Məhkəmə qərarları › İş №3(004)-2058/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2058/2023

28.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2058/2023 28.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə 28 avqust 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 07 aprel 2023-cü il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, Şəxs 23 dekabr 2022-ci il tarixdə saat 07:25 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Tayota Prius» markalı, **- DU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi ilə Qələbə dairəsi istiqamətində 30-40 km/ saat sürətlə hərəkətdə olarkən həmin küçədə yerləşən piyada keçidinin üzərində yolun soldan sağa keçən piyada X1 yolun sağ kənarından sola doğru 4 metr məsafədə avtomobilin qağaq sağ hissəsi ilə vurmuşdur. Yekun olaraq zərəçəkmiş şəxslə barışdığı üçün məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbirinin təbiq olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin nümayəndəsi və zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə işə Bakı şəhəri Yasamal RPİ-nin nümayəndəsinin və zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 17 mart 2023-cü il tarixli qərardan görünür ki, baş vermiş hadisədə cinayət tərkibi olmadığını nəzərə alaraq toplanmış material üzrə cinayət işi başlanılması rədd edilməlidir,yolnəqliyyat hadisəsini törətmiş sürücü Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati qaydada cəzalandırılmasından ötrü materialların inzibati protokol tərtib edilərək rayon məhkəməsinə göndərilməsindən ötrü Yasamal RPİ- nin DYPŞ-nə göndərilməlidir. İş materiallarında olan 07 aprel 2023-cü il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 23 dekabr 2022-ci il tarixdə saat 07:25 radələrində “Toyota Prius” (minik) markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobillə İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 17 mart 2023-cü il tarixli qərardan görünür ki, Məhkəmə-tibbi ekspertizasının 14 mart 2023-cü il tarixli T118/2023 saylı rəyinə əsasən vətəndaş Y.Z.Şirməmmədovda sağ bazunun aşağı 1/3-nin iç səthindən sağ saidin yuxarı 1/3-nin iç səthinə qədər uzanan və sol bazunun qançırları, sağ dirsək oynağının, sağ ayağın bayır topuq nahiyəsinin və sol baldırın ;sıyrıqları olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda göstərilən vaxtada və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə yolnəqliyyat hadisəsi zamanı yarana bilərdilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddirlər. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 17 mart 2023-cü il tarixli qərardan görünür ki, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli 8/351 saylı rəyinə əsasən istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Tayota Prius” markah, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobilin Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54- cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Zərərçəkmiş şəxs X2 tərəfindən verilmiş 06 yanvar 2023-cü il tarixli ərizədən görünür ki, 23 dekabr 2022-ci il tarixdə baş vermiş avtoqəza ilə bağlı Şəxs heç bir şikayəti yoxdur və gələcəkdədə olmayacaq. Ona dəymiş maddi və mənəvi zərər tam ödənilib. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs təqsirini etiraf etməsini və himayəsində iki azyaşlı övladının olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs şəxsiyyətini xarakretizə edən halları, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, yüngülləşdirən halları və ağırlaşdıran halların olamamasını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 327.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar