Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-21/2025 06.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MTK-nın nümayəndəsi X1 iştirakı ilə, Şəxs MTK barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 266.2 və 271-ci maddələri ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Şəxs MTK barəsində İXM-in 266.2 və 271-ci maddələri ilə 12 avqust 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MTK-ya məxsus Yeni Yasamal yaşayış massivi, Kənar Dairəvi küçəsində yerləşən çox mərtəbəli yaşayış binasının (tikintisi tamalamaq üzrə olan) ətrafında xx.xx.2024-cü il tarixində keçirilən monitorinq zamanı qeyri-qanuni tullantı qalaqlanması və emalı yerləri müəyyənləşdirilməməmişdir. Nəticədə Şəxs MTK tərəfindən İXM-in 266.2 və 271-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə inzibati xəta haqqında protokola uyğun izahat verərək inzibati xəta törətmiş şəxsin barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MTK-nın nümayəndəsi X3 inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2024cü il tarixdə keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhər İcra hakimiyyəti tərəfindən xx.xx.2011-ci il tarixli 438 nömrəli sərəncamı və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan X2 İdarəsinin xx.xx.2012-ci il tarixli 15/2293 nömrəli rəyinə əsasən ünvan 1 ünvanında Şəxs MTK tərəfindən inşası nəzərdə tutulmuş yaşayış binalarının yerləşəcəyi 4,0 ha torpaq sahəsində tullantıların qalaqlanması məlum olmuşdur. Bu səbəbdən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Şəxs MTK barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271, 266.2-ci maddələri ilə xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərmişdir. Protokol qanuni və əsaslı deyildir. Belə ki, iş materiallarına əsasən inzibati hüquq pozuntusu ilə bağlı yeganə sübut kimi kooperativə aid ərazidə tulantıların yerləşdirilməsi üçün meydançanın qurulmadığı və tullantıların ayrı-ayrı hissələrdə qalanqlandığını müxtəlif rakuslardan çəkilmiş foto şəkillərlə sübut etməyə çalışmışdır. Lakin həmin foto şəkillərdən göründüyü kimi kooperativə bina tikintisi üçün ayrılmış torpaq sahəsində hündür mərtəbəli yaşayış binasının inşası üçün zəruri olan tikinti materiallarının yığıldığı sahələr əks edilmişdir. Həmin ərazidə hazırda inşası davam edən tikinti fəaliyyəti həyata keçirildiyindən həmin məhsulların orada olması tam təbii bir haldır. Eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tikintinin aparılması üçün rəsmi müsbət rəyi olduğu halda Nazirliyinin tabeliyində olan 11 saylı Regional Ekologiya İdarəsinin əməkdaşları tərəfindən əsassız rəy tərtib edilməsi başa düşülən deyil və bir nazirlik daxilində bir birini təkzib edən qərarların qəbul edilməsini özündə əks etdirir. Qeyd edilənlərdən başqa xx.xx.2024-cü il tarixdə akt və xx.xx.2024-cü il tarixdə protokol tərtib edərkən güya kooperativin rəhbəri izahat verməkdən imtina etmişdir. Lakin nə akt, nədəki protokol ona rəsmi qaydada səlahiyyətli qurum tərəfindən göndərilməmiş və buna dair heç bir cəhd belə edilməmişdir. Bundan əlavə 11 saylı RETSİ faktıki halları düzgün qiymətləndirmiş olsaydı iş üzrə torpaq sahəsinin ayrılması barədə protokolu tərtib edən qurumun yuxarı təşkilatı hesab edilən Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həmin tikinti işlərinin ekoloji tələblər çərçivəsində aprılmasına dair verdiyi müsbət ekspertiza rəyini nəzərə almalı idi. Belə ki, iş üzrə yeganə sübut kimi materiala əlavə edilmiş foto şəkillərdən göründüyü kimi ərazidə yalnız tikinti materiallarının yığılıdığı əks edilmişdir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Göründüyü kimi 11 saylı RETSİ subyektiv mövqeyinə əsaslanaraq qanunsuz və əsassız protokol tərtib etmişdir. Göstərilənləri nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan 26 iyul 2024-cü il tarixli 285 nömrəli monitorinq aktından görünür ki, idarənin müvafiq sərəncamına əsasən 25-xx.xx.2024-cü il tarixlərdə “Ətraf mühitin mühafizəsi haqqında”, “Yerin təki haqqında” və “Tullantılar haqqında” Azərbaycan Respublikası Qanunlarının və ölkə ərazisində ətraf mühitlə bağlı keçirilməsi nəzərdə tutulmuş COP29 tədbiri ilə əlaqədar ekoloji tələblərin əməl olunması vəziyyətinin araşdırılması məqsədilə Yasamal rayonu xidməti ərazisində monitoriqlər keçirilmişdir. Monitorinqlər zamanı ünvan 3 ünvanında Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli 438 nömrəli sərəncamı ilə ayrılmış 4.0 hektar torpaq sahəsində Dövlət Ekspertiza İdarəsinin xx.xx.2012-ci il tarixli 15/2293 nömrəli rəyinə əsasən Şəxs MTK tərəfindən yaşayış binasının tikintisi işlərinin aparıldığı məlum olmuşdur. Əraziyə keçirilən baxış zamanı Şəxs MTK-ya ayrılmış torpaq sahəsinin hüdudları daxilində formalaşan tullantıların yerləşdirilməsi üçün meydançanın qurulmadığı və tullantıların ayrı-ayrı hissəsələrdə qalaqlandığı müəyyən olunmuşdur. Araşdırma zamanı tullantıların daşınması üçün aidiyyatı təşkilatlarla heç bir müqavilə bağlanmadığı məlum olmuşdur. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli 438 nömrəli sərəncamından görünür ki, ünvan 3ndə yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün 4.0 ha torpaq sahəsi icarə əsasında Şəxs MTK-nın istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertizası İdarəsinin 08 avqust 2012-ci il tarixli 15/2293 nömrəli rəyindən görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi qeyd olunanları nəzərə alaraq təqdim olunmuş sənədlərə ekoloji baxımından aşağıdakı şərtlər daxilində etirazı olmadığını bildirir. -bünövrə qazıntıları zamanı əmələ gələn tikinti tullantılarının və artıq qruntun aidiyyəti icra orqanının razılığına əsasən müəyyən olunmuş ərazilərə daşınması; -tikinti müddətində sanitar-ekoloji tələblərin təmin olunması üçün xüsusi qoruyucu tədbirlərin həyata keçirilməsi, ətraf mühitin çirkləndirilməsi hallarının qarşısının alınması üçün ekolji tələblərə ciddi riayət edilməsi, tikinti sahəsinin mütəmadi sulanması; -inşaat işləri müddətində tiknti norma və qaydalarına ciddi riayət edilməsi, vətəndaşların təhlükəsiz gediş gəlişlərinnin təmin olunması; -binanın xarici komunikasiya xətləri birləşmələrinin aidiyyəti icra orqanlarının texniki şərtləri əsasında yerinə yetirilməsi; -bərk məişət ullantılarının müvəqqəti saxlanması üçün süsusi meydançanın inşa olunması; -inşaat işləri başa çatdıqdan sonra ərazidə yaşıllaşdırma və abadlaşdırma işlərinin aparılması. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, hündür mərtəbəli binaların tikintisi aparılan sahədə həmin binanın tikintisi üçün nəzərdə tutulmuş inşaat materialları, bundan əlavə istifadə edilmiş materialların qalıqları. Məhkəmə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını dinləyib, tərəflərin məhkəməyə təqdim etdiyi sənədləri tədqiq edib, material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MTK-nın hərəkətlərində Azərbaycan Respublikası İXM-in 266.2 və 271-ci maddəsinin tərkibi aşkar edilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Şəxs MTK tərəfindən inşa edilən yüksək mərtəbəli binanın tikintisi üçün nəzərdə tutulan müxtəlif tikinti materialları tikinti aparılan əraziyə yığılmış, bundan əlavə həmin materialların qalıqları həmin ərazinin müxtəlif yerlərində dağınıq şəkildə mövcutdur. Tərəflərin verdiyi izahtdan belə məlum olur ki, həmin tikinti materiallarından istifadə nəticəsində qalıq qalmış hissələr isə ərazinin abadlaşdırılması üçün istifadə ediləcəkdir. Fotoşəkillərdən görünür ki, Şəxs MTK-ya aid ərazidə tikinti işləri aparıldığından və tamamlanma işləri qurtarmadığından tikinti ərazisində hər hansı bir abadlaşma işləri aparılmamışdır. Bundan başqa ərazidə yaşayış binası istismara verilmədiyindən və orada hər hansı sakin məskunlaşmadığından eləcədə ətraf ərazilərdə yaşayan sakinlərin və digər şəxslərin həmin əraziyə daxil olması qadağan edildiyindən orada yığılmış tikinti məhsulları hər hansı şəxsin hüquqlarının pozulmasına səbəb olmur. Məhkəmə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını dinləyib, tərəflərin məhkəməyə təqdim etdiyi sənədləri tədqiq edib, material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MTK-nın hərəkətlərində Azərbaycan Respublikası İXM-in 266.2 və 271-ci maddəsinin tərkibi aşkar edilmədiyindən iş üzrə icraata xitam verilməlidir. İXM-in 266.2-ci maddəsinə əsasən Tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə - vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir. İXM-in 271-ci maddəsinə əsasən Sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Bundan başqa Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 26 iyul 2024-cü il tarixli monitorinq aktından görünür ki, Şəxs MTK-nın yerləşdiyi ünvana yoxlama aparılmış, lakin müvafiq akt vahid məlumat reyestrində qeydə alınmadan tərtib edilmişdir. Səlahiyyətli orqanın qanunla sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasına baxmayaraq, Şəxs MTK-də monitorinq keçirdiyinə, lakin orada aparılacaq yoxlama ilə bağlı sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə heç bir məlumat göndərmədiyinə, keçirilmiş yoxlamanın nəticəsində monitorinq aktı və protokol tərtib edilsə də, araşdırmanın qanunvericiliklə müəyyən edilmiş imperativ tələblər (sahibkarlıq fəaliyyəti subyektində yoxlamanının aparılması haqqında qərar qəbul edilmədən və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmadan) nəzərə alınmadan aparılmışdır. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən sahibkarlıq sahəsində Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2025-ci il yanvarın 1- dək dayandırılır. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddətdə yalnız vergi yoxlamaları, maliyyə bazarları sahəsində aparılan yoxlamalar, gömrük auditi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən özəl tibb fəaliyyətinin subyektlərində aparılan yoxlamalar, eləcə də dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar, enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən sahibkarlıq subyektlərinin elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı yoxlamalara, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunun 3.1-cü maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Həmin qanunun 3.2-ci maddəsinə əsasən Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Belə ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-in 53.1, 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İş materialarından görünür ki, Bakı şəhəri, ünvan 3ndə Şəxs MTK tərəfindən cox mərtəbəli binaların tikintisi aparılan ərazidə xx.xx.2024-cü il tarixində keçirilən monitorinq zamanı qeyri-qanuni tullantı qalaqlanması və emalı yerlərinin müəyyənləşdirilmədiyi müəyyən edildiyi üçün həmin MTK barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən 12 avqust 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri, ünvan 3ndə yerləşən çoxmərtəbəli yaşayış binasının tikinti meydançasında yığılmış tikinti materialları və istifadə nəticəsində həmin tikinti materiallarının qalıqları əsassız olaraq məişət tullantısı kimi qiymətləndirilmişdir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs MTK-nın hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində tərtib olunmuş 12 avqust 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 48-51, 53, 55, 114.1.4, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MTK barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş 12 avqust 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İXM-in 129cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-21/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-21/2025
06.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver