Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-206/2025 03.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X6 iclas katibliyi ilə, X1 iştirakları ilə, X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin EQ 24786284 saylı xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin EQ 24786284 saylı xx.xx.2024-cü il tarixli qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayətdə və məhkəməyə verdiyi izahatında şikayətini onunla əsaslandırdı ki, xx.xx.2024-ci il tarixində ** NO *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhər, Yasamal rayonu, Ayna Sultanova küçəsindən keçdikdən bir müddət sonra telefonuna SMS vasitəsilə gələn mesajdan məlum olmuşdur ki, EQ 24786284 nömrəli elektron protokol əsasında 100 manat (3 Bal) məbləğində cərimə olunmuşdur. Apardığı araşdırma nəticəsində xx.xx.2025-ci ildə xx.xx.2024-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərarı almışdır. Həmin qərara əsasən güya Bakı şəhəri, Yasamal rayonu, Ayna Sultanova küçəsindən “Giriş qadağandır” yol nişanın tələblərini pozmuşdur və bununla da İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 100 manat (3 Bal) məbləğində cərimə olunmuşdur. Barəsində qəbul edilən inzibati tənbeh vermə haqqında qərar tamamilə əsasızdır. Belə ki, həmin tarixdə o, yol ilə hərəkət edən zaman yol nişanın qarşısını ağac kollarının tamamilə örtməsi nəticəsində yol nişanı görünmürdü. Halbuki, yol nişanı yol hərəkəti istiqamətində açıq şəkildə quraşdırılmalı ən azı 100 metrdən görünməlidir. Hazırda isə həmin yol nişanı ümumiyyətlə görünməz haldadır. Buna əsasən hesab edir ki, indi ki, o, məsuliyyət daşımır. Bunu avtomobilində quraşdırdığı video qeydiyyat görüntüləri də sübut edir. İşin hüquqi əsası olaraq, Yol hərəkəti haqqında Qanunun 10-cu maddəsinin 1-ci bəndinin 10-cu hissəsinə əsasən avtomobil yollarından yol nişanlarının, svetoforların, hərəkətin təşkilinin digər texniki vasitələrinin çıxarılmasına, görünüşünün müxtəlif maneələrlə məhdudlaşdırılmasına, zədələnməsinə, özbaşına qurulmasına, görmə şəraitini pisləşdirən reklam lövhələrinin və transparantların qurulmasına yol verilməməlidir. Həmçinin hesab edir ki, bu kimi hallarda sürücülər deyil aidiyyəti müvafıq strukturlar məsuliyyət daşımalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsin 351-ci maddəsinə Avtomobil yollarının saxlanılması, qorunması və abadlaşdırılması zamanı yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulması hallarında Avtomobil yollarının saxlanılması, qorunması və abadlaşdırılması qaydalarının pozulmasına, yaxud avtomobil yollarında təhlükəsiz hərəkət şəraitinin yaradılmamasına görə-vəzifəli şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Hesab edir ki, əməlində qanun pozuntusu yoxdur və barəsində yazılan inzibati təhbeh haqqında qərar ləğv edilməlidir. Barəsində qəbul edilən xx.xx.2024cü il tarixli İnzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. İlk əvvəl məhkəmə qeyd edir ki, qərardan şikayətvermə müddəti ötürülməmişdir. Müddətin ötürülməsi təsdiq edilmir. Ona görə də şikayətə baxılmalıdır. Çünki İXM-nin 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. İXM-nin 5.2-ci maddəsinə əsasən həmin Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin EQ 24786284 saylı xx.xx.2024-cü il tarixli qərarına əsasən X4 26 noyabr 2024cü il tarixdə saat 16:51 radələrində “DACİA LODGY minik” markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, A.Sultanova küçəsində hərəkət edərkən 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin pozulmasına görə İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat cərimə edilmişdir. İşə baxılarkən məhkəməyə təqdim olunan videogörüntü olan CD diskə baxış zamanı yolun sağında qadağan edici yol nişanının olduğu aydın şəkildə görünür. Bununla da X3 idarə etdiyi avtomobillə İXM-nin 327.2-ci maddəsində göstərilən inzibati xəta törətməsi öz təsdiqini tapır. Ona görə də şikayətçinin əməlində həmin yolda əks istiqamətli hərəkət zolağına çıxmaqla İXM-nin 327.2-ci maddəsinin tərkibi vardır. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, iş materiallarında olan yuxarıda qeyd edilən inzibati xəta haqqında iş üzrə protokol və qərara əsasən şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edilir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir Halbuki, iş materiallarında olan yuxarıda qeyd edilən inzibati xəta haqqında iş üzrə protokol və qərara əsasən şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edilir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da həmin protokolla müəyyən edilir ki, şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin EQ 24786284 saylı xx.xx.2024-cü il tarixli qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Orxan Məmmədli
Məhkəmə qərarları › İş №3(004)-206/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-206/2025
03.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver