Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-205/2021 16.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X4 iclas katibliyi ilə, X1 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin MN ******* saylı, 09.12.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin MN ******* saylı, 09.12.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayətçi şikayətində göstərmişdir ki, o, “X12” MMC-nin Baş direktorudur. “X12” MMC (bundan sonra Cəmiyyət adlanacaq) müxtəlif növ metal məmulatların və armaturların istehsalı ilə məşğuldur. Cəmiyyətin fəaliyyətini təmin etmək üçün Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun olaraq bütün razılıqları aldıqdan sonra əcnəbi vətəndaş Boris Kovalev əmək fəaliyyətinə cəlb edilmişdir. 19.08.2020-ci il tarixli əmrlə əcnəbi işçi işdən azad edilmişdir. Bu hadisədən 03 aydan çox vaxt keçdikdən sonra Cəmiyyətin qanuni təmsilçisi olaraq onun İXM-nin 578.5-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi haqqında Dövlət Miqrasiya Xidmətinin MN №0382262 nömrəli 09.12.2020-ci il tarixli qərar göndərilmişdir. Hesab edir ki, barəsində tətbiq edilən inzibati tənbeh tədbiri tamamilə əsassız və qanunsudur. Belə ki, İXM-nin 38.1-ci maddəsinin tələblərinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündəli ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatlan haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Qərardan da göründüyü kimi Dövlət Miqrasiya Xidməti tərəfindən tətbiq edilən tənbehin əsası kimi İXM-nin 578.5-ci maddəsi göstərilmişdir. İXM-nin həmin 578-ci maddəsi isə - “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulması” hallarını müəyyən edir. İXM-nin 38.1-ci maddəsində göstərilən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulması hallarını isə İXM- nin 575-ci maddəsində, yəni “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması, yaşaması, yaxud Azərbaycan Respublikası ərazisindən tranzitlə keçməsi qaydalarının pozulması” maddəsində müəyyən edilmişdir. Göründüyü kimi Dövlət Miqrasiya Xidməti İXM-nin 38.1-ci maddəsinin tələblərinə əməl etməmiş və 19.08.2020-ci il tarixindən başlayaraq 03 aylıq müddət bitdikdən sonra 09.12.2020-ci il tarixində barəsində inzibati tənbeh tətbiq edilmişdir. İXM-nin 53.0 (İnzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar) maddəsinin 53.0.6. bəndinə əsasən İnzibati Xətalar Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər basa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xilam verilir. İXM-nin 75.0.6-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar. Hesab edir ki, “X12” MMC-nin Baş direktoru olaraq barəsində belə qanunsuz qərarla məsuliyyətə cəlb olunmağı Dövlət Miqrasiya Xidməti tərəfindən hüquqlarının kobud şəkildə pozulmasıdır. Buna görə də həmin qərar ləğv edilməlidir. Qərarından şikayət verilən orqanın nümayəndəsi X7 məhkəmə iclasında qərarı müdafiə edərək göstərdi ki, əcnəbi müqavilədə nəzərdə tutulmuş müddətdən əvvəl işdən çıxarıldığı təqdirdə, bu barədə işəgötürən tərəfindən 5 iş günü ərzində Dövlət Miqrasiya Xidmətinə məlumat verilməli olduğu halda bunu etməmişdir, ona görə də inzibati tənbeh tətbiq edilmişdir. göstərilənlərə əsasən şikayətin rədd edilməsini xahiş etdi. Şikayətçi məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin MN ******* saylı, 09.12.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərara əsasən Gennady Onuprienko ilə bağlanılmış əmək müqaviləsinə 19.08.2020-ci il tarixdə xitam verilmiş, bu barədə 05 iş günü müddətində işəgötürən tərəfindən DMX-a məlumat verilməmişdir. Buna görə X5 İXM-nin 578.5-ci maddəsi ilə inzibati xəta törətdiyinə görə həmin qərarla 300 (üç yüz) manat cərimə edilmişdir. Həmin qərardan da əvvəllər də X5 məhkəməyə şikayət vermiş və Yasamal Rayon Məhkəməsinin 08.02.2021-ci il tarixli, 3(004)–205/2021 saylı qərarı ilə şikayət təmin edilərək, onun barəsində İXM-nin 578.5-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin qəbul etdiyi MN ******* saylı, 09.12.2020-ci il tarixli qərarı ləğv edilmiş və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Yasamal Rayon Məhkəməsinin həmin qərarından Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən apelyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 29.04.2021-ci il tarixli, 3(103)–944/2021 saylı qərarı ilə şikayət qismən təmin edilmiş və Yasamal Rayon Məhkəməsinin 08.02.2021-ci il tarixli qərarı ləğv edilərək, iş materialları işə yenidən baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin qərarında qeyd edilmişdir ki, göründüyü kimi, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 3(004)-205/2021 saylı qərarı ilə “X12” MMC-nin baş direktoru X3 şikayəti təmin olunmuş, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 09 dekabr 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilmiş və “X12” MMC-nin baş direktoru X5 barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsi qərara alınmış, lakin inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar üzrə sübutlar toplusunun qanunauyğun dəyərləndirilməsi, yəni iş üzrə sübutlara əlaqəli qaydada qiymət verilməsi təmin edilməmişdir. Qeyd olunanlara əsaslanaraq belə qənaətə gəlir ki, “X12” MMCnin baş direktoru X3 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş 09 dekabr 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərardan verdiyi şikayətin təmin edilməsi və iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 3(004)-205/2021 saylı qərarı ləğv edilməli, çəkişmə prinsipinə uyğun tərəflərin arqumentləri üzrə işə yenidən baxılıb təsviriəsaslandırıcı hissədə sadalanan məsələlər aydınlaşdırılmaqla nəticəsindən asılı olaraq müvafiq qərar qəbul edilməsi üçün həmin Məhkəməyə qaytarılmalıdır. Hazırda həmin işə yenidən baxılarkən iş materiallarına əlavə edilmiş, əcnəbinin işdən çıxarılması barədə 19.08.2020-ci il tarixli əmrin surətindən, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsinin elektron bildirişindən, X12 şirkətinin Dövlət Miqrasiya Xidmətinə ünvanlandığı 27.10.2020-ci il tarixli məktubun (əcnəbi ilə əmək müqaviləsinə xitam verilməsinə dair məlumatın verilməsi) surətindən görünür ki, əcnəbi Kovalev Boris və Onuprienko Gennady ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən, yəni əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə xitam verilmişdir. Belə olduğu təqdirdə inzibati xəta hadisəsi mövcud olmur. Çünki əmək müqaviləsinə əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə xitam verildikdə, bu barədə 5 iş günü ərzində Dövlət Miqrasiya Xidmətinə məlumat verilməsi tələb edilmir, İXM-nin 578.5-ci maddəsində belə bir tələb yoxdur. Çünki İXM-nin 578.5-ci maddəsinə əsasən əcnəbi və ya vətəndaşlığı olmayan şəxslə işəgötürən arasında bağlanılmış əmək müqaviləsi vaxtından əvvəl pozulduqda, bu barədə 5 iş günü müddətində işəgötürən tərəfindən müvafiq icra hakimiyyəti orqanına məlumat verilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Göründüyü kimi əgər işçi ilə əmək müqaviləsinə vaxtından əvvəl xitam verildikdə işəgötürən tərəfindən 5 gün ərzində Dövlət Miqrasiya Xidmətinə məlumat verilməlidir. Lakin hazırkı mübahisə üzrə işçi ilə əmək müqaviləsinə əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə xitam verilmişdir. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxslə işəgötürən arasında bağlanılmış əmək müqaviləsinin vaxtından əvvəl pozulmasına dair Dövlət Miqrasiya Xidməti tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilə bilməmişdir. Ona görə də şəxsin əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcud olmamışdır. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X8 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmənin bu qənaəti İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi həmin Məcəllədən ibarətdir. İXM-nin 1.3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. İXM-nin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. İXM-in İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə), bu əməlin hansı sübutlarla müəyyən edilməsi və bu əməlin İXM-nin hansı maddəsi ilə inzibati xəta hesab edilməsi və həmin maddəyə görə tətbiq edilən inzibati tənbehi qərar qəbul etmiş səlahiyyətli orqan müəyyən etməlidir. Məhkəmə bir daha qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Buna görə də şübhələr şəxsin xeyrinə həll edilməlidir. Şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədiyi üçün, qərar ləğv edilməli, həmin əməlin törədilməsində təqsirsiz bilinməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 barəsində İXM-nin 578.5-ci maddəsi ilə qəbul edilmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin MN ******* saylı, 09.12.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-205/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-205/2021
16.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver