Məhkəmə qərarları › İş №3(004)-2077/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2077/2021

24.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2077/2021 24.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Babayev Rəşad Mahir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 482.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 12 iyul 2021-ci il tarixli MN seriyalı 00100-1154/21 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30.09.2021-ci il tarixli qərarı ilə Şəxs MMC barəsində İXM-nin 482.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi rəisi Kənan Məmmədov tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 11.11.2021-ci il tarixli qərarı ilə şikayət qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30.09.2021-ci il tarixli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına 01.05.2021-ci il tarixdə Malayziyadan KM850MK/QQ503O nömrə nişanlı yük avtomaşınının üzərində olan MRKU ******* nömrəli konteynerdə ********** nömrəli 05.04.2021-ci il tarixli invoys sənədi ilə daxil olmuş və Bakı Baş Gömrük İdarəsində **********1160 sorğu nömrəli 05.05.2021-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən “Samsung” markalı mikrodalğalı sobalar yükünə 06.05.2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi 53 ünvanında yerləşən anbarda gömrük yoxlaması həyata keçirilmişdir. Yoxlama zamanı Şəxs MMC tərəfindən gömrük orqanına təqdim edilmiş **********1160 sorğu nömrəli 05.05.2021-ci il tarixli gömrük bəyannaməsində 697 ədəd “Samsung” markalı mikrodalğalı sobalar yükü bəyan edildiyi halda, faktiki olaraq 756 ədəd “Samsung” markalı mikrodalğalı soba yükü aşkar edilmiş, belə ki, gömrük orqanına bəyan edilən mallardan əlavə gömrük orqanına düzgün bəyan edilməyən, malmüşayiət sənədlərində qeyd edilməyən 54 ədəd MG23K3575AK/BW model “Samsung” markalı mikrodalğalı soba, 4 ədəd ME88SUG/BW model “Samsung” markalı mikrodalğalı soba və 1 ədəd MS23K3614AK/BW model “Samsung” markalı mikrodalğalı soba olmaqla ümumilikdə 59 ədəd “Samsung” markalı mikrodalğalı soba yükü aşkar edilmişdir. İnzibati xətanın bilavasitə obyekti olan 54 ədəd MG23K3575AK/BW model “Samsung” markalı mikrodalğalı soba, 4 ədəd ME88SUG/BW model “Samsung” markalı mikrodalğalı soba və 1 ədəd MS23K3614AK/BW model “Samsung” markalı mikrodalğalı soba olmaqla ümumilikdə 59 ədəd “Samsung” markalı mikrodalğalı soba yükünün qiymətləndirilməsi üçün xüsusi biliyə malik ekspertlər tərəfindən ekspertiza tədqiqatının aparılması zərurəti yarandığından 1400-013/006-22/004025 nömrəli 18.06.2021-ci il tarixli məktubla Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə müraciət edərək iş üzrə ekspertiza təyin edilməsi haqqında qərardada əsasən ekspertizanın aparılması Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən Bakı Baş Gömrük İdarəsinə daxil olmuş 9/4252 nömrəli 06.07.2021-ci il tarixli ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş 54 ədəd MG23K3575AK/BW model “Samsung” markalı mikrodalğalı sobanın orta bazar qiymətinin 13500.00 manat, 4 ədəd ME88SUG/BW model “Samsung” markalı mikrodalğalı sobanın orta bazar qiymətinin 900.00 manat, 1 ədəd MS23K3614AK/BW model “Samsung” markalı mikrodalğalı sobanın orta bazar qiymətinin 215.00 manat olmaqla ümumilikdə ekspertiza tədqiqatına təqdim edilmiş 59 ədəd sobanın 01.05.2021-ci il tarixə orta bazar qiymətinin 14615.00 (on dörd min altı yüz on beş) manat olduğu müəyyən edilmişdir. Beləliklə də, aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC tərəfindən gömrük orqanına düzgün bəyan edilməyən 54 ədəd MG23K3575AK/BW model “Samsung” markalı mikrodalğalı soba, 4 ədəd ME88SUG/BW model “Samsung” markalı mikrodalğalı soba və 1 ədəd MS23K3614AK/BW model “Samsung” markalı mikrodalğalı soba olmaqla ümumilikdə 59 ədəd “Samsung” markalı mikrodalğalı soba yükünün orta bazar qiyməti 14615.00 (on dörd min altı yüz on beş) manat təşkil edir. Beləliklə, Şəxs MMC tərəfindən KM850MK/QQ503O nömrə nişanlı yük avtomaşının üzərində olan MRKU ******* nömrəli konteynerdə ********** nömrəli 05.04.2021-ci il tarixli invoys sənədi ilə idxal edilmiş malların ədəd sayısının gömrük orqanına düzgün bəyan edilmədiyi, nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədildiyi müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 izahatında bildirmişdir ki, hüquqlarını təmsil etdiyi cəmiyyət barəsində tərtib edilmiş protokol əsassız olmaqla iş üzrə icraata xitam verilməlidir. Belə ki, 01.05.2021-ci il tarixdə Şəxs MMC-nin ünvanına Rusiya Federasiyasında fəaliyyət göstərən “X3 Company” şirkətinin tapşırığı ilə Malaziyadan KM850MK/QQ503O nömrə nişanlı yük avtomaşınının üzərində olan MRKU ******* nömrəli konteynerlə “Samsung” markalı mikrodalğalı sobalar daxil olmuş, həmin mallar Bakı Baş Gömrük İdarəsində **********1160 sorğu nömrəli 05.05.2021-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş, həmin mallar Şəxs MMC və Rusiya Federasiyasında fəaliyyət göstərən “X3 Company” şirkəti arasında bağlanmış 412-A3 nömrəli 01.06.2016-cı il tarixli müqavilə əsasında sifariş edilmişdir. İdxal edilmiş mallara görə qarşı tərəfə ödənişlər həyata keçirilməmişdir. Belə ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən ödənişlər mallar göndərildikdən sonra 60 gün müddətində həyata keçiriləcəkdir. Artıq aşkar edilmiş malların Malaziyada yerləşən şirkət tərəfindən göndərilməsi barədə onlara məlumat verilməmiş, bu barədə məlumatları olmamışdır. Rusiya Federasiyasında fəaliyyət göstərən “X3 Company” şirkətindən verilən məlumata görə həmin mallar texniki səhv nəticəsində Malayziyadan göndərilmiş, bu barədə nə Şəxs MMC-yə, nə də “X3 Company” şirkətinə məlumat verilməmişdir. İdxal edilmiş mallara görə **********1160 sorğu nömrəli 05.05.2021-ci il tarixli gömrük bəyannaməsi tərtib edilmiş, gömrük orqanına göndərilmiş, lakin 05.05.2021-ci il tarixdə gömrük bəyannaməsinin sənəd məmuru “malın çəkisi 837 kq artıqdır” qeydi aparmaqla sözügedən gömrük bəyannaməsini geri qaytarmış, sonradan 06.05.2021-ci il tarixdə idxal edilmiş mallara baxış keçirilərkən KM850MK/QQ503O nömrə nişanlı yük avtomaşınında 59 ədəd artıq mikrodalğalı soba olduğu məlum olmuşdur. Şirkətin həmin 59 ədəd mikrodalğalı sobanın ölkəyə idxal edilməsi barədə əvvəldən hər hansı bir məlumatları olmamışdır. Yekun olaraq göstərilənləri nəzərə alınmaqla iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-in 482.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 21.05.2021-ci il tarixli raportdan görünür ki, "xxxx" MMC adına 05.05.2021-ci il tarixində KM850MK/QQ503O nömrəli nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş ********** nömrəli 05.04.2021-ci il tarixli invoysla bəyan olunan “Samsung” markalı mikrodalğalı sobalar yükünə 06.05.2021-ci il tarixində “Gömrük postlarının işinin təşkili şöbəsi” tərəfindən baxış keçirilmiş və akt tərtib olunmuşdur. Tərtib olunan aktla bəyan olunan sənədlərdə uyğunsuzluq yaranmışdır. 06.05.2021-ci il tarixli aktdan görünür ki, **********1160 saylı gömrük bəyannaməsi ilə baxış keçirilən zaman əlavə 59 ədəd “Samsung” markalı mikrodalğalı soba gömrük bəyannaməsində göstərilən 697 ədəd sobadan başqa aşkar olunmuşdur. 05.05.2021-ci il tarixli **********1160 nömrəli gömrük bəyannaməsindən görünür ki, “Samsung Electronics” LTD tərəfindən Şəxs MMC-nin ünvanına 697 ədəd mikrodalğalı soba göndərilmişdir. 30.04.2021-ci il tarixli **********8772 nömrəli qısa idxal bəyannaməsindən görünür ki, “Samsung Electronics” LTD tərəfindən Şəxs MMC-nin ünvanına 697 ədəd mikrodalğalı soba göndərilmişdir. 05.04.2021-ci il tarixli “commercial invoice”-dan görünür ki, “Samsung Electronics LTD” tərəfindən Şəxs MMC-nin ünvanına göndərilən 697 ədəd mikrodalğalı sobanın ümumi dəyəri 51661.04 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 iyul 2021-ci il tarixli 9/4252 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 3 adda “Samsung” markalı mikrodalğalı sobaların ümumilikdə 01.05.2021-ci il tarixə orta bazar qiyməti təxminən 14615.00 manat müəyyən edilir. Həmin malların ayrıayrılıqdfa adları və qiymətləri rəyin tədqiqi hissəsində olan cədvəldə göstərilmişdir. “Samsunq markalı” MG23K3575AK/BW modelli mikrodalğalı soba 54 ədəd 1 ədədinin qiyməti 250 manat ümumi qiyməti 13500 manat, “Samsunq markalı” ME88SUG/BW modelli mikrodalğalı soba 4 ədəd 1 ədədinin qiyməti 225 manat ümumi qiyməti 900 manat, “Samsunq markalı” MS23K3614AK/BW modelli mikrodalğalı soba 1 ədəd 1 ədədinin qiyməti 215 manat ümumi qiyməti 215 manatdır. “Samsung Electronics” tərəfindən verilmiş 07 may 2021-ci il tarixli 46/0705 nömrəli məktubdan görünür ki, yükalandan əldə edilmiş MRKU6159591 konteynerində, konosament MAEU208315040, Şəxs MMC şirkətinion ünvanına gedən yükün göndərilməsi üzrə mal-müşayiət sənədlərinə əsasən, 697 ədəd mikrodalğalı soba göndərilmişdir. 59 ədəd miqdarında artıq yüklənmiş mövqelər, fabrikdə texniki səhvlə əlaqədar olaraq göndərən tərəfindən göndərilmişdir. “X4 Company” şirkəti və Şəxs mMC artıq göndərilmiş modellər haqqında xəbərdar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, «ABC- Telecom” MMC Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114- 117, 128-130 və 482.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 30 (otuz) faizi həddində, yəni 4385 (dörd min üç yüz səksən beş ) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar