Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2011/2021 15.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin (RPİ) X6 Şöbəsi (DYPŞ) tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş 20 avqust 2021-ci il tarixli, AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Protokoldan görünür ki, Şəxs MMC mülkiyyətində (istifadəsində) olan “Mercedes” (minik) markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatları səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Bununla da, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X3 izahatında göstərmişdir ki, 01.07.2021-ci ildə Cəmiyyət tərəfindən Yasamal RPİ-nin DYPŞ-nin sorğularına cavab olaraq həmin orqana vəsatətlə müraciət edilərək bir neçə nəqliyyat vasitəsinin sürücüsü o cümlədən **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürcüsü barədə məlumat verilmiş və həmin vəsatət Yasamal RPİ-nin DYPŞ tərəfindən 02.07.2021-ci ildə təhvil alınmışdır. Həmçinin Yasamal RPİ-nin DYPŞ-i tərəfindən ünvanlanmış sorğuya 30 avqust 2021-ci ildə cavab verilmiş və **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobilin 12.11.2020-ci il tarixdə Mehin Fatiyeva tərəfindən idarə edildiyi göstərilmiş, həmin məktub Yasamal RPİ-nin DYPŞ tərəfindən 30 Avqust 2021-ci ildə təhvil alınmışdır. X3 izahatında göstərilən halları təsdiq edən vəsatəti və məktubu məhkəməyə təqdim edən Cəmiyyət barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə tərtib edilmiş protokol əsasında başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin, protokol tərtib etmiş qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və tərəfindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsasən protokol tərtib etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulan xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin Şəxs MMCyə ünvanladığı sorğu məzmunlu məktubdan görünür ki, 12.11.2020-ci il tarixdə saat 09:56da Cəmiyyətin mülkiyyətində (istifadəsində) olan “MERCEDES BENZ G63 AMG” (minik) markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücü tərəfindən Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Qeyd olunan məktubla avtomobili idarə etmiş sürücü barədə məlumat verilməsi xahiş edilmiş, eyni zamanda həmin məlumatların 5 gün müddətində verilməməsinə görə hüquqi şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan poçt göndərişinin verilməsi haqqında “SS740387595AZ” ştrix kodlu xəbərnamədən görünür ki, Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin yuxarıda qeyd olunan sorğusu 27 iyul 2021-ci il tarixdə Şəxs MMC-nin “Kərimov” soyadlı əməkdaşı tərəfindən imzalanmaqla qəbul edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X3 tərəfindən məhkəməyə təqdim edilmiş məktub ilə Yasamal RPİ-nin DYPŞ-nin protokola əlavə etdiyi sorğu müqayisəli şəkildə tədqiq edildikdə müəyyən edildi ki, Yasamal RPİ-nin DYPŞ tərəfindən Cəmiyyətə ünvanlanmış sorğu ilə 12.11.2020-ci il tarixdə “MERCEDES BENZ G63 AMG” markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs barədə məlumat verilməsi xahiş edilmişdir. Qeyd olunan sorğu 27.07.2021-ci il tarixdə Cəmiyyətə rəsmi qaydada çatdırılmışdır. Bu halın özü məhkəmədə kifayət qədər şübhə yaradır ki, əgər qanunvericiliyin tələbinə əsasən müvafiq sorğu səlahiyyətli orqan tərəfindən dərhal göndərilməli olduğu halda hansı səbəbdən 8 ay sonra sorğu hüququ şəxsə çatdırılmış olsun. Bunu əsaslandıran hər hansı sübut isə iş materiallarına əlavə edilməmişdir. Cəmiyyət tərəfindən Yasamal RPİ-nin DYPŞ-yə ünvanlanmış 01.07.2021-ci il tarixli vəsatətdən isə müəyyən edilir ki, portal sistemdə görünən protokollara müvafiq olaraq bir neçə nəqliyyat vasitəsilərinin sürücüləri barədə, o cümlədən **-AS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 12.11.2020-ci il tarixdə idarə etmiş Fatiyeva Mehin adlı sürücünün anket məlumatları, o cümlədən sürücülük vəsiqəsinin rekvizitləri barədə adiyyəti səlahiyyətli inzibati orqan olan Yasamal RPİ-nin DYPŞ-yə ətraflı məlumat verilmişdir. Vəsatətin üzərindəki Bakı şəhəri Yasamal RPİ DYPŞ-nin möhüründən və qeyddən müəyyən edilir ki, məktub 02 iyul 2021-ci il tarixdə Yasamal RPİ-nin DYPŞ-yə təhvil verilmişdir. Həmçinin Yasamal RPİ-nin DYPŞ tərəfindən verilmiş sorğuya 30 avqust 2021ci il tarixdə Şəxs MMC tərəfindən cavab verilmiş, **-AS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 12.11.2020-ci il tarixdə Fatiyeva Mehin adlı sürücünün istifadəsində olması bildirilmişdir. Məktubun üzərindəki Bakı şəhəri Yasamal RPİ DYPŞ-nin möhüründən və qeydindən isə müəyyən edilir ki, məktub 30 avqust 2021-ci il tarixdə Yasamal RPİ-nin DYPŞ-yə təhvil verilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Şəxs MMC-nin mülkiyyətində (istifadəsində) olan “MERCEDES BENZ G63 AMG” (minik) markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünün Azərbaycan Respublikasının İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti üzrə qərar qəbul edilməsi üçün həmin sürücü barədə məlumat əldə etmək məqsədi ilə Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ tərəfindən Cəmiyyətə sorğu göndərilmiş və həmin sorğu 27 iyul 2021-ci il tarixdə Cəmiyyətin məsul şəxsi tərəfindən rəsmi qaydada qəbul edilmiş və qeyd edilən sorğuya qanunvericiliklə müəyyən edilmiş qaydada 5 gün müddətində cavablandırılması təmin edilmişdir. Belə ki, Cəmiyyətin qanuni təmsilçisi tərəfindən məhkəməyə təqdim edilmiş vəsatətdən və məktubdan müəyyən edildi ki, səlahiyyətli orqanın sorğusuna cavab məktubu 02 iyul 2021-ci il tarixdə və 31 avqust 2021-ci il tarixdə təhvil verilmişdir. Bununla da, məhkəmə tərəfindən müəyyən edildi ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri yoxdur. Göstərilənlərlə yanaşı qeyd edilir ki, Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş Şəxs MMC-yə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) və ona istinad edilən inzibati xəta tərkibinin əlamətləri mövcud deyildir. Ona görə də, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114-117, 128-130 və 347-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Yasamal rayon Polis İdarəsinin X6 Şöbəsi tərəfindən tərtib edilmiş 20 avqust 2021-ci il tarixli, AP seriyalı ******* nömrəli protokol əsasında Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-2011/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2011/2021
15.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver