Məhkəmə qərarları › İş №3(004)-204/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-204/2025

22.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-204/2025 22.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X6 Məhəmməd qızının sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi ilə, X1 iştirakı ilə X1 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsinin DYPŞnin EQ 25168257 saylı, 22 dekabr 2024-cü il tarixli qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdı ki, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən İnzibati Xətallar Məcəlləsin 346.4-cü maddəsinin tələblərinin pozulması halı olaraq, X8 Prado markalı **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobillə pozuntuda Yasamal rayonu, Qələbə dairəsi ünvanı kimi qeyd edilən ərazidə 22 dekabr 2024-cü il tarixdə saat 20.05 dəqiqədə “yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə 22 Dekabr 2024-cü il tarixli EQ 25168257 nömrəli Elektron Qərarla 80 manat və 2 bal cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Bununla əlaqədar qeyd edir ki, SMS Radar.az sistemində yerləşdirilmiş şəkillərdə Bakı şəhəri, Yasamal rayonu, Qələbə dairəsi ünvanını kimi qeyd edilən ərazidə heç bir dayanma və durma halına yol verməmişəm. SMSRadar.az sistemində yerləşdirilmiş şəkillərdən görünür ki, əslində Həsən bəy ünvan 2 ünvan yaşayış binasının qabağıdır və ümumi istifadədə olan yayşayış məntəqəsində avtomobilim sərnişin mindirmək üçün dayandırmış,həmin yolun sağ və sol tərəflərindədə avtomobillər park edilmişdir.Sərnişin minməsi üçün avtomobili dayandırdığı yolun hərəkət hissəsinin ayırıcı zolaq vasitəsilə ayrılması halı olmamış və ya tam pozulmuş, dürüst müəyyən edilən olmamışdır. SMS Radar.az sistemində yerləşdirilmiş şəkillərdə qeyd edilən vaxtdan görünür ki,avtomobilin zaman etibarı ilə 2 dəqiqə 07 saniyə dayanmış və özü də avtomobilin sükanı arxasında olmuşdur.Eyni zamanda yolun sağ tərəfində avtomobillər park edildiyindən və ayrıcı zolaqlar olmadığından, bu halda yol çiynini, yolun hərəkət hissəsinin kənarı cərgəsini müəyyən etmək mümkün olmadığından sağ zolaqda dayanmağa icazə verilir.Bu hallar Yol hərəkəti haqqında Azərbaycan Respublikası qanunun 52.1 -ci maddəsində nəzərdə tutulur. Ona görə də X8 Prado markalı **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobillə pozuntuda Yasamal rayonu, Qələbə dairəsi ünvanı kimi qeyd edilən ərazidə 22 dekabr 2024-cü il tarixdə saat 20.05 dəqiqədə “yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına”halı olan inzibati xəta hadisəsi olmadığından və inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparıldığından 22 Dekabr 2024-cü il tarixli EQ 25168257 nömrəli Elektron Qərarla 80 manat və 2 bal cərimə edilmə haqqında tənbeh növünün ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi məhkəmədə də eyni məzmunlu izahat verdi və şikayətin təmin edilməsini xahiş etdi. Qərarından şikayət verilən orqana məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştrakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsinin 22 dekabr 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərara əsasən X4 İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinib 60 manat cərimə edilmişdir. Şikayətçi faktiki olaraq şikayətində həmin qərarın qanunsuzluğu barədə hər hansı bir konkret fakt göstərməmişdir. Şikayətdə qeyd olunan hallar isə həmin qərarın ləğv edilməsi üçün əsas deyildir. Şikayətçi qərardan narazı olduğu üçün ləğv edilməsini xahiş etmişdir, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Şikayətçi qeyd olunan halların təsdiq olunması üçün Azərbaycan Respublikası Yol hərəkəti haqqında qanunun 52.1-ci maddəsinə istinad etmişdir. Halbuki bu maddə şikayətdə qeyd olunan halları təsdiq deyil təkzib edir, əksinə şikayət verən şəxsin təqsirini müəyyən edir. Belə ki, Azərbaycan Respublikası Yol hərəkəti haqqında qanunun 52.1-ci maddəsinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində — yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və ya durması qadağandır. Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsinə Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə -səksən manat məbləğində cərimə edilir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da həmin protokolla müəyyən edilir ki, şikayətçi X8 Prado markalı **-HC- *** dövlət qeydiyyat nişanlı avtomobillə Yasamal rayonu, Qələbə dairəsi ünvanı kimi qeyd edilən ərazidə 22 dekabr 2024-cü il tarixdə saat 20.05 dəqiqədə ikinci cərgədə durmuş və İXM-in 346.4-cü maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o, həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində elektron qərar qəbul edilmişdir. Həmin qərara əsasən iş materiallarında olan fotoşəkillər də şəxsin inzabati xəta törətməsini sübut edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsinin DYPŞnin EQ 25168257 saylı, 22 dekabr 2024-cü il tarixli inzibati xəta haqqında qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar