Məhkəmə qərarları › İş №3(004)-2012/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2012/2024

07.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2012/2024 07.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 Azərbaycan Respublikası DİN Bakı şəhəri Yasamal rayon DYPŞ-nin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında protokol üzrə qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X2 Azərbaycan Respublikası DİN Bakı şəhəri Yasamal rayon DYPŞ-nin xx.xx.2024cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında tənbeh vermə haqqında qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək qərarn ləğv edilməsi və əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə idarə etdiyi mersedes markalı **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobili Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yasamal Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq barəsində inzibati xətalar məcəlləsinin 342.2.2 maddəsi üzrə protokol tərtib olunmuş və inzibati xətalarla bağlı xx.xx.2024-cü il tarixdə TP6389126 nömrəli qərar çıxarılmışdır. Həmin qərara əsasən o, 150 AZN cərimə olunmuşdur. Ona görə ki, guya o avtomobilində normativ tələbləri pozmaqla avadanlıqlar quraşdırmışdır. Hesab edir ki barəsində tərtib olunmuş həmin protokol qanunsuz hesab olunmalıdır. Belə ki, avtomobilində avadanlıqları sadəcə olaraq dəyişdirmişdir, yəni faralar, stoplar və banperlər dəyişdirilmişdir. Bu heç də normativ tələblərin pozulması kimi hesab olunmamalıdır. Hətta o bu barədə nəqliyyat eksperti Ərşad Hüseynov və Baş Dövlət Yol Polis İdarəsinin inspektoru Araz Əsgərovla məsləhətləşmişdir. Həmin şəxslər belə vəziyyətdə heç bir normativ tələblərinin pozulmadığını bildirmişlər. Təəssüf ki, barəsində protokol tərtib edən inspektor bununla razılaşmamışdır. Məhkəmə iclasında iştirak edən X2 şikayətinə uyğun izahat verərək, Azərbaycan Respublikası DİN Bakı şəhəri Yasamal rayon DYPŞ səlahiyyətli əməkdaşı tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarın ləğv edilməsini və əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş qərarından şikayət verilmiş orqan məhkəmə iclasına gəlməmiş və ya nümayəndəsini göndərməmiş və bunun səbəbi barədə heç bir məlumat verməmişlər. Məhkəmə işə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Bakı şəhəri Yasamal rayon DYPŞ-nin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 tərəfindən xx.xx.2024-cü il tarixdə 15:18 radələrində Yasamal rayonu ərazisində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarına əlavə edilmiş avtomobilin faralar, stoplar və banperlərinin görüntülərini özündə əks etdirən fotoşəkillərdən müəyyən edilmişdir ki, avtomobilin dəyişdirilmiş həmin hissələri məhs həmin növ avtomobilin bir neçə il sonrakı modeli üçün istehsal edilmiş ehtiyat hissələridir. Məhkəmə ilk növbədə qeyd edir ki, Ə.Əliyev tərəfindən mübahisələndirilən xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarda İXM-nin 342.2.-ci maddəsinin bütün dispozitiv şərtləri əks etdirilmişdir, yəni həmin qərardan məlum deyildir ki, inzibati məsuliyyətə cəlb edilmiş şəxs normativ tələbləri pozmaqla avadanlıq quraşdırmasına və ya normativ tələbləri pozmaqla avadanlığın dəyişdirilməsinə görə məsuliyyətə cəlb edilmişdir. Digər tərəfdən sözügedən qərarda normativ tələbləri pozmaqla dəyişdirilmiş və ya quraşdırılmış avadanlığın nədən ibarət olmsı sadalanmamaqla qeyri müəyyən olmuşdur.Eyni zamanda dəyişdirilmiş və ya quraşdırılmış avadanlığın normativ tələblərə uyğun olmaması nə ilə öz təsdiqin tapması, belə halın mövcud olmasını təsdiq edən sübut və ya istinad mövcud deyildir. Belə olan halda barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş avtomobilin faralar, stoplar və banperlərin görüntülərini özündə əks etdirən fotoşəkillərdən müəyyən edilmişdir ki, o, idarə etdiyi mersedes markalı avtomobilinə həmin markadan və modeldən olan lakin buraxılış ili yeni olan avtomobilin ehtiyat hissələrini quraşdırmışdır. Məhkəmə hesab edir ki, bu hal özlüyündə avtomobilə normativ tələblərin pozulması ilə avadanlığın quraşdırılması kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən, nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni normativ tələblər pozulmaqla, avadanlığın dəyişdirilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə araşdırılması zamanı X2 tərəfindən nəqliyyat vasitəsinə normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılması və ya dəyişdirilməsi öz təsdiqini tapmamışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokolda və həmin protokol əsasında qəbul edilmiş qərarda X2 tərəfindən nəqliyyat vasitəsinə normativ tələblər pozulmaqla hansı avadanlığın quraşdırılması və ya hansı əhəmiyyətli parçasının dəyişdirilməsi barədə heç bir əsaslandırma mövcud deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması qanunla müəyyən olunmuş qaydada sübut olunmur. Ona görə də X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə təqsirli bilinərək 150 (bir yüz əlli) manat məbləğində cərimə olunmasına dair Azərbaycan Respublikası DİN Bakı şəhəri Yasamal rayon DYPŞ-nin xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat xitam verilir. Eyni Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şikayət təmin edilsin. X3 oglunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə təqsirli bilinərək 150 (bir yüz əlli) manat məbləğində cərimə olunmasına dair Azərbaycan Respublikası DİN Bakı şəhəri Yasamal rayon DYPŞ-nin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar