Məhkəmə qərarları › İş №3(004)-2135/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-2135/2021

15.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-2135/2021 15.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin **********0/21 saylı, 30.08.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək, həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Yuxarıda qeyd edilən şikayət məhkəməyə şəxsən 15.09.2021-ci il tarixdə təqdim edilmişdir. Şikayəti və təqdim edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, şikayətə baxılması qeyri-mümkündür, ona görə də geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04.11.2020-ci il tarixli qərarında müəyyən edilmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Həmçinin inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və (və ya) onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir. Şikayətdən görünür ki, inzibati tənbehvermə haqqında qərar 27.07.2021-ci il tarixdə çıxarılmışdır. Şikayətçi həmin qərardan ilk əvvəl qərar qəbul etmiş səlahiyyətli orqana müraciət etmişdir, səlahiyyətli orqanda həmin şikayətə baxılıb, 30.08.2021-ci il tarixli qərarla şikayət təmin edilməmişdir. Bununla da həmin qərarın tənbeh verilmiş şəxsə rəsmi qaydada çatdırıldığı vaxtdan 10 gündən çox müddət keçdikdən sonra hazırkı şikayətlə məhkəməyə müraciət edilmiş olur. Belə olduğu təqdirdə qərardan məhkəməyə şikayət vermə müddəti buraxılıb. Həmçinin hazırkı barəsində şikayət edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin **********0/21 saylı, 30.08.2021-ci il tarixli qərarı, inzibati tənbeh vermə haqqında qərarı deyildir. Həmin qərarı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti yuxarı səlahiyyətli orqan kimi çıxarmışdır, yəni inzibati tənbehvermə haqqında qərarından ona edilmiş şikayətə baxılması nəticəsində çıxarmışdır. İnzibati tənbehvermə haqqında qərardan yuxarı səlahiyyətli orqana edilmiş şikayətə baxılması nəticəsində, həmin yuxarı səlahiyyətli orqanın qəbul etdiyi qərardan məhkəməyə şikayət verilməsi İXM-də nəzərdə tutulmamışdır. Çünki İXM-nin 128-ci maddəsinə əsasən inzibati tənbehvermə haqqında qərarından məhkəməyə şikayət verilə bilər. İXM-nin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. X5 Məcəlləsində belə bir tələb yoxdur ki, məhkəməyə şikayət vermək üçün ilk öncə qərar qəbul etmiş orqanın yuxarı orqanına şikayət verilməlidir və yaxud yalnız yuxarı orqana şikayət verildikdən sonra məhkəməyə şikayət verilə bilər. Bununla da həm hazırda şikayət verilmiş qərardan məhkəməyə şikayət verilməsi nəzərdə tutulmamışdır, həm də inzibati tənbehvermə qərarından şikayət vermə müddəti də ötürülmüşdür. İXM-in 130.1-ci maddəsinə əsasən həmin Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. İXM-in 130.2-ci maddəsinə əsasən həmin Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. İXM-in 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Azərbaycan Respublikasının İXM-nin 106.0.4-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin icraatını rədd edən halların mövcud olub-olmaması məsələsini, 106.0.5-ci maddəsinə əsasən isə işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanmaması məsələlərini həll edir. Ona görə də şikayət vermə müddəti buraxıldığı üçün və həmin müddət bərpa edilmədiyi üçün, bu hallar qərardan verilmiş şikayət üzrə işin icraatını rədd edən hal kimi qiymətləndirilərək şikayətə baxıla bilmir, şikayətə baxıla bilmədiyi üçün geri qaytarılmalıdır. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apellyasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrinə əsasən, QƏRARA ALDİ: Şikayət və əlavə edilmiş sənədlər geri qaytarılsın. Şikayətçiyə izah edilir ki, qərardadda göstərilən çatışmamazlıqlar aradan qaldırıldıqdan sonra, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04.11.2020-ci il tarixli qərarında müəyyən edilmiş ərazi üzrə məhkəmə aidiyyəti qaydalarına əməl etməklə məhkəməyə şikayət verilə bilər. Hakim, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar