş göndərmədən onun gəlməməyini bildirmişlər. Onun barəsində İXM-nin 510-cu maddəsinə əsasən sahə inspektoru tərəfindən inzibati protokol tərtib edilmişdir. Sahə inspektoru da onu çağırmadan barəsində MN ******* nömrəli protokol tərtib etmiş və onu dəvət etmədən protokolu tərtib edərkən onun izahatını almadan inzibati xəta haqqında qanunsuz icraat aparılmışdır. Protokol tərtib edilərkən o heç bir orqana dəvət edilməmişdir. Buna baxmayaraq protokolda göstərilir ki, guya o imza etməkdən imtina etmişdir. Onu rəsmi qaydada dəvət etməmişdir. Bu barədə hər hansı bir məlumat yoxdur. Protokol və qərarla bağlı qeyd edir ki, ümumiyyətlə inzibati tənbeh vermə haqqında MN ******* saylı Qərarda onun hər hansı bir inzibati xətanı törətməyi sübut olunmur. Onun tərəfindən inzibati xəta törətməyini sübut edən hər hansı bir sübut yoxdur. Hər hansı bir şahid ifadələri alınmamışdır. Kiməsə qarşı xırda xuliqanlıq etməmişdir. AR İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olmağı qanunla müəyyən olunmuş qaydada mümkün olmadığı üçün inzibati məsuliyyyətə cəlb oluna bilməz. Məhkəmə iclasında iştirak edən X2 şikayətin dəlillərinə uyğun izahat verərək bildirdi ki, barəsində tətbiq edilmiş bu qərar onun iştirakı olmadan və ona məlumat verilmədən tərtib edilmişdir. Üstəlik onun barəsində etdikləri barədə zərərçəkmiş şəxsin verdiyi izahatlar əsassızdır. Hadisənin baş vermə səbəbi, o işdə olmadığı vaxtda zərərçəkmiş şəxs onun barəsində işlədiyi müəssisədə düzgün olmayan və xoşagəlməz sözlər işlədib. O, da bundan qəzəblənib və işə gəldikdən sonra işlədiyi iş yerində çox savadsız insanların olduğu barədə yazını qapının üzərinə vurmuşdur. Bundan sonra isə barəsində belə bir qərarın çıxarıldığını öyrənmişdir. Göstərilənlər nəzərə alınmaqla iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, onu təhqir, təqib, ilk növbədə “Əliyevşünaslıq” şöbəsinin əməkdaşlarının şöbə müdirini müxtəlif şəkildə təhqir etmiş, anonim məktublar onların ünvanına necəsə gəlməyə başlamış, daha sonra isə şəxsən direktor Kərim Şükürova onun şərəf və ləyaqətini təhqir edəcək şəkildə bir məktub göndərmişdir ki, orada onun qadınlar şurasının sədri olaraq nə davranışı nə elmi fəaliyyəti institut qadınları üçün nümunə ola bilməz, o, qadınları təmsil edə bilməz. Onun elmi nüfuzuna zərbə vuraraq hətta bunun fəlsəfə doktorluğu diplomunu əlindən almaq istəyirdilər. Bununla bağlı xx.xx.2023-cü ildə Kərim Şükürova onun şərəf və ləyaqətini təhqir edəcək məktubu ünvanlayıb, ən son pik nöqtə o oldu ki, bu qadın onun çalışdığı “Əliyevşünaslıq” şöbəsinin qapısına təhqir və təhdid dolu vərəqi yapışdırır, bunun video görüntüsünü ona institutunun direktoru Kərim Şükürov çağırıb, daha doğrusu onun şöbə müdiri ona müraciət edib ki, bu nə hərəkətdi, onun şöbə müdiri olduğu şöbənin qapısına belə bir vərəqə yapışdırılıb. O, isə vərəqi götürüb artıq bu məsələlərlə bağlı hüquq-mühafizə orqanlarının məşğul olmasını söyləyir. Yəni bununla hüquq-mühafizə orqanları məşğul olsa daha yaxşı olar. O, da məcbur olub hüquq-mühafizə orqanlarına müraciət etmiş, video görüntü də təqdim edilib. Bu vərəqə ilə tanış olmaq istəsələr, orada daha aydın yazılıb. Sonra şöbə müdirinin qarşısını kəsərək etiraf edir ki, kağızı o yapışdırmış, Zərərçəkmiş şəxs üçün yapışdırmış, hələ bu məsələni ictimayilləşdirəcəyini və dəfələrlə video görüntülər də var. İclas keçirmişdilər, orada onu yenə təhqir və təhdid edir, “sənin başına nə oyunlar açacam” sözləri ilə təhdid edir, nə oyun açmalıdır, niyə açmalıdır! Qadınlar şurasının iclasında olub, video görüntülər var, onları təəssüf ki gətirməmiş, telefonda da var. Əsas məsələ şikayətin ləğv olunmasındadır. Həmin videogörüntülərlə bağlı isə onun səlahiyyəti var ki, yenə müraciət etsin. Polisə məhz bu vərəqə görə şikayət edilib. Şəhla xanım özü də şöbə müdirinə etiraf edib ki, həmin yazıları onun barəsində yazır. Şəhla xanım deyib ki, “savadsız” sözü yazıb, birinci cümlədə görünür ki, savadsız və tərbiyəsizlərin nailiyyəti yazılıb, tərbiyəsiz sözü şifahi nitqdə danışırsa, o demək deyil ki, yazılı nitqdə də olsun. Murad Məmmədova flash kartda video görüntü təqdim etmişdir, orada görünür ki, Şəhla xanım vərəqi gedir oraya yapışdırır. Daha sonra onun şöbə müdiri ilə danışığı var, etiraf edir ki, o bu yazını onun üçün yazmışdır, videoda danışıqları var, ancaq səs düşmür. Şahid Ədalət müəllimdir, o görüb, video səssizdir. Əlavə olaraq o artıq insitutda koridora çıxa bilmir, dəfələrlə Şəhla xanım yanından keçir, ona “savadsız”, “tərbiyəsiz”, “küçə qadını”, “əxlaqsız” deyir. 17 ildir ailəlidir, yeniyetmə övladları var, həyat yoldaşı var, əzizləri də burdadır, anası qardaşı gəlib. O nə qədər akademiyada, elmi müəssisədə təhqir edilməlidir. Ümümiyyətlə bu qadın özündən yaşça kiçik nailiyyətləri uğurları olanlara xüsusi bir aqresiyası, paxıllığı var, onlara daima nifrət qusur, yəni o, həmin institutda nə birincidir nə sonuncudur. O, onlardan yüzlərdən biridir, o məcbur olub səsini çıxarır, nəyə görə o təhqir olunmalıdır, onun iş otağına belə bir vərəqə yapışdırılmalıdır. Ümümiyyətlə hardasa yazılıb mı, tarix institunun nizamnaməsində var mı ki, gətirib istənilən əməkdaş qapıya vərəqə yapışdırılsın, lap təhqir olmasın, sevgi dolu olsun, yapışdırmağa ixtiyarı var mı ora! Özbaşınalığa icazə varmı, onu ona izah edin! Sırf bunlara görə şikayət etmişdir. Ona DİN-dən məktub gəlib, poçtdan çağırmışlar ki, Günel xanımın Şəhla Məmmədli tərəfindən təhqir olunması haqqında şikayəti Bakı şəhəri Yasmaal RPİ-nin 28-ci PB-si tərəfindən obyektiv araşdırılmaması barəsində, DİN rəhbərliyinə ünvanladığı şikayətə baxılmışdır. DİN göndəmişdir ki, bu qadın İXM əsasında cəzalandırılmışdır. Göstərilənləri nəzərə alaraq Yasamal RPİ-nin 28-ci PB-nin 12 iyul 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı tam əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid X10 ifadəsində bildirmişdir ki, əslində o hadisənin mahiyyətini bilmir, bu xanımların hər ikisini gözəl tanıyır. Heç biri ilə ədavət və düşmənçilik olmayıb, son dərəcə gözəl münasibəti olub, uzun müddət Günel xanımla bir şöbədə çalışıb, o onu çox prinsipial, savadlı, öz işinə məsuliyyətlə yanaşan bir xanım kimi tanıyır, atası ilə də şəxsi münasibətləri olub. Şəhla xanımla da onlar yaxın dostdurlar, 20 ildən çoxdur və o bura gəlib desin ki, dövləti adından, məhkəmə hakimiyyəti müstəqil hakimiyyətdir, dövlətin adında elə etmək lazımdır ki, bu gözəl xanımlar bir-birləri ilə dalaşmasınlar. O, mahiyyəti bilmir ki, nə baş verib. O gəlmişdir çünki Şəhla xanım deyib ki, mütləq gəlmək lazımdır, lakin mahiyyətdən xəbəri yoxdur. Eşitmişdir ki, şöbənin müdiri Ədalət Qasımov da onun çox yaxın dostudur, təfərrüatı bilmir, facebookdan görmüşdür ki, orda bu şöbə ilə bağlı hansısa sözlər yazılıb. İndi burda məhkəmə baxışının subyekti nədir, konkret olaraq nədən şikayət edilib onu belə bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, tərəflərdən Şəhla xanım uzun illərdir onlarla bir şöbədə işləyir, tanıyır, Günel xanım isə insitutun əməkdaşıdır, heç bir tərəf ilə ədavət və düşmənçiliyi yoxdur. 1 il bundan əvvəl, o dövrdə Nigar Gözəlova onların şöbəsində olmuşdur, biraz söz-söhbətlər yaranmışdır, sözsöhbətlər məhkəməyə qədər gəlib çıxmışdır. İndi o aralarda sonradan yəqin ki, Günel xanım Nigar xanımla rəfiqədir. X11 xanımla vaxtilə konflikti olub. Zəncirvari gedib hadisələr, gəlib burda dayanıb. Mahiyyət etibarilə şikayət nədən ibarət olub bilmir, Şəhla xanım deyib ki, şikayət vermişdir, zəng edib, o da deyib gələrəm, onu müsbət adam kimi tanıyır, bir yerdə işləyirlər, nə lazımdırsa deyə bilər. Şöbəyə aid onun haqqında nəsə söz soruşulsa aralarında nə konflikt olmağını, mübahisənin mahiyyətini bilmir ki, nə olub. Təqribi hesab edir ki, bu əvvəlki proseslərin davamıdır. Məhkəmə tərəflərin izahatını, şahidlərin ifadəsini dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri və YRPİ-nin 28-ci bölməsindən təqdim olunan materialları araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Yasamal RPİ-nin 28-ci PBnin 12 iyul 2023-cü il tarixli MN seriyalı ******* nömrəli protokol əsasən X7 15 iyun 2022-ci il tarixdə xırda xuliqanlıq etmişdir. X12 Rafiq tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Yasamal RPİ-nin 28-ci PB-nin 12 iyul 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarına əsasən X7 barəsində tərtib edilmiş 12 iyul 2023-cü il tarixli MN seriyalı ******* nömrəli protokol əsasında Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək barəsində 50 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tədbiq edilmişdir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən 12 iyul 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar və iş materialları məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, X7 tərəfindən törədilməsi iddia edilən Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin dispotozitiv şərtlərini sübut edən hallar tam əks olunmamış, Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsinin əməkdaşı tərəfindən sadəcə Zərərçəkmiş şəxs izahatı alınaraq, heç bir sübut toplanmadan və barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X4 izahatında göstərdiyi halları təkzib edən halları müəyyən etmədən onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, Yasamal RPİ-nin 28-ci Polis Bölməsində istər protokolun tərtib olunması, istərsə də X4 barəsində qərarın qəbul olunması üçün əsas sadəcə Zərərçəkmiş şəxs ərizəsi olmuşdur. X4 barəsində yazdığı şikayət ərizəsində qeyd olunanları təsdiq edəcək başqa bir sübut mövcud deyildir. Bundan əlavə qeyd edilir ki, X4 barəsində tərtib olunmuş protokolda onun təqsirini sübut edən hallar barədə heç bir qeyd aparılmamış və protokolun sübutların qeyd olunmalı olduğu bölümü boş saxlanılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 79-cu maddəsinə əsasən - zərər çəkmiş şəxsin və şahidin izahatları inzibati xəta haqqında protokolda, inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiq edilməsi haqqında protokolda, inzibati xəta haqqında işə baxma ilə əlaqədar iclas protokolunda göstərilməlidir. Bundan əlavə məhkəmənin sorğusu əsasında 12 iyul 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarın qəbul olunmasına əsas olmuş sənədlər təqdim olunmuşdur. Həmin materiallara baxış keçirilən zaman müəyyən edilmişdir ki, X7 barəsində aparılan inzibati icraat zamanı onun izahatı alınmamışdır. Bundan əlavə 12 iyul 2023-cü il tarixli MN seriyalı ******* nömrəli protokoldan görünür ki, X7 12 iyul 2023-cü il tarixdə xırda xuliqanlıq əməlini törətmişdir. Lakin inzibati iş materiallarında X4 12 iyul 2023-cü il tarixdə hər hansı xuliqanlıq əməlini törətməsi öz əksini tapmır. Göründüyü kimi Yasamal RPİ-nin 28-ci Polis Bölməsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokolda X4 izahatında göstərdiyi xüsusatları təkzib edən sübutlar öz əksini tapmamışdır və X4 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Maddə 510-cu (Xırda xuliqanlıq) maddəsinin tərkibi yaranmamışdır. Məhkəmə qeyd edir ki, belə olan halda, X7 əməlində törədilməsi ehtimal edilən inzibati xəta üzrə icraat inzibati xətalar qanunvericiliyində nəzərdə tutulmuş qaydada həyata keçirilmədiyindən onun həmin maddə ilə təqsirli bilinib tənbeh edilməsi yolverilməzdir. İş materiallarından və tərəfin məhkəmə iclasında verdiyi izahatdan müəyyən edilmişdir ki, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X4 iştirakı olmadan baxılaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X6 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Qeyd olunur ki, Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, 12 iyul 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş 12 iyul 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən 12 iyul 2023-cü il tarixdə X7 xırda xuliqanlıq hərəkətlərinə yol vermişdir. Lakin həmin qərarı qəbul etmiş orqan tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, X4 əməlində inzibati xəta tərkibinin əlamətləri yoxdur və bu səbəbdən onun təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədiyi üçün, qərar ləğv edilməli, həmin əməlin törədilməsində təqsirsiz bilinməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X4 şikayəti təmin olunsun. X7 barəsində qəbul edilmiş 12 iyul 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsi tərəfindən qəbul edilmiş 12 iyul 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında Mərkəzi İnformasiya sistemində X4 barəsində yerləşdirilmiş inzibati cərimə silinsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar