Məhkəmə qərarları › İş №3(004)-2129/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2129/2022

06.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2129/2022 06.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X3 iclas katibliyi ilə, X1 Azərbaycan Respublikası Bakı Nəqliyyat Agentliyinin BNA ******* saylı, 12.09.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Bakı Nəqliyyat Agentliyinin BNA ******* saylı, 12.09.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, barəsində çıxarılmış həmin qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayətində və məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, 12.09.2021-ci il tarixində Yasamal rayonu, C.Cabbarlı küçəsində “Caspian Plaza”nın yanında BNA əl kamerası ilə deyil, yuxarıdan idarə olunan avtomatik kamera ilə çəkilən və qeyd olunan cərimənin ləğv edilməsini xahiş etmişdir. Ona 12.09.2022-ci il tarixində BNA İXM-nin 122-ci maddəsinin tələblərinə zidd olaraq xüsusi texniyi vasitə kimi kamera vasitəsilə İXM-nin 346.1-ci maddəsi ilə cərimə yazılıb. Çünki İXM 122.1-ci məcəlləsində İXM-nin 346.14-ci maddəsi ilə protokol tərtib etmək səlahiyyəti nəzərdə tutulmamışdır. Həmçinin DNA əməkdaşı avtomobilin yanında olmamış, bort kompüber vasitəsilə protokol tərtib etməmiş, qərar qəbul etməmişdir. BNA onun iştirakını təmin etmədən özbaşına onun iştirakı olmadan qərarı qəbul etmişdir və bu onun Azərbaycan Respublikasının Konstitusiyasının 26-cı maddəsinin təminatı altına alınmış İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi hüququnun pozulmuşdur. Konstitusiyanın həmin maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Müdafiə olunma hüququnun pozulmasıdır. Konstitusiyasının 68-ci maddəsinin təminatı altına alınmış Özbaşınalıqdan müdafiə və vicdanlı davranış hüququ pozumuşdur. İ. Hər kəsin dövlət orqanlarının ona münasibətdə özbaşınalığı istisna edən vicdanlı davranışına hüququ vardır. Konstitusiyasının 60-cı maddəsinin təminatı altına alınmış Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququ pozulmuşdur. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İXM Maddə 4. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsiplərini qeyd edir: Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Maddə 5. İnsan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi prinsipi 5.1. İnsan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. 5.2. Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Beləliklə müəyyən olundu ki, BNA tərəfindən ******* №-li 13.10.2021-ci il tarixli qərar qəbul edilərkən, İXM 63-cü, 100-cü, 122-ci və Azərbaycan Respublikasının Konstitusiyasının 26, 60 və 68-ci maddələrinin təminatı pozulmuşdur. 3. İXM 100-cü maddəsinin tələbinə əsasən İnzibati xəta haqqında protokolun tərtib oluduğuu qeyd edir: 100.1. Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.2. Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.3. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Göründüyü kimi, bu tələb imperativdir və bu işdə istisna yoxdur, hazırki işdə hər hansı protokol tərtib edilməmiş, sürəti təqdim edilməmişdir. 4. Həmin Məcəllənin Maddə 106. İnzibati xəta haqqında işin baxılmağa hazırlanmasını qeyd edir: 106.0. Hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: 106.0.1. işin baxılması onun səlahiyyətinə aiddirmi; 106.0.2. işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu; 106.0.3. inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; 106.0.4. işin icraatını rədd edən hallar mövcuddurmu; 106.0.5. mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı; 106.0.6. işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı; 106.0.7. iş üzrə vəsatətlər və etiraz etmə vardırmı. Normanın tələbini rəhbər tutaraq xahiş edir: İXM 106.0.3 maddəsinə əsasən həmin maddənin 100.1 və 100.1.8-ci maddələrini tələblərinə riayət olub olunmamasını müəyyən etmək. 5. İXM Maddə 81. Xüsusi texniki vasitələrin göstəriciləri. 81.1. Müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2-ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır. 81.2. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. 81.3. Xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Normanın tələbindən göründüyü kimi bu tələb imperativdir lakin hazırki mübahisədə qeyd edilmiş tələblərə riayət olunmamışdır, İnzibati Xəta haqqında protokol tərtib olunmamış, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilməmişdir. Bütün yuxarıda qeyd edilənləri rəhbər tutaraq Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş ******* №-li 13.10.2021-ci il tarixli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Bakı Nəqliyyat Agentliyinin BNA ******* saylı, 12.09.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına (qərar qəbul edən BNA-nın dayanma, durma və parklama qaydalarının nizamlanması şöbəsinin müdiri Vüqar Hüseynov) əsasən X5 12.09.2021-ci il tarixdə saat 16:02 radələrində “Mercedes Benz C200 minik” markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Yasamal rayonu, C.Cabbarlı küçəsində durma qaydalarını pozduğuna görə İXM-in 346.1-ci maddəsi ilə təqsirli bilinib 20 manat cərimə edilmişdir. Məhkəmə aşağıdakı əsaslara görə hesab edir ki, qərar ləğv edilməlidir və iş üzrə icraata xitam verilməlidir. Həmçinin aşağıdakı əsasların hər birinin müstəqil mövcudluğu, yəni əsaslardan digərləri təsdiq olunmasa da belə, həmin əsas qərarın ləğvi üçün kifayət edir. 1) BNA-nın kamerası ölçü funksiyasına malik deyil. Çünki avtomobilin dayanma qadağandır nişanından hansı məsafədə saxlanılmasını ölçmək üçün kameranın ölçü funksiyası olmadığı üçün, fotoşəkillərdə bu barədə qed yoxdur, avtomobil həmin nişandan hansı məsafədə saxlanılması barədə qərarda da bu barədə qeyd yoxdur. Həmin hal hazırkı iş üçün əhəmiyyət kəsb edən haldır. Həmin faktın başqa qaydada aradan qaldırmaq olmur. Hazırkı vəziyyətdə xüsusi texniki vasitə kimi BNA-nın kameralarının göstəriciləri həmin inzibati xətanı təsdiq etmək üçün kifayət etmir. Çünki həmin qərara BNA-nın F8:4D:FC:33:EC:28 saylı kamerasının (qərarda göstərilib ki BNA-nın Hikvision DS-2DF82361X-AELW(BNA) saylı) çəkdiyi 4 varinatda fotoşəkil əlavə edilmişdir. kameranın qeydə aldığı fotoşəkildəki məlumatlar: 1) Kameranın nömrəsi, 2) fotoşəkilin qeydə alınma tarixi, 3) vaxtı, 4) avtomobilin dövlət nömrə nişanı 5) İXM-nin maddəsi (346.1), 5) Xətanın yeri qeyd edilmişdir. İXM-nin 81.1-ci maddəsinə əsasən müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2-ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır. İXM-nin 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. İXM-nin 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Göründüyü kimi xüsusi texniki vasitədən istifadə edilmişdirsə, həmin xəta məhz həmin xüsusi texniki vasitənin göstəriciləri nəzərə alınmalıdır. Lakin hazırkı halda kameraların ölçü funksiyası və göstəricisi olmamışdır. Gözəyarı olaraq avtomobilin nişandan 40 metr məsafədə saxlanılmasını güman etmək yol verilmir. İXM-də radarlar vasitəsilə avtomobilin sürət həddini aşması ilə əlaqədar elektron qərarlar qəbul edilir. Bu cür qərarlarda xüsusi texniki vasitənin özü hər hansı bir kənar müdaxilə olmadan, fiziki şəxs aili olmadan, avtomobilin sürəti texniki vasitənin özü ölçür və qərarı da həmin texniki vasitə elektron qaydada özü qəbul edir. Həmdə əgər inzibati xəta xüsusi texniki vasitələrin göstəriciləri əsasında aparılmalıdırsa, fotoşəkili kamera vasitəsilə, avtomobilin dayandığı yerin isə fiziki şəxsin bilavasitə xəta yerində mexaniki üsulla ölçü aparmaqla həllinə yol verilmir. Çünki İXM-nin tələblərinə əsasən zidiyyətli və şübhəli məqamlar şəxsin xeyrinə həll edilməlidir. 2) BNA tərəfindən inzibati xətanın məhz İXM-nin 122-ci maddəsi qaydasında deyil, 124-cü maddəsi qaydasında aparıldığı hesab edilsə də belə, bununla da inzibati xətanın bilavasitə aşkar oldunduğunu hesab edilsə də, belə vəziyyətdə nəzərə alınmalıdır ki, belə hallarda xətanı aşkar edən şəxs fiziki şəxs, yəni BNA-nın əməkdaşı bu xətanı kamera qarşısında oturub müəyyən edir. Əgər belədirsə, onda həmin qərar elektron qərar hesab edilmir. Çünki BNA-nin əməkdaşının qərarı hesab edilir. Bu hal iş üzrə də öz təsdiqini tapır. Çünki göründüyü kimi barəsində şikayət verilmiş BNA ******* saylı, 12.09.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarı BNA-nın dayanma, durma və parklama qaydalarının nizamlanması şöbəsinin müdiri Vüqar Hüseynov tərəfindən qəbul edildiyi göstərilib Qərarın imza bölməsində həmin şəxsin soyadı və adı yazılıb. Lakin həmin qərar “elektron imza ilə” təsdiqlənməyib. Bundan əlavə həmin qərar onu qəbul etmiş Vüqar Hüseynov tərəfindən imzalanmamışdır. Beləliklə imzalanmamış qərarla şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. 3) Bundan əlavə hazırkı inzibati xəta üzrə birbaşa qərar qəbul edilə bilməsi İXM-də müəyyən edilmişdir. Lakin hazırkı inzibati xəta haqqında qərar İXM-də bunun üçün müəyyən edilmiş qaydada çıxarılan qərar da deyildir. Çünki 124.6-cı maddəsinə əsasən bu Məcəllənin 346.1 346.2, 346-1.2, 346-1.3-cü və 346-1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar tərtib edilir. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2.1 və 125.2.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumat verilir. Göründüyü kimi elektron qərar çıxarılırsa, bu zaman bort-kompüter vasitəsilə tərtib olunmalı idi. Lakin hazırkı qərar bort-kompüter vasitəsilə tərtib olunmamışdır. 4) Bundan əlavə BNA tərəfindən həmin hazırkı inzibati xəta İXM-nin 122-ci maddəsi ilə deyil, İXM-nin 124-cü maddəsi qaydasında aparılmışdırsa da, yenə də İXM-nin tələbləri pozulmuşdur. Çünki belə olduğu təqdirdə məhkəmə aşağıdakılara əsasən hesab edir ki, onda İXM-nin 124-cü maddəsi ilə inzibati xəta üzrə icraat aparılması qaydası pozulmuşdur. Çünki hazırkı iş üzrə hər hansı bir inzibati xəta haqqında protokol tərtib edilməmişdir. Birbaşa inzibati tənbehvermə haqqında qərar qəbul edilmişdir. Hazırkı iş üzrə icraat İXM-nin 124.5-ci maddəsi ilə də aparılmamışdır. Çünki həm İXM-nin 124.5, həm də İXM-nin 124.6-cı maddələrindəki qərarlar yalnız bort-kompüter vasitəsilə tərtib olunmalı idi. Belə olduğu təqdirdə hazırkı inzibati xəta, yuxarıda qeyd edildiyi kimi İXM-nin 124.5, 124.6-cı maddəsində nəzərdə tululmuş qaydada yalnız bort-kompüter vasitəsilə tərtib olunmalı idi. Lakin hazırkı qərar bort-kompüter vasitəsilə tərtib olunmamışdır. Belə olduğu təqdirdə icraat zamanı ilk növbədə inzibati xəta haqqında protokol tərtib edilməliydi, bundan sonra qərar qəbul edilə bilərdi. Çünki İXM-nin 124.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ rayon (şəhər) məhkəmələrinə aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə, bu Məcəllə ilə müəyyən olunmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilir və baxılmaq üçün məhkəməyə göndərilir. Məhkəmə inzibati xəta haqqında iş üzrə qərar qəbul etdiyi vaxtdan 3 gün müddətində onu mərkəzi informasiya sisteminə yerləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Müvafiq icra hakimiyyəti orqanı həmin qərarı daxil olduğu vaxtdan 3 gün müddətində mərkəzi informasiya sisteminə yerləşdirir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılır. Lakin göründüyü kimi hazırkı iş üzrə ümumiyyətlə inzibati xəta haqqında protokol tərtib edilməmişdir. 5) Bundan əlavə məhkəmə qeyd edir ki, İXM-nin 122.1-ci maddəsində hansı inzibati xətaların, məhz həmin qaydada aparılması orada qeyd edilmişdir. İXM-nin 122.1-ci maddəsinə əsasən həmin Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Beləliklə İXM-nin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətaların İXM-nin 122.1-ci maddəsi aqydasında icraat aparılması “imperativ” norma kimi müəyyən edilmişdir. Ona görə də həmin maddədə “yalnız” ifadəsinin işlədilməməsi, heç də o demək deyil ki, İXM-dəki digər inzibati xətaları da İXM-nin 122-ci maddəsi qaydasında icraat aparıla bilər. 6) Bütün sadalananlardan əlavə məhkəmə qeyd edir ki, İXM-də inzibati xətalar haqqında işlərə baxılmanın ümumi qaydaları müəyyən edilsə də, lakin, həmin Məcəllədə “Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə baxılmanın xüsusiyyətləri” xüsusi qaydada, yəni İXM-nin 16-cı fəsli ilə tənzimlənir. Ona görə də “Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə” məhz həmin fəsildə göstərilmiş qaydalar çərçivəsində baxılmalıdır. İXM-də həmin qaydalardan fərqli qaydalar müəyyən edilsə də, həmin fərqi qaydaların İXM-nin 16-cı fəslindəki işlər üzrə qüvvəsi yoxdur. Belə olduğu təqdirdə şikayətçinin iş materiallarına əlavə etdiyi inzibati tənbehvermə haqqında qərarlardan, tərəflərin izahatlarından, işin mübahisəsiz halı kimi (qərarından şikayətverən orqanın nümayəndəsi də bu halı qəbul edir, mübahisələndirmir) müəyyən edilir ki, həmin qərarlarda qeyd edilən inzibati xəta, yəni İXM-nin 346.1-ci maddəsi ilə qəbul edilmiş qərarlar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmişdir. Yəni həmin inzibati xətalar bilavasitə, yəni qərar qəbul etmiş və ya protokol tərtib etmiş səlahiyyətli şəxsin inzibati xətanın törədildiyi yerdə olmaqla, həmin hadisə yerində bilavasitə aşkar etməmişdir. Həmin inzibati xəta hadisəni aşkar edən şəxsin hadisə yerində olmadan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmişdir. Beləliklə “Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə baxılmanın xüsusiyyətləri”ni tənzimləyən İXM-nin 16-cı fəslində, həmin işlərə baxılmasını biri-birindən fərqləndirən aşağıdakı 2 qaydası müəyyən edilmişdir: - Maddə 122. İnzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydası; - Maddə 124. İnzibati xəta hadisəsi səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə icraatın aparılması qaydası. Belə olduğu təqdirdə “İnzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydası”ndan bəhs edilən İXM-nin 122.1-ci maddəsinə əsasən həmin Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. İXM-nin 124.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ rayon (şəhər) məhkəmələrinə aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə, bu Məcəllə ilə müəyyən olunmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilir və baxılmaq üçün məhkəməyə göndərilir. Məhkəmə inzibati xəta haqqında iş üzrə qərar qəbul etdiyi vaxtdan 3 gün müddətində onu mərkəzi informasiya sisteminə yerləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Müvafiq icra hakimiyyəti orqanı həmin qərarı daxil olduğu vaxtdan 3 gün müddətində mərkəzi informasiya sisteminə yerləşdirir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılır. Məhkəmə həmçinin qərarından şikayət verilən orqanın nümayəndəsinin şikayətə etirazının əsası kimi göstərdiyi məqama, yəni icraatın bu qaydada aparılması İnzibati Xətalar Məcəlləsinin 57.6-cı maddəsinə, habelə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 06 iyul tarixli 181 nömrəli Fərmanına uyğun aparılması barədə dəlillərinə qiymət verərək qeyd edir ki, ümumiyyətlə İXM-nin 57.6-cı maddəsi inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması qaydasını tənzimləmir. Həmin maddə inzibati xətalar haqqında işlər üzrə sənədlərin rəsmi qaydada verilməsi qaydasını tənzimləyir. Yəni həmin maddənin “İnzibati xəta hadisəsinin foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydası” və ya “İnzibati xəta hadisəsinin səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə icraatın aparılması qaydası”nı tənzimləmir. Nümayəndənin həmin dəlili bu işə baxılmasına aidiyyəti olmayan dəlildir. Digər tərəfdən İXM-nin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmədiyi üçün, hazırkı şikayətin mahiyyətinə uyğun olaraq, digər hər hansı bir qayda İXM-nin 122 və 124-cü maddəsində tənzimlənən qaydalardan fərqli qaydalar bu iş üzrə tətbiq edilə bilməz. O cümlədən də Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 06 iyul tarixli 181 nömrəli Fərmanı hazırkı şikayətdə qaldırılmış məsələnin, yəni inzibati xəta hadisəsinin aşkar edilməsin ilə əlaqədar İXM-nin 122 və 124-cü maddəsində tənzimlənən qaydaları tənzimləmir. Göründüyü kimi şikayətçinin təqsirli bilindiyi və barəsində inzibati tənbeh tətbiq edildiyi İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın “İnzibati xəta hadisəsinin foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydası”ndan bəhs edilən İXM-nin 122.1-ci maddəsində nəzərdə tutulmamışdır. Lakin iş üzrə görünür ki, İXM-nin 122.1-ci maddəsinin müəyyən etdiyi qaydalar pozulmaqla, həmin qaydalardan kənara çıxılmaqla, şəxs barəsində İXM-nin 346.1-ci maddəsi ilə inzibati xəta foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmişdir. İXM-nin 122.1-ci maddəsindəki qaydalarla əldə edilmiş sübut, İXM-nin 346.1-ci maddəsindəki inzibati xətanın törədilib-törədilməməsində şəxsin əlehinə istifadə edilə bilməz. Bununla da şəxs barəsində inzibati tənbehvermə qərarı qəbul edilərkən onun təqsirliliyinin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edilmişdir. Təqsir qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməlidir. Qanunda nəzərdə tutulmamış qaydada şəxsin təqsiri sübuta yetirilə bilməz. İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Belə olduğu təqdirdə İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 barəsində İXM-nin 346.1-ci maddəsi ilə Azərbaycan Respublikası Bakı Nəqliyyat Agentliyinin BNA ******* saylı, 12.09.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar