Məhkəmə qərarları › İş №3(004)-2081/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2081/2023

14.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2081/2023 14.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X4 iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Yasamal RPİ-nin 28-ci polis bölməsinin sahə inspektoru X1, Zərərçəkmiş şəxs X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx xxxx 1999-cu ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 28-ci PB-dən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 14 aprel 2023-cü il tarixdə daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Yasamal RPİ-nin 28-ci polis bölməsinin 13 aprel 2023-cü il tarixli qərarına və rədd materialına əsasən tərtib edilmiş 13 aprel 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs ünvan 2 ünvanında X7 məxsus velosipedi oğurlayaraq ona 200 manat məbləğində maddi ziyan vurmuşdur. Nəticədə Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı Şəhəri Yasamal RPİ-nin 28-ci polis bölməsinin sahə inspektoru X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, X9 05 aprel 2023-cü il tarixdə saat 22:24-də DİN-in 102 xidmətinə zəng vuraraq və Yasamal RPİ-nin 28-ci PB-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, həmin tarixdə saat 20:45 radələrində özünə məxsus "Gant" markalı velosipedi ünvan 3 ünvanında saxlayaraq marketə getmiş, 15 dəqiqə sonra geri qayıdan zaman velosipedin yerində olmadığını, naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Təhqiqat araşdrıması müddətində keçirilən ƏAT-i nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs olaraq Şəxs müəyyən edilmişdir. Yekun olaraq məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, heç bir yerdə işləmir. Maddi imkanı olmadığı üçün oğurluq etmişdir. 05 aprel 2023-cü il tarixdə saat 20 radələrində Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 42 ünvanın qarşısından keçən zaman orada olan velosipedi oğurlayaraq uzaqlaşaraq çıxıb getmişdir. Etdiyi əməllərindən peşmandır. Göstərilənləri nəzərə alaraq məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi məhkum edilmiş və İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə barəsində bir neçə dəfə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, azadlığı faktiki olaraq 02:55də məhdudlaşdırılmışdır. Zərərçəkmiş şəxs X9 bildirmişdir ki, 05 aprel 2023-cü il tarixdə saat 20:45 radələrində özünə məxsus "Gant" markalı velosipedi ünvan 3 ünvanında saxlayaraq marketə getmiş, 15 dəqiqə sonra geri qayıdan zaman velosipedin yerində olmadığını, naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 200 manat maddi ziyan dəydiyini bildirmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Yasamal RPİ-nin 28-ci PB-nin təhqiqatçısı Nicat Abdullayev tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 13 aprel 2023-cü il tarixli qərardan görünür ki, ərizə əsasında aparılan araşdırma zamanı toplanmış materialda Azərbaycan Respublikasinin CM-nin 177.1-ci maddəsinin tərkibi müəyyən olunmadığı üçün Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinə uyğun olaraq cinayət işinin başlanması rədd edilməlidir. Azərbaycan Respublikasi Cinayət qanunvericiliyinə əsasən, belə olduğu halda X6 ərizəsində göstərdiyi faktda cinayət tərkibi yoxdur. Belə ki, Azərbaycan Respublikasınin CM-nin 177.1-ci maddəsinin qeyd hissəsinə əsasən oğurluq cinayətinin tərkibi vurulmuş ziyanın həcmi 500 (beş yüz) manatdan yuxarı məbləğ təşkil etdikdə yaranır. Bundan əlavə baş vermiş oğurluq hadisəsini törətmiş şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbirləri tətbiq olunmalıdır. Yasamal RPİ-nin 28-ci PB-nin əməliyyat müvəkkili tərəfindən həmin polis bölməsinin rəhbərliyinə ünvanlanmış raportdan görünür ki, 13 aprel 2023-cü il tarixdə saat 02:55 radələrində B.Vahabzadə küçəsində olarkən velosiped oğurluğunda şübhəli bilinən X5 görüb saxlayaraq onu 28-ci PB-bə təmin etmişlər. Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, Şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittihamedici hökm çıxarılmış və dəfələrlə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsili bilinərək barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs oğurluq edərək özgə əmlakını ələ keçirmiş İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tədqiq olunmuş iş materialları ilə tam təsdiqini tapmışdır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-in 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyəti yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən X3 eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi məsuliyyəti ağırlaşdıran hal kimi müəyyən edilmişdir. İXM-in: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.4. -ci maddəsinə əsasən Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır; 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən, bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinin 1ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Məhkəmə, işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli Şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan yəni, 13 aprel 2023-cü il tarixdən saat 02:55dən hesablanmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 03 (üç) ay müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbs müddətinin əvvəli 13 aprel 2023-cü il tarixdən saat 02:55-dən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsinə həvalə edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar