Məhkəmə qərarları › İş №3(004)-2010/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2010/2024

13.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2010/2024 13.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Hüseynova Yağmur Azər qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Erol Kazımlının, Zərərçəkmiş şəxs X1 nümayəndəsi Nümayəndə1, Zərərçəkmiş şəxs X3 nümayəndəsi Nümayəndə3, Zərərçəkmiş şəxs X3 nümayəndəsi vəkil X7, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin rəhbəri X2 müdafiəçisi Nümayəndə2 iştirakları ilə, xx.xx.1979-cu ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Şəxs MMC-nin rəhbəri, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, A.Mustafayev küçəsi, ev 11A qeydiyyatda olan X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Yasamal Rayon İcra Şöbəsi (icra məmuru Erol Kazımlı) tərəfindən X4 barəsində İXM-in 528.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixdə MN № ******* saylı inzibati xəta haqqında protokol və protokola əlavə tərtib edilmişdir ondan ötəri ki, Sabunçu Rayon Məhkəməsinin 16(008)- 86/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən ərizəçi X1 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 97 m² olan evində tikinti və söküntü işlərinin aparılması "xxxx" MMC-yə qadağan edilmişdir. Yasamal Rayon Məhkəməsinin 16(004)-73/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən X3 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin və ya divarının, hasarının sökülməsi cavabdeh "xxxx" MMC-yə qadağan edilmişdir. Lakin xəbərdarlıqlara baxmayaraq MMC-nin direktorunun rəhbərliyi ilə həmin ünvanda söküntü işləri aparılır. Beləliklə icra sənədi icra edilməmişdir. Bununla da icra məmuru hesab etmişdir ki, borclu icra vərəqələrində göstərilən tələbi icra etmir və icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Beləliklə də borclu icra sənədlərini üzürsüz səbəbdən icra etməmişdir. Protokol tərtib etmiş Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Erol Kazımlı məhkəməyə verdiyi izahatında bildirdi ki, X4 barəsində İXM-in 528.1-ci maddəsi ilə xx.xx.2024cü il tarixdə MN № ******* saylı inzibati xəta haqqında protokol və protokola əlavə tərtib edilmişdir ondan ötəri ki, Sabunçu Rayon Məhkəməsinin 16(008)-86/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə və Yasamal Rayon Məhkəməsinin 16(004)-73/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən ərizəçi X1 və ərizəçi X3 yaşadıqları fərdi evlərdə hər hansı söküntü işlərinin aparılması "xxxx" MMC-yə qadağan edilmişdir. Beləliklə tikintiyə və söküntü aparmaq Şəxs MMC-yə qadağan edildiyi halda onlar məhkəmə qərardadları ilə xəbərdarlığa baxmayaraq tikintiyə davam etmiş, tələbkarların evini sökmüşlər. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan X2 müdafiəçisi Nümayəndə2 məhkəmə iclasında bildirdi ki, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin e-16(004)-73/2024- 002 saylı xx.xx.2024-ci il tarixli icra sənədinə və e-16(004)-86/2024-002 saylı xx.xx.2024-ci il tarixli icra sənədinə əsasən Şəxs MMC-ə icra sənədlərində göstərilmiş əmlaklarla bağlı söküntü işlərinin aparılması qadağan edilmişdir. Yasamal Rayon İcra Şöbəsinin İcra məmuru Erol Kazımlı tərəfindən bu barədə məlumatlandırıldıqdan sonra şirkət işçilərinə sözü gedən mənzillər ilə bağlı hər hansı bir söküntü işlərinin aparılmaması tapşırılmışdır və ötən müddət ərzində də həmin ünvanlarla bağlı tərəflərindən heç bir söküntü işləri görülməmişdir. Lakin buna baxmayaraq Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Erol Kazımlı əsassız olaraq şirkətin direktoru barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir. Bununla bağlı qeyd etmək istəyir ki, sözügedən protokol tamamilə əsassızdır və nə şirkətin nə də ki onun rəhbəri tərəfindən AR İXM-İn 528.1-ci madddəsinin tələbi pozulmamışdır. Belə ki, yuxarıda qeyd etdiyi kimi, icra məmuru tərəfindən icra sənədinin tələbləri ilə tanış olduqları andan və bundan da öncə tərəflərindən tələbkarın evinə heç bir müdaxilə olmamışdır. Həmçinin icra məmuru tərəfindən xx.xx.2024-cü il tarilxdə olmadan akt tərtib edilmiş və aktda söküntü işlərin aparıldığı müəyyən edilmişdir. Sözügedən aktla bağlı qeyd edir ki, həmin tarixdə akt tərtib olunarkən şirkətin əməkdaşları dəvət edilməmiş və yaranmış vəziyyətlə bağlı onların mövqeyi öyrənilməmişdir. Bundan başqa akt tərtib olunarkən yalnız tələbkarın nümayəndəsi və icra məmurları iştirak etmişdir, hər hansı bir hal-şahidi qeyd olunan aktda göstərilməmiş və aktı imzalamamışdılar. Bundan başqa aktda ərazidə söküntü işlərinin aparılması qeyd edilmiş, əlbəttə ki qeyd olunan yer söküntü ərazisidir və ərazidə söküntü işlərinin aparılması ağlabatandır. Tələbkara aid daşınmaz əmlakın isə sökülməsinə dair nə aktda bir qeyd edilmiş nə də ki bu fakt öz əksini hardasa tapmamışdır. Həmçinin sübut kmi təqdim edilmiş digər aktda da mövcud çatışmamazlılar var yəni akt birtərəfli qaydada tərtib edilmişdir Həmçinin aktın mətnindən göründüyü kimi, “evin həyətyanı sahəsində yerləşən saxlanc otağında çatın əmələ gəlməsi haqqında tələbkar məlumat vermişdir” kimi qeyd edilmişdir. İlk öncə qeyd edir ki, icra sənədində hər hansı saxlanc otağının sökülməsinə qadağa qoyulmamışdır. Daha sonra aktın mətnindən göründüyü kimi həmin informasiyanı icra məmurunu tələbkar vermişdir icra məmuru qeyd olunan saxlanc yerində söküntü işlərinn aparılmasına dair qadağa qoymadığı üçün həmin yerin əvvəlki vəziyyəti barədə də bir məlumatı olmamışdır. Dağıntıların şirkətimiz tərəfindən törədilib-törədilməməsi haqqında aktlarda bir qeyd göstərilməmişdir. Tərtib edilmiş inzibati xəta haqqında protokollar heç bir sübuta əsaslanmır. Belə ki, işə əlavə edilmiş fotoşəkillər də, tələbkar tərəfindən çəkilərək icra məmuruna ünvanlanmış və hamısı məhkəməni yanıltmaq məqsədi daşıyır. Qeyd etmək istəyir ki, tərəflərindən tələbkarlara qarşı iddia ərizəsi ilə məhkəmələrə müraciət edilmiş və onların kompensasiya ödənilməklə evdən çıxarılmaları tələbləri qoyulmuşdur. Bu cür yalan məlumatların həm icra şöbəsinə həm də ki, məhkəməyə ünvanlanması tələbkarların şirkət ilə olan ədavətindən irəli gəlir və şirkətə əsassız yerə cərimə yazılması məqsədi daşıyır. 528.1-ci maddədə göstərilmişdir ki, şəxs məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirmədiyi təqdirdə həmin maddə ilə məsuliyyət daşıyır. Şirkət tərəfindən isə icra məmurunu heç bir tələbi pozulmamışdır, bütün lazım olan məlumatlar vaxtlı-vaxtında icra məmuruna təqdim edilmişdir. İcra məmuru isə şirkətin onun tələblərinə əməl etməməsini təsdiq edən heç bir əsasa istinad etməmiş və məhkəməyə də bununla bağlı heç bir sübut təqdim etməmişdir. AR İXM-nin 53.1.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati xəta hadisəsi olmadığı təqdirdə inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilinməz, başlanılmış icraata isə xitam verlməlidir. Şəxs MMC barəsində AR İXM-nin 528.1-ci maddəsinin tələblərinin pozulmasında dair inzibati xəta haqqında icraata inzibati xəta hadisəsi olmadığı səbəbindən xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən tələbkar X1 nümayəndəsi Nümayəndə1 məhkəməyə verdiyi izahatında bildirdi ki, onların əraziləri 97 kv.m. təşkil edir və bu bütün lazımı sənədlərlə öz təsdiqini tapmışdır. Həmçinin məhkəmə qərardadında 97 kv.m. göstərilir, hansının ki sökülməsi şirkətə qadağan edilmişdir. Özü əvvəllər polis orqanlarında xidmət etmiş, qanunları yaxşı bilir. Faktiki olaraq evlərini eskalatorla vurub dağıdıblar, bu yolverilməzdir, mülkiyyət toxunulmazdır. Məhkəmə bu cür söküntünü aparmağa qadaqan edib, lakin onlar öz işlərini yene davam edirlər. Şəkillər məhkəməyə təqdim olunur. Görsənir ki, evin birinci mərtəbəsi, onlara aid hissədə dağıdılmışdır. Ona görə də ciddi tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən tələbkar X3 nümayəndəsi vəkil X10 məhkəməyə verdiyi izahatında bildirdi ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında mülki işlər var, hansılar ki birbaşa bu işlə əlaqəlidir. Söküntünün dayandırılması ilə bağlı qərardad qəbul olunub, lakin buna baxmayaraq insanların mülkiyyətinə müdaxilə olunur, evin qarşısında olan tikintilər tamamilə sökülüb. Mənzillər qəzalı vəziyyətdə deyildir, lakin şirkət tərəfindən hər cür addım atılır ki, vətəndaşlar evindən çıxarılsın. Bu yolverilməzdir. İcra məmuru şirkətin qanunsuz hərəkətlərini dayandıra bilmir, vətəndaşlar əmlakın tələb edir, onların qanunla qorunan mülkiyyət hüququ var. Hazırda Xalidə xanımın 172 kv.m. əraziyə mülkiyyət hüququ vardır. Ona görə də ciddi tədbir görülməsini xahiş etdi. Zərərçəkmiş şəxs X3 nümayəndəsi Nümayəndə3 məhkəmə iclasında bildirmişdir ki, evin sökülməsini göstərən videolar da mövcuddur, şirkət tərəfindən onların evlərinin sökülməsi davam edir. Hazırda şirkətin vəzifəli şəxsləri barəsində ciddi tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsaslar vardır. Belə ki, şəxsin İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinməsinə və barəsində inzibati xəta haqqında protokol tərtib edilməsinə səbəbə olmuş məhkəmə qərardadı Sabunçu Rayon Məhkəməsinin 16(008)-86/2024 saylı, xx.xx.2024-cü il tarixli və Yasamal Rayon Məhkəməsinin 16(004)-73/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədlərinin icrası ilə əlaqədardır. Qərarlara əsasən ərizəçi X1 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 97 m² olan evində tikinti və söküntü işlərinin aparılması və X3 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin və ya divarının, hasarının sökülməsi "xxxx" MMC-yə qadağan edilmişdir. Həmin icra sənədləri üzrə icra məmuru tərəfindən xx.xx.2024-cü il tarixli və xx.xx.2024cü il tarixli qərarlarla icraata başlanılmış, qərarlara əsasən tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmişdir. Həmin icra sənədi barədə, icraata başlama barədə, könüllü icra müddəti barədə borcluya xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli bildiriş göndərilmişdir. İş materiallarında icra məmurunun xx.xx.2024-cü il tarixli akta əsasən ünvan 1 ünvanında yerləşən evdə xx.xx.2024-cü il tarixdə söküntü işlərinin aparıldığı qeyd olunmuşdur. Həmçinin ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evin həyətində olan saxlanc yerinə zərər dəydiyi qeyd olunmuşdur. İcra məmuru və tələbkar hesab edirlər ki, həmin söküntü işləri məhz "xxxx" MMC tərəfindən aparılmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, həmin söküntünün kim tərəfindən həyata keçirilməsi aktda qeyd edilməmişdir, həmçinin həmin söküntünün kim tərəfindən törədilməsi də müəyyən edilməmişdir. Belə olduğu təqdirdə "xxxx" MMC qərardada əməl etməməsi öz təsdiqini tapmır. Ona görə də hər hansı bir şəxsin əməlində inzibati xəta tərkibi mövcud olmur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Şəxsin əməlində inzibati xətanın elementlərindən olan obyektiv və subyektiv cəhətlər yoxdur. Belə bir vəziyyətdə şəxsin inzibati xətanın törədilməsində qəsdinin və ya ehtiyatsızlığının nədən ibarət olmasına dair də sübut təqdim edilməmişdir. Ümumiyyətlə bunları təsdiq edən sübut toplamamışdır. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X9 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmənin bu qənaəti həmçinin İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi həmin Məcəllədən ibarətdir. İXM-nin 1.3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. İXM-in İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmədə müəyyən edilmiş yuxarıda qeyd edilən işin halları və sadalanan normalara əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə və protokolda təqsirli bilindiyi İXM-in maddəsi üzrə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, protokolda göstərilən İXM-in maddəsi üzrə inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Bu barədə sübutlar kifayət etmir. Şübhələr və ziddiyyətli məqamlar şəxsin xeyrinə həll etməlidir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd edilənlərə əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC-nin rəhbəri X4 barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar