Məhkəmə qərarları › İş №3(004)-2068/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2068/2022

05.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2068/2022 05.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, şikayətçi X1 iştirakı ilə, Bakı şəhər BPİ-nin DYPİ-nin 16.04.2022-ci il tarixli, TP ******* inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhər BPİ-nin DYPİ-nin 16.04.2022ci il tarixli, TP ******* inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi X.S.Hacı şikayətində və məhkəmə iclasında verdiyi izahatında şikayətini onunla əsaslandırdı ki, idarə etdiyi Mercedes E 270 CDİ MİNİ markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobillə 14.02.2022-ci il tarixdə saat 17:20-də (Elektron qərarda 49667759 17.25 yazılıb) bakı şəhəri yaşamal rayonu, Nəriman Nərimanov heykəlinin arxasında M.Müşviq küçəsinə hərəkət istiqamətində gedərkən guya qərarda göstərildiyi kimi 330.1-ci nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verilməməsinə görə halına dair İXP № ******* saylı protocol Bakı şəhəri Yol Patrul Xidməti inspektoru polis serjantı X2 (əslində isə yol polis maşınında əyləşən özünü Emin kimi təqdim etdi və zabit rütbəsində idi) tərtib etdi və bu qərarda barəsində 50 manat məbləğində cərimə tədbiq edilmişdir. Həmin vaxt o, yol hərəkəti qaydalarına riayət etməklə yəni: sürət həddini aşmamaqla 330.1 maddəsinin tələblərini pozan piyadaya (yəni piyada keçidinə daxil olmayan və onda kənarda yolla hərəkət edərək qaydanı pozmuşdur) yol mədəniyyətini üstün tutub təhlükəni sovuşdurmaq niyyəti ilə stop edərək ona sükan arxasında başı ilə işarə edib keçməsinə şərait yaratmışdır. Lakin o isə piyada keçidinə daxil olmamaqla öz hərəkətilə onun hərəkət etməyini işarə etdi və o, piyada zolağında heç kimin olmadığına əmin olub yoluna davam etdi. Bunun ardınca YPX əməkdaşları onu saxlayıb piyada keçidinə daxil olan kəsə yol verməmək barədə məlum protokol tərtib etdilər və israr etdilər ki, o, məhz piyada keçidinə daxil olmuş vətəndaşa yol verməmişdir. O, video görüntünün BŞYPİ-nin 108 nömrəli otağında yoxlanmasından sonra bir dəfə əmin oldu ki, inzibati xətaya yol verməmişdir. Hətta şifahi danışıqdan əmin oldu ki, BŞYPİ-də cəriməni ləğv etməyəcəklər. O üzdən şikayətə oraya getməyə həm vaxt baxımından, həm də respublikada epidemioloji vəziyyət durumundan əsas qalmadı. Lakin BŞYPİ-ə müraciət nəticəsiz qaldı. Yol hərəkəti haqqında Qanunun 54.1-də piyada nizamlanmanın piyada keçidinə daxil olarkən sürücünün ona yol verməmək öhdəliyi yaranır. Yol hərəkəti haqqında qanunun 69-cu maddəsinə görə piyada “zebra” adlanan xəttin üstü ilə keçməlidir. Əgər bu baş vermirsə ö özü məsulliyətə cəlb olunmalıdır. Göstərilənlərə əsasən Bakı şəhər BPİ-nin DYPİ-nin 16.04.2022-ci il tarixli, TP ******* inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Bakı şəhər BPİ-nin DYPİ-nə lazımı qaydada məlumat verilsə də, Bakı şəhər BPİ-nin DYPİ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbəri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə Bakı şəhər BPİ-nin DYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mükün hesab edir. Məhkəmə şikayətçinin çıxışını dinləyərək, şikayəti, habelə iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin qismən olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş 16.04.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X.S.Hacı “Mercedes E270 CDİ” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 14.02.2022-ci il tarixdə saat 17:25 radələrində Bakı şəhəri, M.Müşfiq küçəsində hərəkətdə olan zaman nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verməmişdir. Ona görə də, X.S.Hacı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 150 manat məbləğində inzibati cərimə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, 14.02.2022-ci il tarixdə YPX-nin inspektoru tərəfindən X.S.Hacının barəsində İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. X.S.Hacı həmin vaxt inzibati xəta hadisənin mövcudluğu ilə razılaşmadığı üçün inspektor tərəfindən yerində qərar qəbul edilməmiş və iş baxılması üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 124.4-cü maddəsinin tələbinə əsasən Bakı şəhər BPİ-nin DYPİ-nə göndərilmişdir. Bakı şəhər BPİ-nin DYPİ-nin 16.04.2022-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ilə X.S.Hacı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsində nəzərədə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 manat məbləğində inzibati cərimə edilmişdir. Qeyd edilən qərardan verilmiş şikayətə məhkəmə tərəfindən baxılarkən müəyyən edilmişdir ki, X.S.Hacının barəsində Bakı şəhər BPİ-nin DYPİ-də aparılan inzibati iş üzrə icraat zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Belə ki, əvvəla inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinin tələbləri pozularaq işə baxılmasının vaxtı və yeri haqqında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X.S.Hacıya lazımi qaydada məlumat verilmədən qəbul edilmiş və nəticədə, sonuncu inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək kimi hüquqlarından məhrum edilmişdir. Eyni zamanda, protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və ya izahat verməkdən imtina etmişsə bu barədə, həmçinin şəxsə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilməsi barədə protokolda müvafiq qeydiyyat aparılmamışdır. Bundan əlavə inzibati xəta haqqında protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən imzalanmamış və ya şəxs protokolu imzalamaqdan imtina etmişdirsə bu barədə protokolda müvafiq qeyd aparılmamışdır. Yuxarıda göstərilən səbəblərdən də, protokol və qərar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla ondan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin 100.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Həmin Məcəllənin 115.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda aşağıdakılar göstərilir: 115.1.1. qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi; 115.1.2. işin baxılması tarixi və yeri; 115.1.3. işinə baxılan şəxs haqqında məlumat; 115.1.4. işə baxılarkən müəyyən edilmiş hallar. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Bakı şəhər BPİ-nin DYPİ-nin 14.02.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu tərtib edilərkən və həmin protokol əsasında 16.04.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən yuxarıda qeyd edilən çoxsaylı kobud prosessual pozuntulara yol verilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhər BPİ-nin DYPİ-nin 16.04.2022-ci il tarixli, TP ******* inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün Bakı şəhər BPİ-nin DYPİnə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti qismən təmin olunsun. Bakı şəhər BPİ-nin DYPİ-nin 16.04.2022-ci il tarixli, TP ******* inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Bakı şəhər BPİ-nin DYPİ-nə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar