Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-210/2021 18.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X2 iclas katibliyi, şikayətçi - X3 və qərarından şikayət verilmiş - Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin etibarnamə üzrə nümayəndəsi X6 iştirakları ilə, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 211.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair barəsində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş xx xxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası İXMnin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair barəsində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş xx xxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X4 şikayətini onunla əsaslandırmışdır ki, xx xxxxxxxx 2020-ci il tarixdə icarədarı olduğu “Kristal çay evi”nə daxil olan AQTA-nın Bakı regional bölməsinin əməkdaşı tərəfindən İXM-nin 211.1-ci maddəsinə əsasən barəsində protokol tərtib edilmiş və daha sonra həmin protokol əsasında təqsirli bilinərək barəsində vəzifəli şəxs olaraq 3000 manat cərimə növündə tənbeh tədbiri təyin edilməsinə dair qərar qəbul edilmişdir. Protokol tərtib edilərkən fiziki şəxs olaraq qeyd edilmiş, hətta o, protokolla tanış edilərkən ona fiziki şəxs olaraq 200 manatdan 400 manatadək məbləğdə cərimə tətbiq ediləcəyi izah edilmişdir. Lakin sonradan xx xxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli qərar ona təqdim edildikdən sonra fiziki şəxs kimi deyil, vəzifəli şəxs olaraq 3000 (üç min) manat cərimə edilməsini öyrənib bilmişdir. O, vəzifəli şəxs olaraq cərimə edildiyindən qəbul edilmiş qərarla narazı olduğunu qeyd edərək həmin qərarın ləğv edilməsini və barəsində iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa X4 ərizə ilə məhkəməyə müraciət edərək, barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin ötürülməsi səbəbini üzrlü hesab edərək bərpa edilməsini və işə mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx xxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli qərardan ilkin olaraq səhvən xx xxxxxxx 2020-ci tarixdə Bakı İnzibati Məhkəməsinə şikayət ərizəsi ünvanlamış və həmin məhkəmənin xx xxxxxx 2020-ci il tarixli CM-723/1 nömrəli məktubu ilə ona aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi izah edilmişdir. İzah məktubunu aldıqdan dərhal sonra qeydiyyatda olduğu yaşayış yeri üzrə Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, lakin prosessual müddət ötürüldüyü üçün xx xxxxxx 2020ci il tarixli, 3(004)-4197/2020 nömrəli qərardadla şikayət ərizəsi və ona əlavə edilmiş digər sənədlər geri qaytarılmışdır. X4 göstərilən hallar nəzərə alınaraq ötürülmüş prosessual müddətin bərpa edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X4 ərizəsində göstərilən xüsusatları müdafiə edərək qərardan şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsini və işə mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etmişdir. O, əlavə olaraq anasının uzun müddətdir ağır ağciyər pnevmoniyası xəstəliyindən əziyyət çəkdiyini, məhz 2020-ci ilin oktyabr-dekabr aylarında onun tibbi müayinələrdən keçməsi üçün xəstəxanalara aparıbgətirməklə məşğul olduğunu, bu səbəbdən də məhkəməyə verilmiş şikayət ərizəsinin nəticəsi ilə maraqlana bilmədiyini qeyd etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib hesab edir ki, ötürülmüş müddət üzrlü hesab edilərək bərpa edilməli və şikayət ərizəsinə mahiyyəti üzrə baxılmalıdır. X1 izahatında bildirmişdir ki, o, işsiz olduğundan ünvan 2 ünvanında yerləşən obyekti icarəyə götürərək fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olur və hüquqi şəxs yaratmadan fərdi sahibkar kimi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestrində vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdir. İcarəyə götürdüyü obyekt “Kristal çay evi” adlanmaqla çayxana kimi fəaliyyət göstərir. Bundan başqa X1 izahatında onun faktiki rəhbərliyi altında fəaliyyət göstərən “Kristal çay evi” ictimai-iaşə obyektində xx xxxxxxxx 2020-ci il tarixdə AQTA-nın Bakı regional bölməsinin əməkdaşları tərəfindən aparılan yoxlama zamanı epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və xüsusi karantin rejimi qaydasının pozulması faktının aşkar edilməsini, yəni masa arxasında 6 nəfərdən çox şəxsin əyləşməsini etiraf etmişdir. Buna baxmayaraq o, qərarla razılaşmamasını onunla əsaslandırmışdır ki, barəsində protokol tərtib edilərkən fiziki şəxs olaraq qeyd olunmuş və ona 200 manatdan 400 manatadək məbləğdə cərimə tətbiq ediləcəyi izah edilmişdir. Lakin sonradan qərarla tanış olduqda müəyyən etmişdir ki, ona əsassız olaraq vəzifəli şəxs kimi 3000 manat cərimə təyin edilmişdir. Odur ki, X4 göstərilən hal nəzərə alınaraq barəsində qəbul edilmiş xx xxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli qərarın ləğv edilməsini və ona fiziki şəxs kimi cərimə məbləğinin təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin etibarnamə üzrə nümayəndəsi X9 şikayət ərizəsini və onun dəlillərinin əsassız hesab edilərək təmin edilməməsini və xx xxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini, tərəflərin izahatlarını və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı və Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş xx xxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan ********** nömrəli “Fiziki şəxsin sahibkarlıq uçotu haqqında” şəhadətnamədən müəyyən edilir ki, X4 xx xxxxxx 2015-ci il tarixdən fərdi sahibkar olaraq Azərbaycan Respublikası Vergilər Nazirliyində (hazırki Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) qeydiyyata alınmışdır. Bundan başqa X4 məhkəmə iclasında verdiyi izahatında ünvan 2 ünvanında yerləşən “Kristal çay evi” adlı ictimai-iaşə obyektinə faktiki olaraq rəhbərlik etdiyini və xx xxxxxxxx 2020-ci il tarixdə AQTA-nın Bakı Regional Bölməsinin əməkdaşları tərəfindən aparılan yoxlama zamanı obyektdə epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və xüsusi karantin rejimi qaydasının pozulması faktının aşkar edilməsini təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin baş məsləhətçisi X7 tərəfindən tərtib edilmiş xx xxxxxxxx 2020ci il tarixli ******* nömrəli protokoldan müəyyən edilir ki, həmin tarixdə saat 19:05 radələrində Xətai rayonu X.Məmmədov küçəsi ev 9 ünvanında yerləşən “Kristal çay evi” adlı ictimai-iaşə obyektində epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və xüsusi karantin rejimi qaydasının pozulması, yəni masa ətrafında araməsafəsinin gözlənilməməsi faktı aşkar edilmişdir. Faktla bağlı X4 barəsində Azərbaycan Respublikası İXM-nin 211.1ci maddəsilə protokol tərtib edilmiş və protokol onun tərəfindən imzalanmışdır. Protokol məhkəmə tərəfindən tədqiq edilərkən müəyyən edilmişdir ki, o, Azərbaycan Respublikası İXM-nin 100-cü maddəsinin tələblərinə uyğun olaraq tərtib edilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 100-cü maddəsinin məzmunundan görünür ki, protokolda aşağıdakı məlumatlar göstərilməlidir: 1) protokolun tərtib edildiyi tarix və yer; 2) protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 3) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 4) inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 5) inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 6) olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 7) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 8) inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 9) inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 10) inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Maddənin məzmunundan göründüyü kimi, protokol vəzifəli şəxsin özü barəsində tərtib edilərkən onun tutduğu vəzifə haqqında məlumatların qeyd edilməsi, o cümlədən vəzifəli şəxs barəsində tərtib edilməsinə dair xüsusi qeydiyyatın aparılması ilə bağlı qanunvericilikdə hər hansı bir imperativ norma yoxdur. Yalnız hüquqi şəxs və ya fiziki şəxs barəsində protokol tərtib edilməsi və onlar haqqında müvafiq məlumatların qeyd edilməsi müəyyən edilmişdir. Odur ki, məhkəmə X1nun barəsində tərtib edilmiş protokolda onun fiziki şəxs kimi qeyd edilməsinə dair dəlilinə münasibətdə hesab edir ki, bu hal inzibati xətalar haqqında qanunvericiliyin pozuntusu kimi qiymətləndirilə bilməz və qəbul edilmiş qərarın ləğv edilməsi üçün əsas deyildir. Həmçinin qeyd edilir ki, İXM-nin 17-ci maddəsinin Qeyd hissəsində vəzifəli şəxsin anlayışı verilmişdir. Beləliklə İXM-nə əsasən vəzifəli şəxs deyildikdə dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Hazırki işin faktiki hallarından müəyyən edilir ki, X4 xx xxxxxx 2015-ci il tarixdən fərdi sahibkar olaraq Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyata alınmaqla faktiki olaraq ünvan 2 ünvanında yerləşən “Kristal çay evi” adlı ictimai-iaşə obyektinin fəaliyyətinə rəhbərlik edib təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrini həyata keçirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş xx xxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan müəyyən edilir ki, X4 İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 3000 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Göründüyü kimi, X3 əməlinə Azərbaycan Respublikası İXM-nin tələblərinə uyğun olaraq düzgün hüquqi qiymət verilmiş və barəsində təqsirləndirildiyi maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Belə ki, xətanın törədildiyi vaxt yəni, xx xxxxxxxx 2020-ci il tarixdə qüvvədə olan Azərbaycan Respulikası İXM-nin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə -fiziki şəxslərə görə iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslərə görə üç min manatdan dörd min manatadək məbləğdə cərimə, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs hüquqi şəxslərə görə dörd min manatdan on min manatadək məbləğdə cərimə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” 2020-ci il 19 iyun tarixli 208 nömrəli və “Koronavirus (COVİD-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” 2020-ci il 6 iyul tarixli 237 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli 294 nömrəli qərarından görünür ki, Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda müştərilərə açıq hava sahəsində yerində xidmət saat 09:00-dan 22:00-dək (qəlyan avadanlıqlarından istifadə və hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmaq istisna olmaqla) həyata keçirilməsi və Qərara əsasən fəaliyyətinə icazə verilən ictimai iaşə obyektlərinin fəaliyyəti mövcud qaydalara, sanitariya normalarına və metodiki göstərişlərin tələblərinə uyğun təşkil olunması müəyyən edilmişdir. Qeyd olunan qərarla müəyyən edilmiş qaydalar 2020-ci il 18 avqust tarixindən qüvvəyə minmiş və həmin qaydalar xətanın törədildiyi vaxt yəni, xx xxxxxxxx 2020-ci il tarixdə qüvvədə olmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Məcəllənin 135-ci maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədikdə qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə belə hesab edir ki, X3 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 3000 (üç min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbirinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin xx xxxxxxx 2020ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vemə haqqında qərarı qanuni və əsaslıdır, onun dəyişdirilməsi və ya ləğv edilməsi üçün hər hansı bir əsas yoxdur. Odur ki, X3 şikayəti əsassız olduğundan rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X3 İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 3000 (üç min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin xx xxxxxxx 2020ci il tarixli MN seriyalı ******* nömrəli qərarından verilmiş şikayəti təmin edilməsin və qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-210/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-210/2021
18.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver