Məhkəmə qərarları › İş №3(004)-2028/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2028/2022

20.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2028/2022 20.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsinin polis sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1985-ci il tarixdə Xocavənd rayonunun, Xocavənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Xocavənd rayonunun, Xocavənd rayonunun, Muğanlı ərazi dairəsi, Muğanlı kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 29-cu polis şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsinin polis sahə inspektoru X4 tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 20 aprel 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Şəxs 19 aprel 2022-ci il tarixdə saat Yasamal rayonu, Kənar dairəvi yolda Yol Patrul Xidmətinin polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Nəticədə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsinin polis sahə inspektoru X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, o hadisə yerində olmamış, Şəxs ilk dəfə Polis Bölməsində görmüşdür. Polis Bölməsində olan zaman Şəxs polisin bütün qanuni tələblərinə təbe olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, 19 aprel 2022-ci il tarixdə saat 16:35 radələrində Sumqayıt şəhərində “Nisaan Maxima” markalı **- AA-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində əyləşmişdir. Avtomobili etibarnamə ilə dostu Haqnəzərov Fuad idarə etmişdir. Yasamal rayonu, Kənar dairəvi yolda hərəkətdə olduğu zaman **-YP-*** dövlət qeydiyyat nişanlı DYP avtomobili onlara saxla əmri vermişdir. Sürücü F.Haqnəzərov əmrə tabe olaraq avtomobili saxlamışdır. Daha sonra polis əməkdaşı özünü təqdim etmədən birbaşa maşının sənədlərini istəmişdir. Sürücü F.Haqnəzərov “özünüzü təqdim edin və hansı səbəbə görə saxlanılmışıq” deyə soruşmuşdur. Bundan sonra DYP əməkdaşı sürücünün sənədlərini istəmiş, daha sonra isə maşının kapotunun açılmasını tələb etmişdir. Bundan sonra polis əməkdaşı şəxsi telefonu ilə onları çəkməyə başlamışdır. O həmin DYP əmədaşına onun şəxsi telefonu ilə çəkməsinin qanunsuz olduğunu və üzərində yaxa cihazının olmadığını bildirmişdir. Onlar hər biri polisin qanuni tələblərinə tabe olmuşlar. Göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirmişdir ki, 19.04.2022-ci il tarixdə saat 17:00 radələrində “Nissan Maxima” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü tərəfindən manevr qaydaları pozulduğu üçün saxlanılmışdır. Sürücüdən sənədlərin təqdim edilməsi istənildikdə sürücünün yanında olan sərnişin onu mobil telefonu ilə onu çəkməyə başlamışdır. Sürücünü nizam-intizama dəvət etsələrdə sürücü buna məhəl qoymayaraq onlara problem yaradacağını bildirmişdir. Bu zaman sərnişində onların işlərinə müdaxilə etmiş, hədə qorxu gələrək problem yaradacağını bildirmişdir. Bundan sonra onlar ərazi üzrə 29-cu PŞ-nə müraciət emiş və həmin şəxslər şöbənin əməkdaşları tərəfindən 29-cu polis şöbəsinə təmin edilmişlər. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, hərəkətlərinə son qoymaması, işinə müdaxilə etməməsi yaxud çəkilişi dayandırması ilə bağlı hər hansı tələb irəli sürməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 digər şahid X2 ilə eyni məzmunlu ifadə vermişdir. BDYPİ-nin EN üzrə YPXB-nin yol patrul xidməti inspektoru Camalov Taleh tərəfindən tərtib edilmiş 19.04.2022-ci il tarixli raportdan görünür ki, 19.04.2022-ci il tarixdə saat 17:00 radələrində Dairəvi yolda xidmətdə olarkən **-AA-*** dövlət qeydiyyat nişanlı “Nissan Maxima” markalı avtomobilin sürücüsü manevretmə qaydasını pozduğu üçün tərəfindən saxlanılmışdır. Özünü təqdim edib qayda pozuntusunu izah edib sənədləri istədikdə sürücü ona sənəd verməkdən imtina edərək mobil telefonun kamerası ilə çəkiliş etməyə başlayaraq onu hədələməyə başlamışdır. O həmin şəxsi nizam-intizama dəvət etsədə həmin şəxs öz əməllərinə davam edərək yüksək səslə onları hədələmiş və onlara problem yaradacağını bildirmişlər. O sürücü ilə ünsiyyətdə olan zaman sərnişin də müdaxilə edərək ona hədə-qorxu gələrək, ona problem yaradacağını bildirmişdir. Bu zaman o ərazi üzrə 29-cu PŞ-nin əməkdaşlarını dəvət etmiş, sürücü və sərnişini polisə tabe olmadığına görə 29-cu PŞ-nə gətimişlər. ƏŞPA-nın 6-cı PB-nin polis nəfərləri Ələsgərov Rəşad və Fərzəliyev Əli tərəfindən tərtib edilmiş 19.04.2022-ci il tarixli raportdan görünür ki, 19.04.2022-ci il tarixdə saat 17:09 radələrində inzibati ərazidə xidmət apararkən “Şəfəq 4” məlumatına əsasən dairəvi yolda “ekologiya” DYP-nin əməkdaşlarına kömək lazım olduğu bildirilmişdir. Onlar dərhal deyilən ünvana yaxınlaşaraq həmin sürücüyə özlərini təqdim etmiş və onlara DYP-nin əməkdaşları bildirdiyi və tələb etdiyi qanuna tabe olmasına dəvət etmişlər. Polis şöbəsində məlum olmuşdur ki, həmin şəxslər X3 və Şəxsdur. İnzibati qaydada tutma haqqında 19.04.2022-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 17:30-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan video görüntüyə baxış keçirilərkən müəyyən edilmişdir ki, polis əməkdaşı ilə Şəxs arasında sadəcə anlaşılmamazlıq yaranmışdır və bu zaman polis əməkdaşı hər hansı qanuni tələb irəli sürməmişdir. Məhkəmə qeyd edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkib əlamətləri aşkar edilmədiyindən inzibati xəta üzrə icraata xitam verilməsi məqsədəuyğundur. Belə ki aşağıdakılara əsasən şəxsin törətdiyi əməl kimi göstərilmiş və şəxsə qarşı tərtib edilmiş protokolda göstərilmiş əməldə inzibati xəta tərkibi yoxdur. Ümumiyyətlə qeyd edilməlidir ki, polisin ixtiyari bir tələbinə qəsdən tabe olmamaq İXM-nin 535.1-ci maddəsinin tərkibini yaratmır. Yalnız polisin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. Şəxsin saxlanıldığı vaxtdan 24 saat keçsə də polisin şəxs barədə şübhələri öz təsdiqini tapmamışdır. Çünki protokolu tərtib etmiş şəxs tərəfindən Şəxs təqsirliliyini təsdiq edən hər hansı sübut əlavə edilməmişdir. Şəxs tərəfindən videoçəkilişdən istifadə edilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkib əlamətlərinin yaranmasına səbəb olmur. Bundan əlavə həmin videoçəkilişin dayandırılması və polis əməkdaşının işinə müdaxilə etməməsi kimi polis əməkdaşları tərəfindən tələb edilməmişdir. X10 Alayının 6-cı polis birliyinin polis əməkdaşları Şəxs xidməti avtomobilinə əyləşməsini və polis bölməsinə getməsini istəyiblər, şəxs bununla razılaşıb və onlarla birlikdə polis bölməsinə gedib. Şəxsin bu əməli də inzibati xəta kimi qiymətləndirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 5-ci maddəsinin 2-ci bəndinə əsasən tutulmuş hər bir kəsə ona aydın olan dildə onun tutulmasının səbəbləri və ona qarşı irəli sürülən istənilən ittiham barədə dərhal məlumat verilir. Azərbaycan Respublikası İXM-nin inzibati məsuliyyətin əsaslarını müəyyən edən 3cü maddəsində göstərilir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 5-ci maddəsində isə təsbit edilmişdir ki, insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən insan ləyaqətini alçaldan qərarların verilməsinə və hərəkətin edilməsinə yol verilmir. Göründüyü kimi, insan və vətəndaş hüquq və azadlıqlarını ali dəyər kimi qiymətləndirib insan və vətəndaş hüquqlarını və azadlıqlarını, şəxslərin iqtisadi maraqlarını, idarəçilik qaydalarını qorumağı, qanunçuluğu möhkəmləndirməyi və inzibati xətaların qarşısını almağı vəzifə kimi müəyyən edən İXM-yə görə, yalnız Məcəllədə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb oluna bilər. Həmin Məcəllənin 8-ci maddəsində isə göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.1.1 və 53.1.2-ci maddələrinə əsasən, inzibati xəta hadisəsi olmadıqda və ya inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, İXM-nin 535.1-ci maddəsi ilə Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə protokolu tərtib etmiş orqan tərəfindən heç bir sübut təqdim edilmədiyindən və onun əməlində həmin maddənin tərkib əlamətləri sübuta yetirilmədiyi üçün iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 29-cu polis şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar