Məhkəmə qərarları › İş №3(004)-2094/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2094/2023

16.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2094/2023 16.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin səlahiyyətli nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyətinin» Nümayəndəliyinin nümayəndəsi Kanani Saeidin iştirakları ilə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən «İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyətinin» Nümayəndəliyi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə MN ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, xx.xx.2023-cü il, saat 11:00 – 16:00, xx.xx.2023-cü il saat 15:25-də ünvan 1 ünvanında yerləşən «İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyətinin» Nümayəndəliyinə məxsus klinikada plandankənar yoxlama zamanı lisenziyadan kənar iş və fəaliyyət, həmçinin sertifikatsız tibb fəaliyyəti aşkar edilmişdir. Bununla da «İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyətinin» Nümayəndəliyi tərəfindın İXM-in 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi İ.M.Hacıyev «İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyətinin» Nümayəndəliyi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələrinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyətinin» Nümayəndəliyinin nümayəndəsi Kanani Saeid məhkəmə iclasında çıxış edərək, inzibati xatanın törədilmısini qəbul etmiş, həmçinin sözügedən pozuntuların artıq aradan qaldırılmasını əsas göstərərək «İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyətinin» Nümayəndəliyi barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını hərtərəfli, tam və obyektiv nəzərdən keçirib hesab edir ki, «İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyətinin» Nümayəndəliyi barəsində Azərbaycan Respublikasının İXM-nin 215.1 və 215.4-cü maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə təqsiri toplanmış material ilə tam sübuta yetir. AR Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən planlı (növbəti) yoxlamanın keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli 414 nömrəli qərardan görünür ki, «İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyətinin» Nümayəndəliyində plandankənar yoxlamanın həyata keçirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin məcəllənin 215.4-cü maddəsinə əsasən tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, «İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyətinin» Nümayəndəliyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən onun barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40-43, 48-51, 53, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: «İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyətinin» Nümayəndəliyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən 6000 (altı min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim:Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar