Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2130/2020 22.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X17 iclas katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X21 üzrə Baş İdarəsinin etibarnamə üzrə nümayəndəsi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs (MMC) etibarnamə üzrə nümayəndəsi X5 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X21 üzrə Baş İdarəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X21 üzrə Baş İdarəsindən baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallardan görünür ki, xx xxxxxxxx 2020-ci il tarixdə saat 14:18-də ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus “Şəxs Computer” ticarət obyektində işçilər tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2020-ci il tarixli 189 nömrəli qərarına əsasən karantin rejimi dövründə fərdi qoruyucu vasitələrdən istifadə edilməməsi faktı aşkar edilmişdir. Bununla da, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində (epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə) nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri müəyyən edildiyindən barəsində protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X21 üzrə Baş İdarəsinin etibarnamə üzrə nümayəndəsi X6 tərtib olunmuş inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, xx xxxxxxxx 2020-ci il tarixdə saat 14:18-də ünvan 2 ünvanında yerləşən Şəxs MMC-yə məxsus “Şəxs Computer” ticarət obyektində idarənin operativ vergi nəzarəti əməkdaşları tərəfindən müvafiq yoxlama aparılarkən işçilər tərəfindən fərdi qoruyucu vasitə olan tibbi maskadan istifadə edilmədiyi və düzgün istifadə edilmədiyi aşkar edilmiş, yoxlama zamanı sonuncular izahat verməkdən imtina edərək protokolla razılaşmadıqlarını bildirmişlər. Xətanın törədilməsi faktı isə çəkilmiş fotoşəkillə təsdiq olunmuşdur. Törədilmiş xəta ilə bağlı hüquqi şəxsin rəhbəri, həmçinin qanuni təmsilçisi olan X18 ilə əlaqə saxlanılmış və o, protokolla tanış olaraq imzalamışdır. X6 göstərilənlərə əsasən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin müvafiq maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq olunmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X11 inzibati xəta haqqında protokola etiraz edərək göstərdi ki, yeni növ korona virusu (Covid-19) infeksiyasının yayılması ilə bağlı xx xxxx 2020-ci ildən dünyada Epidemiya elan olunmuşdur. Bununla yanaşı Azərbaycan Respublikasında da ölkə üzrə xüsusi karantin rejimi tətbiq edilmiş və qeyd olunan epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə inzibati xətalar müəyyən edilmişdir. Direktoru olduğu sahibkarlıq fəaliyyəti ilə məşğul olan ‘Şəxs” MMC ölkə üzrə tətbiq edilmiş xüsusi karantin rejimi zamanı iş fəaliyyətini Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın təsdiq etdiyi rəsmi qərar və qaydalarına əsasən həyata keçirmişdir. Başqa sözlə icazələr olanda cəmiyyət fəaliyyəti ilə məşğul olmuş, işləməyə qadağalar tətbiq edildiyi dövrlərdə isə aylarla qapılarını müştərilər üçün bağlamağa məcbur olmuşdur. Bu hallar isə birbaşa sahibkarların maddi vəziyyətinə mənfi təsir etmişdir. Hətta koronavirus (COVİD-19) pandemiyasının sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədilə Nazirlər Kabinetinin qəbul etdiyi Tədbirlər Planına uyğun olaraq, İqtisadiyyat Nazirliyi koronavirus pandemiyasından zərər çəkmiş sahibkarlara və onların muzdlu işçilərinə bir neçə dəfə maliyyə dəstəyi göstərmişdir. Həmin maliyyə dəstəkləri Cəmiyyətə də şamil olunmuşdur. Beləliklə məlum olduğu kimi koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar, yəni 6 aya yaxındır ki, sahibkarlıq subyektləri əlverişsiz vəziyyətə düşmüş və maliyyə dəstəyinə ehtiyacları yaranmışdır. Lakin buna baxmayaraq xx xxxxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin KSİBİ-nın əməkdaşı dövlət vergi müfəttişi X12 MMC-nin yerləşdiyi ünvana gələrək xx xxxxxxxx 2020-ci il tarixli MN № ******* saylı İnzibati xəta haqqında protokol tərtib etmişdir. Qeyd olunan protokolla razılaşmasa da (etiraz izahatı yazılıb dərhal təqdim edilmişdir) dövlət vergi müfəttişi Mirmehdi Qasımlı narazı qaldıqları halda məhkəməyə müraciət edə bilmək hüququnun olduğunu izah etmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə Şəxs MMC Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə şikayət ərizəsi ilə müraciət etmişdir. Bir neçə gün sonra həmin şikayətin qeyd olunan qurumda araşdırılma mərhələsində olması ilə bağlı onlara rəsmi məlumat daxil olsa da, şikayətlə bağlı yekun qərar və ya ümumiyyətlə hər hansı cavablandırılmış məktub daxil olmamış və göndərilməmişdir. xx xxxxxxxx 2020-ci ildə isə onlara Elektron Portal vasitəsi ilə sms-məhkəmə bildirişi göndərilmişdir. Odur ki, sözü gedən MN № ******* saylı inzibati xəta haqqında protokol əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, həmin protokol Şəxs MMC-nin işçisinin (əməkdaşının) tibbi maskadan düzgün istifadə etməməsi ilə əsaslandırılmış və Azərbaycan Respublikasının İXM-nin 211.2-ci maddəsi ilə törədilməsi güman edilən inzibati xəta pozuntusu məhz hüquqi şəxsin direktoruna şamil edilmişdir. Halbuki bu doğru deyil. Çünki Cəmiyyətin işçiləri hər zaman fərdi qoruyucu vasitə olan maskalardan şəxsən istifadə edir və müştərilərə və ümumiyyətlə hər kəsə mağazaya maskasız daxil olmanın qadağan edilməsi ilə bağlı mağazanın girişində yerləşdirilmiş elanlara riayət edilməsini tələb edirlər. Hətta mağazaya maskasız daxil olmaq istəyən müştərilər üçün mağazanın girişində əlləri dezinfeksiya etmək üçün nəzərdə tutulmuş məhsulların yanında yüzlərlə pulsuz maskalar mövcuddur ki, maskası olmayan şəxslər (işçilər, müştərilər və sair istənilən şəxslər) rahatlıqla istifadə edib mağazaya daxil ola bilsinlər. Beləliklə göründüyü kimi, Cəmiyyət nəinki öz işçilərindən və müştərilərdən qoruyucu vasitə olan maskalardan istifadə etməyi tələb edir, hətta onların rahatlığı üçün bu çətin dövrdə öz vəsaiti hesabına həmin şəxsləri zəruri maskalarla təmin edir. Digər tərəfdən MMC-nin rəhbərliyi mütəmadi olaraq öz işçilərindən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələbləri pozmamağı tələb edir, onlarla bu barədə prafilaktik söhbətlər edir, izahlar verir və həmin tələblərin pozulmasının cərimə ilə nəticələnəcəyini diqqətlərinə çatdırır. Qeyd edilmişdir ki, Cəmiyyətin bütün işçiləri yetkinlik yaşına çatmış, sağlam düşüncəli, əksər hissəsi isə ailə quraraq artıq valideyn statusu qazanmış müstəqil şəxslərdir. Yəni bütün günü əməkdaşların maskalardan düzgün və ya səhv istifadə etmələrini güdmək, maskaların çənə nahiyəsi və ya qaşdan yuxarı hissədə yerləşdirilməsini görüb düzəliş etmək, istifadə etdikləri maskaların istismar müddətlərinin bitməsini müəyyən etmək rəhbərlik üçün fiziki olaraq asan deyildir. Bundan da çətini isə həmin əməkdaşları qeyd olunan nöqsanlara görə qanunvericiliyin tələblərinə müvafiq olaraq cəzalandırmaq və ya işdən azad etməkdir ki, cəmiyyətimiz bu çətin dövrlərdə bu cür sərt addımları atmaq niyyətində deyil. Odur ki, hər hansı qayda qanunu pozmuş şəxs mütləq şəkildə qanunvericiliyin qarşısında özü şəxsən cavab verməlidir. Çünki əks halda, yəni bu cür nöqsanlar onlarla, yüzlərlə işçilər tərəfindən dəfələrlə ehtiyatsızlıqdan və ya qəsdən təkrar olunduğu halda təyin olunmuş cərimələr məhz hüquqi şəxsin müflis olunmağına gətirib çıxara bilər. İşin hallarından göründüyü kimi Şəxs MMC-nin direktorunun Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inizbati xəta törətməsi müəyyən olunmur. Belə ki, qeyd olunduğu kimi ilk növbədə Şəxs MMC-nin bütün əməkdaşları fərdi qoruyucu vasitə olan maskalardan istifadə edir, digər tərəfdən isə hər hansı bir əməkdaşın hətta maskadan istifadə etməməsi sübut olunduğu halda da həmin xətanı törətmiş şəxs mütləq şəkildə qanunvericiliyin qarşısında özü şəxsən cavab verməlidir. Göstərilənlərə əsasən Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 barəsində tərtib etmiş xx xxxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs QSC Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nəzdində olan İnternet X7rumlarının dövlət reyestrindən çıxarışdan görünür ki, Şəxs MMC xx.xx.2006-ci ildə dövlət qeydiyyatına alınmaqla (VÖEN **********) qanuni təmsilçisi X13r. İş materiallarında olan satış çekindən müəyyən edilir ki, yoxlama aparılan Şəxs MMC-yə məxsus “Şəxs Computer” adlı ticarət obyektinin kodu **********-13002 olmaqla, ünvan 2 ünvanında yerləşir. İş materiallarında olan hüquqi şəxs haqqında məlumatdan müəyyən edilir ki, Şəxs MMC-nin fəaliyyət sahəsinə ixtisaslaşdırılmış mağazalarda kömpyüterlərin, kompyüter periferiya avadanlıqlarının və proqram təminatının pərakəndə satışı daxil olmaqla, ünvan 2 ünvanında yerləşən, kodu **********-13002 olan, “Şəxs Computer” adlı ticarət obyekti (mağaza) Cəmiyyətin xüsusi mülkiyyətindədir. İş materiallarında olan “Vergi ödəyiciləri üzrə hüquqi qüvvəyə minmiş əmək müqavilələri barədə” çıxarışdan müəyyən edilir ki, “Şəxs Computer” adlı ticarət obyektində əmək müqavilələri əsasında xx.xx.1991-ci il təvəllüdlü X8 köməkçi mühəndis, xx.xx.1977ci il təvəllüdlü X14 menecer və xx.xx.1971-ci il təvəllüdlü X2 vəzifələrində işləyirlər. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X21 üzrə Baş İdarəsi tərəfindən tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli protokola əlavə edilmiş fotoşəkildən müəyyən edilir ki, yoxlama aparılan Şəxs MMC-yə məxsus “Şəxs Computer” adlı ticarət obyektində işləyən X8, X14 və X9 tibbi maskadan düzgün istifadə etməmişlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respulikası İXM-nin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” xx xxx 2020-ci il tarixli 189 nömrəli Qərarı ilə Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə aşağıda qeyd edilən hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi qaydaları müəyyən edilmişdir: 1.1. şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.); 1.2. bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla); 2.1.3. dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə; 1.4. fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində; 1.5. açıq sahəli ofislərdə və istehsalat yerlərində; 1.6. tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə; 1.7. ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə; 1.8. insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda. Həmin Qərarın 2-ci hissəsinə görə tənəffüs yollarını qoruyan fərdi vasitələrin istifadəsi yeni növ koronavirus (COVİD-19) infeksiyasına qarşı digər qoruyucu tədbirləri (gigiyena, sosial məsafə və s.) əvəz etmir və həmin qoruyucu tədbirlərin görülməsi davam etdirilməlidir. Həmin Qərarın 3-cü hissəsinə görə 1-ci hissəsinin tələblərinin pozulması Azərbaycan Respublikası İXM-si ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi dövründə sanitariya vəziyyətinin tənzimlənməsi barədə” xx xxx 2020-ci il tarixli 160 nömrəli Qərarı ilə Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində elan edilmiş xüsusi karantin rejimi dövründə aşağıda göstərilən sahələrdə və istiqamətlərdə xüsusi sanitar rejim tətbiq edilmişdir: 1.1. qida məhsullarının ticarəti üzrə fəaliyyət; 1.2. ictimai-iaşə müəssisələrinin fəaliyyəti; 1.3. turizm və hotelçilik fəaliyyəti; 1.4. ictimai nəqliyyatın fəaliyyəti; 1.5. vətəndaşların qəbulunu həyata keçirən qurumların fəaliyyəti; 1.6. müxtəlif ticarət və xidmət sahələrinin, ofislərin fəaliyyəti sahələri. Həmin Qərarın 2-ci bəndinə əsasən isə müvafiq fəaliyyət sahələri üzrə metodik göstərişlər təsdiq edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı əsasında “Müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronovirus infeksiyasının (Covid-19) profilaktikasına dair” metodik göstəriş təsdiq edilmişdir. Qeyd edilən metodik göstərişdə həmin sahədə ümumi göstərişlərlə yanaşı, xidmət sahəsi müəssisələrində görülməli tədbirlər; ehtimal edilən yoluxma riskinin azaldılması məqsədilə təchizatçılar və müştərilər ilə rəhbərlik tərəfindən təyin edilmiş eyni əməkdaşların ünsiyyətdə olması; xidmət zallarında dezinfeksiya işlərinin aparılması; işçi heyətinin mütəmadi olaraq maarifləndirilməsi, həmçinin infeksiyanın yayılmasının qarşısının alınması ilə bağlı ən son məlumatlara sahib olması; müştəriləri məlumatlandırmaq məqsədilə infoqrafın müəssisənin giriş-çıxış qapılarında, rəflərdə, piştaxtalarda və rahat görünən digər yerlərdə asılması, həmçinin ödəniş həyata keçirilən zaman hər bir istehlakçıya təqdim olunması; təmizlik və dezinfeksiya işlərinin həyata keçirilməsinin təşkili; təmizlik və dezinfeksiya işləri həyata keçirilərkən riayət edilməli olan ardıcıllıq; istifadə edilən dezinfeksiyaedici vasitələrə dair tələblər və həmin vasitələrdən istifadə qaydaları; dezinfeksiya edilməsi vacib olan sahələr; işçi heyətinin şəxsi gigiyenası; tibbi maskalardan ümumi istifadə qaydaları; işçi heyətinin müayinəsi və s. qaydalar müəyyən edilmişdir. Göstərilənlərlə yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası İXM-nə xx xxxx 2020-ci il tarixli 124-VİQD nömrəli Qanunla (dərci x xxxx 2020) dəyişiklik edilərək 211.2-ci maddə əlavə edilmişdir. Həmin maddənin dispozisiyası blanket xarakterli olmaqla epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə məsuliyyət müəyyən edir. Normanın dispozotiv şərtlərindən göründüyü kimi xətanın subyekti 1) ümumi əsaslarla inzibati məsuliyyətə cəlb edilə bilən hər hansı fiziki şəxs, 2) vəzifəli şəxslər, 3) hüquqi şəxslər ola bilər. Xətanın obyektiv cəhəti epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulması və bu pozuntunun qarşısının alınmamasından ibarətdir. Həmin inzibati xətaya görə fiziki şəxslər üçün yalnız epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına görə, vəzifəli şəxslər və hüquqi şəxslər üçün isə həm bu tələblərin pozulmasına görə, həm də yol verilmiş pozuntunun qarşısının alınmamasına görə məsuliyyət müəyyən edilmişdir. Hazırki işin hallarından isə görünür ki, xx xxxxxxxx 2020-ci il tarixdəsaat 14:18-də ünvan 2 ünvanında yerləşən Şəxs MMC-yə məxsus “Şəxs Computer” adlı ticarət obyektində köməkçi mühəndis işləyən X8, menecer işləyən X14 və sürücü işləyən X9 tərəfindən fərdi qoruyucu vasitə olan tibbi maskadan istifadə edilmədiyi və düzgün istifadə edilmədiyi aşkar edilmişdir. Bununla da, Şəxs MMC tərəfindən onun mülkiyyətində olan ticarət obyektində yol verilmiş pozuntunun qarşısının alınması təmin edilməmiş və nəticədə onun tərəfindən Azərbaycan Respublikası 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən Azərbaycan Respublikasının İXMnin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 211.2-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-2130/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2130/2020
22.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver