Məhkəmə qərarları › İş №3(004)-201/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-201/2024

09.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-201/2024 09.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Əkbərli Günel Bəkir qızı, Şəxs Zaur oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN BDYPİ-si tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokollara və onlara əlavə olunmuş materiala məhkəmənin inzibati binasında işin baxılmağa hazırlanması zamanı baxaraq, MÜƏYYƏNETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törətməsinə dair Azərbaycan Respublikası DİN BDYPİ-si tərəfindən tərtib edilmiş 20 dekabr 2023-cü il tarixli, İXP seriyalı ******* nömrəli və 20 dekabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollar və ona əlavə edilmiş material Yasamal RPİ-si tərəfindən baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, protokol düzgün tərtib edilməmiş, təqdim edilmiş materiallar natamamdır və işə baxılarkən tamamlamaq mümkün deyil. Ona görə də material geri qaytarılmalıdır. Belə ki, Yasamal Rayon Məhkəməsinə təqdim edilmiş material Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş xətanın törədilməsinə dair Azərbaycan Respublikası DİN BDYPİ-si tərtib edilmiş 20 dekabr 2023-cü il tarixli, İXP seriyalı ******* nömrəli və ******* nömrəli protokollardan, Şəxs İXM-nin 339.1-1-ci maddəsi ilə təqsirli bilinərək barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli EQ seriyalı 15106255 nömrəli və xx.xx.2023-cü il tarixli EQ seriyalı 14356770 nömrəli inzibati tənbeh vermə haqqında qərarlardan, Azərbaycan Respublikası DİN-nin DYPİ-nin Web portalından çıxarışlarından ibarətdir. Məhkəməyə təqdim edilmiş Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törətməsinə dair Azərbaycan Respublikası DİN BDYPİ-si tərəfindən tərtib edilmiş 20 dekabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli və ******* nömrəli inzibati xəta haqqında protokollar həmin Məcəllənin tələbləri pozulmaqla natamam tərtib edilmiş və məhkəməyə həmin xətanın törədilməsini təsdiq edən mötəbər sübutlar təqdim edilməmiş və ya natamam təqdim edilmişdir. Qeyd olunur ki, Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, hakim inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edir. Hazırda məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası DİN BDYPİ-si tərəfindən tərtib edilmiş 20 dekabr 2023-cü il tarixli İXP seriyalı ******* və ******* inzibati xəta haqqında protokollardan görünür ki, Şəxs barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli EQ seriyalı 15106255 nömrəli və xx.xx.2023-cü il tarixli EQ seriyalı 14356770 nömrəli inzibati tənbeh vermə haqqında qərarları qanuni qüvvəyə minməsindən 3 ay müddətində icra etməmişdir. Yəni dolayısı ilə o, həmin qərarlarla ona təyin edilmiş cərimələri qərar qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay ərzində ödəməmişdir. Həmin protokollarda onun İXM-nin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılması qeyd olunmasına baxmayaraq bu xüsusata dair məhkəməyə hər hansı mötəbər sübut (poçt xəbərnaməsi, sms bildiriş, qəbz, protokolda imza və s) təqdim edilməmişdir. Belə olan halda protokolların surətinin ümumiyyətlə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə təqdim edilməsi məsələsi şübhə doğurur. Bundan başqa, iş materiallarında olan xx.xx.2023-cü il tarixli EQ seriyalı 15106255 nömrəli və xx.xx.2023-cü il tarixli EQ seriyalı 14356770 nömrəli inzibati tənbeh vermə haqqında qərarlardan müəyyən edilir ki, Şəxs İXM-nin 339.1-1-ci maddəsi ilə təqsirli bilinərək barəsində ayrı-ayrılıqda 50 manat cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Həmçinin qərarın nəticə hissəsində qeyd edilmişdir ki, qərardan İXM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada 20 gün müddətində yuxarı səlahiyyətli orqana və ya məhkəməyə şikayət verilə bilər. Məhkəmə qeyd edir ki, ümumiyyətlə Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi “inzibati cərimə və ictimai işlər növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsi” adı ilə “idarəçilik qaydaları əleyhinə” olan inzibati xətalar fəslində təsnifləşdirilmişdir. İXM-nin 529.3-cü maddəsinin tərkibi onun dispozitiv şərtlərinə görə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud həmin Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilmədikdə yaranır. Qeyd olunan xətaya görə inzibati cəlb etmə müddəti İXM-nin 38.1-ci maddəsinə əsasən 4 ay müddətində müəyyən edilmişdir. Göründüyü kimi, inzibati xətalar qanunvericiliyinə əsasən şəxsin barəsində yol hərəkəti qaydası əleyhinə inzibati xətanın törədilməsinə dair inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi barədə qərar qanuni qüvvəyə mindikdən sonra 3 ay ərzində icra edilmədikdə 529.3-cü maddənin tərkibi yaranır. Odur ki, qeyd edilən inzibati xətanın törədilməsi vaxtının müəyyən edilməsi üçün ilk növbədə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın, yaxud həmin Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi tarix dəqiq müəyyənləşdirilməlidir. Qərarın nə vaxtdan qanuni qüvvəyə minməsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin Məcəllənin 138-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərar, habelə şikayət və ya protest üzrə qəbul edilmiş qərar aşağıdakı hallarda qanuni qüvvəyə minir: 138.1.1. əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün; 138.1.2. əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün; 138.1.3. apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra. Həmin Məcəllənin 130.1-ci maddəsinə görə həmin Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 126.1-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Beləliklə, qeyd olunan normaların məzmundan müəyyən edilir ki, inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə minməsi onun rəsmi qaydada təqdim edildiyi vaxtdan şikayət verilməsi üçün müəyyən edilmiş müddətin başa çatması anı ilə bilavasitə bağlıdır. Hazırkı halda tərtib edilmiş protokolların, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin İXM-nin 339.1-1-ci maddəyə görə ona müvafiq qərarlarla təyin edilmiş cəriməni ödəməməsi ilə bağlı olduğunu nəzərə alaraq, həmin kateqoriya xəta ilə bağlı qəbul edilmiş qərarın hansı qaydada qüvvəyə minməsi xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 122.1-ci maddəsinə əsasən Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 122.6-cı maddəsinə əsasən barəsində Məcəllənin 122.1, 124.5 və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs bu Məcəllənin 125.2.1, 125.2.2 və ya 125.2.3-cü maddələrində müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan təyin olunmuş cəriməni ödəyə bilər. Həmin Məcəllənin 122.7-ci maddəsinə əsasən barəsində Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Həmin Məcəllənin 57.6-cı maddəsinə görə Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən inzibati xəta haqqında iş üzrə qərar aşağıdakı hallarda da rəsmi qaydada verilmiş hesab olunur: 57.6.1. nəqliyyat vasitəsinin istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta haqqında bu Məcəllənin 125.2.2-ci maddəsində nəzərdə tutulan qaydada SMS məlumat çatdırıldığı vaxtdan; 57.6.2. nəqliyyat vasitəsinin istifadəçisi bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş inzibati xəta haqqında iş üzrə qərarla və onun əlavələri ilə tanış olduğu vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda); 57.6.3. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi, yaxud nəqliyyat vasitəsinə texniki baxışın keçirilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsi zamanı barəsində inzibati xəta haqqında iş üzrə elektron qərar qəbul edilmiş şəxsə həmin qərarın verildiyi vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda); 57.6.4. bu Məcəllənin 97.4-cü maddəsində nəzərdə tutulmuş halda barəsində inzibati xəta haqqında iş üzrə elektron qərar qəbul edilmiş şəxsə həmin qərar verildiyi vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda). İndiki halda isə Şəxs barəsində İXM-nin 529.3-cü maddəsilə protokolun tərtib edilməsinə hüquqi əsas olan, İXM-nin 339.1-1-ci maddəsi ilə təqsirli bilinərək barəsində ayrı-ayrılıqda 50 manat cərimə tənbeh tədbiri tətbiq edilmiş xx.xx.2023-cü il tarixli EQ seriyalı 15106255 nömrəli və xx.xx.2023-cü il tarixli EQ seriyalı 14356770 nömrəli qərarların ona rəsmi qaydada təqdim edilməsi barədə hər hansı bir təsdiqedici mötəbər sənəd əlavə edilməmişdir. Belə olan halda qərarların nə vaxtdan qanuni qüvvəyə mindiyini, İXM-nin 529.3-cü maddəsilə xətanın törədilməsi vaxtını müəyyən etmək mümkün deyildir. Halbuki, şəxsin məsuliyyətə cəlb edilməsi əsaslardan biri onun tərəfindən törədilmiş xətanın törədilməsi vaxtının müəyyən edilməsi, eləcə də qanunun imperativ olaraq müəyyən etdiyi qaydaya görə barəsində icraat aparılan şəxs haqqında tərtib edilmiş protokolda xətanın törədildiyi vaxt dəqiq göstərilməlidir. Hazırda isə Şəxs barəsində İXM-nin 529.3-cü maddəsilə tərtib edilmiş protokollarda xətanın törədildiyi vaxt kimi protokolun tərtib edildiyi tarixlər göstərilmiş, işə əlavə edilmiş materiallar əsasında isə bu hal müəyyən etmək mümkün olmur. Belə ki, İXM-nin 100.1.4-cü maddasinə əsasən protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilməli, bu qaydaya riayət edilmədikdə protokol düzgün tərtib edilməmiş hesab edilir ki, Məcəllənin 109.1.6-cı maddəsinə görə protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə hakim tərəfindən geri qaytarılması haqqında qərar qəbul edilir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası İXMnin 529.3-cü maddəsi “inzibati cərimə və ictimai işlər növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsi” adı ilə “idarəçilik qaydaları əleyhinə” olan inzibati xətalar fəslində təsnifləşdirilmişdir. İXM-nin 529.3-cü maddəsinin tərkibi onun dizpozitiv şərtlərinə görə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud həmin Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilmədikdə yaranır. Həmin Məcəllənin 38-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan, yəni XXİX fəsildə təsnifləşdirilmiş 327-348-ci maddələrdə nəzərdə tutulmuş inzibati xətalara görə məsuliyyətə cəlb etmə müddəti 1(bir) il ərzində müəyyən edilsə də, lakin 529.3-cü maddə “idarəçilik qaydaları əleyhinə” olan inzibati xətalar fəslinə daxil olduğundan və onun əsas obyekti qismində dövlət orqanlarının idarəçilik fəaliyyəti və dövlət intizamı təşkil etdiyindən, həmin inzibati xətaya görə məsuliyyətə cəlb etmə müddəti onun törədildiyi gündən ən geci 4 ay ərzində müəyyən edilmişdir. Hazırki işin hallarından isə müəyyən edilir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törətməsinə dair Azərbaycan Respublikası DİN BDYPİ-si tərəfindən tərtib edilmiş iki protokoldan biri üzrə məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Belə ki, 20 dekabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli protokoldan görünür ki, Şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsinə görə ona 50 (əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN Baş DYPİ tərəfindən qərar qəbul edilmişdir. Lakin yuxarıda göstərildiyi kimi iş materiallarına qəbul edilmiş qərar barədə Şəxs rəsmi qaydada məlumatlandırılıb-məlumatlandırılmaması, əgər məlumatlandırılmışdırsa hansı tarixdən qərarın qanuni qüvvəyə minməsinə dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə iş materiallarında olan mövcud şübhələri barəsində protokol tərtib edilmiş Şəxs xeyrinə həll etməklə qeyd edir ki, həmin qərardan şikayət verilməsi üçün qanunvericiliklə 20 gün müddət nəzərdə tutulmasını və bu halda ən tez 26 may 2023-cü il tarixdən qərarın qanuni qüvvəyə minməsi ehtimalını nəzərə alsaq 3 aylıq müddət 26 avqust 2023-ci il tarixdə başa çatmış olur ki, İXM-nin 529.3-cü maddə ilə nəzərdə tutulmuş xətanın isə 27 avqust 2023-cü il tarixdə törədilə bilməsi ehtimal edilir. Həmin tarixdən şəxsin inzibati məsuliyyət cəlb edilməsinə imkan verən 4 aylıq müddət isə xx.xx.2023-cü il tarixdə başa çatmış olur. Hazır iş isə məhkəmə bu müddət keçdiyi vaxtda yəni xx.xx.2024cü il tarixdə daxil olmuşdur. Göründüyü kimi, İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsi qanunvericiliyin tələbinə əsasən qeyri-mümkündür. Dolayı ilə qərarın qanuni qüvvəyə minməsi tarixi müəyyən etmədən şəxsin məsuliyyətə cəlb olunması mümkün deyildir. Qeyd olunur ki, Azərbaycan Respublikası İXM-nin 106.0.4-cü maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin icraatını rədd edən halların mövcud olub-olmadığını həll etməlidir. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə görə Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Hazırda qeyd olunan hissədə xətanın törədilməsi vaxtını müəyyən etmək mümkün olmadığından, sənədlər məhkəməyə natamam təqdim edildiyindən xitam verilməsi məsələsinin həlli mümkün deyildir. Beləliklə, yuxarıda sadalanan hallar hazırlıq mərhələsində müəyyənləşdirilmədən işə baxmaq mümkün deyildir. Çünki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (maddə 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (maddə 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (maddə 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (maddə 106.0.5) həll etməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN Baş DYPİ-si tərəfindən tərtib edilmiş 20 dekabr 2023-cü il tarixli, İXP seriyalı ******* nömrəli və 20 dekabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli protokollar düzgün tərtib edilməməklə ona əlavə edilmiş materiallar natamam olduğundan, natamamlıqla bağlı şəxsin müvafiq inzibati xətanı törədib-törətməməsini müəyyən etmək, mövcud natamamlıqları isə işə məhkəmədə baxılarkən tamamlamaq mümkün olmadığından protokollar xx.xx.2023-cü il tarixli müşayiət məktublarına əsasən Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN Baş DYPİ-si tərəfindən tərtib edilmiş 20 dekabr 2023-cü il tarixli, İXP seriyalı ******* nömrəli və 20 dekabr 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollar düzgün tərtib edilmədiyindən və ona əlavə edilmiş materiallar natamam olduğundan Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nə geri qaytarılsın. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar