Məhkəmə qərarları › İş №3(004)-2126/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2126/2021

19.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2126/2021 19.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X8 iştirakları ilə, X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər idarəsinin 26 avqust 2021-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər idarəsinin 26 avqust 2021-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh AR ƏƏSMN yanında X6 Xidməti Bakı şəhər İdarəsi iddiaçı "xxxx" MMC-ə qarşı 26.08.2021-ci il tarixli MN ******* saylı İnzibati tənbeh vermə haqqında qərar tətbiq etmişdir. Həmin Qərar ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə onu təqsirli bilib 800 manat məbləğində cərimə edilmişdir. Həmin qərarın təsviri hissəsində vətəndaş Məmmədov Yalçın Rizvan oğlunun əmək haqqının hesablanıb ödənilməsində qanun pozuntusuna yol verilməsi göstərilmişdir. Şirkət olaraq bu İnzibati tənbəh vermə haqqında qərar ilə razı deyillər. Qərarı əsassız və qanunsuz hesab edirlər. Həmin qərarı poçt vasitəsi ilə 31.08.2021-ci il tarixdə onlara təqdim olunmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhəri idarəsinin 26 avqust 2021-ci il tarixli, MN seriyalı, ******* saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X11 şikayət ərizəsində göstərilənlərlə razılaşmayaraq öz izahatında bildirmişdir ki, "xxxx" MMC-də Məmmədov Yalçın Rizvan oğlunun əmək və məzuniyyət haqlarının hesablanması və ödənilməsində qanun pozuntusuna yol verilərək Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.2-ci maddəsinin tələblərinə əməl olunmamışdır. Göstərilənlərə əsasən qərarın tam qanuni və əsaslı olduğunu bildirərək, şikayətin təmin edilməməsini xahiş etdi. Şikayət vermiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə şikayət vermiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər idarəsinin 26 avqust 2021-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarına əsasən "xxxx" MMC-də Məmmədov Yalçın Rizvan oğlunun əmək və məzuniyyət haqlarının hesablanması və ödənilməsində qanun pozuntusuna yol verilmişdir. X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinib barəsində 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan əmək müqaviləsindən görünür ki, Məmmədov Yalçın Rizvan oğlu 03.06.2020-ci il tarixdə "xxxx" MMC-də satıcı vəzifəsinə qəbul edilmişdir. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Məmmədov Yalçın Rizvan oğlu "xxxx" MMC-də müddətli əmək müqaviləsi üzrə satıcı vəzifəsinə qəbul edilmişdir. Əmək müqaviləsi müddətsiz bağlanmışdır. "xxxx" MMC-nin 03 iyun 2020-ci il tarixli 353 nömrəli əmrindən görünür ki, Məmmədov Yalçın Rizvan oğlu kredit mütəxəssisi vəzifəsinə qəbul edilmişdir. Məmmədov Yalçın Rizvan oğlunun 24 iyun 2021-ci il tarixli ərizəsindən görünür ki, Məmmədov Yalçın Rizvan oğlu həmin tarixdə işdən azad olunmağnı xahiş etmişdir. "xxxx" MMC-nin 24 iyun 2021-ci il tarixli 1029 nömrəli əmrindən görünür ki, Məmmədov Yalçın Rizvan oğlu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin a bəndinə əsasən işdən azad edilmişdir. 05.07.2021-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən müəyyən edilir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü ilə əlaqədar 24.06.2021-ci il tarixli 1029 nömrəli müqaviləyə əsasən Məmmədov Yalçın Rizvan oğlu ilə bağlanmış 03.06.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilmişdir. Xitam barədə məlumatlar 05.07.2021-ci il tarixdə “elektron informasiya sisteminə” daxil edilərək imzalanmışdır. 26.07.2021-ci il tarixli ərizədən müəyyən edilir ki, Məmmədov Yalçın Rizvan oğlu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə ərizə ünvanlamışdır. Ərizədə bildirilir ki, "xxxx" MMC-dən onun son haqqhesabını, istifadə etmədiyi məzuniyyətin pulunu və almadığı əmək haqqını vermələri xahiş edilmişdir. "xxxx" ASC-nin çıxarışından görünür ki, "xxxx" MMC tərəfindən Məmmədov Yalçın Rizvan oğluna sonuncu dəfə 04.06.2021-ci il tarixdə 110.25 manat və 06.07.2021-ci il tarixdə 91.74 manat ödəniş edilmişdir. Azərbaycan Respublikasinin Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən İşçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə-vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmçinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, iş materiallarından və tərəflərin izahatından məlum oldu ki, Məmmədov Yalçın Rizvan oğlu işdən çıxarıldıqdan sonra "xxxx" MMC tərəfindən son haqq hesab ödənilməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər idarəsinin 26 avqust 2021-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X5in verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2in Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər idarəsinin 26 avqust 2021-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar