Məhkəmə qərarları › İş №3(004)-2048/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2048/2023

12.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2048/2023 12.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi, inzibati xəta haqqında tərtib etmiş Yasamal RPİ-nin 27-ci PB-nin sahə inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinin polis sahə inspektoru X2 tərəfindən Şəxs barəsində İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 11 aprel 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli, 11 aprel 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 11 aprel 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 36 ünvanında səs-küy salmış nəlayiq ifadələr işlədərək xırda xuliqanlıq törətmişdir. Nəticədə Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Protokolu tərtib etmiş Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsinin sahə inspektoru X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, Şəxs 11 aprel 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 36 ünvanında səs-küy salmış nəlayiq ifadələr işlədərək xırda xuliqanlıq törətmişdir. Yekun olaraq o Şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsi ilə təqsirli bilərək göstərdi ki, 11 aprel 2023-cü il tarixdə təxminən Yasamal rayonu, İnşaatçılar prospekti, Statiska Komitəsinin yaxınlığında olarkən polis əməkdaşları dostunun idarə etdiyi avtomobilə saxla əmri vermişlər. Polis əməkdaşları dostu Araz Məmmədova törətdiyi qayda pozuntusu barədə məlumat vermiş və avtomobilin müvəqqəti duracağa təmin edilməli olduğunu bildirmişlər. Onlar polis əməkdaşlarına etiraz edərək avtomobili müvəqqəti duracağa təmin etməkdən imtina etmiş və mübahisə etməyə başlamışlar. Bu zaman istəməyərəkdən nalayiq ifadələr işlətmişdir. Lakin həmin ifadələr tamamilə ünvansız olmuş hər hansı polis əməkdaşına ünvanlanmamışdır. Əməlindən peşmandır. Göstərilənləri nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Yasamal RPİ-nin DYPŞ-nin YPX inspektoru N.Kasumov tərəfindən 27-ci PB-nin rəhbərliyinə ünvanlanmışxx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə Statistika Komitəsi dairəsində xidmətdə olduğu zaman **-JR-*** dövlət qeydiyyat nişanlı avtomaşın kobud manevr qydasını pozduğu və svetoforun qırmızı işığında keçdiyini aşkar etmiş, işarə verib həmin avtomobili saxlatmışlar. O sürücüyə yaxınlaşıb özünü təqdim etmiş və qayda pozuntusunu izah etdikdə sürücü yüksək tonla mübahisə etməyə başlamış və bu zaman məlum olmuşdur ki, avtomaşının alın şüşəsində arxa və qabaq faralarda plyonka örtükləri var. Onlar sürücüyə hüquq və vəzifələrini izah edərək avtomaşını 5 saylı duracağa təmin etməyi tələb etmiş lakin sürücü onlara tabe olmamış “maşın heç bir yerə getməyəcək və sənin çəkillərini sosial şəbəkələ yayaraq səni şantaj edəcəm” demişdir. Onlar sürücünü dəfələrlə nizam-intizama dəvət etsələrdə sürücü tabe olmamış və onlar PPXB-nin əməkdaşlarını köməyə çağıraraq sürücünü 27-ci PB-nə dəvət etmişlər. Bu zaman sürücünün yanında olan dostu Şəxs onların xidməti fəaliyyətini pozaraq nəlayiq küçə ifadələri işlətmişdir. Həmin şəxsdə 27-ci PB-nə dəvət edilmişdir. Yasamal RPİ-nin PPXB-nin polis nəfərləri R.Nəcəfov və Ə.Rəhimli tərəfindən 27-ci PB-nin rəhbərliyinə ünvanlanmış raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə xidmətdə olarkən təxminən saat 00:45 radələrində “Şəfəq” verdiyi məlumata əsasən Yasamal RPİnin DYPŞ-nin əməkdaşlarına 283 çağırışlı avtopatrula köməklik məqsədi ilə həmin yerə yaxınlaşmış və iki nəfər şəxsi 27-ci PB-nə dəvət etmişlər. İnzibati qaydada tutma haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 03:04-də inzibati qaydada tutulmuşdur. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, özünün məhkəməyə verdikləri izahatları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Beləliklə sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, zərərçəkmiş şəxsin iş materiallarında olan izahatı, yuxarıda qeyd edilən raportla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs törətdiyi əməli səmimi etiraf edərək, əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirilir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə, işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, o, İXM-in 510-cu maddəsi ilə təqsirli bilinməli və həmin Məcəllənin 31.4-1-ci maddəsi nəzərə alınmaqla, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək barəsində 50 (əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar