Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2059/2021 10.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X4 iclas katibliyi ilə, X1 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X3 Bakı Nəqliyyat Agentliyinin BNA ******* saylı, 02.09.2019-cu il tarixli qərardan şikayət verərək, həmin qərarın ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xilam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayətdə tələbini onunla əsaslandırdı ki, Bakı Nəqliyyat Agentliyinin 10 fevral 2019-cu il tarixli BNA ******* saylı qərarı ilə, 30 iyun 2019-cu il tarixli BNA ******* saylı qərarı ilə, 07 avqust 2019-cu il tarixli BNA ******* saylı qərarı ilə, 31 avqust 2019-cıı il tarixli BNA ******* saylı qərarı ilə, 02 sentyabr 2019-cu il tarixli BNA ******* saylı qərarı ilə, 02 noyabr 2019-cu il tarixli BNA ******* saylı qərarı ilə, 22 noyabr 2019-cu il tarixli ******* saylı qərarı ilə, 29 avqust 2020-ci il tarixli BNA ******* saylı qərarı ilə və 27 fevral 2021-ci il tarixli BNA ******* saylı qərarı ilə tərəfindən İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinin tələblərinin pozulması əsas göstərilərək sadalanan hər bir qərara görə ona ayrı-ayrılıqda 20 manat inzibati cərimə və 11 avqust 2020-ci il tarixli BNA ******* saylı qərarı ilə tərəfindən İnzibati Xətalar Məcəlləsinin 346-1.2-ci maddəsinin tələblərinin pozulması əsası ilə ona 10 manat inzibati cərimə tətbiq edilməsi qərara alınmışdır. Yuxarıda sadalanan qərarlar barədə bu yaxınlarda təsadüfən xəbəri olmuş və 19 avqust 2021-ci ildə tərəfindən müraciət olunaraq Bakı Nəqliyyat Agentliyindən götürülmüşdür. Aşağıdakılara əsasən, hesab edir ki, həmin qərarlar ləğv edilməli və barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir: Bakı Nəqliyyat Agentliyi tərəfindən kobud prosedur pozuntularına yol verilmişdir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsində məhz hansı xətalar barəsində inzibati tənbeh vermə haqqında elektron qərar tərtib edilə biləcəyi göstərilmişdir və həmin xətalar sırasında İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi və 346-1.2-ci maddəsi qeyd olunmamışdır. Qanunun yuxarıda istinad olunan normasına əsasən, İnzibati Xətalar Məcəlləsinin 346.1 və 346.1-2-ci maddələrinə görə inzibati tənbeh vermə haqqında elektron qərar tərtib oluna bilməz. Hazırda barəsində şikayət etdiyi qərarlar isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 noyabr 2016-cı il tarixli 466 saylı qərarı ilə təsdiqlənən 4 nömrəli əlavə - “İnzibati tənbeh vermə haqqında Qərar” formasına uyğun deyil. İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İnzibati xətalar Məcəlləsinin 124.4-cü maddəsinə əsasən yalnızca bort kompyuter vasitəsi ilə tərtib edilmiş protokolun keçərli ola biləcəyi vurğulanır. Hər hansı şəkildə müşahidə kameraları vasitəsi ilə çəkilmiş şəkillərdən istifadə edilməklə tərtib edilən cərimələr qanuni hesab edilə bilməz. Mübahisələndirdiyi qərarlar ona qanunla müəyyən olunmuş qaydada və müddətdə təqdim olunmamışdır. Qərarlar nəinki avtomobilinin ön şüşəsinə qoyulmamışdır, ümumiyyətlə həmin qərarlar ona verilməmiş, onlarla tanışlığı təmin edilməmiş, SMS-bildiriş göndərilməmiş, həmin qərarlar və onlara əlavə edilmiş materiallar “Poçt haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq sifarişli poçt göndərişi ilə ona təqdim olunmamışdır. İnzibati xətanın icrasına dair müddət artıq keçmişdir, beləki qərar tərtib edildiyi tarixdən 1 ildən çox vaxt keçdikdən sonra təsadüfən bu barədə məlumatlı olmuş və qərarı o, Bakı Nəqliyyat Agentliyindən 19 avqust 2021-ci il tarixdə götürmüşdür. Beləliklə, sadalanan bu kobud prosedur pozuntuları - inzibati tənbeh vermə haqqında hazırda barəsində şikayət olunan qərarlar qanunla tələb olunan və Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan “İnzibati tənbeh vermə haqqında Qərar” formasına uyğun tərtib edilməməsi, həmin qərarların və onlara əlavə edilən materialların ona qəsdən təqdim edilməməsi və bununla da hüquqlarının və qanuni mənafeyinin aşkar pozuntusuna yol verilməsi, özünü müdafiə hüququndan məhrum edilməyi dövlət orqanının işçilərinin peşə funksiyalarına laqeyd münasibətinin təzahürüdür. Göstərilənlər, barəsində şikayət olunan qərarların ləğvini və barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli olmasını zəruri edir. Şikayətçi məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştrakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Həmçinin məhkəmə ünvanlandığı 09.09.2021-ci il tarixli ərizəsində işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Qərarından şikayət verilən orqan Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi X9 məhkəmə iclasında göstərmişdir ki, Bakı Nəqliyyat X2 barəsindəki 02.09.2019-cu il tarixli BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanunidir. Belə ki, şikayətçi qərardan şikayətini inzibati xətanın foto və video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsinin İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 122-ci maddəsinin tələblərinə zidd olması ilə əsaslandırmışdır. Aşağıda göstərilənlərə əsasən hesab edir ki, şikayət əsassızdır və şikayət təmin edilməməklə Bakı Nəqliyyat Agentliyinin inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsində nəzərdə tutulmuş maddələr üzrə inzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydası göstərilmişdir. Yəni 122.1-ci maddə İXM-in digər maddələri üzrə inzibati xəta hadisələrini aşkar edilməsini qadağan etmir və məhdudlaşdırmır, sadəcə müvafiq maddələr üzrə icraatın aparılması qaydasını müəyyənləşdirir. Foto və video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə nəyin ki 122.1-ci maddə göstərilən İXM-in xüsusi hissəsinin maddələri üzrə hətta digər maddələr üzrə də inzibati xəta hadisələri aşkar edilərək, inzibati iş üzrə icraata başlanıla bilər. Bu mövqe 23 fevral 2021-ci il tarixdə İnzibati Xətalar Məcəlləsinin 57.6-cı maddəsinə edilmiş dəyişiklərdə qismən öz əksini tapmışdır. Belə ki, həmin maddədə qeyd olunub ki, İXM-in 122.1, 124.5 və ya 124.6-cı maddələrində nəzərdə tutulan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən inzibati xəta haqqında iş üz qərar aşağıdakı hallarda rəsmi verilmiş hesab olunur. Bu maddənin məzmunundan görünür ki, İXM foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə 124.5 və 124.6-cı maddələrində göstərilən maddələr üzrə də inzibati xəta hadisələrini aşkar edilməsini mümkün edir. Eyni zamanda bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidentinin 6 iyul 2018-ci il tarixli 181 nömrəli Fərman əsasında BNA-ya parklanma yerlərində, habelə dayanma və durmanın qadağan edildiyi yerlərdə inzibati xəta törədilməsinə görə protokolların tərtib edilməsi məqsədilə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin quraşdırılmasının təmin edilməsi tapşırılmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq müəyyən edilir ki, xüsusi texniki vasitələrin köməyi ilə dayanma və durma qaydaları pozuntularının aşkar edilməsi qanuni əsaslarla əldə edilmiş sübut sayılır. Beləliklə hesab edir ki, Bakı Nəqliyyat Agentliyinin inzibati tənbeh vermə haqqında qərarı mövcud qanunvericiliyin tələblərinə uyğun qəbul edildiyindən şikayət əsassızdır və təmin edilməməlidir. Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi şikayətində göstərilən mövqeyinin əsaslı olmasına dair formalaşmış məhkəmə təcrübəsindəki oxşar işlər üzrə məhkəmə qərarlarını, yəni Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01.06.2021-ci il tarixli, 3(011)-2095/2021 saylı qərarı, həmin qərardan verilmiş şikayət üzrə Bakı Apellyasiya Məhkəməsinin 30.06.2021ci il tarixli, 3(103)-1492/2021 saylı qərarı, Bakı Apellyasiya Məhkəməsinin 29.06.2021-ci il tarixli, 3(103)-1508/2021 saylı qərarlarını da məhkəməyə təqdim etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı Nəqliyyat Agentliyinin BNA ******* saylı, 02.09.2019-cu il tarixli inzibati xəta haqqında iş üzrə qərara əsasən X6 02 sentyabr 2019cu il tarixdə saat 13:35 radələrində “Toyota Highlander minik” markalı, **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Cəfər Cabbarlı 47 küçəsində “dayanma və durma qaydalarını pozduğuna” görə İXM-in 346.1-ci maddəsi ilə təqsirli bilinib 20 manat cərimə edilmişdir. İşə baxılarkən şikayətçinin iş materiallarına əlavə etdiyi inzibati xətanın törədildiyi yer kimi göstərdiyi Cəfər Cabbarlı 47 küçəsindəki fotoşəklindən də görünür ki, həmin yolda dayanma qadağan edilmişdir. Bununla da, iş materiallarında olan yuxarıda qeyd edilən inzibati xəta haqqında iş üzrə protokol və qərara əsasən şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edilir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. Şikayətçi şikayətində onun barəsində qəbul edilmiş qərar üzrə İXM-nin tələbləri pozulmaqla icraat aparıldığını, həmin icraat qaydasında onun barəsində inzibati tənbehvermə qərarı çıxarılmasının şikayətində göstərilən İXM-nin tələblərinə zidd olduğunu qeyd etsə də, məhkəmə aşağıdakılara görə hesab edir ki, şikayətin bu hissəsi əsassızdır. Belə ki, “Bakı şəhərində nəqliyyat vasitələri sahiblərinin dayanma, durma və parklanma qaydalarına riayət etməsinin təmin olunması və yol hərəkətinin təşkili sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 06 iyul 2018-ci il tarixli fərmanının 1.1-ci maddəsinə əsasən parklanma yerlərində, habelə dayanma və durmanın qadağan edildiyi yerlərdə inzibati xəta törədilməsinə görə elektron qərarların tərtib edilməsi məqsədilə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin quraşdırılmasının təmin edilməsi Bakı şəhərinin inzibati ərazisində Bakı Nəqliyyat Agentliyinə tapşırılmışdır. Bakı Nəqliyyat Agentliyi tərəfindən mübahisələndirilən qərar üzrə icraat İXM-nin 122-ci maddəsi əsasında deyil, həmin Məcəllənin 124.5 və 124.6-cı maddələri üzrə aparılmışdır. Belə ki, həmin xəta bilavasitə kameralarla çəkiliş aparan, idarəetmə mərkəzində olan səlahiyyətli şəxs tərəfindən qeydə alınmışdır. Xətanın qeyd edilən formada qeydə alınmasını inzibati xətalar qanunvericiliyi qadağan etməmiş, İXM-nin 124cü maddəsi qeyd olunan halı istisna etməmişdir. Bundan əlavə, şikayətçinin nəqliyyat vasitəsinin yanında olmadığı fotoşəkillər də mövcuddur. Həmçinin, “Bakı şəhərində nəqliyyat vasitələri sahiblərinin dayanma, durma və parklanma qaydalarına riayət etməsinin təmin olunması və yol hərəkətinin təşkili sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 06 iyul 2018-ci il tarixli fərmanı ilə də parklanma yerlərində, habelə dayanma və durmanın qadağan edildiyi yerlərdə inzibati xəta törədilməsinə görə elektron qərarların tərtib edilməsi məqsədilə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin quraşdırılmasının təmin edilməsi Bakı şəhərinin inzibati ərazisində Bakı Nəqliyyat Agentliyinə tapşırılmışdır. Bundan başqa, inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblərdəndir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Bakı Nəqliyyat Agentliyinin BNA ******* saylı, 02.09.2019-cu il tarixli qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-2059/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2059/2021
10.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver